525.Az

Dilimizlə ilgili tövsiyə paketindən - Niyazi Mehdinin etüdləri


 

Dilimizlə ilgili tövsiyə paketindən - <b style="color:red">Niyazi Mehdinin etüdləri</b>

Dil üzrə etüdlərdən (2013-2014-cü illər)

Dilin imici məsələsinə bir-iki kəlmə

Mənim bu yazıdakı düşüncələrim 2013-cü il mayın 23-də verilmiş Prezident sərəncamı ilə bağlıdır. Sərəncam belə adlanır:  "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında".

Mən hesab edirəm ki, gənclərimizin çoxunda Azərbaycan türkcəsinin sayğısız imicdə olması bir çox problemləri törədib ki, onlar da bu sərəncama gərəklər yaradıb.

Nəyinsə imici onun hansı görüntüdə olması və hansı anlamları özündən "axıtması"dır. Orta çağda üç başlıca müsəlman dilinin imici belə xarakterizə edilmişdi: ərəb dili bəlağət, fars dili hazırcavablıq, türk dilisə doğruculluq dilidir (V.Bartold). Bax, bu fərqlər həm də imic fərqləri idi. Ərəblərin fəlsəfi tekstləri, farsların bol aforizmləri, türklərin bəzəksiz, düzünəqulu danışıqları hərəsinə uyğun imic vermişdi.

Dilimizin gerilik imici

Çağımızda rusdillilərin azəri türkcəsinə gerilik dili kimi baxması onun imicini ruscadan fərqli olaraq incə-kübar kültürlükdən aşağı saymaları ilə bağlıdır. Deməli, Prezident sərəncamının uğurlu gerçəkləşməsi üçün Azərbaycan türkcəsinin imici özündən intellektual, çağdaş, kültür uğurlarını yağdıran nəsnəyə çevrilməlidir. Yeri gəlmişkən, Sovet dönəmində dilimiz Anar kimi yazarların, Xudu Məmmədov kimi alimlərin etgisi ilə nə qədərsə ağıllı dil imicini qazanmışdı. Çağımızda ingiliscəni gözəl, ruscanı isə bilməyən çoxslu gənclər rus dilinin "fanatlarını" xeyli pis vəziyyətə salır. Bu rusdillilərin bütün davranışlarından "yüksək intellektualın, kübar, elit adamın əsas dili rusca olmalıdır" diskursu yağır və bu zaman ingilis dilini bilib özlərini rusdillilər kimi aparmayan gənclər xeyli güclü alternativ yaradırlar.   

Bəs nə etməli?

Azərbaycan türkcəsi həm danışıqda, həm yazıda ağıllı tekstlərin dili olmalıdır. Bunun üçün isə öz ağıllılarımızın kitabları və dünya ağıllılarından dilimizə çevirmələr bolluca çap olunmalıdır (nə vaxtdandır "Qanun" çap evi bunu edir). Ancaq bu da azdır. Bunun üçün onları bizim camaat çox alıb çox oxumalıdır! Halbuki kitab çapının və satışının vergiləri elədir ki, çox baha başa gəlir. Bu üzdən Orta məktəb dərslikləri kimi bütün elmi, bədii kitablar da əlavə dəyər vergisindən azad edilməlidir. Bunun büdcəyə ziyanı az olacaq, əvəzində mənəviyyatımıza faydası çox olacaq. Kitablar ucuz olduğu üçün tirajları artacaq və alanlar da çox olacaq.

Dilimizin ağıllı düşüncələrin dili olması üçün teleradio kanallarından ölkənin parlaq düşüncə adamlarının çoxuna qoyulmuş siyasi yasaq aradan götürülməlidir. Baxın, nə qədər intellektuallar var ki, TV-lərə tok-şoulara buraxılmırlar ki, birdən tanınmış olarlar, birdən sayğı qazanarlar. Sonucunda gənclər onların söhbətlərinin şahidi olmurlar ki, dilimiz onların gözündə ağıllı dil imicini qazansın.

Siyasi verilişlərə bu intellektualları buraxmırlar, buraxmasınlar. Ancaq bəyəm, tarix, mənəviyyat, mədəniyyətlə bağlı dartışmalara onları çağırmaq olmaz?!

Dilimizdə ərəb-fars sözlərindən arınmaq işi siyasi yöndən simvolikləşdirilib. Rəsmi dövlət tekstlərində türkcəsi çox olan üsluba nəsə ögey baxırlar. Ona görə də qanunların dilində "müvafiq" sözünə rast gələrsən, "uyğun" sözünə yox, "lazım" sözünə rast gələrsən, "gərək" sözünə yox.

Dilimizin təmizlənməsi təkcə müstəqil mətbuatda yox, dövlət sənədlərində də getməlidir. Çünki öz sözlərimiz çox olan dil ərəb-fars dillərinin hesabına yox, öz hesabına ağıllanmış dil olacaq.

