525.Az

Şuşada yenidən qoşa ucalan iki möhtəşəm ad - Nadir Rzalı yazır


 

VAXTİLƏ ULU ÖNDƏRİN İRADƏSİ SAYƏSİNDƏ UCALDILAN VAQİF MƏQBƏRƏSİ İNDİ HEYDƏR ƏLİYEV FONDU TƏRƏFİNDƏN BƏRPA EDİLİR

Şuşada yenidən qoşa ucalan iki möhtəşəm ad - <b style="color:red">Nadir Rzalı yazır</b>

Molla Pənah Vaqif ədəbiyyatımızın uca zirvələrindən biridir. Tarixdə qalmaq hər istedad sahibinə qismət olmayıb. Amma Vaqif özünəməxsus üslubu ilə söz mülkündə taxt qurmaqla yanaşı, xalqın yaddaşına həkk olunub.

3 əsr bundan əvvəl yaşamasına baxmayaraq, bu günün oxucusu Vaqifi tanıyır, oxuyur, sevir. Amma nə qədər istedad sahibi olsa da, bir o qədər qarabəxt bir şair olub. Saray mühiti onu sərhədləyib, yurdu-yuvası sağlığında işğal olunub və işğaldan azad olunandan sonra neçə illər xidmət elədiyi sarayın öz yerli mənsubu tərəfindən edam edilib, həm də öz oğlu gözləri qabağında öldürüldükdən sonra. Amma "Söz uçar, yazı qalar" deyiblər. Vaqif irsi yaşadıldı, tədqiq edildi, qiymətləndirildi.

Ümummilli lider Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik edəndə saysız-hesabsız incəsənət-ədəbiyyat xadimlərinə layiqincə dəyər verməklə yanaşı, Azərbaycanın böyük mütəfəkkirlərinin, klassiklərinin adının əbədiləşdirilməsi üçün bir sıra çox önəmli addımlar atıb. Onun təşəbbüsü ilə inşa edilən Vaqifin məqbərəsi 1982-ci ildə başa çatıb və şəxsən ulu öndər özü həmin məqbərənin açılışında iştirak edib. Ulu öndər uzun illərdən sonra Vaqif poeziyasına yüksək qiymət verməklə onun adını, xatirəsini daha da ucaltmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya sonuncu səfəri zamanı məqbərəni ziyarət etdikdə vaxtilə Heydər Əliyevin burada çəkdirdiyi fotoları ictimaiyyətə nümayiş etdirdi.

Molla Pənah Vaqifin məqbərəsi bu dəfə Heydər Əliyev Fondu tərəfindən inşa ediləcək. Heydər Əliyev Fondunun Prezidenti, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə məqbərənin yenidən bərpası həyata keçiriləcək. Vaxtilə Heydər Əliyevin şəxsi iradəsi, qərarı ilə ucaldılan Vaqif məqbərəsi bu dəfə ulu öndərin adını daşıyan Fondun fəaliyyəti sayəsində bərpa ediləcək. Beləliklə, bu iki böyük şəxsiyyətin - Heydər Əliyev və Molla Pənah Vaqifin parlaq adları Şuşada yenidən bərabər ucalır. Ən əsası isə odur ki, indi bu, əbədi olacaq. Biz buna inanırıq!

 





22.03.2021    çap et  çap et