525.Az

Qabırğanın xəyanəti - Rəhman Mirzəlizadə yazır


 

Qabırğanın xəyanəti - <b style="color:red">Rəhman Mirzəlizadə yazır </b>

Ötən gün baş redaktorumuz Rəşad Məcid türk yazıçı Orxan Pamukun "Məsumiyyət muzeyi" romanından misal çəkib eşq ağrısının ən kəskin və başlanğıc nöqtəsinin mədəmizin sol yuxarı hissəsi olduğunu deyəndən sonra şair dostum El Romanın mədəsinin sol küncünə bir dürtmə vurub fikirli halda iş masasının arxasına keçdim. Romanın elektron formasını tapıb oxumağa başlasam da, bu yazını kitabı bitirəndən sonra yazmağa səbrim çatmadı. Nə isə, uzun sözün qisası ağır olur!

Dini mətnlərə görə, Tanrı kişini yaradandan sonra çığırda-çığırda qabırğasını çıxarıb qadını yoğuracağı qatqıda maya kimi istifadə edib. Kişi həmişə bir qadın yoxluğu gəzdirir bədənində... Və belə çıxır ki, kişinin ilk ağrısı da, günahı da (Həvvanın qadağan olunmuş meyvəni yeməsi) qadın ucbatından olub!..

Mədəmizin sol tərəfində yaranan Pamukun dediyi bu ağrı - həmin hissə qabırğa nahiyəsinə düşür - qadına çevrilib eşq halında vücudumuza saplanan bir vaxt bədənimizin əzası olmuş qabırğamızın xəyanətidir. Qabırğa kimi bizdən ayrılan qadının qayıdıb yenidən "qabırğa olmaq" cəhdidir bu! Kişi aşiq olanda qadına çevrilmiş qabırğanın yeri çabalayan bir ağrı ilə dolub onu orqanlararası cəhənnəmə vasil edir.

"Qadınların da eşq ağrısı eyni nahiyədən başlayır, bəs buna nə söz?" sualının ayağını yazımızdan kəsmək üçün, tez-bazar cavab verirəm ki, bu ağrı qadınların yaradılış xəmirlərinin mayası - kişi qabırğasının yenidən öz vətəninə, yəni kişi vücuduna qayıtmaq üçün vurnuxmalarıdır. Mövlanənin "ney ona görə qəmli-qəmli inləyir ki, o, öz qamışlığına qayıtmaq istəyir" fikrinə gəlib çıxırıq, deyəsən.

Həmin nahiyə ürəyə yaxın hissədə yerləşdiyinə görə, insanlar eşq ağrısının qəlbdə yarandığını zənn edirlər. Və bu yanlış anlaşılma səbəbindən, ürək eşqin anatomik simvoluna, bu hissin bədəndə döyünən şahidinə çevrilib. Əslində, həmin o "qönçədəhan", Vahidin "könlünü" yox, mədəsinin sol yuxarı küncünü "qan eyləmişdi". Şövkət Ələkbərova "bir könül" yox, bir mədənin sol yuxarı hissəsini "sındırmışdı", xəbəri yox idi.

Siqaret aludəçiləri də buna bənzər bir ağrı hiss edirlər. Bir müddət siqaret çəkməyəndə mədənin arxa hissəsindən qalxan ağrı eşq əzabının yarandığı nahiyələrə qədər vurnuxmağa başlayır. Ona görə aludəçilər eşq əzabına yuvarlananda mədə və onun sol yuxarı nahiyəsindəki ağrını bəzən siqaret istəyi ilə qarışdırıb özlərində əbədi bir siqaret aclığı hiss edirlər. Dayanmadan çəkilən bu siqaretlər beyinə həddən artıq nikotin göndərdiyindən insan vücudda və beyində keçici bir keylik hiss edir ki, bu da eşq ağrısının müəyyən qədər səngiməsinə səbəb olur. Aşiq eşq ağrısının səngidiyini yox, nəhayət ki, siqaret istəyinin keçdiyini zənn edib ciyərlərindən əl çəkir. Bəlkə də, bu iki ağrı bir-birinə çox oxşayır deyə siqareti tərgitmək insana bu qədər çətin gəlir. Siqaretdən uzaq, mədənizin sol yuxarı küncündən muğayat olun...

 





31.03.2021    çap et  çap et