525.Az

Ədəbiyyatımızın Bişkek təntənəsi (Fotolar)


 

Ədəbiyyatımızın Bişkek təntənəsi <b style="color:red">(Fotolar)</b>

Bişkekə çatırıq. Hava yavaş-yavaş qaralır. Ağappaq duman içindədi alaqaranlıq şəhər. Səfir Hidayət Orucovun səfirliyin işçiləriylə bərabər Manas hava limanında sıcaq qarşılamasından, al qırmızı güllər, qırğız piyaləsində çay və xoş söhbətlərdən sonra şəhərin soyuqluğundan çaşmışıq bir az.

Bura şəhərin kənarıdı. Səfirliyin əməkdaşları “oteliniz mərkəzdədi, oralar belə soyuq deyil, səhər isti olacaq...” deyib ürək-dirək verirlər bizə. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Lalə xanımla eyni maşındayıq, yolların bəyazlığına, qar altında qalmış uczuz-bucaqsız çöllərə baxıb suallar veririk səfirliyin işçisinə. Keçmə qadınların hər şeyi bilmək, öyrənmək meylindən. Buranın ticarət mərkəzlərindəki brend firmalardan tutmuş, gənclərin necə əylənməsinə kimi hər şey soruşuruq. Təəccüblənmək, gülüşmək üçün cavabların hərəsində bir çalar tapıb şənlənirik. Elə bil neçə saatdı bir uçağı o birinə dəyişə-dəyişə, ətirlərimizə, kremlərimizə görə sərt özbək kömrüyü ilə müharibə eləyə-eləyə mənzilbaşına gəlib çatan heç biz deyilik. Cavanlıqdı da! Amma heç böyüklərimiz də bizdən geri qalmırlar.

...Bilmirəm nədəndi, hamıda qəribə bir ovqat, ruh yüksəkliyi var. Elə təkcə şam yeməyindəki zarafatlardan, xoş sözlərdən, mehriban dialoqlardan bir ömür danışmaq olar; Səfirimiz Hidayət müəllim yazıçılar günü olduğunu yada salıb hamımızı öyür, tərifləyir, işimizin müqəddəsliyindən danışır. Mələkxanım Əyyubova Fikrət Qocanın sözlərinə yazılmış mahnıları zümzümə edir və şairə öz səmimi təşəkkürlərini də çatdırmağı unutmur. Beləcə, Fikrət müəllimin “günəş sönər, mən sönmərəm...”, “məndən küsüb özgələrdən halım soruşanım mənim...” misraları bütün axşamı dilimizdən düşmür. Hələ operativliklərindən qalmayan Rauf müəllim və Xəyal Rza - şəhərə çatar-çatmaz sosial şəbəkələri şəkillərlə, şərhlərlə bəzəyirlər. Rəşad Məcidin həmişəki məclis adamı xasiyyəti, şux zarafatlarıyla prosesi ələ almaq, hərdən aranı “qarışdırmaq” məharəti də necə lazımdı işləyir. Lalənin sifariş etdiyi pitsadan tutmuş italyan aşpazın canfəşanlığına qədər hər şey mövzudu... İndi bütün bunları xatırladıqca o sehrli auranın, hamımızı sarmış xoş əhvalın səbəbini anlayıram.

Qarşıdakı günün fərəhi, havası öncədən vururmuş bizi. Sabah Xalq yazıçısı Anarla qırğızların görüşü keçiriləcək. Səbəbkarın özünün ovqatı, davranışı, söhbətləri isə ayrıca mövzudu... Yazıçının hazırlıq işləri haqda  danışılanlara, öz şəkli ilə dəvətnamələrə, şəhəri bəzəyən afişlərinə reaksiyası qəribə gəlir adama. Özü haqda söhbətləri dəyişmək üsullarına isə heyrətlənməyə bilmirsən... Məsələn, Möhlət Müslümovun “Evləri köndələn yar”da mahnı mətnləri necə gözəl seçilib, adama ləzzət edir... deyəsən özünüz də şeir yazırsız...” sözlərinə heç düşünmədən “Hə, mən də arada şeir-filan yazıram, amma Fikrət Qoca çox böyük şairdi...” – deyir və Fikrət müəllimin poeziyasından xeyli danışır. Yəqin hər şeyə bu qədər sakit, təvazökar, ağayana yanaşmaq zaman-zaman cilalanan, formalaşan xüsusi xarakterdi. Daxili tamlıq, bütövlük hissi öyünməyə, özündən deməyə imkan vermir. Buna heç ehtiyac da yoxdu... Sabah opera teatrı qarşısında bayraq kimi dalğalanan afiş, qırğız yazıçılarının, mədəniyyət işçilərinin heyranlıq dolu çıxışları, dopdolu zal, ayaqda alqışlayanlar, gözlərdəki fərəh, sevinc yaşları hər şeyi deyəcək... Özü deməsə də, olar!  

