525.Az

Yovşan süpürgəsi, əyirdək və nimçə dəstənası... - Yazı


 

YEMƏKLƏRİMİZ VƏ ADƏTLƏRİMİZ

Yovşan süpürgəsi, əyirdək və nimçə dəstənası... - <b style="color:red">Yazı</b>

Uşaq vaxtı Qızxanım nənəmgilə tez-tez gedirdim. İşlərinə əl atar, gücüm çatdıqlarını görürdüm. Torpaq döşəməyə mis aftafa ilə su səpir, təzə yovşan süpürgəsi ilə tər-təmiz süpürürdüm.

Nənəmin bundan çox xoşu gəlirdi. Çox tünd iyi olan yovşanın qoxusu hələ də burnumdadı. Həyətdə “Əhməd süpürgəsi” adı ilə məhşur olan süpürgə bitirdi. Nənəmgil onu payızda saralanda  yığıb, səliqə ilə bağlayar, böyük həyəti onunla süpürərdilər. Qızxanım nənəm isə yovşana üstünlük verərdi. Bir dəfə bunun səbəbini  soruşdum. Nənəmin verdiyi cavabı indi də xatırlayıram, sözlərindəki həqiqəti çox yaxşı anlayıram:

-Hə, nənə qurban, bu yovşan var ha, min bir dərdin dərmanıdır. Heç nəyi demirəm, təkcə onu deyim ki, yovşanın qoxusundan evə ilan gəlməz, qarışqa olmaz. Xalçanı yovşan süpürgəsi ilə süpürsən, ona güvə düşməz. Elə adamın canında olan o qədər xəstəliyə dərmandı ki...

Sən demə, heç bir savadı olmayan, bir sənədə imza yerinə barmağını mürəkkəbə batırıb basan Qızxanım nənəm dövrünün loğmanı, bilicisi imiş. Yəni bu, illərin sınağından keçmiş bir təcrübə idi.

İndi bilirik ki, yovşan bitkisi ən ağır xəstəlik olan xərçəng xəstəliyinin müalicəsində, qarşısının alınmasında əvəzsiz üstün xüsusiyyətlərə malikdi. Həm də  mədə-bağırsaq xəstəliklərində, sarılıqda, anginada, soyuqdəymədə, revmatizmdə çox xeyirlidir. Saçları yovşanla yuyub onun tökülməsinin qarşısını almaq mümkündür. Yovşan bitkisi muxtar respublikanın demək olar ki, hər bölgəsində var. Təzə göyərmiş yovşan da, payızda yetişib saralan yovşan da hər işimizə yarıyacaq, dərdlərə dava olacaq yerli xammaldır.

Hə, dəyərli oxucular, axı mən nənəmgilə getmişdim. Söz-sözü çəkər deyiblər. Nənəmin yovşan süpürgəsi deyib, keçmək istəmədim. Hələ siz nənəmin bişirdiyi əyirdəkdən yeməmisiniz. Bu şirniyyatı indi də bişirirlər. Naxçıvan əyirdəyi adıyla məhşurdur. Amma onda indiki kimi şərait yox idi. Şirniyyat sexlərindən əlavə, hər evdə duxovka, elektrik sobası, qaz plitəsi var ki, istədiyimiz vaxt sevdiyimiz şirniyyatı orda bişiririk. Nənəm isə bunu ya təndirdə, ya da neft plitəsində(maşınkada) hazırlayırdı. Bu onun öz üsulu idi.

Bəs əyirdəyin mənası nədir?

Əyirdək – südlə yoğrulub yağda qızardılmış qoğala deyilir. Yəqin ki, sizin də yadınıza uşaqlığımızın yaddaşında özünə yer eləmiş qoğalın nağılı düşdü.

Naxçıvan əyirdəyini indi belə bişirirlər.

