525.Az

Həsən, kərpic və atam - Mir Çingiz Ağazadə yazır


 

Həsən, kərpic və atam - <b style="color:red">Mir Çingiz Ağazadə yazır</b>

Beyin - şəxsiyyətin, şəxsiyyət - bəşəriyyətin bətnidir.

Yatsam, yuxuma da girməzdi ki, bizim kənddən belə biri çıxar, camaatı yığar, sonra da gedib o bələdiyyə sədrinin hülqumundan yapışıb haqqını istəyər. Doğrudan deyirəm. Bilmirəm, bəlkə sizin yuxunuza girər, ancaq mənim yuxularım uşaqlıqdan bu vaxtadək təkcə xəyallarımın görüş nöqtəsi olub. Vəssalam. Məsələn, istəmişəm telefonum olsun - yuxuma girib, görmüşəm, atam əlində bir əndrəbadi cihaz, gəlir evə. Deyir, bala, bu da sənin telefonun. Bu vaxt anam bir az əsəbləşir, qayıdır ki, oğlumuz hələ uşaqdır, axı. İndidən belə şeylərə öyrəşsə, böyüyəndə gözləri zəifləyər. Ancaq fikir vermir atam. Telefonu gətirib, düz ovcuma basır. Mən də sevincək aparıb qoyuram yastığımın altına. Gözlərimi bərk-bərk yumub tələsik yatıram ki, səhər açılan kimi təhərini öyrənim bu cihazın. Elə həmin andaca oyanıb, bir şey tapmaq ümidiylə yastığın yan-yörəsini ələk-vələk eləmişəm. Çifayda. Heç nə yoxdur! Ona görə deyirəm, yatsam, yuxuma da girməzdi belə şey. Gəl, gör ki, Həsən bütün riskləri, qorxu və ümidlərini cəmləmişdi yumruğunda. Yığıb əlli-altmış nəfəri, yürüş keçirmişdi bələdiyyə binasının qabağında. Düzdür, tələblərinin bu orqana aidiyyatı yox idi. Belə götürsək, heç Həsənin özü də həmin tələbləri səsləndirmək üçün uyğun adam sayılmazdı. Pəltək idi. Danışanda deyirdin, yəqin, ağzında təndir çörəyi var, indicə dağılıb töküləcək yerə. Ancaq çoxudan qeyrətli çıxmışdı... Bir kəndin ki camaatı sözünü çatdırmağa adam tapmır, deməli, o yerdə ümumən sözün funksiyası təhrif olunub. Söz nədir? Fikrin ifadə vasitəsi. Elədirsə, fikir nədir? Sözə çevrilməmiş ideyaların rüşeym halı. Beyin - şəxsiyyətin, şəxsiyyət - bəşəriyyətin bətnidir. Bəs bizim kənd? Heç nə! Ayyarımlıq körpə kimidir. Burda sənin qanunları bilib-bilməməyin kimsəni maraqlandırmır. Əsas odur, cibindən cingilti səsi gəlsin - ən azından! Yaxşı oğlansansa, o da sənin baş ucalığın. Pulun var? Xərclə. And ola Allaha, kənddə bir nəfər də nikbin adam yoxdur. Kimə baxıram, başı solmuş çiçək kimi düşüb çiyninə. Sanki nələrisə çatmır. Bilmirəm, sevgidir, yoxsa nifrət? İnsan görəsən nifrət çatışmazlığından əziyyət çəkə bilərmi? Bax, elə o gün gəlmişdim şəhərə. Metronun qabağı qarışqa yuvasına oxşayır. O nədir, sən canın? Hamı gərgin, hər kəs əsəbi. Deyərsən, kimsə minlərlə dollarlıq pul atıb qaçıb ölkədən. Tələbə vaxtı gəldim axı paytaxta. Az-çox başa düşdüm ki, ola bilər, hamıya pul atıb getməyiblər, ancaq əksəriyyətin banklara borcu var. Ödəyə bilməyənin aqibəti acınacaqlıdır - "The end".