 

***

Bişkekdə ilk səhərimiz günəşlidi. Dünənki havadan əsər-əlamət yoxdu. Qar günəş şüaları altında par-par parıldayır, adamın gözünü qamaşdırır. Şəhərin görkəmi, yolların kələ-kötürlüyü isə sovet dövrünü xatırladır. İndi Azərbaycanda nəinki paytaxtda, heç əyalətlərdə, rayon mərkəzlərində də belə “qədimlik” qalmayıb. Qırğız Tarixşünaslıq muzeyinə ekskursiya isə həm də Sovet Qırğızıstanına səyahət sayıla bilər. Nə zamansa adı Lenin muzeyi olub, əsasən Leninə, SSRİ-yə aid eksponatlar nümayiş etdirilib burada. Müstəqillikdən sonra Tarix muzeyi ediblər binanı. Amma Lenindən, SSRİ-dən tam xilas ola bilməyiblər hələ. Bizləri şəxsən qarşılayan muzey direktoru özü də bunu etiraf edir, amma qırğızlarda tarixi çox qədim olan qızıl, gümüş əşyalar, qırğız yurtaları haqda maraqlı bilgilər alаcağımıza da söz verir. Beləliklə, qırğız “qızılşünaslığı” haqda alim dəqiqliyi, sənətkar coşqusu ilə danışan bələdçi xanımı dinləyərək ən balacadan tutmuş böyüyə, ən qədimdən müasirə kimi bütün eksponatlara baxırıq. Və mən təqdimatın nə qədər vacib, əsas rol oynadığını fikirləşirəm. Kiçicik, dırnaq boyda qızıldan hazırlanmış bir qoç fiqurunu geniş şərh edən, bu eksponatın varlığını yüz yerə yozan qadın çox düşündürür adamı. Qonaqları yormayaq, ayıbdı, özümüzü tərifləməyək - deyərək nə qədər qısa danışırıq (çox vaxt da susuruq!) öz incəsənətimiz, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqda. Hələ keçmişə çamur atanlarımızı, sənətimizi, millət kimi varlığımızı təsdiq edən, qoruyan ziyalıları aşağılamaqdan ötrü min fənd qurub, hiylə işlədənlərimizi demirəm... Hə, çox kədərləndirir məni bələdçi xanım. Dəvə yunundan parçalarla, keçələrlə qurulmuş qırğız yurtasındakı gənc toxucu qız maketini göstərib “bu, subay  xanımdı, ona görə başı açıqdı, siz onun gözlərindəki saflığa baxın bir...” – deyəndə də həsəd aparıram. Biz belə deyilik, ona görə... Biz qızlarımızın gözündəki saflıqdan danışa bilmirik, ağızdolusu dedi-qodu, milləti aşağılayan söhbətlər nə qədər istəsən... Xaricilərə müsahibə verib ölkəmizdə sənətin, ədəbiyyatın, mədəniyyətin yoxluğundan danışırıq, bununla fəxr edirik, cılız azadlıq imitasiyalarımızla öyünürük də hələ bir. Beş-on yazıçı adı əzbərləyib intellektual sayırıq özümüzü, şəhərimizin gözəlliyi ilə qürurlana da bilmirik adam kimi, əksinə, arxa, ucqar küçələrimizdəki palçığı, kiri soxuruq qonaqların gözünə.

O səhər Qırğız Tarixşünaslıq muzeyini gəzdikcə çox şeylər keçirdi fikrimdən. Yurtadan çıxanda bələdçi xanımın əlini sıxıb təşəkkür edirəm: “Sadəcə danışmırsız, sevgiylə danışırsız”.

