525.Az

Radioda yaşlanan ömür - Səyavuş Hüseynovun 60 illik yubileyinə


 

Radioda yaşlanan ömür - <b style="color:red">Səyavuş Hüseynovun  60 illik yubileyinə</b>

Baharın yurdumuza qədəm qoyduğu ərəfələrdə kollektivimizin sevimli əməkdaşlarından biri, hörmətli iş yoldaşımız Səyavuş Hüseynovun 60 yaşı tamam oldu. Ölkədə pandemiya təhlükəsindən narahat olduğumuz məqamda və eyni zamanda düşməndən Qarabağı geri  qaytardığımız, Qələbə zəfərini yaşadığımız, şəhidlərimizin qanı bahasına azad olunmuş torpaqlarımızda ilk bahar təravətinin hiss edildiyi sevincli günlərimizdə, qürurlu çağlarımızda, Azərbaycan Radiosunun “Xəbərlər” redaksiyasının baş redaktoru Zaur Rzayev iş yoldaşımızın yubiley yaşının tamam olduğunu bildirdi.

Bəli, yaşına görə redaksiyada hamıdan kiçik, lakin vəzifəcə böyük olmasına baxmayaraq özündən yaşlıya həmişə hörmət və ehtiramla yanaşan, efirdə saç ağardan qələm əhlinə həssas  münasibəti ilə seçilən gənc baş redaktorumuz  növbəti  dəfə isə ömrünün 30 ilə yaxınını bu sənət diyarında  keçirən bir qələm sahibinin doğum gününü yadımıza saldı…

Uzun müddət eyni  redaksiyada çalışdığımız  həmkarımızı əvvəlcə sizə yaxından tanıdım. Səyavuş Hüseynov məndən bir il sonra, 1994-cü ildə radionun “Xəbərlər” redaksiyasına gəlib…
Xatırlayıram ki, bir neçə dəfə işə  gələndə, Milli Məclisin qarşısındakı dayanacaqda onu da avtobusdan düşən görmüşdüm. O, qarşıda yeyin-yeyin addımlayırdı və bir də başımı qaldırırdım ki, yoxa çıxıb. Məndən xeyli vaxt sonra isə otağa girərdi. Nəhayət, günlərin birində soruşdum ki, səni qabaqda gedən gördüm, sonra yoxa çıxdın. Dedi ki, “uşaqdan xəbər bilirdim”, “qardaşıma baş çəkməyə getmişdim”... Ürəyim qan ağladı, yadıma düşdü ki, axı Səyavuşun qardaşı şəhiddir, Şəhidlər xiyabanında, ikinci sırada bizim işə bir az da daha yaxın yerdə uyuyur. Sonralar da şahidi oldum ki, bu illər ərzində Səyavuş həmişə  işə gələndə yüyürək addımlarla onun məzarını ziyarət edib, qəbrinin önündə xeyli dayanır və sonra asta-asta yuxarıya, radioya doğru qalxırmış…

Qardaşı Yaşar İsmayıl oğlu Hüseynov Ukraynanın Sumsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət keçib. Uzun müddət elə bu diyarda, vətəndən uzaqlarda yaşayıb, milis bölməsində işə düzəlib. Ancaq vətənimizin  üstünü qara buludlar alanda, ermənilərin azərbaycanlılara qarşı mənfur niyyəti üzə çıxanda Yaşar Hüseynov da damarında azərbaycanlı qanı axan bir çox oğullarımız kimi biganə qala bilməyib, sakit dayanmayıb. Ürəyi Qarabağla döyünüb, yaşadığı qürbət eldə Azərbaycanın haqq səsinin eşidilməsi üçün əlindən gələni əsirgəməyib. Qarabağın Azərbaycanın tarixi torpaqları olması ilə bağlı faktları təbliğ etməyə başlayıb, elinə yardım toplayıb, dəfələrlə həmvətənlərimizi bir araya yığaraq xalqına dəstək nümayiş etdirib. Lakin günü-gündən eşitdiyi acı xəbərlərdən sarsılıb, sonda bir əsgər kimi əlinə silah götürüb könüllü Vətənin müdafiəsinə yollanıb. Azərbaycanın dar günündə öz istəyi ilə geri qayıdan Yaşar Hüseynov divizion komandirinin müavini vəzifəsində öz vətəndaşlıq borcunu yerinə yetirib. 1993-cü il iyunun 24-də kapitan Yaşar İsmayıl oğlu Hüseynov Zəngilanın Kollu kəndində döyüş mövqeyində minaya düşərək həlak olub və and yerimiz olan müqəddəs məkanda - Bakıda Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Yaşarın, eləcə də onun kimi canını, qanını millətə, vətənə fəda edən bütün şəhid oğulların ölümü minlərlə ailəni sarsıtdığı kimi Hüseynovlar ailəsini də yasa qərq edib. Qardaşının itkisi ilə Səyavuş müəllim  düz bu günə kimi barışa bilmir, hər zaman söhbətinin əvvəlində, sonunda onu yada salır, şəxsi  keyfiyyətlərindən, vətən sevgisindən, mərdliyindən danışır. Şəhid qardaşının adını öz övladına verməklə Yaşarına yeni can verib. Oğlu Yaşar da əmisinin adına layiq olduğunu yaxşı əməli ilə atasına hər zaman sübut edir. Beləcə bu həyatda bir nişanəsi qalmayan şəhid qardaşı Yaşarı  öz oğlunun adında yaşadır…

