525.Az

"Müharibə atamı mənə qaytarıb bizi barışdırdı" - Müsahibə


 

ŞAİR VƏ AKTYOR OĞUZ ALPARSLAN: "...DEDİM, NƏ VAXTA KİMİ QƏLƏMLƏ ŞEİR YAZACAM, BİR AZ DA SİLAHLA TARİX YAZIM"

"Müharibə atamı mənə qaytarıb bizi barışdırdı" - <b style="color:red">Müsahibə</b>

2020-ci il sentyabrın 27-də başlanan və 44 gündən sonra böyük zəfərlə nəticələnən II Qarabağ müharibəsində söz əhli, ədəbiyyat nümayəndələrindən də iştirak edənlər oldu.

Müharibə başlar-başlamaz könüllü ordu sıralarına yazılan şairlərimizdən biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü Oğuz Alparslandır.

Şairliklə yanaşı, aktyor kimi də tanınan, bir sıra film və seriallarda rol alan Oğuzla bu günlərdə görüşüb müharibə və ondan sonra yaşadıqlarından danışdıq:

- Ədəbiyyata ilk gəldiyiniz dövrlərdə sizi Ruslan Nadir kimi tanımışdıq. Sonradan sənədli-sübutlu Oğuz Alparslan oldunuz. Ad və soyadınızı dəyişməyinizə səbəb nə oldu?

- Xalq artisti Nurəddin Mehdixanlı mənim dayımdır. Hələ uşaq yaşlarımdan o, məni "Alparslan" deyə çağırardı. Mənim də bu addan çox xoşum gəlirdi. Ona görə də adımı dəyişib öz bəyəndiyim adı seçmək qərarına gəldim. Beləcə oldum Alparslan. Soyadım Ağayev idi. Baxdım ki, Ağayev Alparslan uyğun gəlmir. Ona görə soyadımı da "Oğuz" etdim. Yeni bir soyun təməlini qoydum, yəni (gülür).

- Müharibənin başlanması xəbərini necə aldız, necə getdiz?

- Boş vaxtlarımda həm də təmir-tikinti işiylə məşğulam. Müharibə başlanan gün evini təmir etdiyim zabit zəng elədi ki, səfərbərlik elan olunub, gedirəm, ev sənə əmanət. Əmanəti qəbul elədim, amma sözümdə dura bilmədim. Elə həmin gün gedib açarı ailəsinə təhvil verib, Cəlilabada-hərbi komissarlığa yollandım. Sentyabrın 28-i isə müharibəyə getdim. Ailəm qərarımı göz yaşıyla qarşıladı. Oğlum balacadır, yaxşı başa düşmür, sadəcə sevinirdi ki, atam komandir olacaq. Qızım və anası isə narahat idilər. Rəsmi nigahımız olmadığından müharibəyə yollanmazdan öncə notariusda etibarnamə verdim ki, başıma bir iş gəlsə, adıma olan torpağı satsınlar, müəyyən müddət dolanışıqları olsun.

- Hara getdiyinizi və sizi nəyin gözlədiyini bildiyiniz halda nə vadar elədi iki övladınızı qoyub cəbhəyə gedəsiniz?

- Biz-1980-ci illərin uşaqları müharibəni görmüşük. I Qarabağ müharibəsində anam xəstəxanada idi, atamsa müəyyən səbəblərdən yanımızda deyildi. Gün olub ki, əsgərlərə pay gedərkən əlimdən heç nə gəlmədiyindən bir cüt corab göndərmişəm. Bu gün cəbhəyə getməyimə səbəblərdən biri müharibə uşağı olmağımdır ki, övladımız müharibə uşağı olmasın. Ondan əlavə, vicdan məsələsi var. Bu gün 18-20 yaşlı uşaqlar və ya mülki həyatda çörək kəsdiyim insanlar gedib orda döyüşür, şəhid olursa, mən burda necə rahat otura, deyib-gülə bilərəm? İndi gülüş üzümdə donsa da, bunu eliyirəm. Deməli, sağam. Bu anlarda qəfildən hansısa döyüş yoldaşın düşür yadına, onunla birgə güldüyünüz anları xatırlayırsan. Vaxt olub ki, bir çörək yediyimiz, söhbət elədiyimiz yoldaşımız beş dəqiqə, bir saat, bir gün sonra artıq yanımızda olmayıb, şəhid düşüb. Belə şeylər insanın təbəssümünü üzündə dondurur. Amma ən azından bu gün başım dik gəzə bilirəm, vicdanım qarşısında rahatam. Təbii ki, mən getdim deyə, başqasını getmədiyi üçün qınaya bilmərəm. Çünki tam səfərbərlik elan olunmamışdı, qismən səfərbərlik idi. Biz könüllü şəkildə o qismən səfərbərliyin içinə düşdük.