Bir az sonra Rəşad Məcidlə birgə Manas radiosunun “Dostluq körpüsü” verilişində, canlı yayımda qırğızlara qonaqpərvərliklərinə görə təşəkkürlərimizi çatdırır və axşamkı tədbirdən gözləntilərimizi dinləyicilərlə bölüşürük. Verilişin aparıcısı, həmyerlimiz, Qırğızıstanda, Qazaxıstanda mədəniyyətimizin təbliği üçün çoxlu işlər görən Ramiz Məşədhəsənli hələ muzey ekskursiyasından bizimləydi. Рadioda da Anarla görüşün qırğızlar üçün, ədəbi əlaqələrimizin möhkəmlənməsi üçün önəmli olmasını vurğulayır. Verilişdəki bayram ovqatı, od çərşənbəsinə təsadüf etdiyi üçün xalqımızın adətlərindən danışmağımız, Mələkxanım Əyyubovanın ifasında səsləndirilən mahnılar əhvalıma  təsir edir, muzeydən qalan fikirlərin qırıntıları da yox olub gedir.

A.Maldıbayev adına Qırğız Akademik Opera və Balet Teatrının qarşısındakı qələbəlik çaşdırır bir anlıq adamı. İki gündü sakit, hətta adamsız görünən şəhərdən belə hay-küy gözləmirdik bəlkə də. Teatrın direktoru binanın önündə söhbət edən Azərbaycan heyətinə yaxınlaşıb “belə davam eləsə, yerlərinizi tutacaqlar...” – deyir. Dəstə-dəstə qızların, oğlanların axınına qoşulub zala giririk. Hələ tədbir başlamamış gördüyümüz mənzərəyə, kamera işıqlarına, mətbuatın canfəşanlığına, uzun illərdi Bişkekdə yaşayan yerlilərimizin Anara, Fikrət Qocaya necə sevinclə yaxınlaşmasına, ümumiyyətlə, zaldakı auraya yalnız sevinmək olar. Ədəbiyyatımızın təntənəsidi bu. Və yazımın bu yerində Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun xidmətini xüsusi vurğulamağın tam  məqamıdı. Hidayət müəllim bir ildən çoxdu ki, səfir vəzifəsində çalışır. Öncələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub. Bütün fəaliyyəti boyu onun ziyalı mövqeyi, işgüzarlığı, son dərəcə təmkinli, təvazökar xarakteri, gördüyü işlərin həcmi, çəkisi hər kəsin gözü önündədi. Amma məncə, bütün bu dövlət işlərindən, vəzifələrindən əlavə həm də yazıçılığı, ədəbiyyat sevdalısı olması təsir edib onun xarakterinə. Hidayət Orucov otuzdan çox poeziya, nəsr, tərcümə kitablarının müəllifidi. Pyesləri teatr səhnələrimizdə dəfələrlə oynanılıb, əsərləri müxtəlif xarici dillərə tərcümə edilib. Amma məgər özü istedadlı olub başqalarına qısqanclıqla yanaşan, dünya dağılsa da, bir nəfərin adını çəkməyən, dilindən xoş söz çıxmayan adamlar azdımı? Hələ az qala özünü kiçik padşah elan edən,  ölkəmizin nüfuzuna görə gördüyü hörməti öz adına çıxaran, özünü səfir yox, kurortda dincələn turist kimi aparan səfirləri demirəm... Hidayət müəllimi müşahidə etdikcə düşünürdüm ki, yaxşı adam, əsl ziyalı bütün sahələrdə eynidi. İstər səfir olsun, istər yazıçı, yaxud da dövlət müşaviri. Hidayət müəllim və onun komandasının bizlərə diqqəti, bütün işlərini buraxıb hər an qonaqlarla məşğul olmaları, elə o axşam Anarla Opera teatrındakı görüşün təşkilati işlərində dəqiqlikləri hələ uzun illər unudulmayacaq. Səfirimizin o gün Anar haqda çıxışı kimi... Unudulmayacaq! Xalq yazıçısının fəaliyyətindən, yaratdığı əsərlərdən, filmlərindən geniş söhbət açan səfirin səsindəki fərəh aydın duyulur: “Əziz dostlar! Mənim bu çıxışım sadəcə diplomat sözü, çıxışı deyil. Mən sevimli yazıçım haqqında səmimi hisslərimdən, fikirlərimdən danışıram.  Hələ gənclik illərimdən Anar yaradıcılığının vurğunuyam. Məqalələrimdə, çıxışlarımda onun əsərlərindən tez-tez sitatlar gətirmişəm, haqqında danışmışam. Lakin Anar haqda ayrıca məqalə yazmaq üçün hələ hazır deyiləm. Çünki Anar çox böyük adamdı və onun haqqında söz demək məsuliyyətlidir. Bunun üçün çoxlu düşünüb-daşınmaq lazımdır...” Səfir bu günlərdə yaradılmış Türkdilli Ölkələrin Yazarlar Birliyindən və məhz Anarın Бirliyin ilk sədri seçilməsinin önəmindən danışır, bu hadisənin qırğız, azəri, ümumiyyətlə, türk dünyası ədəbiyyatları arasında əlaqələrin genişlənməsi üçün faydalı olacağını vurğulayır.  

