525.Az

Gündoğana gedən yazıçı - Orxan Aras Azər Abdullanı anır


 

Gündoğana gedən yazıçı - <b style="color:red">Orxan Aras Azər Abdullanı anır</b>

Şair idi, rəssam idi, könül adamı idi. Kitablarının adı belə şeir kimi idi: Bir durna qatarıyıq“, „Gedirəm gündoğana“, „Qəmərlidən keçən qatar“, „Səni gözləyirəm“, „Qapıları bir-bir döydüm“, „Şaftalı qoxusu“.

Aprelin birində Azər Abdullanın 81 yaşı tamam olacaqdı. Amma baharı görmədən tərk etdi bizi. Sadəcə zəfəri gördü, ona sevinirəm. Zəngəzurda doğulmuşdu. Torpağını itirməyin nə demək olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən hər gedən qatara vətənə gedirmiş kimi baxırdı. Hekayələri, yazıları da bu torpaq itirməyin hüznüylə dolu idi. Onun „Zəngəzur dastanı“nı hər xatırladığımda eynilə onun kimi eyni sualları verirəm:

Bizlər gələnnən bəri
qarlı dağlar darıxırmı,
axar sular arxamızca
dayanıbmı, axırmı.
Bizə öyrəşən ağaclar
xiffət çəkdi, qurudumu,
ardımızca axan sular,
bulandımı, duruldumu.

Onu çox uzun zamandan bəridir tanıyırdım. „Qəmərlidən keçən qatar“ hekayəsini oxumuş, heyran olmuşdum. Mərhum Tofiq Abidin də ondan tez-tez söz açardı. Bir dəfə Bakıda „Asan xidmət“də təsadüfən tanış olduq. O, məni tanıdı və yanıma gəldi. Qısa da olsa söhbət etdik. Sonra Tofiq abi bizi yenidən bir araya gətirdi. Bir yerə gedəcəkdik, Tofiq abi kiməsə küsdü, gedəmmədik. O günü hər xatırladığımızda üzülürdük. Zaman-zaman mənə mesaj göndərirdi. Hətta oxumam üçün müəllifi olduğu „Yazıçı“ dərgisinin pdf variantını belə mənə göndərirdi.
Tofiq Abidinin xatirəsinə həsr etdiyim kitaba çox sevinmişdi. „Tofiq ölümdən çox qorxardı, bu kitabı görsəydi, qorxmazdı“ deyə yazmışdı.

Zəfər günlərində gözəl yazılar, şeirlər yazırdı. Daha 2019-cu ildə Qarabağın işğalına, arada bir atışma nəticəsində şəhid olan əsgərlərə aid yazılar yazırdı. Amma ümidsiz deyildi. Xalqının mənəvi dünyasına güvənirdi.

Yazıçı Azər Abdulla vəfat edib 

Qırx dörd günlük müharibə dönəmində sıx-sıx yazışırdıq. Bir-birimizlə sevincimizi paylaşırdıq. Ümidlərimiz, arzularımız, xəyallarımız gerçək olurdu. Türkiyənin Azərbaycanın yanında duruşuna necə sevinirdi! Türkiyə onun gənclik eşqi idi. Mənə sonuncu mesajında: „Orxan bəy, Bakıya gəldiyində mütləq görüşək, Şuşadan, zəfərdən, Tofiq Abidindən danışıb dərdləşək“ deyə yazmışdı.  Nəsib olmadı. Zəfəri doyunca yaşayammadı, həsrətini çəkdiyi Şuşanı gedib görmədən vəfat etdi.

Bir dəfəsində mənə Yunus Əmrə haqqında yazmışdı. Mən də ona Yunus Əmrənin şeirini yazıb göndərmişdim:

Acep şu yerde varm'ola
Şöyle garip bencileyin
Bağrı başlı gözü yaşlı
Şöyle garip bencileyin

Mənə yazdığı cavabda belə deyirdi:

"Əslində bütün duyğulu, hissiyyatlı, zərif təbiətli insanların hamısı bu dünyanın qərib bəndələridi. Böyük Nəsimi demirdimi – Dünya duracaq yer deyil, ey can, səfər eylə... Hələ böyük şair Nazım Hikmət! On üç misralıq “Bulutlar keçir” şeirində yaşadığımız dünyaya sığmayan qəriblərin qəm-kədər, hüzn yüklü portretini necə dahiyanə ifadə edib..."

Tofiq abinin ölümdən qorxmasını hüznlə xatırlayardı. Bir dəfə Tofiq abi evinin yaxınlığındakı ağacları göstərərək: „Bu ağaclar bizdən daha uzun yaşayacaqlar“-demişdi. Azər Abdulla ölüm haqqında yazdığı bir yazıda isə ölümü bir başqa diyara getmək kimi təsvir edirdi:

"Adam bu dünyanın fiziki və mənəvi ağrı-acılarından bezib yorulanda, yaxud haqqı verilməyəndə, umduqlarını ala bilməyəndə, etibarlı Ölüm gözlənilmədən zühur edib mehriban və ehmalca adamın qolundan tutaraq: – Mən ölməmişəm ki, mənim balam, getdik,- deyir. Bu an bəzi adamların qorxudan, bəzilərinsə sevincdən dili tutulduğundan səsləri çıxmır..."

O biri dünyaya getdin. Qorxmadan, bir igid kimi!.. Azərbaycan ədəbiyyatı tarixi də səni əsla unutmayacaq. Qəmərlidən qatarlar hər zaman keçəcəkdir. Rahat uyu, Azər Abdulla!

 





22.03.2021    çap et  çap et