525.Az

İstinadgah: Nöqtəyə gecikmək


 

İstinadgah: <b style="color:red">Nöqtəyə gecikmək</b>

İnsanlara söz verməyin mənası nədir? Əgər onlar əbədi deyilsə... 

Tələsirdim. İlk baxışdan səbəbsizdi bu tələskənliyim. Nəticədə hər yerə gecikirdim. Faydası yoxdu uzun-uzadı planlar cızmağın. Zəngli saat qururdum, oyana bilmirdim. Görüş təyin etdiyim adamı yaxşıca gözlədirdim. Neçə qohumun dəfninə çata bilməmişəm, neçə dostun da borcuna. Di gəl, yaman tələsirdim. Elə qaçaraq görürdüm ki işləri, qıraqdan baxan deyərdi, indicə paltosunun düymələri qırılıb dəyəcək yerə. O qədər dəyib ki. Kənardan baxan hardan bilsin? Özü də heç tələsdiyimə görə qırılmamışdı o düymə. Sapı boşalmışdı sadəcə. Anam rayondaydı, mən işdə. Tədbirə gedirdim. Paltonu tələsik stulun qolundan götürəndə, bilmirəm, hara ilişdisə, sakitcə düşdü yerə. Vallah hələ də baş açmıram, o düymənin yeri haraydı? Axı, paltomun cəmi üç düyməsi, üç də ilgəyi var. Olsun ki, mənim deyil. Bəs niyə adam ona dəxli olmayan hadisəni eşitməlidir? Mən niyə başqasının paltosundan qırılan düyməsini cibimdə saxlamalıyam? Özümü lap ördək yumurtası üstdə kürt yatan toyuq kimi hiss edirəm. Hərdən e, hərdən. Lakin bunun məsələyə heç bir dəxliyyatı yoxdur. Mən həmişə tələsirdim. Tələsirdim, ona görə ki, bir axşam bütün insani dəyərlərin puçluğundan diksinmişdim. Babama gələn zənglərin birindən yapışıb qalxmışdım hüzn aləminə. Yaxın dostunun yoldaşı yığmışdı, demişdi, həmin adam rəhmətə gedib. Özü də necə gedibsə, bu gedişə kimsə etiraz edə bilməyib. İndi hamı babamı gözləyirdi ki, dostundan qalma "tabut" adı verdiyimiz çemodanı sahibinə qaytarsın. Bu işin mistik tərəfləri var. Çemodanı unudub getmək ölüm adətlərindəndi. Həmin adəti pozan adama heç kim yaxşı baxmır. Özü də gərək tabutu sahibinə çatdıran şəxsin ruhu pak olsun. Babamınsa dostları onun paklığından şübhə etmir. Axı, babam pak nəsildən gəlir. Mən də onun nəslindən. Saqqallarımız da əkizdi. Ancaq o, gecikmir. Üstəlik, heç tələsmir də. Deyirəm, bəlkə, məni gecikdirən zad elə tələsməkdi? Ola bilməz? Təhlillərin hamısı belə başlayır. Əvvəl sualı təsdiqdə verirsən, sonra inkarda. Nəhayət, inkarı təsdiq edirsənsə, inqilabçı, inkar edirsənsə, mötədil olursan. Həmin üsulla gərək ki, gecikməyimin də bir səbəbi var. Adam hara gecikir? Gözlənildiyi yerə. Bəs niyə tələsir? Çünki onu gözləyənin sədaqətindən əmin deyil. Bax, bu! Mən də tələsirəm. Ancaq təvazökarlıqdandı bu həyəcanım. Guya qaçıram, guya indicə çata bilməyəcəyim görüş yerini fikirləşib pərişan oluram. Guya yağışdan çətir düzəltmiş o qızın əsəbi halda qol saatına baxıb dodaqaltı mızıldanmasından vicdan əzabı duyuram. Bəs həqiqətən duyurammı? Təbii ki, yox. Bir balaca əclaflıq etdiyim üçün indiyəcən gözlətdiyim hər kəsdən üzr istəyirəm. Ancaq bu üzrxahlıq da təvazödən qaynaqlanır. Ciddiyə almasınlar. Çünki təvazökarlığın ciddiyyətinə inanmıram. Şəxsiyyətinə dəyərindən artıq qiymət verməyən adamın təvazödən ehtiyacı ola bilməz. Təvazökarlığa o adam gərək duyur ki, özünü hər kəsdən üstün bilir və yəqin, daha "aşağı" adamların səviyyəsinə enib onlara mərhəmət göstərdiyini sanır. Ancaq oxucular xatircəm ola bilər. Mənim təvazökarlığım lağlağı və ironiyadan ibarətdi. Guya hansımız yüksək rütbəli, rüşvətxor məmurun kasıb məclisindəki sadəliyindən iyrənmirik? Di gəl, o, necə də təvazökardır! Eynilə, cənab! Mən də sizin kimi düşünürəm. Kaş