Sonra Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin birinci müavini Akimbek Tekeşovun Azərbaycan ədəbiyyatı və Anar haqqında dedikləri xüsusi maraqla qarşılanır. Nazir müavini Anarın kino yaradıcılığını xüsusi vurğulayır, hələ sovet dövründən Üzeyir Hacıbəylini məhz Anarın “Üzeyir ömrü” filmindən daha yaxşı tanıdığını, sevdiyini deyir. Ötən ilin dekabrında Azərbaycanda yüksək səviyyədə keçirilən Çingiz Aytmatov yubileyinə görə xüsusi minnətdarlığını bildirir.

Tədbirin davamında Anar səhnəyə dəvət olunur, ona qırğız milli geyimi hədiyyə edilir. Gecəni Qırğızıstanın Xalq yazıçısı, Moskvada ssenari kurslarında Anarla birgə təhsil almış Mar Bayciyev aparır. Mar Bayciyev elə səhnədəcə dərdləşir köhnə dostu ilə... Özünün gördüyü işlərdən, Manas dastanından tərcümələrindən, şeirlərindən, yeni yazılarından  danışır. Moskvada birgə oxuduqları illərə aid xatirələrini bölüşür tamaşaçılarla. Anarı türk dünyasının ən böyük yazıçılarından hesab etdiyini deyir. Daha sonra Qırğızıstanın Xalq artisti Roza Amanova Manasdan parçalar oxuyur. Şairə, Əməkdar mədəniyyət işçisi Sevtlana Suslova Rəsul Rza şeirindən təsirlənməsini, Anar yaradıcılığının vurğunu olmasını bildirir və səbəbkara həsr etdiyi şeirini səsləndirir.

Azərbaycan heyətindən Xalq şairi Fikrət Qoca və AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edirlər. Və mən bu insanların sözünün zaldakı həmyerlilərimiz üçün necə təsirli, vacib olduğunu anlayıram. Fikrət müəllimin dostundan danışarkən özünü unutması, iddiasızlığı, ürəkdən çıxış eləməsi, söz səxavəti kövrəldir adamı. İndiki paxıllar zəmanəsində belə adamın, bu cür dostluğun varlığı möcüzədir sadəcə. Kimsə həsədini, hikkəsini, “mən”ini idarə edə, dostuna görə xoş sözləri bir-birinə calaya da bilər. Amma o cür ürəkdən danışmaq, öz sənətkarlığını, şairliyini bir kənara qoyub sadə bir dost mövqeyindən çıxış eləmək böyüklükdü. Fikrət Qoca sadəcə, Anarın dostu idi o gecədə. Adı çəkiləndə zalı lərzəyə gətirən alqışları da, Bişkekdə yaşayan qohumlarının hədiyyə gətirdiyi gül dəstələrini də dostuna yönəltdi. Xalq şairi olmasını, dillərdən düşməyən şeirlərini, nəğmələrini, hətta “payız gəldi, uçdu getdi quşlar...”ı da yadından çıxarmışdı elə bil. Sevinirdi, Anara, onun yaradıcılığına   münasibətə görə ürəkdən sevinirdi. Və onun sevinci səfərin sonuna kimi xoş bir aura kimi, hava kimi hər yerdə bizimləydi.                 