- Döyüş yolunuz hardan başladı?

- İlk döyüşümüz Füzulidən başladı. Əvvəl müharibə, döyüş mənə çatmırdı. Çünki düşmən görmürdüm. Həqiqi hərbi xidmətdə Xüsusi Təyinatlı Dəstədə xidmət etmişəm. Müharibə təlimləri çox keçirdik və onda heç olmasa qarşımızda düşmən obrazı vardı. Burda o obraz da yox idi. Sadəcə göydən gələn fit səsi və başımıza düşən minamyot vardı. Düşməni görməmək aqressiya yaradırdı və irəli can atırdıq ki, görək hardan atırlar. Gedə-gedə gəlib çıxdıq Cəbrayıla.

- Əlbəttə, orda hər an ölümlə üz-üzə idiniz. Amma ölümə ən yaxın hiss etdiyiniz an və ya anlar hansı olub?

- Cəbrayıla gələndə tərslikdən elə bir yerə çıxdıq ki, mühasirəyə düşdük. Bir dərədə tələ qurmuşdular. Öz aramızda ora "Cəhənnəm dərəsi" deyirdik. Gecə həmin əraziyə girdik, səhər açılanda düşmən bizi "atəşfəşanlıqla qarşıladı". Bir neçə gün sonra qərar verdik ki, burda sadəcə gizlənməklə heç nə edə bilmərik, mühasirəni yarmalıyıq. 356 nəfər idik, 60 nəfər könüllü qrup ayrıldıq ki, biz şəhid olsaq da, geridə qalan 300-ə yaxın yoldaşımız xilas olsun. 20 nəfərlik 3 qrupa bölündük, mühasirəni yarmaq üçün basqına gedirdik. Qrupun birinin başçısı mən idim. Yanımda bir zabit həyat yoldaşıyla danışıb halallaşırdı ki, ağır tapşırığa gedir. Çünki ordan sağ çıxmağa ümidli deyildik. Olduğumuz yerdə əsgərlərə dedim ki, dağılışın, hər an minamyot ata bilərlər. Bunu dediyim yerdə bircə minamyotun səsini eşitdim. Əslində, minamyot gələndə 3 saniyə öncə səsini eşidə bilirsən. Amma "düzlənmə atışı" deyə bir şey var ki, onda minamyotun səsi gəlmir. Danışdığım yerdə partlayışın səsini eşitdim. Yaxşı ki də danışırmışam, yoxsa kar ola bilərdim. Ondan sonrasını xatırlamıram. Sən demə, güclü zərbədən qayaya çırpılıb əsgərlərin üstünə düşmüşəm. Mərmi həmin zabitlə mənim arama düşmüşdü. Belə səhnə filmlərdə olur. Heç vaxt ağlıma gəlməzdi ki, bunu mən də yaşayaram. Belimdə şiddətli ağrı hiss elədim. Elə bildim, bədənim iki hissəyə bölünüb. Həmin günün axşamı məni hospitala aparırdılar. İmtina elədim. Şəhid polkovnik Nail Orucov onda məni danladı, dedi, yaralanmısan, irəli gedə bilməyəcəksən, heç olmasa, geri get, sağ qal. Amma imtina elədim, maşından düşüb geri qayıtdım. Orucov dedi:"Qəhrəmanlıq edirsən, amma bunun axırı yoxdur. İndi ölmədinsə də, növbətidə öləcəksən". Heç nə demədim. Üstündən bir az keçdi, növbəti partlayış səsi gəldi, gördük yaralını aparan maşını vurdular. Demək, mən düşməsəydim, yox idim. Polkovnik Orucov dedi: "Ya sən çox bilirsən, ya da anan namaz üstə imiş". Bir anlıq düşündüm ki, axı mənim namaz üstə olacaq anam da yoxdu. Nəysə, müəyyən çətinliklərlə o mühasirəni yardıq. Özü də 60 şəhid gözlədiyimiz halda, bir şəhidlə. Geridə qalan 300 nəfəri də xilas etdik.

