525.Az

Qaçqın gəlinə - Fikrət Qocadan iki şeir


 

Qaçqın gəlinə - <b style="color:red">Fikrət Qocadan iki şeir </b>

QAÇQIN GƏLİNƏ

Yayda yaylağa gedərlər,
Səni sürdülər arana.
Yayın cırcırama çağı
Mən də duz basdım yarana.
Xəyalın dağlar qoynunda,
Yarpızlı dovğa bulayır.
Dağda sənsiz qalan yurdun
Axşam qurd olub ulayır.
Evi viran qalan bacım,
Gözü-könlü talan bacım.
Ala gözə bulud qonur,
Göz yaşın qəlbinə axır.
Sinəni yandırır, yaxır,
Yuxarıdan Tanrı baxır,
“Yaxan düymələ, düymələ”.

***

Yollar uzun, dağlar uzaq,
Bu dərd varaqlara sığmaz,
Bu dərdi yollara yazaq.
Eyvanda qalan kitabı
İndi külək varaqlayır.
Siz dərəyə qaçan yerdə,
Hələ də bulaq ağlayır.
Məhlədə qalan yürüyü
Hansı xəyal yırğalayır?
Ağzı açıq qalan evlər
Axşam qurd olub ulayır.
Xəyal zəncir qırar qaçar,
O səsdən ürək çapalar,
Ürəyin sinəndən uçar,
“Yaxan düymələ, düymələ”.

*** 

Bir gün köçün dönər geri,
Gözündə inam işığı,
Ürəyində yanıq yeri...
Yurd üçün susuz dodağın,
“Oxqay “ - deyib öpər yeri.
Darvazasız məhlələrin,
Divarı, daşı kövrələr.
Ürəyimdə daşa dönmüş,
Gözümün yaşı kövrələr,
Susub qəlbimdə inlərəm:
“Bəndləri uçuq ellərim,
Yaxası açıq evlərim,
Yaxan düymələ, düymələ”.

02.06.1999


BABALARIM​ ​ ​ ​ ​ ​ ​ ​

Babalarım kasıb olub, mərd olub!
Qoçaq olub, mərd olub,
Bəy olub, mərd olub
Qaçaq olub, mərd olub
Bəs bu namərdlər hardandı?
Bax bu mənə dərd olub.

Şeirlər 2000-ci ildə çap olunmuş "Adi Həqiqətlər" kitabından götürülüb.

 





22.03.2021    çap et  çap et