525.Az

Çin Rusiya ilə ittifaq yarada biləcəkmi? - Xaqani Cəfərlinin şərhi


 

Çin Rusiya ilə ittifaq yarada biləcəkmi? - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeonun Çində müsəlman uyğurlara qarşı həyata keçirilən siyasəti soyqırım kimi tanıması və bundan tam iki ay sonra prezident Co Baydenin rusiyalı həmkarı Vladimir Putini "qatil" adlandırması Qərb dünyası ilə Şərqin iki böyük dövləti arasında münasibətləri tamamilə yeni mərhələyə yönəltdi.

Kanada, Avropa Birliyi və Böyük Britaniyanın ABŞ-ın ardınca Çin və Rusiyaya yönəlik siyasi və iqtisadi qadağalar tətbiq etməsi də yeni mərhələnin doğurduğu ilkin nəticələrdəndir. Bu ilkin nəticələr nə qədər önəmli olsa da, ciddi hadisələrin hələ qarşıda olması ilə bağlı ehtimallar hər ötən gün daha da artır. ABŞ dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostinin ilk xarici səfərlərini Uzaq Şərqə edərək öncə Tokioda yaponiyalı, ardınca isə Seulda koreyalı həmkarları ilə 2+2 formatında görüşlər keçirdilər. Bu görüşlərdən sonra verilən açıqlamaların əsas xəttini ABŞ-ın dostları ilə müttəfiqliyinə sadiq olduğunun vurğulanması təşkil edirdi. Məlum olduğu kimi, Donald Trampın prezidentliyi dövründə ABŞ-ın müttəfiqləri ilə münasibətlərində soyuqluq yaranmışdı. Hətta bu müttəfiqlik münasibətlərinin tarixə qovuşduğu haqqında fikirlər də mövcud idi. İndi isə Co Bayden hakimiyyətinin iki önəmli siması - dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin ilk birgə səfərlərini bölgəyə edərək, müttəfiqliyə sadiq olduqları ilə bağlı açıqlama verirlər. Tokio və Seulda səsləndirilən bu açıqlamaların Çinə qarşı yönəldiyini Pekində çox yaxşı anlayırlar.

Digər diqqət çəkən başqa bir məqam isə ABŞ dövlət katibi Entoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanın Çinin Xarici işlər naziri Van Yi və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici işlər üzrə komissiyasının ofis rəhbəri Yan Tszeçi ilə görüşləri zamanı ABŞ-ın Müdafiə naziri Lloyd Ostinin Dehliyə səfər edərək hindistanlı həmkarıyla yanaşı, Hindistanın Baş naziri Narendra Modi, baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Adjit Doval və Xarici işlər naziri Subrahmanyam Caişankarla görüş keçirməsi idi.

Lavrov, Çin Mevkidaşı İle Temasların En Üst Düzeyde Hazırlanması Konusunu  Görüştü 

ABŞ rəsmilərinin bölgəyə səfəri bitər-bitməz Rusiya Xarici işlər naziri Sergey Lavrov iki günlük rəsmi səfərlə Çinə yollandı. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çun Sergey Lavrovun Çinə səfərinin hər hansısa üçüncü ölkəyə qarşı yönəlməməsi ilə bağlı rəsmi açıqlama yaysa da, aydın görünür ki, Moskva Qərbin təzyiqlərinə davam gətimək üçün Çinin dəstəyinə ehtiyac duyur. Çinin də Qərbin təzyiqlərinə qarşı davam gətirmək, eləcə də bölgədə ABŞ-ın liderliyi ilə Pekinə qarşı Yaponiya, Cənubi Koreya, Avstraliya və Hindistandan ibarət yaranma ehtimalı yüksək olan güc mərkəzinə qarşı müqavimət göstərmək üçün Moskvanın dəstəyinə ehtiyacı var.

