525.Az

Prezidentlərin söz savaşı nə ilə nəticələnəcək? - Xaqani Cəfərlinin şərhi


 

Prezidentlərin söz savaşı nə ilə nəticələnəcək? - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

ABŞ-ın üç böyük televiziyasından biri olan ABC-nin  (American Broadcasting Company) efirində aparıcı Corc Stefanopolusun suallarını cavablandıran Prezident Co Baydenin Rusiya prezidenti Vldaimir Putini "qatil" adlandırması dünyanın siyasi gündəminə bomba kimi düşdü.

Böyük dövlətlərin başçılarının bir-biri haqqında belə ifadələr işlətməsinə orta əsrlərdə rast gəlinsə də, çağdaş tarixdə ilk hadisədir. Bu mənada Rusiya prezidentinin köməkçisi və mətbuat katibi Dmitri Peskovun ABŞ prezidenti Co Baydeninin sözünün tarixdə presedentin olmaması haqqında fikri ilə razılaşmaq olar.

ABŞ prezidentinin rusiyalı həmkarını qatil adlandırmasını təsadüfi, "dilin çaşması" kimi qiymətləndirmək mümkün deyil. Eyni zamanda, ABC kimi nəhəng telekanalın efirindən yayılan, dünya mediasının gündəm mövzusu olan ifadələri geri qaytarmaq, yox saymaq mümkün deyil.

İki lider arasındakı bu münasibət şəxsi xarakter daşımaqla yanaşı, ABŞ-la Rusiya arasındakı gərginlikdən qaynaqlanır. Hətta Co Baydenin Putin haqqında gec-tez təxminən belə bir ifadə işlədəcəyi gözlənilən idi.

Co Bayden Rusiyalı həmkarını qatil adlandırmazdan çox qısa müddət əvvəl ABŞ Milli Kəşfiyyat Şurasının "2020-ci il ABŞ seçkilərinə xaricdə təhlükələr" və  İngiltərənin "Qlobal Britaniya rəqabət çağında" hesabatları açıqlanmışdı. Həmin hesabatların ana xəttini Rusiya təhlükəsi təşkil edir.

Bu iki hesabatdan əvvəl isə ABŞ kəşfiyyatı Rusiya müxalifətinin lideri Aleksey Navalnıya qarşı "Noviçok" kimyəvi zəhəri ilə edilən sui-qəsdin Federal Təhlükəsizlik Xidmətinin əməli olduğuna "yüksək dərəcədə inandığı" haqda rəsmi məlumat yaymışdı.

Yəni, ABŞ-ın siyasi dairələrində Rusiya prezidentini birbaşa olmasa da, dolayısı ilə ittiham edən fikirlər rəsmi sənədlərdə çox yer almışdı. Bu məlumatların gec-tez siyasi ifadələrdə də öz əksini tapacağı gözlənilən idi. Co Baydenin təxminən 40 illik siyasi təcrübəsini də nəzərə alanda ABŞ prezidentinin rusiyalı həmkarı haqqında fikirləri Vaşinqtonun siyasi dairələrinin ümumi qiymətləndirməsi kimi də dəyərləndirilə bilər.

Vladimir Putinin Co Baydenin onun haqqındakı dəyərləndirməsinə sərt cavabı da çox diqqətçəkicidir. "Hindu qəbilələrinin soyqırımını", Afrika mənşəli amerikalıların "məhvolma təhlükəsi"nin hələ də mövcud olmasını, nüvə dövləti olmayan bir ölkəyə - Yaponiyaya qarşı ABŞ-ın atom bombası atmasını xatırladan Putin amerikalı həmkarını da unutmayıb: "Biz onunla şəxsən tanışıq. Ona cansağlığı diləyirəm. Bunu ironiya və zarafat etmədən deyirəm". Bu ifadələrlə Putinin Co Baydenin sağlığının qaydasında olmadığına işarə etdiyi şübhəsizdir.

İki prezidentin söz savaşının bununla bitməyəcəyi də aydındır. Hətta bu söz savaşının ilk nəticəsi haqqında danışmaq da olar. Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün geri çağırıb. Səfirin geri çağrılması iki ölkə arasında münasibətlərin qırılma nöqtəsinə yaxınlaşdığını göstərir.

 

Co Bayden rusiyalı həmkarını qatil adlandırdığı çıxışından dərhal sonra ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndirməsi də iki lider arasındakı söz savaşının ağır nəticələr doğuracağının xəbərçisidir. Rusiya prezidentinin köməkçisi Dmitri Peskovun "çox pis" adlndırdığı Vaşinqton-Moskva münasibətlərin qarşıdakı günlərdə daha da pisləşəcəyi aydındır. Xüsusilə də ABŞ-ın yaxın həftələrdə Rusiyaya qarşı çox ağır sanksiyalar tətbiq edəcəyini nəzərə alanda, Vaşinqton-Moskva münasibətlərinin kəskin xarakter alacağını ehtimal etmək çətin deyil. Ağ evin mətbuat katibi Cennifer Psakinin ABŞ-ın Rusiyaya qarşı mövqeyinin açıq və düzxətli olacağını vəd etməsi də bunu təsdiqləyir.

Vaşinqtonla Moskva arasında münasibətlərin kəskinləşməsi ABŞ-la Rusiya arasında münasibətlərin pisləşməsi ilə yekunlaşmayacaq. ABŞ-la Rusiya arasında düşmənçilik səviyyəsinə yüksələn münasibətlər bütün dünyadakı siyasi proseslərə ciddi təsir göstərəcək.

Co Baydenin Putini qatil hesab etməsi Rusiyanın daxili siyasətinə də təsir göstərməyə başlayıb. Müşahidələr Putin əleyhdarlarının ABŞ prezidentinin sözlərindən ruhlandığını göstərir. Sosial şəbəkələrdə rusiyalı müxalifətçilər Co Baydenin Putin haqqındakı fikrini "geçikmiş gözlənti" kimi dəyərləndiriblər. Eyni zamanda, Rusiya müxalifət fəallarının ABŞ prezidentinin rusiyalı həmkarı haqqındakı fikrinin əsaslı olduğunu sübut etməyə çalışmaları da çox diqqətçəkicidir. Co Baydenin Putin haqqındakı fikirindən ruhlanan Rusiya müxalifətinin yazın gəlişi ilə hakimiyyət əleyhinə çıxışlara başlayacağını da ehtimal etmək mümkündür.

Beynəlxalq aləmdə, xüsusilə Avropada Co Baydenlə Vladimir Putinin söz savaşının müharibəyə səbəb olub-olmayacağı geniş müzakirələrə rəvac verib. Xüsusilə də Co Baydenin prezidentliyinin cəmi iki ayının arxada qaldığını, 46 ayının qarşıda olduğunu nəzərə alanda ABŞ-la Rusiya arasındakı gərgin münasibətlərin bu günü və gələcəyi ilə bağlı nikbin düşünmək həqiqətən mümkün deyil.

Tarixdən məlumdur ki, Osmanlı sultanı Yıldırım Bəyazidin Əmir Teymuru "quduz it" (kəlbəqur) adlandırması iki dövlət arasında müharibəyə, Rusiyanın isə Əmir Teymurun hücumundan qurtulmasına səbəb olmuşdur. ABŞ-la Rusiya arasında münasibətlərin gərginləşməsi isə Çin, İran və Türkiyənin xeyrinə ola bilər.

 





27.03.2021    çap et  çap et