 

Qubadlıya daxil olanda maşın çox sürətlə sürürdü ki, qəlpə tutmasın. Orda qoşa qaya var. Həmin qayanın arasına girən vaxtda maşının arxasını vurdular. Arada heç saniyə də yox idi. Təzyiqdən maşının arxası qalxdı, bir anlıq düşündük ki, vəssalam, bu, sondur. Maşın dayananda qayanın harasına baxsanız, əsgərlərimizi görərdiniz, hamı mövqedə idi. Bilmirəm, can qorxusu idi, yoxsa ani refleks, amma bircə anda, maşın yuxarı qalxıb yerə düşənə kimi biz mövqe tutmuşduq.

- Əvvəlki müsahibələrin birində demişdiz ki, arxamca ağlayan anam yox idi deyə, nisbətən rahat idim. İndi də ananızı xatırladınız.

- Bəzən insan boşluqda olar, bilməz yerdədir, ya göydə, ruhu bədənindədir, ya ayrıdır. Bu, ona bənzər bir hissdir. Anam olsaydı, gözü yaşlı olardı, o cəhətdən rahat idim. Anama bağlı olmuşam, hər şeyi anamla paylaşar, dərdimi onunla bölüşərdim. Hətta atamdan şikayətlərimi də ona edərdim. O rəhmətə gedəndən sonra bir müddət nə olurdusa, rayona tələsirdim, çatanda yadıma düşürdü ki, hara, kimin yanına tələsirsən? Müharibəyə yola düşəndə də komissarlığın qarşısında anasıyla görüşənləri görmək fərqli hisslər yaşadırdı. Amma ən azından mən övladlarımla görüşə bildim. Atama deməmişdim gedəcəyimi, xəbəri yox idi. Amma döyüşə girəndə ürəyim dözmədi, peşman oldum və zəng edib halallaşdım. Fikirləşdim, öləcəm, o, peşmanlıqla yaşayacaq ki, niyə barışmadım. Mən də Allah qarşısında hesabat verməli olacam ki, ona o vicdan əzabını niyə yaşatdım. Elə oldu ki, bizim döyüşə girməyimiz bir gün ləngidi. Bir də baxdım, atam hərbi hissənin qarşısındadır. Mən halallaşmaq üçün zəng eləmişdim, o, durub Ağcabədiyə gəlmişdi. Müəyyən səbəblərdən atamla aramız yaxşı deyildi. Mən cəbhədən qayıdanda atam qurban kəsdi. Beləcə, müharibə atamı mənə qaytarıb bizi barışdırdı. Müharibə vaxtı ailəmə zəng etmirdim ki, ağlamaqlarını eşitməyim. Sadəcə arabir mesaj yazırdım ki, salamatam. Sülhdən sonra zəng elədim.

- Dostlarınız gözünüzün qabağında şəhid olurdular... Bu necə bir hissdir?

- (fikrə gedir) İkinci ağır döyüşümüz Cəbrayıldakı "Plandağ" dediyimiz yerdə oldu. Orda başqa dəstə vardı ki, günlərdən bəri onlara su getmirdi. Biz onlarla yerimizi dəyişdik. Təhvil-təslim vaxtı düşmən hücum elədi, 3 gün dayanmadan döyüşdük, bizim dəstədən şəhid verməsək də, digər dəstədən şəhidlərimiz oldu. Biz ən çox şəhidi Qubadlı zirvəsində vermişik. İçində nişanlısı da vardı, evlənməyə hazırlaşanı da, qız sevib, "gedəndən sonra qaçıracam" deyəni də. Füzuli vardı, nişanlı idi, onu dəfn eləməyə bəy-gəlin maşınıyla, xonçayla gediblər. Onunla son gün söhbətimizdə demişdi ki, bu döyüşdən qayıtmayacam, şəhid olacam. Həmin günün gecəsi şəhid oldu. İçi mən qarışıq, hamımız qayıtmaq istəyib ümidimiz yox idi. Baş leytenant Bayramov deyirdi ki, nişanlıların toyunda özüm oynayacam, qız sevib etiraf etməyənlərdən ötrü qızgilin qapısına elçiliyə özüm gedəcəm, "yox" desələr, veteranlarla birgə qaçıracağıq. Həmin əsgərlərdən qayıdanlar var, bilmirəm elçi gedəcəklər, ya qaçıracaqlar, amma Bayramov onların yanında olmayacaq.

