525.Az

“Nizami klassik ədəbiyyatımızın milli kimliyidir” - Müsahibə


 

“Nizami klassik ədəbiyyatımızın milli kimliyidir” - <b style="color:red">Müsahibə</b> 2021-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olundu. Bu, həm Nizami Gəncəvi yaradıcılığına dövlətin xüsusi yanaşması, həm də bu sahədə olan tədqiqatların artması üçün atılmış addım idi. Xüsusilə, gənclər bu addımı nəzərə alaraq Nizami yaradıcılığında yeniliklərə imza ata bilərlər. Bununla bağlı, Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının doktorantı Nərmin Rasulova ilə “Nizami İli”nin elan edilməsinin gənc nəslə milli – mənəvi dəyərlərin təbliğində təsiri, eləcə də dünya ədəbiyyatında Azərbaycanın klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin yeri və rolu haqqında danışdıq.

- Nərmin xanım, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsinin tarixi əhəmiyyətli hadisədir. Gənc tədqiqatçı kimi bu barədə fikirləriniz nədən ibarətdir?

- Bildiyimiz ki, Nizami Gəncəvinin 880 illik yubileyi bu ilə təsadüf edir. Məhz bu əlamətdar tarixlə bağlı olaraq möhtərəm Prezidentimiz İlham Əliyev 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması haqqında sərəncam imzaladı. Sərəncam mühüm tarixi əhəmiyyətə malikdir. Ona görə ki, daim tədqiqat obyekti olan Nizami yaradıcılığına yeni bir qayıdış olacaq, müxtəlif istiqamətlərdə yenidən tədqiq və təhlillər aparılacaq. Nizami Gəncəvi nəinki Azərbaycan xalqına, ümumən bəşəriyyətin mədəniyyət xəzinəsinə öz töhfəsini vermiş mütəfəkkirdir. Prezidentimizin Nizami sənətinə verdiyi dəyərin nümunəsi olaraq ili dahi şairin adı ilə bağlaması hələ 1979-cu ildə Ümummilli liderimiz Heydər Əliyevin  “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarının uğurlu davamı kimi əhəmiyyətlidir. Hesab edirəm ki, “Nizami ili” ilə bağlı istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda təşkil olunacaq tədbirlərin şairin yaradıcılığının dünyaya yenidən tanıdılmasında müstəsna rolu olacaq. 
- 2019-cu ilin “Nəsimi ili”, bu ilin isə “Nizami ili” elan edilməsini ədəbiyyat və mədəniyyətimizə göstərilən qayğının təzahürü kimi qiymətləndirmək olarmı?

- Əlbəttə, milli-mənəvi dəyərlərimizə göstərilən qayğı dövlət siyasətimizin başlıca prinsiplərindəndir. İlin “Nizami Gəncəvi ili” elan edilməsi təkcə Nizami yaradıcılığına deyil, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, tarixi keçmişinə verilən dəyərin təzahürüdür. Prezident İlham Əliyev və birinci vitse-prezident  Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin qorunub saxlanılması, təbliği, dünyada tanıdılması istiqamətində hər zaman çalışırlar. Düşünürəm ki, 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə filosof-şair Nəsiminin yaradıcılığının Azərbaycanda və dünyada yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına şərait yaratdığı kimi, 2021-ci ilin “Nizami ili” elan edilməsi Nizami yaradıcılığının təbliği, eləcə də Azərbaycan ədəbiyyatındakı rolu istiqamətində özünü göstərəcəkdir.

- Nizami “Xəmsə”sinin əxlaqi dəyərlərin təbliğində, gənc nəslə mənəvi dəyərlər aşılanmasında nə kimi rolu var?

- Humanist, demokratik, hüquqi cəmiyyətin yaradılmasında “insan amili”nin öndə dayandığı müasir dövrdə N.Gəncəvinin “kamil insan” konsepsiyasının aktuallığı danılmazdır. Nizamini Azərbaycan sərhədlərindən çıxarıb tanıtdıran da mövzularının, toxunduğu məsələlərin aktuallığıdır. Filosof-şair şəxsiyyətin formalaşmasına təsir edən amillər haqqında bütün dövrlər üçün aktuallığını saxlayan dəyərli fikirlər irəli sürmüşdür. Həyat və insanla bağlı mütərəqqi baxışlar, humanizm və insansevərlik, zülmə etiraz, əməkçi insana rəğbət, xeyirin şər üzərində qələbəsi Nizami əsərlərinin mövzusudur. Şairin “Xəmsə”sində insan adının ucalığı, insanın böyük amallar uğrunda şərəflə yaşaması, cəmiyyətin səadəti yolunda çalışması, nəcib və xeyirxah işlər görməsi kimi məsələlərə geniş yer verilib.  Bütün bunların hər birində tərbiyəvi ruh hakimdir. Nizami üçün milliyyətin, dinin, irqin heç bir fərqi yoxdur. Humanist şair bütün xalqlara eyni məhəbbət və hörmətlə yanaşıb. “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarında fars, yunan, ərəb, hind, slavyan xalqlarından məhəbbətlə danışması buna əyani sübutdur.

- Nizami Gəncəvinin dünya ədəbiyyatında yeri necə müəyyənləşir?

- Nizami milliyyətcə azərbaycanlı olsa da, düşüncə və təfəkkürü baxımından bütün bəşəriyyətin şairidir. İstər Şərq, istərsə də Qərb dünyasında Nizami yaradıcılığından mədəniyyət və ədəbiyyatın müxtəlif sahələrində bəhrələniblər.  Nizami sənəti Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir edib. Şərq miniatür sənətində tarix boyu rəssamların, nəqqaşların ən çox müraciət etdiyi süjetlər məhz Nizami “Xəmsə”sindən götürülən süjetlərdir. Şairin xatirəsinə hörmət əlaməti kimi dünyanın bir çox ölkələrində heykəl və büstləri qoyulub, əsərləri bir sıra dillərə tərcümə olunub. 20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məşhur "Villa Borghese" parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairinin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Bundan başqa Özbəkistanın Daşkənd şəhərində, Rusiyanın Moskva, Sankt-Peterburq, Çeboksarı şəhərlərində, Moldova və Çinin paytaxtında şairin abidəsi ucaldılmışdır.  Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının nəşr olunması tarixi əhəmiyyətli tədqiqat əsərlərindəndir. Hesab edirem ki, “Nizami ili” Nizami Gəncəvi kimi dünya miqyaslı söz ustadının yenidən xatırlanması, tanıdılması sahəsində ədəbiyyat və mədəniyyət xadimlərinin gördüyü uğurlu işlərlə yadda qalacaqdır.

Nizami ədəbiyyatımızın milli kimliyidir. Türk olmağı ilə hər zaman fəxr edən şair yaradıcılığı boyu  türkləri yüksək dəyərləndirib. Böyük fateh İsgəndəri Bərdəyə “gətirdən” şairin onu türk qadın hökmdarı Nüşabənin yanında çıxılmaz vəziyyətə salması, qadın hökmdarın ağlı, cəsarəti qarşısında heyran qoyması, yaxud “Sultan Səncər və qarı” hekayəsində Sultan Səncərin ədalətsizliyini türklərin ədaləti ilə qarşılaşdıraraq “sən ki hindli quldursan, türk olmağın yalandır” kimi fikri şairin bütün dünyaya türk olduğunu sübut edən mesajıdır. Düşünürəm ki, Prezidentimizin bu sərəncamı həmçinin Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bir daha təsdiq edən sənəd kimi tarixdə qalacaq.

Azad NURİYEV
Nərminə ƏSƏDOVA

 





19.03.2021    çap et  çap et