Elə 60 yaşı tamam olan Səyavuş Hüseynovun da ömür yolu  keşməkeşlərlə doludur. 1961-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub. 1968-ci ildə doğulduğu kənddə birinci sinifə gedib. Lakin ailəsi 1972-ci ildə Ermənistan SSR-in Mehri rayonunun Astazur stansiyasına köçdüyündən orta məktəbi 1978-ci ildə bu rayonun Aldərə kəndində bitirib. Uşaqlığı ermənilərin içərisində keçdiyindən onların xislətinə yaxşıca bələddir. Kiçik yaşlarından gördüyü, şahidi olduğu əhvalatları danışanda  düşünürsən ki, sovetlərin bir bayraq altında toplamağa çalışdığı, qardaşlıq toxumu səpərək xalqları yaxınlaşdırmaq istəyi belə erməniləri ram etmək iqtidarında olmayıb.  Harada bir azərbaycanlı uşağı görüblərsə, fürsət tapan kimi məhv etmək arzusunda olublar. Danışır ki, “bir gün mal qaranı örüşə aparmışdım, yanımdan keçən maşındakı bir dəstə erməni tək olduğumu görüb, əlinə keçən daşı, kəsəyi üstümə atmağa başladı. Güclə canımı qurtara bildim. Yaşlı adamların da belə düşüncəyə sahib olması, məqamında gözlənilən məkrli hərəkətləri hər zaman bizim ayıq-sayıq olmağımızı tələb edirdi”…

Səyavuş Hüseynov məktəbi bitirən kimi Bakıya gəlib və iki il sonra sovet ordusunda xidmətə yollanıb. 1980-1982-ci illərdə  Rusiyanın Leninqrad vilayətində, sonra Kuba Respublikasında hərbi xidmətdə olub. Əsgərlikdən sonra Bakıda əmək fəaliyyətinə başlayıb. 1984-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb. 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində, radionun  “Xəbərlər” baş redaksiyasının redaktoru vəzifəsinə təyin olunub və “Səhər” informasiya proqramında çalışıb. 2005-ci ildən bu günə kimi “Azərbaycan Televiziya və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətində böyük redaktor vəzifəsində fəaliyyətini davam etdirir. 
Radionun xəbər redaktoru olmaq isə operativlik, çeviklik tələb edir. Hadisə yerinə vaxtında çatmaq, tədbirlərə qatılmaq, xəbəri  mümkün qədər birinci əldə etməyə çalışmaq, peşə davranışı nümayiş etdirmək, informasiyanı anındaca dinləyiciyə, auditoriyaya ötürmək, kütləyə məzmunlu material təqdim etmək. Eyni zamanda hər saatın tamamında növbəli iş rejimində fəaliyyət göstərmək, “Xəbərlər” blokunu hazırlamaq, buraxılışlara məsul olmaq və s. Bundan əlavə “Səhər” musiqili informasiya proqramının da məsuliyyətini öz üzərinə götürmək, həftədə bir dəfə növbəli müəlliflik etmək….