Polkovnik Nail Orucov Qubadlı zirvəsində döyüşə girməzdən öncə yoldaşıyla danışırdı. Yoldaşı demişdi ki, burda üç övladın var, ehtiyatlı ol. O da demişdi, mənim orda üç, burda üç yüz övladım var, qapıya bayraq asın, Allaha əmanət olun. Həmin gün çox dəhşətli döyüş oldu, amma üstünlük bizdə idi. Yenə minamyot səsi eşidildi, mövqe tutduq. Bu vaxt polkovnik Orucovun səsini eşitdik: "Yat!" Sən demə, əsgər minamyotun səsindən çaşıb, mövqe tuta bilməyib, Orucov tullanıb əsgəri itələmişdi, minamyot üstünə düşmüşdü. O, əsgəri xilas eləmək üçün şəhid oldu. Biz öz aramızda həmin zirvənin adını "Polkovnik Orucov zirvəsi" qoyduq.

- Qələbə xəbərini alanda harda idiz, nələr hiss etdiz?

- Qubadlı zirvəsində idik. O zirvəni 8 saata insan ayağı dəyməyən yerlərlə qalxmışdıq. Təxminən 10 gündən çox idi ki, nə yeməyimiz vardı, nə suyumuz. Yardım gətirmək olmurdu. Həmin günün səhəri şeh olmuşdu, yarpaqların üstündə su vardı, o yarpaqları yeyirdik, həm su içmiş olurduq, həm də mədəmizə nəsə gedirdi. Həmin gün dedilər ki, ermənilər dinc əhalimizi vurur, şərtlərlə razılaşmır, hazırlaşın, gecə 4-də minamyotla onları vuracağıq. Hamımız silahlarımızı yağlayıb, hazırlaşmışdıq. Gecə döyüş növbəsində idim, baş leytenant Azayev saat 3 radələrində gəldi ki, şad xəbərim var, bitdi müharibə. İnanmadım, dedim, nə danışırsan, bir saata kəndə girməliyik. Dedi, yox, əmr gəlib ki, dayanırıq. Döyüş vaxtlarında o cür qorxmamışdım, başladı əl-ayağım əsməyə, bilmədim inanım, ya yox. Onların atəşkəsə əməl edəcəyinə inanmırdım deyə, fikirləşdim ki, sağ qalanlarımız da şəhid olacaq.

- Sülhdən tərxis olunana qədərki dövrdə harda idiz?

- Şuşa istiqamətindən Xocavəndə gəlmişdik, əvvəl Qırmızı Bazar deyilən yerin mühafizəsində olduq. Hər tərəf minalar idi. Elə vaxt oldu ki, bizi heyvan sürüsü xilas elədi. Məsələn, əmr verilmişdi ki, ermənilərin postlarıyla üzbəüz mövqedə post quraq. Orda olarkən yanımızdan heyvan sürüsü keçdi, ac idik, 130 kiloluq dananı tutub, kəsdik, qalan sürü getdi irəli. Birdən partlayış səsi eşitdik, heyvanlar minaya düşmüşdü.Orda əlsiz, ayaqsız çox heyvanlar görürdük, hər yerdə yarımçıq heyvanlar vardı. Müharibədən it də, pişik də, inək də şikəst çıxmışdı. Müharibədən salamat çıxan canlı çətin tapılar. Orda bir az ətrafa baxmaq şansımız da olurdu. Onda erməni saxtakarlıqlarına əyani şahidlik etdim. Xocavənddə alban kilsələrinin divarlarını qazıb, ermənicə nələrsə yazmış, sonra da köhnəltmişdilər, guya qədimidir. 1800-cü illərə aid qəbirlər vardı. Baxırsan ki, quruluş erməniyə aid deyil, amma üstündəki yazıları silib ermənicə nəsə yazmışdılar. Nə qədər çalışsalar da, yazının təzəliyini görmək olurdu. Məscidlərdə heyvan saxlamışdılar. Amma buna təəccüblənmədim. Çünki öz evlərində donuz saxlayan adamlardır. Evlərə girəndə görürdük ki, birinci mərtəbədə donuz saxlayıb, ikinci mərtəbədə özləri yaşayıblar.

