525.Az

Humay - Səməd Vurğun və Yusif Səmədoğluya


 

Humay - <b style="color:red">Səməd Vurğun və Yusif Səmədoğluya</b>

Humay

Səməd Vurğun və Yusif Səmədoğluya

"Mənim də ruhumda bir iztirab var -
Ölür sənətimin o ilk gözəli.
Fəqət, mən istərəm qıymasın həyat,
Şeirin ağladığı bir gözəlliyə
Qıymasın, şairlər yazıqdır deyə,
Şeirin ağladığı bir gözəlliyə..."
S.Vurğun

İnqilaba sədaqətindən asılı
naməlum bir kişi cəsədini
yırğalayırdı külək,
Çalpapağın adamı
Gün batana, gün doğana çapsan atını,
"Üfüqlər gizlətsə qaraltını",
Yenə də kor bir qurşun gəlib tapar
sədaqətini gizlədiyin bədənini.

Küçədən atlı keçər,
pəncərələr bağlanar,
bir qurd ulayar,
qorxu şəhərə yayılar:
insan gəlir, insan!

Ölüm yatağında Günəş də buzdu,
Bəlkə də, üşüyərək ölməkdir
ölümə gecikənlərin qədəri.
Silahsızıq sözünün
arxasında gizlənmiş kəndin kişiləri -
"Həyat ölməz bir ehtiyacdır".

Tozlu yollar uzanıb gedər,
Qan Çanağı tərəfdən bir qaraltı keçər,
Divarda kölgələr böyüyər, kiçilər,
bayrağı ilk asanlar güllələnər.

İnqilabı kitabsızlar və Allahsızlar edir bəyəm?
"Susuram rüzgarın sualına".
Kor Mədətin oğlu uzundraz
Qasım indi göstər şounu...
Qafil!
Bir bilsən nə gözəl yaraşdı sənə ölüm,
dirilib bir də, bir də ölərsən.
Bir də ki,
"Ölümdən qorxmağın nə mənası var?"
Bütün sualların ən həqiqi cavabını verir ölülər öz sükutlarıyla.
Qəbir daşları sipərdir ömürə!
Yalnız daş adamların arxasında
gizlənmək olar,
mərd olmasan, kürəyə də qurşun sıxmaq olar.

Kürəyə saplanan xəncərin qaşına
hürər bir köpək,
Məscidə it bağlanan çağ idi Sovetlər
bütün filmlərdə yoxa çıxmış şərqiydi azan
"mübarizə, inqilab, üsyan
deyildir asan"
İnqilab adlı bu quduz ağacı
insan qanı suvarmalı.

Bərq vurur ulduzlar nəhrdə,
Göyüzü təbəssüm tək qonur Kürün üzünə
Gülür göy qübbə də.
Çayın gözləri önündə
qısılmaq olar sevgiliyə.

Bir uzaq şəhər həsrətinin vüsalı yox,
Humay, Peykanlıdan uzağı yox.
Təslim ol, bu kiçik kəndə.
Təslim ol, batmanla gələn dərdə.
Təslim ol, sevdaya.

"Tarixdən silinər mübarizələr".
Qalar yer üzündə sevda adlı cəbhələr:
Humaylar, Cəlallar, Temirlər və Tamaralar.
"Bu qanlı silahlar, dumanlı ahlar",
unudular, unudular, unudular!
"Eşqdə acizlik və dəlilik var!"

Ölümə gedərkən
"Atlar quşlardan iti qanadlı",
Atların ayaqları yolun əzbərini qanatdı.
Dağın dumanlı yaddaşı oyandı;
Mülkədarın hikkəsi
Xacə şahı salamladı.

Gəzdikcə ozanın əli sarı simi
Bir də düyünləndi,
çözülmədi keşişin tilsimi.
Barmaqlar, saz və pərdə
açılır güllə,
bir də, bir də
aşiqin bədəninə,
sevdaya qurşun işləməz bəy!
Açılır güllə,
ilk ayaqlar təslim olur ölümə
və sonuncu düymə,
gəl bax Cəlaldan keçən mərminin külünə.
Açılır güllə,
özü də bilmədən
komsomolun ürəyindəki
qızını öldürür əslində.
Atan səni güllələdi ey "tək ayaqlı qərinə!"

"Sevdalar düşkünü, komsomol Cəlal"
Burada sevəni bağışlamırlar.
"Söz verib, söz alıb, söz unudanlar"
Burada sevəni bağışlamırlar.
Ölümə qənşər, Cəlal...

Boynu uzun bədəvi atlar ağladılar,
Sevdanın cəsədini daşıdı atlar.

"Humayım mənim
Təpədən dırnağa geyinmiş qara",
Aşiqə ümid verən gözlərin
halallıq verir indi ata qanını axıtmağa.
Çıx get daha, əvvəlcə bu kənddən,
sonra kəndindən,
Get cahan mülkündə tapmadığın
haləti axtarmağa.

Sən addımladıqca genişləndi dünya,
dünya böyükdür, Allah da, sevda da.
Küləklərlə vidalaş,
hər şeyi bilən Kürlə vidalaş.
Humay - sevdasız bir çölün sərab arzusu!
Humay - çölün vida nəğməsi!
Humay - qeybə çəkilən sevdanın ən gözəli!
Sənə ağladıq bu şeiri,
Səməd, Yusif, bir də mən...

Yanvar 2020 - Mart 2021

 





22.03.2021    çap et  çap et