Qərb mətbuatının qədim Roma mifologiyasındakı ikiüzlü tanrı Yanusa bənzətdiyi Sergey Lavrovun Pekinə iki günlük səfərindən sonra Çinlə Rusiyanın Qərbə qarşı ittifaq yarada biləcəkləri ilə bağlı fikirlər meydana çıxıb. Xüsusilə də Sergey Lavrovun çinli həmkarı ilə danışıqlar zamanı qarşılıqlı ticarətdə ABŞ dollarından tam imtina etməklə bağlı təklifi Moskva-Pekin ittifaqının mümkünlüyü ilə bağlı fikirlərin tam əsassız olmaması qənaəti doğurub.

Çin rəsmiləri Qərbə qarşı Rusiya ilə ittifaq yaratmaq niyyətində olmadıqlarını qabartmağa çalışırlar. Rusiyada isə tam əksinə olaraq Çinlə ittifaq yaratmaq haqqında hər ötən gün daha ucadan danışırlar. Rusiyanın rəsmi şəxsləri, Kremlə yaxın şərhçilər Çinlə birgə hərəkət etməklə bağlı çoxsaylı təklif və təşəbbüslərlə çıxış edirlər.

Çinlə ittifaq yaratmağa Rusiyanın özündə də birmənalı münasibət mövcud deyil. Rəsmi Moskva Pekinlə ittifaqın tərəfdarı kimi çıxış etdiyi bir zamanda hakimiyyətə müxalif qüvvələr və müstəqil şəxslər Qərbə qarşı Çinlə birgə hərəkət etməyin qatı əleyhinə çıxış edirlər. Rusiyanın siyasi dairələrində bu fikir ayrılığında Çinlə ittifaqın əleyhdarlarının mövqeləri daha əsaslı görünür.

Çinlə birlikdə Qərbə qarşı ittifaqın Rusiyanın mənsub olduğu Avropa, xristian sivilizasiyasından qopmasına səbəb olacağı fikri Pekinlə yaxınlaşma əleyhdarlarının əsas dəlillərindəndir. Ancaq bu da yeganə dəlil deyil. Rusiyada belə hesab edirlər ki, Çinin vədinə bel bağlamaq mümkün deyil. Varşava Müqaviləsi Təşkilatı yaranan zaman Pekin bu ittifaqa qoşulacağı ilə bağlı vəd versə də, sonda bitərəf qalmağa üstünlük vermişdi. O zaman Çin Varşava Müqaviləsi Təşkilatı təsis olunarkən müşahidəçi qismində ittifaqın yanında yer alıb, hətta qurumun sərəncamına 100 diviziya verəcəyini də vəd etmiş, ancaq sonradan Sovet İttifaqının Qərblə qarşıdurmasından kənarda qalmağa üstünlük vermiş, daha sonra isə Qərblə yaxınlaşaraq Sovet İttifaqıın təcrid olunması prosesinə qoşulmuşdu. Bu tarixi olayları xatırlayanlar Çinin yenə də Rusiyanı yarıyolda buraxacağından narahatlıqlarını açıq ifadə edirlər. Digər tərəfdən, Qərb ölkələrindən fərqli olaraq Çinin Rusiyaya qarşı böyük ərazi iddiası da unudulmayıb. Məlum olduğu kimi, Çin Rusiyanın bir neçə əyalətini özünün tarixi torpağı hesab edir və təxminən 500 min kvadrat kilometrlik bir əraziyə iddia edir. Çinin orta məktəb dərsliklərində həmin ərazilər çinlilərin tarixi torpaqları kimi göstərilir. Rusiyada bu fakt hər kəsə məlum olsa da, rəsmi dairələrdə susmağa üstünlük verirlər. Müxalifət və müstəqil qüvvələr isə bu faktla bağlı həyəcan təbili çalır, Çinlə yaxınlaşmanın qatı əleyhinə çıxırlar. Rusiyanın hakim dairələrində Qərbə qarşı Çinlə ittifaq yaratmaq təklifləri nə qədər artsa da, iki dövlətin arasında olan ziddiyyətlər Pekin-Moskva ittifaqının yaranma ehtimalının çox az olduğunu göstərir.

 





31.03.2021    çap et  çap et