Deqradasiya gətirən narazılıqlar

Dil söhbətlərinin ortaya çıxmasının nədənləri 

Son vaxtlar dilimizin durumu və necəliyi haqqında söhbətlər yenə gündəmə gəlib. Hərdən düşünürəm ki, dil medianın yadına konuları qıtlaşanda düşür. Çünki neçə illərdən bəridir ki, dilimizlə ilgili türlü ideyalar söylənilir, ancaq söylənən kimi də yaddan çıxır. Çıxmasının qarşısını almaqda təkcə ideyanı ortaya çıxaran sorumlu deyil. Ən azı dillə ilgilənən jurnalistlər ritmik şəkildə həmin ideyalara qayıdıb "yerə" tökülənləri yığıb-yığışdırmalıdırlar. Nəyə çatmışıq, nəyə hələ çatmamışıq və çatmalıyıq, nələr deyilib, onlardan nələr hələ də çıxarılmayıb? Bu sorularla aspirantlar, dillə maraqlanan jurnalistlər məşğul olmalıdırlar. Onlar isə hər dəfə dillə bağlı müsahibəyə gələndə görürsən ki, sıfırdan başlayırlar, yəni artıq, nələrin deyildiyindən "xavarları" yoxdur. Deməli, dil onların yadına mövzu qıtlığında düşür.

Universallaşmış narazılıq sindromu

Ancaq dil haqqında dartışmaların hər dəfə gedəndən sonra yenidən gündəmə qayıtmasını şərtləndirən başqa səbəb də var. Bu, daha konu qıtlığı deyil, narazılıq sindromudur. Toplumun yaşam, oluşma tarixi boyu təkrarlanan narazılıqlar olur. Örnəyin, hər dönəmdə yaşlı nəsil gənclərdən narazı qalır. "Cavanlar korlanıblar!" bütün onilliklərin təkrarlanan diskursudur. Qızlardan narazılıq da universaldır, ancaq analardan narazılıq olsa-olsa ayrı-ayrı marginal intellektuallarda olur. İqtisadi durumdan narazılığın çox qəribə psixolojisi var. Bizim maddi vəziyyətimiz ötən yüzilin 90-cı illərinə baxanda, nəinki 90-cı illərə, hətta 70-80-ci illərə baxanda qat-qat yaxşıdır, ancaq orta azəri, yazıqlar olsun ki, bunu unudur, indisindən elə narazılıq edir ki, sanki öncələr yaxşı idi, indi korlanıb.

Az qala bütün ata-analar Sovet dönəmində yaşayışın səviyyəsini elə tərifləyirlər ki, eyni inam 90-cı illərdə anadan olmuş gənclərə də keçir. Bunu bir dəfə tələbələrimlə söhbət edəndə görüb şoka düşmüşdüm. Onları necə başa salasan ki, Sovet adamının qızıl vaxtı pul qazanmağa yox, çörək-qənd almaq üçün növbələrə gedirdi. Bəndəniz bu ağır rejimdə nou-hau yaparaq çox elmi kitabları növbələrdə oxuyurdu ki, gözləməkdən ürəyi partlamasın. İngiliscənin sözlərini də elə növbələrdə əzbərləmişdim.

Sovetlərdə yaşayışın yaxşı olmasına inanan əziz gənclər, o zamanların yaxşı maaş alanlarından biri mən və xanımım idi. Elmlər namizədi və baş müəllimlər kimi ikimizin "donluğu" (nə ilginc sözdür!) 500 manatdan çox idi, ancaq mən özümə normal kostyum ala bilmirdim. Ən pisi isə o idi ki, Sovet adamı total görməmiş idi (çox sevinirəm ki, görməmişlik haqqında yazılarımdan sonra həmin söz elmi status qazanmağa başlayıb).

İqtisadiyyatla ilgili mənim söylədiklərimi çağımızın mədhiyyəsi kimi qavramaq gərəkməz, iqtisadiyatdan ulusun narazılığı hər yerdədir, ancaq bu narazılıq iqtisadiyyatı stimullaşdıran olmayanda, insafsız ağlaşma olanda xalq korlanır.

Dilə gələndə

Son yüzillərdə dildən narazılıq da universal hala çevrilib. İngilislər hindus, şotland, amerikan ingiliscəsindən narazıdırlar.  Amerikanlar İngiltərədəki ingiliscəyə həsəd apararaq zənci ləhcəsinə ikrah edirlər. Sovet Rusiyasında Rasputin, Şukşin kimi yazarlar ədəbi şəhər ruscasından narazı idilər.

Çağımızda TV-dəki azərbaycancadan narazı qalanlar elə danışırlar ki, guya Sovet TV-sində dilimizin səviyyəsi yüksək idi, onu gənc şou aparıcıları korladılar. Halbuki Sovet Azərbaycanın mediasındakı dil çox bozğun və normativ idi. Yasaqlar o qədər idi ki, "Qobustan"da bir yazımda "ozan" sözünün getməsindən Anara narazılıq etmişdilər. Mən "nəsnə" sözünü işlədəndə Mirəli Seyidov sevincək zəng vurmuşdu. Məndən qabaq o işlətmişdi və sevinmişdi ki, həmfikiri tapıldı.

Ədəbi dildə danışıq dilinin sintaksisinə, intonasiyasına yasaq vardı. Türkiyədə ədəbi-bədii dildə "yapammaram" normal qəbul edilirdi. Bizdə isə indi-indi "gedəmmərəm" yazırıq.

Necə ki iqtisadiyyat və mənəviyyatla, əxlaqla bağlı xəstə narazılıqdan qurtulmalıyıq, eləcə də bundan dilimizlə bağlı qurtulmalıyıq. Dildən narazılığımız başqa düşüncə və duyğularda olmalıdır. Necə olmalıdır? Bu haqda sonra.    

(Davamı şənbə sayında)

 





31.03.2021    çap et  çap et