Üç nəfər qalırdıq şəhərdə. Kooperasiya Universitetində oxuyurduq. Hərəmiz yetmiş manatdan atışıb bir ev tutmuşduq "Gənclik" metrosu tərəfdə. Mən, Həsən, bir də qardaşı Hüseyn. Hərdən zarafatla deyirdim, ya Həsən, ya Hüseyn! Gülüşürdük. Ehh, qəşəng vaxtlar idi... Həsəngilin ailəsini yaxşı tanıyıram - Bircə nənəylə Cümşüd kişi... Baxmayın nənə, baba deməyimə. Dilim öyrəşib. Allah ilk övladı gec vermişdi deyə, yanaşı dursalar, deyərdin, həqiqi nənə-babalarıdır. Oğulları şəhərə gələndən bəri tək qalırdılar. Xudmani bir evləri vardı. Keçən qışın axırıncı ayı yanıb kül oldu. O tərəflərə təbii qaz verilmir, axı. Bələdiyyənin verdiyi ruhani qazdan savayı yəni. Cümşüd dayı da gedibmiş odun yarmağa. Yığıb gətirib. Ər-arvad köməkləşib odunları sobaya dolduranda Bircə nənənin əlindəki nöyüt dağılıb yerə. Çox dəqiq bilmirəm. Həsənin pəltəkcəsindən belə anladım ki, ənənin lap ətəyi də yanırmış. Güc-bəla ilə çıxıblar evdən. Qapının dəmir dəstəyiylə kərpiclərdən başqa hər şey külə dönüb. Nə yaxşı, Cümşüd kişinin bacısı uzaqda qalmır. Bizim həyətdən yüz addım aralıdır. Gediblər Səriyyə bibigilə, indinin özündə də orda qalırlar. Kənd evidir e bu. Nə sığorta, zəmanət? Batdı bütün zəhmətləri. O evin təməlini mənim dədəm qoymuşdu. Ustaydı rəhmətlik. Kənddə ad çıxarmışdı. "Qızıl Həsən" deyirdilər.  Bəlkə, adlarının eyniyyətiydi Həsəni mənə qardaşından bir köynək daha doğmalaşdıran? Nə bilim vallah. Təkcə onu bilirəm ki, Həsən burdakı təhsilini boğaza yığıldığı üçün atıb qayıtmışdı kəndə. Evin yanmağı bəhanəydi əslində. Onsuz cana doymuşdu. Axır vaxtlar tualetdən çıxanda zarafatla deyirdi, "qaytarıb gəldim. İndi yaxşıyam bir az..." Sonrası da ki, hər şey ortadadır. Tutub apardılar Həsəni. Bircə nənənin gözləri qıpqırmızı olmuşdu ağlamaqdan. Yürüşün düz mərkəzindəymiş Həsən. Əsla önə çıxmırmış ki, mən bu xalqdan artıq oğul deyiləm. Nə yalan deyim, Hüseyn getmədi ancaq. Elə mən də. Qorxduq da, qardaş. Burda nə var ki? Ürəyimiz gəlmədi getməyə. Şəxsən mən də istəmədim nənəm gözüyaşlı qalsın. Nəticəsiz yürüşün idmandan fərqi yoxdur. Bir də axı, bələdiyyənin mövzuya nə aidiyyatı? Onlardan çox şey gözləmirəm. Gözləməyə haqqım da çatmır, axı. Bax, indi Həsən qaldı türmədə, xərcimiz yetmiş manat da çoxaldı. Lazımıydı bizə? Hüseyn ağıllı uşaqdır. Bilir neylədiyini. O gün də axşam vədəsi söhbət eləyirik. Yığdı Bircə nənəni ki, ana, narahat olma, gedərik yanına. Lap pulunu da verib tezləşdirərik. Uzağı, iki-üç ildir də, papağımızı fırladınca, gəlib keçəcək.

Keçmədi ancaq. Söhbətin üstündən bircə saat ötmüş zəng gəldi idarədən. Dedilər, intihar eləyib Həsən. Gülləni çaxıb ürəyinə. Silah da özünün deyilmiş... Həmin gecəni yuxuma gəlmişdi əclaf. Əlində boz bir silah, üzbəsurət durmuşdu önümdə. Dədəm də əlini çiyninə söykəmişdi onun. Lap elə, oğlu kimi e, vallah. Heç bilmədim əlim ağzıma haçan getdi, qaşlarım nə vaxt çatıldı. Aramızda sədd vardı sanki. Cümşüd kişigilin yanmış evindən qalma kərpiclərdir. Yarımçıq tikili kimiydi. Birdən gizilti keçdi içimdən. İstədim, deyim, Həsən, bağışla məni. Nolar..! Dilim topuq çaldı. Danışa bilmədim. Elə bil, təndir çörəyi tıxmışdılar ağzıma.

Gözlərim yaşardı qəhərdən. Əlini uzatdı mənə sarı. Həsəni deyirəm. Hər iki Həsəni. Eyni səs gəldi iki vücuddan. Dedi, "bu bədəndən ürəyim bulanırdı artıq. Qaytarıb gəldim. İndi yaxşıyam bir az". Nə əcaib... Sonra da silahı kərpic səddin bu tərəfinə atıb getdilər. Getdilər... və... mən oyandım!..

 





30.03.2021    çap et  çap et