- Tərxis olunandan sonra dinc həyata adaptasiya prosesi necə keçir?

- Yata bilmirəm. Gözümü yuman kimi "müharibə başlayır". Sinirlərim çox pozulub. Çalışıram, ordakı yaxşı, xoş hadisələri xatırlayım. Məsələn, mayor Müseyib Zeynalov vardı, şəhid oldu. O insanı düşünüb gülümsəməmək mümkün deyil. Minamyot yağışının altında deyib-gülməyə də mövzu tapırdıq. 

No description available. 

- Həm şairsiz, həm aktyor. Cəbhədə bu kimliklərinizi xatırladığınız olurdu?

- Aktyoru yox, amma şair arabir baş çəkirdi. Öz şeirlərimi muğam kimi oxuyub camaatı aldadırdım ki, muğamdı (gülürük). Şair olduğumu demirdim, sonradan öyrəndilər. Soruşanda ki, burda nə gəzirsən, dedim, nə vaxta kimi qələmlə şeir yazacam, bir az da silahla tarix yazım. Aktyor olduğumu öyrənəndə isə inanmadılar, gələndən sonra filmləri, efirləri gördülər.

- Qayıdandan sonra filmə çəkilmisiz heç?

- Sağ olsunlar, dedilər, erməniyə güllə atmaqdan gəlirsən, ona görə də mükafat kimi sənə erməni rolu veririk (gülür). 26 Bakı Komissarından bəhs edən filmdə erməni Tatevos Amirov rolundayam. Yeni başlayan "Sükutun fəryadı" serialında isə erməni əsilli gürcü knyazını oynayıram. Erməni xislətini olduğu kimi canlandıra bilməsəm də, mümkün qədər cəhd edəcəm.

- Vətən müharibəsinə aid film, serial çəkilsə, rol almaq istərdizmi?

- Azərbaycanlı döyüşçü kimi yox, amma erməni kimi rol almaq istəyərəm. Çünki ermənilər bu müharibədə bizim tərəfimizdən məğlub olub, hüsrana uğrayıblar. Mən o filmdə də məğlub olub hüsrana uğramaq istəyirəm ki, onların həyatda keçirdikləri o hissi keçirim, nələr yaşadıqlarını anlayım və bundan zövq qalım. Qarşımdakı məğrur Azərbaycanlı əsgərinin önündə diz çökmək istəyirəm. Mən hazırda güzgüyə baxanda öz üzümdə şəhid verdiyimiz bütün hərbçilərimizi, əsgərlərimizi görürəm. Mən müharibədən sonra təkcə Oğuz olaraq yaşamıram.Artıq "mən" yoxdur, "biz" varıq. Bu rolu da onlara görə istəyirəm. Erməni obrazını canlandırıb polkovnik Orucovun qarşısında diz çökmək istəyirəm. Şair Oğuzun isə təbi qaçıb. Hələ ki, şair Oğuzla təkbətək qalmamışam. Nə vaxtsa, yolumuz yenidən kəsişərmi bilmirəm.

- Bu xidmətiniz dövlətimiz tərəfindən medallarla mükafatlandırıldı. Nə hiss edirsiz?

- "Vətən müharibəsi iştirakçısı", "Qubadlının azad edilməsinə görə" və "Cəbrayılın azad edilməsinə görə" medallarıyla təltif edilmişəm. Layiq görənlər sağ olsunlar. Amma yəqin ki, o medalları uzun zaman taxmayacam. Bəlkə qocalandan sonra taxaram. Bu gün isə evimdə o şəhidlərimizin şəkilləri asılmış divarda yer alacaq. Bu da bizim təsəllimiz olsun.

Şahanə MÜŞFİQ

 





31.03.2021    çap et  çap et