525.Az

STEAM dərslərinin tətbiqi uğurla davam edir - Təhsil


 

STEAM dərslərinin tətbiqi uğurla davam edir - <b style="color:red">Təhsil</b>

Fevral ayından etibarən "Dərs vaxtı" proqramında STEAM dərslərinin yayımına başlanılıb.

Mövcud pandemiya şəraitində  onlayn tədrisdə  bu dərslərə xüsusi yer ayrılıb və  şagirdlərimizin artıq bununla bağlı bir sıra uğurlu işləri də var. Lakin dərslərin daha  geniş müəllim və şagird auditoriyasına çatdırılmasının aktuallığı  nəzərə alınaraq, bu sahədə yaranan müəyyən çətinlikləri aradan qaldırılması məqsədi ilə  Təhsil Nazirliyinin dəstəyi ilə "Dərs vaxtı" proqramında  STEAM  dərslərinin yayımına start verilib. Təhsil Nazirliyinin dəstəyi ilə həm Azərbaycan, həm də rus bölmələri üçün hazırlanan STEAM dərslərini "Mədəniyyət" kanalından, eyni zamanda, Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı, rəsmi "Facebook" səhifəsi, eləcə də videodərslər portalından da (https://video.edu.az/) izləmək mümkündür.

Qeyd edək ki, hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təhsilində aparıcı yer tutan STEAM Azərbaycanda da uğurla tətbiq olunmaqdadır. STEAM  2019-2020-ci tədris ilindən Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiqinə start verilən innovativ layihələrdən biridir. XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dilləri tətbiq olunmaqla innovativ texnologiyalardan istifadə edəbilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsi STEAM layihəsinin əsas məqsədini  təşkil edir.

Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.

 "STEAM  Azərbaycan"  layihəsinin rəhbəri İqrar Nəzərovun sözlərinə görə,  STEAM layihəsi hazırda 147 ümumtəhsil məktəbdə tətbiq olunur ki, bunlardan 90-ı Bakı və Sumqayıtın, qalan 57-i isə ölkə üzrə digər regionların payına düşür: "Fəaliyyət planına uyğun olaraq layihənin əhatə dairəsinin genişləndirilərək ölkə üzrə 50 - 100 min şagirdi əhatə etməsi əsas hədəflərdəndır. VIII siniflər üçün yeni STEAM məzmunun hazırlanması da layihənin prioritet istiqamətlərindəndir. STEAM-a artan marağı nəzərə alaraq layihənin bundan sonra da sürətlə inkişaf edərək əhatə dairəsini genişləndirəcəyini, nəticədə cəmiyyətin çağırışlarına və tələblərinə uyğun, yaradıcı yeni nəslin formalaşmasına öz töhfəsini verəcəyini əminliklə deyə bilərəm. Növbəti tədris ilinin hədəflərindən biri də layihəyə qoşulmuş məktəb və şagirdlərimiz üçün Vahid Elektron Platformanın yaradılmasıdır. Onun şagird və müəllimlər arasında əməkdaşlığa və ümumiyyətlə, STEAM-ın ölkəmizdə inkişafına böyük töhfə verəcəyi şübhəsizdir. Eyni zamanda, həm layihə olaraq, həm də ayrı-ayrı məktəblərimizi də beynəlxalq STEAM şəbəkələrinə qoşmağı planlaşdırırıq".

 

Onun sözlərinə görə, "Virtual məktəb" layihəsi çərçivəsində STEAM tədris proqramında öz əksini tapan mövzulara uyğun çəkilişlər aparılaraq dərslər, videoçarxlar hazırlanıb. Bu dərslər müxtəlif sosial şəbəkələr üzərindən (Facebook, YouTube, İnstagram) yaradılan STEAM səhifələri vasitəsilə də izləyicilərin ixtiyarına verilib. Layihə əməkdaşları tərəfindən həmçinin  müxtəlif mövzularda aksiyalar, onlayn  yarış və müsabiqələr keçirilib, canlı yayımlar təşkil edilib.

