525.Az

Dağlıq Qarabağ separatçılarının "rus dili" avantürası


 

Dağlıq Qarabağ separatçılarının "rus dili" avantürası<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:

- 1940-cı ilə aid bir kitabda Qarabağda böyürtkən bitkisinin yayılması ilə bağlı maraqlı bir məlumat qarşıma çıxdı. Yayda istidən hər yerdə ot quruyanda, qışlaqdan yaylağa yola düşən tərəkəmələr, köçəri maldarlar, bir sözlə, azərbaycanlılar, onlara məxsus olan dəvələrə böyürtkənin yarpaqlarını yedirirdilər, onları böyürtkənliklərə salırdılar. Dəvə axı tikandan qorxmur, ona görə də böyürtkən yarpaqlarını yeyirdi. Bu zaman dəvənin yununa böyürtkən kolları yapışır, dəvə ilə birlikdə başqa yerə, daha hündür yerlərə, "köçürdü". İnsanlar qoyun və dəvələr ilə yaylaqdan qışlağa, qışlaqdan yaylağa aparılanda bir çox bitkinin, kolu və ağacın yayılma arealını da genişləndirirdi. Böyürtkən demək Azərbaycanda həm də buna görə çox yayılırdı.

Aysel Əlizadə, yazıçı:

- Çağdaş ABŞ alimi Stiven Pinker dünyamızda azalan zorakılıq mövzusunda maraqlı kitab yazıb. Deyir. bəşəriyyət heç vaxt indiki kimi ədalətli, mədəni olmayıb. Tarixə baxanda görürük ki, zorakılığın, işgəncənin azaldığı dönəmdəyik. Savaşların tamamilə təbii qəbul edildiyi dövrlərdən sülhə çağırış dövrünə, işgəncə və zorakılığın norma olduğu dövrlərdən insan hüquqlarının müdafiə olunduğu dövrə, məhkəmələrin olmadığı dövrdən qərarların mübahisələndirildiyi dövrə gəlib çıxmışıq. Heç vaxt indiki kimi humanist, insani şüarlar eşidilməyib, dünyanın o biri başında haqqı pozulan insanın bütün dünyaya səslənmək, dəstək istəmək imkanı yaranmayıb.

Pinker bu gəlişməni yaradan səbəbləri sıralayıb:

Dövlətlərin cəzanı monopolizasiya etməsi - qisasçılıq minimuma enib.

Biznesin inkişafı - diri adam potensial alıcıdır, insan maksimum qorunur.

Feminizasiya - qadınlara basqını, işgəncəni azaldıb.

Medianın inkişafı - məlumatlandırıb, maarifləndirib.

Qloballaşma - insanların bir-birinə dəstəyi güclənib, sivilizasiyalar qarışıb, daxili gərginlik azalıb.

Bəhruz Həsənov, sosial şəbəkə istifadəçisi:

- Qanunsuz ov məsələsini ölkə turizminin əsas dayaqlarından olan ərəb turistlərə qarşı kampaniyaya çevirmək nəyə lazımdır? Elə təsəvvür yaranır ki, guya ölkəmizə ayaq basan bütün ərəb turistlərin əlində ov tüfəngi var. Hansı ki ərəb coğrafiyasından turistləri cəlb etmək üçün uzun illər dövlət səviyyəsində iş aparılıb və müəyyən nəticə əldə edilib.

Bu gün hansısa qanun pozuntusu haqqında siqnal varsa, müvafiq olaraq tədbir görülməlidir. Amma kütləvi linçə başlamazdan öncə araşdırmaq lazımdır. Və heç kim düşünməsin ki, Feysbukda dəqiqəbaşı qarşımıza çıxan "ərəb vəhşiliyi" haqqında foto və informasiyalar (dezinformasiyalar) yalnız yerli istehsaldır...

Eyni zamanda, kimin kimdən xoşu gəlmir, özü bilər, intəhası, dövlət üçün əhəmiyyət kəsb edən, hətta strateji hesab edilən məsələlərdə ehtiyatlı olmaq lazımdır.

İbrahim Nəbioğlu, jurnalist:

- Bill Geyts dedi ki, dünya normal vəziyyətə ancaq 2022-ci ilin sonunda dönəcək... 