Fikrət müəllimin ilıq, mehriban sözlərindən sonra Rəşad Məcid türk dünyasının müxtəlif şəhərlərində ən fərqli adamların Anara, onun əsərlərinə heyranlığından söz açır: “Ötən il Anar müəllim “Türk dünyasında ilin ədəbiyyat adamı” ödülünə layiq görüldü. Həmin səfərdə Almatıda, Astanada qazaxların onun yaradıcılığına, şəxsiyyətinə münasibətlərini müşahidə etdim. Bundan əlavə, Türkiyənin müxtəlif şəhərlərində, elə bu günlərdə Eskişəhərdə, İspartada ən fərqli  insanların ona münasibətini, sevgisini görmüşəm. Əminəm ki, Qırğızıstanda da belə ailələr, adamlar çoxdur”. Rəşad Məcid Anarın ümumtürk ədəbiyyatına xidmətlərindən, “Kitabi-Dədə Qorqud” eposunun təbliğatı üçün gördüyü işlərdən, “1500 ilin oğuz şeiri” antalogiyasından, “Min ilin yüz şairi”, “LİK Azerbaydjana” kitablarından danışır.

Birinci hissənin sonuna doğru Mar Bayciyev yarızarafat, amma çox orijinal və adamı diksindirən bir sual verir Anara: “Təriflərimizə, xoş sözlərimizə “dözmək” çətin olmadı ki sənə?” İlk baxışdan sual qəribə gəlir adama. Amma bir az dərinə gedəndə anlayırsan ki, axı təkcə mənfi münasibətə, tikanlı sözlərə yox, tərifə, mehriban ünsiyyətə də “dözmək” güc, xarakter istəyir. Nə qədər başlar gicəllənib təriflərdən, nə qədər qələmlər korşalıb xoş sözlərdən. Mükafatlardan, orden, medallardan Allahlıq iddiasına düşənləri, hansısa əyalətdə iki adamın yanaşıb “səni oxumuşam” deməsindən əbədi arxayınlaşanları, div yuxusuna gedənləri demirəm hələ... Və bu yerdə təvazökarlığın, özünə qarşı tələbkarlığın necə vacib olduğunu anlayırsan. Elə Anarın da sonda özündən çox Çingiz Aytmatovdan, xalqlarımız arasındakı mənəvi yaxınlıqdan, 30-cu illərdə bura sürgün olunmuş azərbaycanlılara qırğızların məhrəm, doğma münasibətindən danışmasının səbəbini başa düşürsən: “Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Bunlar əsasən 30-cu illərdə sürgün olunanların ailə üzvləridir. Bunların arasında 11 dəfə represiya olunmuş Rəfibəylilər nəslinin - anam Nigar xanımın nəslinin bir neçə üzvü var. Onlardan bəziləri zalda əyləşiblər. Qardaş qırğız xalqı onları öz doğmaları kimi qəbul edib, məhrəm münasibət göstəriblər. Mən fürsətdən istifadə edib hər kəsə təşəkkürümü bildirirəm”.  Xalq yazıçısı qırğız ədəbiyyatının simvoluna, qırğız xalqının qüruruna çevrilmiş Çingiz Aytmatov haqda da fikirlərini bölüşür: “Çingiz Aytmatov məni kiçik qardaşı adlandırırdı, mən də ona böyük qardaşım kimi baxırdım, hörmət edirdim. Qırğızıstanda çox olmuşam və hər dəfə də Çingiz Törəquloviç ilə görüşüb ədəbiyyat söhbətləri etmişəm. Ç.Aytmatov da dəfələrlə Bakıda olmuşdu. Azərbaycanda  onun kitabları çap edilib və bundan sonra da çap olunacaq. Çingiz Aytmatovu Qırğızıstanda olduğu kimi, Azərbaycanda da sevir və hörmət bəsləyirlər”. Çıxışının sonunda Anar bu görüşün təşkil olunmasına görə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Qırğızıstandakı Azərbaycan səfirliyinə təşəkkürlərini çatdırır.

Tədbirin bədii hissəsində Qırğızıstan və Azərbaycan sənətçilərinin çıxışları nəzərdə tutulub. Bu hissə iki cəhətdən çox maraqlıdı. O qədər yaxından bələd olmadığımız qırğız musiqisinin bizə təsiri və bizim muğamların onlara təsiri, zalın reaksiyaları baxımından.

Zərif bir pıçıltı kimi səslənir Qırğız Xalq çalğı alətləri ansamblının ifaları. Adama elə gəlir ki, başlarına lələkli papaqlar qoymuş, əyinlərinə milli paltarlar geyinmiş bu incə, nərmənazik xanımlar heç alətdə ifa etmirlər, elə sakitcə pıçıldaşırlar. Opera və Balet Teatrının artistləri Baktıgül Bokoyeva və Stalbek Junuşaliyevin Üzeyir bəyin romanslarını, “Arşın mal alan”dan parçaları bizim dildə oxumaları isə musiqimizə, dilimizə sayğının göstəricisidir.

