525.Az

Ağdam, mən və telefon... - Şahanə Müşfiqin yazısı


 

Ağdam, mən və telefon... - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Bu günlərdə bir qrup jurnalistin və ziyalıların Ağdama növbəti səfəri gerçəkləşdi. Mənfur düşmənin özündən sonra buraxdığı çirkin izləri, xarabalıqları, dağıntıları görmək və dünyaya göstərmək üçün bu səfərlərin hər biri həyati önəm daşıyır.

Səfər iştirakçılarının paylaşımları, bəzi jurnalistlərin reportajları sayəsində dövrünün ən varlı, ən tanınmış və ən müasir şəhərlərindən biri olan Ağdamda erməni vandalizmi nəticəsində daş üstə daşın qalmadığına bir daha şahid olduq. Bu mənzərələrə baxarkən keçirdiyimiz hisslər təəssüf deyil, heç ağrı da deyil. Bu, sözlə ifadə olunmayacaq bir boşluqdur. O boşluq ki, orda qurd ulayır, utanmasa, dünyanın gözü qarşısında dizlərinə çırpa-çırpa viran qalmış torpaqlara ağı deyər.

Tarix boyu ermənilər xalqımızın başına çox vəhşət gətiriblər. Dəfələrlə soyqırım, doğma yurddan qovulma, təhqirlərə, əzablara məruz qoyulma, əsirlik və sair... Xislətində kin, küdurət olan, xəstə təfəkkür sahibi bir topluluğun (onlara "xalq" demək də olmur) özündə olmayan hər cür gözəlliyə, mədəniyyətə, zəngin tarixə malik bir xalqa qarşı duyduğu bu nifrətə çevrilmiş qısqanclığı anlamaq elə də çətin deyil, əslində. Yüz illərdən bəri "böyük Ermənistan" xülyasıyla yaşayan, ancaq əlində keçmişi və torpağı olmayan bir topluluq, əlbəttə, başqasının (ən yaxın qonşusunun) torpağına və keçmişinə göz dikməli idi. Bəli, bütün bunlar heç bir vicdana, məntiqə sığmasa da, özümüzü başa düşmüş kimi göstərə bilərik, bəlkə də. Amma 44 günlük müharibə nəticəsində azad olunan torpaqlarımızda gördüyümüz mənzərə nə haqq qazandırılmalı, nə də başa düşülməlidir. Minlərlə insan öldürüb, bütün dünyəvi və insani qanunları, hüquqları heçə sayıb sahibləndikləri torpağı illər boyunca bu cür viran qoymağın adı nədir, görəsən? İnsandan torpağını istədin, onu öldürdün, bəs daşdan, torpaqdan nə istədin ki, bu dərəcədə dağıtdın, xarabaya çevirdin?! Bu sualların nə məntiqi izahı var, nə də doğru-düzgün cavabı...

Tanınmış jurnalist, yazıçı Azər Qismət də bu səfərdə yer alan heyətin tərkibində idi. Hər zaman olaylara öz baxış bucağından yanaşan və izləyicilərə də bu cür təqdim edən Azər bəy bu dəfə də təqdimatı ilə fərqləndi. O, telejurnalist məharətiylə Ağdamın xarabalıqlarını məhdud şəraitdə çəkdiyi çox kiçik həcmli videolarla elə dolğun şəkildə çatdırdı ki, sanki özü yox, o daş, o torpaq dil açıb danışdı. Sənədli filmi xatırladan bu videolarda müəllif xırda detallarla çox böyük ağrıları dilləndirməyi bacardı.

Bu videolar arasında onun Ağdamdakı qızıl dükanının qarşısında çəkdiyi görüntü özünün bədii keyfiyyətləri, poetikası ilə fərqlənirdi. Burda nə vaxtsa avtomat-telefon olmuş, indisə pas atmış dəmirdən ibarət olan kiçik "qutu" Azər bəyin diqqətini çəkir.