O dönəmlərdə  cəmiyyətin müasir dövr kimi informasiya ilə təmin olunmaq imkanı yox idi və efirin tək olan vaxtında, yeganə olaraq Azərbaycan Radiosu fəaliyyət göstərirdi və auditoriyanın bütün diqqətini də özünə yönəltmişdi. Radionun unikal imkanları, hər yerdə eşidilə bilməsi onun geniş auditoriyasının olmasını şərtləndirirdi. Burada çalışan hər bir əməkdaşdan, xüsusilə xəbər redaktorundan verilən tapşırıqların öhdəsindən məharətlə gəlməsi, ölkədə baş verən hadisələrin işıqlandırılmasına ciddi səylə çalışması tələb olunurdu. Xəbər redaktoru kimi bütün rəsmi görüşlərə, müxtəlif mədəni və kütləvi tədbirlərə dəvət olunur, saatın tamamına kimi xəbərin, materialın  redaksiyaya çatdırılmasını təmin edirdik. Həmkarım Səyavuş Hüseynov da digər əməkdaşlarımız kimi öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə müvəffəq olub və bu günün özündə də fəaliyyətini yeni tələblərə uyğun davam etdirir.
Bu 30 ilə yaxın müddətdə Səyavuş Hüseynov öz peşəsinin öhdəsindən hər zaman uğurla gəlib və diqqətli, məsuliyyətli olması ilə hamıya örnək sayılıb.
Peşəkar jurnalist həm də yaxşı insan, müsbət davranışı, nəcib keyfiyyətləri ilə həmkarlarının hörmətini, rəğbətini qazanmış iş yoldaşımız, həm də tələbələri olan, auditoriyada biliklərini əxz edən dəyərli pedoqoq olub.
2006-cı ildən 2014-cü ilədək Bakı Qızlar Universitetində baş müəlim kimi pedoqoji fəaliyyətlə məşğul olub. Radio və televiziyanın tarixi ilə bağlı məqalələrin, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk haqqında yazının müəllifidir. Çinin qədim hərb sənəti ilə bağlı rus dilindən silsilə tərcümələri vaxtilə “Yeni Nəfəs” ədəbi qəzetində geniş şəkildə dərc olunub.

Həmkarımızın yubiley tədbirini pandemiya şəraitinin tələblərinə əsasən üç, dörd nəfərlik heyətlə qeyd etmək qərarına gəldik. Martın 15-də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, Əməkdar artist, tanınmış diktor Rafiq Həşimov,  baş redaktor Zaur Rzayevlə birlikdə  redaksiyamızda iş başında olan yubilyarı təbrik edib, ona yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər arzuladılar. İş yoldaşları isə tədbirə virtual şəkildə qoşulub, öz təbriklərini söylədilər.
Virus təhlükəsinin həyatımızı kabusa çevirdiyi bir zamanda, pandemiya dönəmində hər növbədə az bir qisim əməkdaşın gərgin iş rejimində çalışdığı bir vaxtda yaxın dostumuzun, həmkarımızın yubiley tədbirini təntənəli qeyd edə bilməsək də, hər halda ona deməyə çalışdıq ki, özünə daima hörmət qazanmış iş yoldaşımızın çevrəsi öz qardaşına cansağlığı arzulayır. İsti sözlərdən, haqqında deyilən təriflərdən və xoş münasibətdən duyğulanan Səyavuş Hüseynov  sonda çox təsirləndi, həssas qəlbə sahib olduğunu titrək səsiylə, kövrək notlarla büruzə verdi. 

60 yaşınız mübarək Səyavuş Hüseynov, doğulduğunuz  torpağın, Zəngilanın azad olunması ilə şəhid qardaşınız Yaşarın da qanı yerdə qalmadı. Ruhu şad olsun...Demək qarşıdakı illərdə  Zəngilana getmək, ata evini ziyarət etmək, oraları qarış-qarış gəzmək qisməti də varmış. Allah cansağlığı və uzun  ömür nəsib etsin. Mübarək yurdumuzda, Zəngilanda  daha böyük yubileylərə imza atasınız.

 

 

 





24.03.2021    çap et  çap et