STEAM tədris proqramına və bu dərslərə ayrılmış dərs yükünə uyğun olaraq şagirdlər televiziyada bu dərsləri həftədə bir dəfə olmaqla izləyə biləcəklər. Bir dərsin davametmə müddəti mövzudan asılı olaraq 12-15 dəqiqədir. Teledərslərin çəkilişi Təhsil Texnologiyaları Mərkəzində aparılır.

Dərsləri beynəlxalq, həmçinin yerli STEAM təlimlərinə qatılaraq  bu istiqamətdə bilik və bacarıqlar əldə edən, innovativ təhsil metodunun tətbiq olunduğu  ümumtəhsil məktəblərində həmin dərsi tədris edən müəllimlər aparır. STEAM dərslərinin tədrisinə cəlb olunan təhsil işçiləri İKT bacarıqları yüksək və geniş dünyagörüşünə malik əsasən fizika, kimya, biologiya, riyaziyyat, informatika müəllimləridir.

İxtisasca  informatika müəllimi  Çinarə Kazımova  və  ibtidai sinif müəlimi  Xəyalə Hüseynli "Dərs vaxtı"nda STEAM dərslərini geniş auditoriya üçün keçən müəllimlərdir. Hər ikisi Bakıdakı 20 nömrəli məktəb-liseyin müəllimləridir. Təhsil İnstitutunun layihələrinin, "STEAM Azərbaycan" layihəsinin təlimçiləri, Təhsil Nazirliyinin "Dərs vaxtı"  layihəsinin iştirakçısı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləridirlər.  Beynəlxalq, eləcə də yerli STEAM təlimlərində iştirak edərək bu innovativ təhsil metodu ilə yaxından tanış olan  yüksək  biliyə,  həmçinin İKT bacarıqlarına malik  pedaqoqlardır.

Çinarə Kazımova deyir ki, STEAM müəllimi inteqrasiya olunmuş layihə əsaslı öyrənmədən istifadə edən, hər bir vəziyyətə   çevik uyğunlaşan,  lider, ünsiyyətcil, tənqidi düşünən, fasiləsiz təhsil alan və komanda işini təşkil edəndir.

Xəyalə Hüseynli isə qeyd edib ki, STEAM şagirdi sərbəst və məqsədyönlü şəkildə məlumat toplayır, öyrəndiklərini yoldaşları ilə bölüşür, özünü, yoldaşlarının işini və fəaliyyətini qiymətləndirir, yazılı və şifahi effektiv ünsiyyət vasitələrindən istifadə edir, müxtəlif yarışlara, layihələrə qatılır.

Daha sonra müəllimlər STEAM təhsil metodunun  elm, texnologiya mühəndislik,  riyaziyyat və incəsənətin birgə və  inteqrasiya olunmuş şəkildə tədrisindən, onların həyatımızdakı rolundan danışır, şagirdlərə 4 C bacarıqlarını - yaradıcılıq, əməkdaşlıq, tənqidi düşüncə, əlaqəni  ətraflı izah edirlər. Teledərs uğurlu alınır. Müəllimlər dərsin televersiyasında qoyulan hədəfə çatmağı bacarırlar.

X.Hüseynli deyib ki,  ənənəvi tədris prosesində diqqət çəkməyən şagird STEAM dərslərində öz gizli qalan bacarıq və istedadlarını asanlıqla büruzə verir. Dərslərdə şagirdlər özünün və  başqalarının ehtiyaclarına, problemlərinə diqqət edir, sərbəst və məqsədyönlü şəkildə araşdırma aparır, həlli yollarını dəyərləndirir, bu zamana qədər öyrəndiklərinə fərqli baxır, yaradır. Bir sözlə, dərsin əsas iştirakçısına çevrilir və artıq onlarda məktəb illərindən  gələcək həyatları  üçün vacib olan bacarıqlar formalaşır.

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





31.03.2021    çap et  çap et