O dövrdə insanları bir-birinə bağlayan, xəbərləşməyin ən effektiv üsulu olan bu avtomat telefondan indi sadəcə görüntü qalıb. Azər Qismət o telefonla edilən zəngləri, ağdamlı gənclərin bir-birinə etdiyi sevgi etiraflarını yada salır.

Yadıma Xalq yazıçısı Anarın çox sevdiyim "Mən, sən, o və telefon" hekayəsi düşür. Uşaqlığının böyük hissəsi və gəncliyi mobil telefonların, sosial şəbəkələrin dövrünə düşən biri kimi avtomat telefon və onun o dövrün insanlarının həyatındakı rolunu ilk dəfə bu hekayəylə kəşf eləmişdim. Hər oxuyanda o telefonlara qarşı mübhəm duyğular yaranır məndə.

Bəs müharibədən öncə Ağdamın qızıl dükanının qarşısındakı bu avtomat telefon hansı söhbətlərə, hansı pıçıltılara, hansı həyəcanlara şahid olub, görəsən? O telefon dəstəyi neçə sevgilisinin səsini eşidən gənc oğlanın əlində əsib, neçə gənc o dəmirə söykənib sevdiyi qızın bircə anlıq üzünü görmək üçün onu razı salmağa çalışıb, neçə insan uzaqdakı doğmasının bayramını, ad gününü məhz bu telefonla təbrik edib, neçə insan təsadüfi yığdığı nömrəylə həyatının sevgisini tapıb...

Sonra müharibə başlayıb. O avtomat telefondan gələn zəng səslərini top, güllə səsləri eşidilməz edib. O gənc oğlanlar telefon dəstəyi tutan əllərinə silah alıb döyüşə atılıblar. Neçəsi şəhid, neçəsi qazi olub. O qızların sevgi dolu pıçıltılarını imdat hayqırtıları əvəzləyib. Neçəsi bir kor gülləyə qurban gedib, neçəsi də əsirlikdə ölümünü gözləyib. Bir-birini bayram, ad günü münasibətiylə təbrik edən o insanlar müharibə sözünün dəhşətində əriyib yox olublar. 28 il onların təqvimində bircə gün olub-Ağdamın işğal günü...

Əşyaların yaddaşı, hissi varmı? Məncə, var. Bəs bütün bunlar yaşanarkən o avtomat telefon nə hiss edib, nələr düşünüb? Görəsən, o çətin zamanlarda o telefondan kimsə öz doğmasına "düşmən gəlir, canınızı qurtarın" zəngini edibmi? O dəstəkdə eşidilən son azərbaycanlı səsi nə deyib, nə danışıb? Müharibədən sonra o telefona da düşmənin mundar əli dəyibmi? Gənc sevgililərin həyəcanlı pıçıltılarına öyrəşmiş o dəstəkdən hansısa dığanın iyrənc gülüşü eşidilibmi? İyrənibmi o səsdən, diksinibmi o gülüşdən?

Ən çox hekayəsi olan əşya məhz o avtomat telefonlardır, məncə. Ağdamda qızıl dükanının qarşısındakı həmin avtomat telefonun hekayəsi nə zaman, necə bitib, görəsən? Axı onların hekayəsi də 30 ildir yetim, boynubükük idi...

İndi məni ən çox sarsıdan və göynədən məhz onların aqibətidir. Bütün əzablara, yoxluqlara rəğmən Ağdam, Qarabağ azad edildi. Azərbaycan xalqı öz torpaqlarına qayıdır. Orda binalar da tikiləcək, evlər də, teatr da olacaq, muzey də, yol da. Amma o avtomat telefonlar, çox güman, olmayacaq. Axı indi texnologiya, rabitə, kommunikasiya başqadır, daha təkmildir. İndi həmin telefonlara ehtiyac yoxdur. Hər kəsin cibində ən az bir telefonun olduğu zamanda kim avtomat telefonla sevgi etirafı edir, bir-birini təbrik edir, xəbərləşir ki? Nə ağır taleyi varmış telefonların. 30 il əvvəl vardılar, 30 ildən sonrakı qayıdışda olmayacaqlar! Görəsən, o telefondan ən son kim danışmışdı?

 





22.03.2021    çap et  çap et