Və Mələkxanım Əyyubova, Möhlət Müslümov, Fəxrəddin Dadaşov. Hər üçü Xalq artistlərimiz. Ölkəmizdə hər kəsin sevimlisi olan sənətkarlar. Onları trio da adlandırmaq olar, üçlük də. Amma mən Birlik sözünü işlətmək istəyirəm bu məqamda. Əlbəttə, bizlər üçün, ədəbiyyat adamları üçün musiqiçilərin həyat tərzi, münasibətlər sistemi, davranış qaydaları maraqlıdı. Doğrusu başqa cür təsəvvür edirdim hər şeyi. Amma səfərin ilk günündən sonuna kimi bu Birlik məni yaxşı mənada təəccübləndirdi. Mənasız, şit şou-biznes söhbətlərindən tamam uzaq davranışları, bir-birinə son dərəcə diqqətli, qayğıkeş, mehriban münasibətləri,   yarımsözdən bir-birini anlamaları sadəcə heyrətləndirir, dünən səhnəyə gəlib iki mahnı oxuyub, sabah ulduz xəstəliyinə tutulanlarla müqayisəyəgəlməz dərəcədə sadəlikləri, təvazökarlıqları sevindirirdi. Bu adamlarda nə Biləcəri sindromu, nə də natamamlıq kompleksi var. Dünyanın bir çox ölkələrində kompakt diskləri buraxılıb, konsertlər veriblər, az qala bütün dünyada təmsil ediblər ölkəmizi. Yüzlərlə, minlərlə adamın tərifini eşidiblər, heyranlığını görüblər. Və elə o gecədə də Fikrət Qocanın, Nigar Rəfibəylinin sözlərinə mahnıları ifa etmələrinə zalın reaksiyaları, salonu lərzəyə gətirən alqışlar qırğızların, orda yaşayan Azərbaycanlıların sevgisinin göstəricisi idi. Amma Mələkxanım Əyyubovanın hər şeyi sakit, sadə şərh eləməsi, Möhlət Müslümovun incədən-incə yumorla həmkarlarına sataşması, Fəxrəddin Dadaşovun uşaq kimi mehriban, təmiz, saf reaksiyaları insanı riqqətləndirir. Bir daha başa düşürsən ki, yeganə meyar istedaddı, özünə, istedadına güvənən insan belə olmalıdı. İçərisində itib-batdığı gül dəstələrindən ağızdolusu danışmamalıdı, hansısa vəzifəli məmurun övladının toyunda oxumasını addımbaşı vurğulamamalıdı, çəngəli sol əlində tutmağı bacarması ilə öyünməməlidi, bu yeməyi yemirəm, xüsusi yemək sifariş etdirirəm özüm üçün deməməlidi, hansısa texniki problemlərdən “əzab” çəkməsini deyib zarımamalıdı... Mələkxanım Əyyubova kimi, Möhlət Müslümov, Fəxrəddin Dadaşov kimi;  o gecə qırğızları kövrəldən mahnılar, muğamlar ifa edən Birlik kimi!

Tədbirdən sonra həmyerlilərimizlə söhbət edirik. Bu adamların Azərbaycana, azəri sözünə, musiqisinə nə qədər ehtiyaclarının olduğunu açıq-aydın duyuram. Bizimlə danışanda gülən gözlərindən, səslərindən qəribçilikdə yaşamağın rahatsızlığını da hiss etmək olur.

Sabah isə Çingiz Aytmatovun ev muzeyinə və Ata-beytdəki məzarını ziyarətə gedəcəyik.

 

***

Çingiz Aytmatovun evi şəhər kənarında, Ala-Arça adlanan, dövlət iqamətgahlarının yerləşdiyi məkandadı. Bura sakit, əsl yazıçıya uyğun, işləmək, təkliyə çəkilmək, düşünmək üçün ideal bir yerdi. Çingiz Aytmatov 1986-cı ildən ömrünün sonuna kimi bu evdə yaşayıb. Evin bir hissəsində həyat yoldaşı Məryəm Aytmatova yaşayır, bir hissəsini muzey ediblər. Elə ilk otaqdaca Toğrul Nərimanbəyovun tablosu, narları diqqətimi çəkir, qəribə bir doğmalıq duyuram.

