525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Qorxu

Dünən Ağdama üzürlü səbəbdən gedə bilmədim.

Amma...

Həm də...

Düzü, Ağdama getməyə qorxuram!

Ağdamın indiki vəziyyətini canlı görməyə qorxuram.

Dünən oğlum Mirhacib getmişdi. Ona dedim, Ətyeməzlini keçib şəhərə girəndə sağda xəstəxananın, Doğum evinin binası var, bəlkə, uçuqları qalıb, sən 1987-nin avqustunda orda doğulmusan. Onda "Kimsən ey , doğulan" şeirimi yazmışdım. Qayıdanda soruşdum, dedi ki, indi nə o xəstəxanadan, nə də şəhər boyu uzanan bağlardan, hündür ağaclardan əsər-əlamət qalıb.

Ağdam deyəndə gözümün önünə ötən əsrin 70-ci, 80-ci illərinin Ağdamı gəlir. Hərdən xəyalımda da gəzirəm: 1 nömrəli məktəbdən çıxıb bazarın önüylə gedib, tində-Aptekin yanından sağa dönürəm, Nadirin "Dijurnu mağaza"sını keçib, Tağının kitab mağazasına dəyib ya 10 yaşımacan yaşadığımız Dördmərtəbənin qabağıyla uşaqlıq dostum Vaqiflə birgə Musavi küçəsindən, südsatan Lətafət xalanın budkasının tinindən Lenin bağına burulub, Çay evinin, məscidin üstünə çıxıram, üzü yuxarı Şuşa yoluyla Fərhadın heykəlinə, Dram teatra sarı addımlayıram, ya da Üzümçülər sarayının yanından keçib məşhur Fazil Qasımovun - Kino Fazilin direktoru olduğu "Dostluq" kinoteatrına tərəf gedirəm, Zeynalın çayxanasında Aqil Abbasla çay içirəm. Kinoteatrın arxasında sinif yoldaşım Ceyhun təzə aptek açmışdı, onunla görüşüb Çörək muzeyiylə üzbəüz Ədalət həkimin evinə gedirik, Samirlə işimiz var nəsə ...

Ya da ki qayıdıb 5 il tar dərsinə getdiyim musiqi məktəbi tərəfdən gəlirəm, Voroşilov küçəsinin tinindən Milis idarəsinə doğru. Palıd ağaclarının meh əsdirən yarpaqlarından qopan pıçıltı "Pionerlər evi"ndən gələn tar-kaman səslərində əriyib itir, məşhur "Qarabağ bülbülləri"nin Murad Rzayevin rəhbərliyiylə növbəti məşqinin sədalarını eşidirəm. Vahidgilin evinə tərəf, Köhnə hamam məhləsinə dönürəm. Onda bilmirdim ki, bu hamamı da Natəvan tikdiribmiş. Dünən Vilayət Quliyevin statusunda oxuyub bildim.

Əli İbrahimov, döngə 1, ev 19-a - evimizə tərəf gedirəm.

Vahidi görürəm, evlərinin pəncərəsində baxır, 30 il sonra yazacağı "Ruhlar şəhəri" kitabınımı düşünür? Ayırmıram onu xəyallarından, eləcə əl edib keçirəm...

Noyabrın 20-də bizim əsgərlər Ağdama girib, Cümə məscidindən ilk videonu paylaşanda sarsılmışdım: hanı bəs Çay evi, hanı Dördmərtəbə, hanı 1 nömrəli məktəb?

Qəzəbimi belə ifadə etmişdim:

"Allah heç kimə, heç bir xalqa belə namərd düşmən qismət eləməsin! Vəhşi millət, səninlə necə yanaşı yaşamaq olar? Niyə bizim şəhərlərimizi bugünə qoymusan? Etdiklərinin beşqat artığına layiqsən!.."

İndi mən qorxuram!

Gedib Ağdamın xarabalıqlarını görsəm, xatirələrimin uçub dağılacağından qorxuram!

Bir də xəyalən Ağdamın küçələrini gəzə bilməyəcəyimdən qorxuram!..

***

Sadə, adi, sıradan adam olmağın xoşbəxtliyi...

***

Savadlı Atalar da var...

***

Mətləbi qısa deməyə çalışın. İndi vaxt və səbr qıtlığıdır...

***

Bayılda iydə ağacı əkdik. Gün o gün olsun, Qarabağda da əkək.

Yazınız mübarək!..

***

Hava proqnozunu da reklamla oxutdururlar. Azərbaycan mediasının pulu ən çox Markın cibinə axır, deyəsən...

***

Canlı yayıma çıxmaq da, Yutub kanalları da çoxalıb, bəsitləşib axırda dəbdən düşəcək.

***

Könül istəyəndə, vaxt bol olanda, ictimai nəqliyyat işləməyəndə qəzet köşklərinə piyada da getmək olar...

***

Durnasevərlərin qışqırığından qulaq tutulurdu.

Bu, durna sevgisindən daha çox, ərəb harınlığına qəzəbin səsiydi.

***

Guya tarix boyu Muğan çölündə quş ovlamayıblar ki?!

Ədəbiyyatımız ov səhnələrindən nümunələrlə doludur. Ən məşhurlarından birini də Səməd Vurğun yazıb:

Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, -
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

Flora-fauna sevgisi, durna təəssübkeşliyi başadüşüləndir. Amma bu mütəşəkkil hay-küy bir az şübhə yaradır. Elə bil, xəbəri kimsə yönləndirir, idarə edir. Sanki kiminsə hansısa marağı var.