1kiloqram un, 200 qram kərə yağı, 3 yumurta, apardığı qədər süd, 2 çimdik duz, yarı stəkan şəkər tozu, 1çay qaşığı quru maya ,1vanil götürürük. Hamısını qatıb yumşaq xəmir yoğurub, mayalandırırıq. Sonra ondan qozdan kiçik kündələr tuturuq. Kündəni süzgəcin arxasında bir barmağımızla elə yastılayırıq ki, özü burulub rulet kimi alınır. Onu qaynayan yağda yaxşı-yaxşı qızardırıq. Əyirdək bişdikdən sonra qazandan çıxardılır və sərilərək soyudulur. Uzun müddət qaldığı üçün, öz keyfiyyətini saxlayır və xarab olmur. Çox dadlı olduğundan onu yeməkdən heç kəs etiraz etmir. Ana-nənələrimiz əyirdəyi adətən, bayram mərasimlərində, səfərə çıxacaq adam üçün hazırlayardılar. Amma indi bütün şirniyyat mağazalarında Naxçıvan əyirdəyi satılır.

Bir dəfə, yadıma gəlir, dayımın toyu idi. Qız evindən bəy üçün dadlı şirniyatlar gətirmişdilər. Orda məcmeyi böyüklükdə, xına kimi qızarmış dəstənalar üst-üstə qoyulub, qırmızı lentlə bağlanmışdı. Biz uşaq marağı ilə hər şeyə diqqət edirdik. Əlbəttə ki, toy yeməkləri, adətləri bizə sehirli aləm kimi görünürdü. Çünki, indiki kimi, nəyi nə zaman istəsək nə görə, nə də tapıb yeyə bilirdik. Bizim ehmalca əlimizi toxundurub, gözəl qoxusunu ciyərimizə çəkdiyimiz, demə, “bəy” dəstənası imiş. Bu adət muxtar respublikanın bəzi bölgələrində indi də qalmaqdadır. Qızxanım nənəm deyərdi ki, ta qədimdə biz bəy üçün nimçə dəstənası bişirərdik. O vaxtlar mis qablardan geniş istifadə olunurdu. Nənəmgildə mis samovar, ləyən, tava, məcmeyi, aftafa, nimçələr  və başqa qablar görmüşdüm ki, hərəsinin öz işlənmə yeri vardı. Nimçə dəstənası südlə, yağla yoğrulmuş xəmirdən hazırlanar və mis tavada, yağın içində qızardılardı. Bəy evinə aparanda onu mis nimçənin içinə yığıb, üstünü də qoz ləpəsilə bəzəyərdilər.

Hə, bir də nənəmin bişirdiyi şoruna çöçəsinin dadına baxmanız lazımdı. Adından da göründüyü kimi şoruna- şor tikə mənasını verir. Adı sizə qəribə gəlməsin. Çünki onu adını da Qızxanım nənəm qoymuşdu. Nənəm şorunanı xüsusilə, Novruz bayramında bişirərdi. Unu yağda qovurur, içinə də şortam olsun deyə duz səpirdı. Yağlı xəmir yoğurar, acıyanda balaca çöçə kündəsi  tutar, içinə qovurduğu yağunduzu qoyub , üzünə yumurta sarısı çəkər, qızarmış təndirin badına yapardı. Xına kimi qızarmış çöçələrin ətri məhləni bürüyərdi.

Indi bizim Naxçıvan çöçəsinin içinə cəvizlə-soğan, bişib, ət maşınında çəkilmiş noxud və başqa dadlı içlər qoyulur. Anam isə bişirdiyi çöçənin içinə qıpqırmızı halva kimi qızarmış əzmə kartof və qovrulmuş soğan qoyur. Onu deməklə bilmək olmaz. Gərək isti-isti yeyib, dadını özünüz görəsiniz. Onu da qeyd edim ki, biz tərəfdə, yəni Naxçıvanda kökəyə çöçə deyərik.

Bəli, mən nə yovşan süpürgəsi ilə süpürdüyüm torpaq döşəməni, nə ağıza qoyan kimi əriyən əyirdəyi, nə bəy evinə aparılan nimçə dəstənasını, nə şorunanı, nə də Qızxanım nənəmi yaddan çıxara bilmirəm . Özü gedib, sözü, əməli bizə miras qalan nənələrin fikir yaddaşında nə adətlər, nə yeməklər qaldı...

 





25.03.2021    çap et  çap et