Muzeydə yazıçının kitabxanası, aldığı mükafatlar, orden, medallar, diplomlar, şəxsi əşyaları nümayiş olunur. Amma bütün  mebellərdən, yazıçı evinin interyerindən, hətta həyatının son günlərində oxuduğu, hələ də yatağının yanında qalmış kitablardan daha çox yazıçının xanımı, onun üzündəki ifadə təsir edir mənə.  Mələkxanım Əyyubovanın “Ala gözlüm” mahnısını ifasından təsirlənir qadın. Adama elə gəlir ki, o bu mahnının yaranma tarixçəsini bilir. Qadını söhbətə tuturam, suallar verirəm və məlum olur ki, nə dilimizi bilir, nə də бу  mahnını. Əsl sənət elə budur, dili bilməsən də, mənanı anlamasan да təsirlənirsən, hiss edirsən melodiyanı. Xanım Çingiz Aytmatovun ruhunun buralarda olmasına, yazıçı dostlarının ona münasibətini görməsinə, sevinməsinə inanır.

Düzü, Çingiz Aytmatovun evini başqa cür təsəvvür edirdim. Bu qədər sadə, bərbəzəksiz, hətta bir az da kasıbyana olması təəccübləndirir hamımızı. Amma sonra fikirləşirəm ki, evini genişləndirmək, yeni mülklərə sahiblənmək haqda düşünən adam yaza bilməzdi o əsərləri. Elə belə yaşamalıydı Çingiz Aytmatov. Sadə, sakit, təmkinli... “Özünə, ev-eşiyə heç vaxt ayırmırdı... Elə hey “vaxtım yoxdu” bəhanələriylə qaçırdı bu söhbətlərdən” – deyir həyat yoldaşı. Və bunu necə fəxrlə deməsi də həmişəlik yadımda qalır.  

... Dağların arasıyla, üzüyuxarı, Ata-beytə doğru gedirik maşınlarla. Rəşad Məcid Çingiz Aytmatovun son əsərlərini xatırlayır. Axırıncı romanı “Dağlar düşəndə”də dağların təsvirindən danışır. Təbiətin yazıçı xarakterinə necə təsir eləməsi haqda düşünürəm. Aytmatovun əsərlərində Bişkeki, gördüyüm yerləri axtarıram xatirimdə. Burda dağlar da qəribədi. Elə bil un ələyiblər üzərinə, ağappaqdı, qarlıdı, amma həm də zərifdi. Yolun bir tərəfində dağlar çılpaqdı, qarsızdı, digər tərəfində bəmbəyaz. Təbiətin bu möcüzəsi insan heyrətləndirir, amma həm də dərin bir dinclik gətirir.

Çingiz Aytmatov Atabeytdə dəfn olunmasını özü vəsiyyət edib. İllər öncə repressiya olunmuş atasının məzarını burada tapdıqdan sonra. Atabeyt kompleksi hələ o vaxt salınıb, Törəqul Aytmatov kimi, başqa repressiya olunanlar, güllələnmiş qırğız ziyalıları burda uyuyurlar. Onların şərəfinə Repressiya Muzeyi də yaradılıb. Yazıçının qəbrini ziyarətdən sonra muzeyi də gəzib baxırıq. Ölüm hökmlərinin surətləri, şəkillər, həbs olunan adamların yemək yediyi dəmir qablar insanda qəribə bir xof yaradır və o dövrdə bütün bunları öz gözüylə görənlərin, o qorxuyla yaşayanların halını düşünürsən. 

Qırğız mətbuatı Xalq yazıçısı Anardan, səfir Hidayət Orucovdan müsahibə götürür. Çingiz Aytmatovun ruhuyla, dağlarla, o bir az vahiməli, sakit məkanla vidalaşıb şəhərə yola düşürük.

...Sabah Bişkeklə vidalaşacağıq. Bir az kədərli, bir az səssiz, hüzünlü...  Əlbəttə, gələcəkdə qırğızları Bakıda görmək, Bişkekdə yeni-yeni görüşlər keçirmək ümidi ilə. Nazim Hikmət demiş – “Ən gözəl günlər hələ yaşamadıqlarımızdı...” 

 





11.03.2014    çap et  çap et