525.Az

Kişi və qadın bərabərliyi - El Romandan yeni yazı


 

Kişi və qadın bərabərliyi - <b style="color:red">El Romandan yeni yazı </b>

İnsan nəyi müdafiə etdiyini tam biləndə öz prinsiplərilə çıxış etməyi də bacarır. Əgər bunu bilməsə, kiçik qığılcım məsələnin finalında böyük problemlərə gətirib çıxara bilir.

Necə ki bir hüquq işçisinin hüquqlardan xəbəri olmadığı halda, ədalət sahəsində ortaya bir çox fəsadlar çıxa biləcəyi kimi, elə bir feminist də hüquqlarını, tam olaraq nəyi müdafiə etdiyini, nə uğrunda mübarizə apardığını bilməsə, eyni formada feminizm səthində də bir sıra fəsadlar büruzə verəcək.

Müşahidələrimə əsasən deyə bilərəm ki, nə Azərbaycanda, nə də Türkiyədə feminizmin nə olduğunu bilən feministlər bilməyənlərdən daha çoxdur.

Feminizmin kökündə qadın yox, qadın hüquqları dayanır. Buradakı əsas sütun qadın hüquqlarının müdafiəsidir. Bəs bir tərəfin hüquqlarını müdafiə edərkən, digər tərəfin hüquqlarını pozmaq nə dərəcə doğru olar?

Türkiyə İstanbul müqaviləsindən ayrıldığını açıqladıqdan sonra, ölkədə müəyyən bir kəsim tərəfindən qarşıdurma yarandı və bu, nisbi sabitliyi pozdu. Bütün bu məsələlərin ortaq həlli yolu nədədir?

Professor dr.Nevzat Tarhanın İstanbul sazişi ilə bağlı təsbitlərini oxuduqdan sonra, məsələnin nüvə qatına kimi endim və haqlı-haqsız tərəfi öz-özlüyümdə müəyyən edə bildim.

O deyir ki, "Qadın və kişi bərabərdir" fikrini bioloji bərabərlik kimi anlayırsınızsa, yanılırsınız. Çünki qadın və kişi bərabərliyi qanunlar və anlıq situasiyalar daxilində mövcuddur və mövcud olmalıdır.

Yoxsa qadınlarla kişilər bioloji olaraq bərabər deyillər, çünki genləri fərqlidir. Psixoloji olaraq da bərabər deyillər, çünki emosional ifadələri müxtəlifdir. Qadınlarda şəfqət və mərhəmət hissinin kişilərə nisbətən daha qabarıq olması, empatiya cəhətdən qadınların kişilərdən üstün olmasına gətirib çıxarır. Qadının qorxu hissinə qarşı müqaviməti zəifdir. Məhz buna görə də analıq hissini özünə asanlıqla aşılaya bilir, övladını daha yaxşı qoruyur, danışıq qabiliyyəti daha çox inkişaf etdiyindən ünsiyyətdə çətinlik çəkmir və uşağı daha yaxşı böyüdür. Musiqi, rəsm və bir sıra sənət sahələrində bacarıqları daha yüksəkdir, çünki nəticədən çox gedişata üstünlük verir. Üzüntü hissini ifadə etmək üçün də çətinlik çəkməz, birbaşa ağlayar və özünü asanlıqla ifadə edər. "Eşq" dedikdə isə, sadəcə romantizmi görür.

Kişi beyni isə məntiq, mühakimə, analiz və hesablama tərəfdən qadın beynindən bir addım öndədir. Məhz buna görə də kişi qadına nisbətən daha çox hücuma meyilli və aqressiv quruluşda olur, gedişatdan daha çox, nəticəyə meyillənir. Üzüntüsünü ağlayaraq ifadə edə bilmədiyindən, həmin duyğu özünü öfkə ilə əvəz edir və bu şəkildə büruzə verir. "Eşq" deyildikdə isə, kişilərin öncəliyi erotizm olur.

Qadın və kişi beyinləri yaş irəlilədikcə və tərəflər istədikcə ön beyinin güclənməsilə birlikdə yetkinləşər. Hər iki tərəf bir-birini tamamlamaq üçün çalışar. Duyğu və məntiq balanslaşdırılar, nəticə və gedişat qavrayışları inkişaf edər və tərəflər "biz" anlayışını formalaşdıra bildikdə yaxşı bir cütlük halına gələ bilərlər. Ana, ata, eş və iş kimi öz rollarını dərk edərlər və həmin obrazları öz ruh hallarına qarşılıqlı uyğunlaşdırarlar. Çünki rol paylaşımı əsasdır və bioloji olmadığından, sonradan öyrənilməlidir. Necə ki bioloji cinsiyyət doğuşdan yaranır, cinsi şəxsiyyət isə sonradan formalaşır, rəqabət və tamamlayıcılıq da sonradan öyrənilir və tətbiq edilir. Qadın-kişi münasibətinin tamamlayıcı münasibət olduğunu müdafiə edən kültürlərdə xoşbəxt ailələr üzə çıxır.

Bir sözlə, qadın-kişi iki ayrı tərəf olmamalı, iki tərəf də birləşərək "biz" qəlibini yaratmağa çalışmalıdır. Haqlı-haqsız qiymətləndirmə tətbiq ediləcəksə belə, ikisi arasındakı münasibətə tətbiq olunmalıdır.

 





30.03.2021    çap et  çap et