dünyada sizə bənzər adamların sayı daha çox olardı! Oh, müsyö! Əşş... Belələri uğursuz tərcümə mətninə oxşayır. Məzmun var, ancaq ifadə saxtalıqdan ibarətdi. Bu cür adamları niyə gözlətməməliyəm? Təkcə puldan savayı? Yəni ancaq ona görə ki, ay sonu hansısa zəngin təvazökarın cibinin alicənab tərəfindən çıxardığı əskinazları öz cibimə xoşluqla daxil eləyim? Bəs vicdan? Düzü, bu sualı yazanda simam qeyri-iradi turşudu. Yəni Mir Çingiz, axı, hər ikimiz (oxucu və mən) yaxşı bilirik ki, vicdan təvazökarlıqdan daha alidir. Səbəbi də səni gözləməyən adamlar üçün tələsə bilmək bacarığıdı. Bəs niyə gözləyə bilmək? Çünki ən gözəl gözləyən Allahdır. Adam onu yaradana bənzəməyə başlayanda insanlaşır. Məsələn, mən atamla anamın ortaq nöqtəsiyəm. Sadəcə bizim tərəflərdə öz nöqtəliyinin fərqində olan adamlara bir az qəribə baxırlar. Gərək hiss etdirməyəsən bunu. Görməzlikdən gələsən. Yoxsa güzgü qarşısında yarımca saat dayansan, o nöqtənin təkadamlıq göz bəbəyinə çevrildiyinin şahid olarsan. Başa düşərsən ki, adamlığın mahiyyəti nöqtəlikdi. Üst-üstə düşən nöqtələri ayırmaq olmur. Eşq də bundan dolayı vahidləşməkdi. Sufilər həmin nöqtəliyə aşinalıq səbəbindən eşqdə qeyb olmaq həsrətiylə alışıb yanır. Məcnun axırda Leylini özünə çevirmişdi deyə rədd eləmişdi onun fiziki görkəmini. Mən də yəqin gözlətdiklərimi özümdən bildiyimçün rahat gecikirdim. Ancaq nə onlar gözləyir, nə mən çatırdım. Söhbətə bax e. Çatmaq. Guya kimə çatıram? Əl, ağız, qucaq açdığım kim həqiqi ünvandır ki? Bütün vədlər on iki rəqəmlikdi. Qüsurlu, zir-zibilli, min cür problemi olan sadə adamlarıq. Bax, ruhi nöqtələşmənin adı eşqdirsə, fiziki birləşmə da evlilikdi. Bəs biz neyləyirik? Bir nəfər xoşumuza gəldimi, evlənirik. Birincisinə çata bilmədiyimizçün ikincisiylə təskinlik tapırıq. Nə çoxdur nifrətdən yoğrulan ailələr və nə çoxdur eşq yanğısıyla ölən körpələr... Adam bu qədər ehtiyaclıya çata bilərmi? Hələ düşünəndə ki, o adamlardan biri də mən özüməm, dəhşət basır ruhumu. İlahi, hamımız sənə gəlirik. Nə olar, bizi bir-birimizə gözlətmə ki, yanlış ünvanlarda dayanıb itirməyək özümüzü! Bəşəriyyət nədir?  - ardıcıl düzülən nöqtələrin dairəsi... Axx, Borxes. elə mürəkkəb yazmısan, hələ indi başa düşürəm yol verdiyin xətanın ağırlığını. Düzdü, möhtəşəm yazıçısan. Hətta boynuma alıram, bayaq bu fikirlərimi yazmamış istədim, kitabını oxuyum beş dəqiqəlik. Sonra rədd elədim. Niyə? O səbəbdən ki, fövqəlkitab sonsuz sayda kitablardan ibarət deyil. Kitabı fövqəlləşdirən fövqəladə yazarlardır! Minlərlə qələm adamının kitabını yığ bir yerə, cəmləşdir, gör, bircə dənə Borxes ola bilərmi? Sonra da minlərlə "Borxes"in cəmindən bir kitab yaz... Yaza bilsən... Bilsəydin... Heyif... Sən də gecikdin! İndi gecikmə növbəsi bizimdir, mərhum qələmdaş!

 - Çoxdan burdasız?

 - Yox, elə özüm də indi gəlmişəm

 - Doğrudan? Nə yaxşı.

 - Hə... Biz hara gedəcəkdik?

 - Bizə.

 - Necə yəni?

 - Dedim axı, kitabları dəhşətli dərəcədə çox sevirəm.

 - Aha, mən də düşündüm ki, yəqin kitabxanaya gedərik.

 - Bəs biz hara gedirik ki?

 - Sizə.

 - Ay, sağ olun. Siz bayaqdan razıymışsız ki...

İstinadgahın ən dözümsüzü adamlardı. Və mən də bir adamam. Cümləyə bax da: Adamam. Görəsən, bizdən başqa özünə kimliyini xatırladan başqa canlı varmı? Görəsən, aramızda  bəşəri nöqtəliyinə çatmış biri varmı? Bəlkə yenə gecikirəm".

 





19.03.2021    çap et  çap et