Taleh Şahsuvarov, jurnalist:

- Xankəndidə ermənilər rus dilinə "ikinci rəsmi dil" statusu verib. Gözlənilən idi. Ancaq heç bir əhəmiyyəti olmayan, əsəb gərginliyi yaratmaqdan ötəyə gedə bilməyəcək bir addımdır. Əvvəla, birinci dil nə zaman "rəsmi" oldu da, ikinci dil də "rəsmi" olsun? DQR deyilən bir qurum yoxdur, o qurumun dili də, dini də, səlahiyyəti və məşruiyyəti də yoxdur. Azərbaycanın pasportları, pulu, kommunal xidmətləri və güc aparatı Xankəndində işləyənə qədər hərbi xuntanın qalıqları belə hoqqalar çıxara bilər. Bu vəziyyət nə qədər davam edə bilər? Çox çəkməz! Üçtərəfli bəyanatın bütün şərtləri yerinə yetiriləcək və hətta Qarabağın dağlıq hissəsində ermənilərin xüsusi statusu da olmayacaq. Bölgədə ermənilərin təhlükəsizliyinə qarant erməni hərbiçiləri deyil, rus sülhməramlılarıdır. Erməni birliklərinin demilitarizasiyası getdikcə, proses tamamən Azərbaycanın nəzarətinə keçəcək. Bugünkü məlumatlara inansaq, Qırmızı bazar yolu ilə bağlı bu proses sürətlənir.

Xaqani Səfəroğlu, jurnalist:

- Dağlıq Qarabağ separatçı tör-töküntülərinin "rus dili" avantürası regionda davam edən geopolitik mübarizənin daha bir detalıdır. Azərbaycan son 44 günlük möhtəşəm əməliyyatı ilə hərbi-siyasi teatrda üstün mövqe qazanmaqla bölgədə yerini möhkəmlədib.

Şərtləri diktə edən Bakının əlində tutarlı geopotilk rıçaqlar var.

Bu isə ölkəmizin bu mövqeyini həzm etməyən bir sıra qüvvələri qane etmir. "Rus dili" provakasiyasının arxasından görünən qulaqların hansı dairələr olduğu məlumdur.

Burada məqsəd SSRİ vaxtı Dağlıq Qarabağ Muxtar Vilayətində tətbiq edilmiş Sovet qaydalarına arxaik qayıdış cəhdidir. O zaman DQMV-nin administariv sənədlərində yazışmaların rus dilində aparılması Dağlıq Qarabağın Azərbaycanla vahid dildə danışmasını əngəlləyən məqamlardan idi. İndi yenə buna edilən cəhd bütün hallarda pis təqliddir.  İndi o dövran deyil.

Bu avantüraya gedənlər başa düşməlidirlər ki, "axan çaya iki dəfə girmək olmaz".

Qarabağdakı erməni sakinləri Azərbaycan vətəndaşlarıdır və onlar yalnız Azərbaycan dilində yazılmış pasport daşıya bilərlər.

***

Süveyş kanalında ilişib qalan gəmidə 9 milyard dollar dəyərində yük var. Hər gün gör nə qədər belə gəmi keçir. Süveyş kanalı üstə ingilislərlə qırğın əbəs yerə olmayıb.

İlham İsmayıl, jurnalist:

-  25 mart tarixində "Forbes" jurnalında Qarabağ müharibəsinə aid material verilib. Azərbaycanın uğurlu müharibə apardığı, Ermənistanın ağır məğlubiyyətə uğradığı yazıda qeyd olunub. "Forbes"in bu materialı Azərbaycan mediasında həm rus, həm Azərbaycan dilində yayılıb. Amma orijinal mətndə gedən kiçik bir cümlə heç bir yerdə verilməyib. Diqqət edək.

"Forbes" yazır: "Strateji baxımdan əhəmiyyətli olan Şuşa şəhəri üzərində nəzarəti itirmək təhlükəsi ilə üzləşən İrəvan 9K720 İskəndər qısa mənzilli ballistik raketindən istifadə etdi. Ancaq raket atışı vəziyyəti dəyişdirmədi, çünki Azərbaycanda yüksək texnoloji hərbi texnika var idi: İsrail Aerokosmik Sənayesi (IAI) və Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) tərəfindən birgə hazırlanan Barak 8 zenit raket sistemi, raketi tutdu".

Orijinal mətndə bu iki cümlənin arasında bir cümlə də var: "Armenia fired one of these missiles at Baku". Tərcüməsi: "Ermənistan bu raketlərdən birini Bakıya atdı". Göründüyü kimi, bizim mətbuatda - "ballistik raketdən istifadə etdi" sözü var, amma hara atıldığı yazılmayıb. Orijinalda isə var. Bakıya atılıb.

Əgər bu, həqiqətdirsə ("Forbes" nüfuzlu nəşrdir, yalan yazmaz) bu faktı Ermənistanın əleyhinə niyə istifadə etmirik? Rusiya bu raketi 2016-cı ildə Ermənistan Ordusuna hədiyyə edəndə, onun Azərbaycana atılacağını bilirdi. Raket Ermənistan ərazisindən atılıb. Mülki əhaliyə qarşı yönəlib. Bu məsələnin araşdırılması əhəmiyyətli olar.

 





30.03.2021    çap et  çap et