Soyuqqanlı və səbrli olsaq aydınlaşacaq:

"Hansı bir müşküldür kim, səbr ilə asan olmasın..."

***

Oxumağı yadırğamayanlar üçün bayram günlərində Xalq yazıçısı Elçinin "Şuşanın dağları başı dumanlı" yazısını oxumağı tövsiyə edərdim.

"Mən o uzaq 82-ci ildə qeydlərimi yazanda heç ağlıma gələrdi ki, Natəvanın abidəsinin açılış mərasimində Sayat Novanı o cür oxuyan, gur səsi ilə "Yaşasın Azərbaycan xalqı!" bağıran Qurgen Qabrielyan altı-yeddi ildən sonra ən qatı və qəzəbli Dağlıq Qarabağ separatçılarından biri olacaq?"

***

"Məsum" trollar...

Bir çox sıravi Feysbuk istifadəçiləri sosial şəbəkədə müxtəlif qruplar vasitəsilə məqsədli şəkildə başladılan və mütəşəkkilliklə davam etdirilən kampaniyaların arxa qatını görmürlər, axına qoşulub üzürlər və kimin dəyirmanının pərlərini sürətləndirdiklərinin fərqinə varmırlar. Kütlə psixologiyası burada da öz hökmünü verir. Obyektiv qiymətləndirmə, soyuq mühakimə yoxa çıxır. Yalançı özünütəsdiq duyğusu qabarır. Bəzən hətta normal düşüncə qabiliyyəti olan, ağıllı-başlı insanlar da sıraviyə çevrilir, istər-istəməz fərqli maraqlar güdən qrupların ruporu qismində çıxış edirlər.

Əgər düşüncə qabiliyyətin itirsə və müstəqil qərar verə bilmirsənsə, nəticədə "məsum" trolla çevrilirsən.

Bir də var marıqda hazır duran, küy gözləyən, hər küyə gedən troll. Bu isə artıq xarakter məsələsidir.

***

Təmkinli, soyuqqanlı vətəndaş mövqeyi.

Gənc ictimai fəal Yeganə Hacıyevanın ov məsələsinə münasibətini belə adlandırardım.

Hadisəyə emosional, çılğın və qəzəbli yanaşan "durna sevdalılar"dan fərqli olaraq müəllif aparılan kampaniyanı soyuq məntiqlə, hirssiz-qəzəbsiz təhlil etməyə, məsələnin məğzinə, alt qatına enməyə çalışır və öz arqumentləriylə fərqli münasibət ortaya qoyur:

"Öncəliklə ərəb turistlərin ov mövzusundakı kampaniya aylardır karantində oturan vətəndaşın qıcığına hesablanıb və paylaşımların cüzi hissəsi səmimi flora-fauna sevgisindən doğur... Kampaniya daha çox ərəb turistlərinə qarşı yönəldilib.

Ərəb turistləri ilə ölkəyə böyük maliyyə axını gəlir və ərəb turistlərinin ölkəyə gətirdikləri maliyyə haqqında təsəvvür yaranması üçün bir nümunə göstərmək kifayətdir: 2019-cu ildə Azərbaycana səfər edən ərəblər təkcə nəğdsiz, köçürmə ilə 4,3 milyard manatlıq alver ediblər.

Buraya nəğd hesablaşmaları da əlavə etsək, məbləği təsəvvürə gətirmək çətin olmaz.

Ərəb turistləri bu məbləği daha öncəki illərdə regiona yaxın İranın, Gürcüstanın və s. ölkələrin turizm sektoruna xərcləyirdilər.

Ölkə turizminin əsas kütləsi olan ərəb turistlərinə qarşı belə kampaniyanın yekun nəticədə kimə faydalı olması və buna görə də son iki gündə CƏNUB CƏRƏYANLARIN aktivliyi təəccüblü deyil".

***

Azacıq vicdanı, xəcalət duyğusu olan millət bizim şəhər və kəndlərimizi xarabaya çevirməsindən, viran qoymasından utanardı, danışmağa ar eləyərdi. Amma bunlar o qədər həyasız, riyakar tayfadır ki, hələ Cəbrayıldakı kilsədən danışırlar. XİN-in bəyanatında doğru vurğulanıb:

"Azərbaycanın irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirən, o cümlədən, 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var".

***

COVİD-19 da adiləşdi. Həkimlər ona qarşı resepti qripə, soyuqdəyməyə qarşı resept yazırmış kimi yazırlar.

***

Deyir, koronanı siqaretlə qovdum, ha əlləşdi, yaxın gələ bilmədi.

***

Hərənin əlində bir dərman torbası...

***

Ozan Tufan, Umut Meraş, Hakan Çalhanoğlu, Yusuf Yazıcı, Kenan Karaman, Altay Bayındır...

Türkiyə milli futbol komandasının oyunçularının adları da qədim coğrafiyadan və tarixdən xəbər verir, əzəmətiylə seçilir...

***

Hərbi Qənimətlər Parkı, çox güman ki, yaxın vaxtlarda açılacaq. Ziyarətçilər isə darıxırlar, indidən hasar arxasından tamaşa edirlər...

***

Küçələr boyu uzanan bu tıxaclar deyir ki, çalışın evdə oturun, çölə çıxmayın...

 





31.03.2021    çap et  çap et