525.Az

Böyük mücahidin oxumadığı yazı - Abid Tahirlinin araşdırması


 

Böyük mücahidin oxumadığı yazı - <b style="color:red">Abid Tahirlinin araşdırması </b>

Nağıl qəhrəmanlarının macəralar, çətin sınaqlar və möcüzəli qurtuluşlarla dolu həyatına bənzər ömür yolu olan Məmməd Altunbayın adı Azərbaycanın istiqlal mücadiləsi tarixinə istedadlı və mübariz publisist kimi də düşüb. Ən müxtəlif mövzularda qələmini sınayan M.Altunbayın bütün yazılarının bir ortaq cəhəti var: Azərbaycan davası! Onun qələmə aldığı "Ceyhun Hacıbəyli" adlı oçerki də ("Mücahid" məcmuəsi", №53-54, səh.8-9) istisna deyil.

Oçerk Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni, istiqlal uğrunda ideoloji mücadilə tarixində parlaq iz qoymuş Ceyhun Hacıbəylinin həyatı və irsi haqqında daha geniş və səhih məlumat almaq baxımından əhəmiyyət kəsb edir. Bu barədə bir qədər sonra bəhs edəcəyik. Əvvəlcə, oçerkin sonunda qara şriftlərlə verilən və dərhal diqqəti çəkən "Not"a diqqət yetirək: "Bu yazı Ceyhun Hacıbəylinin sağlığında yazılmışdır. Fəqət mərhumun təvazökarlığı və reklamı sevməməsi səbəbi ilə onu qırmaqdan çəkindiyimiz üçün sağlığında dərc edilməmişdir". İlk baxışda o qədər də əhəmiyyətli görünməyən bu fakt-məlumat əslində Ceyhun bəyin həyat və düşüncə tərzi, xarakteri barədə kifayət qədər təəssürat yaradır, çox mətləblərdən xəbər verir. Təsadüfi deyil ki, az qala 50 ilə yaxın zəngin yaradıcılıq və 40 illik istiqlal uğrunda mücadilə yolu keçən C. Hacıbəyli haqqında, demək olar ki, mətbuatda materiala rast gəlinmir. Vəfatından az sonra isə böyük mücahidin və istedadlı yazıçının haqqında dünya şöhrətli türkoloq professor Əhməd Cəfəroğlu, uzun illər "Azadlıq" radiosu Azərbaycan redaksiyasının rəhbəri işləmiş Məcid Musazadə (1914, İsmayıllı rayonu - 1990. Münhen), Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri Mustafa Vəkiloğlu (1896, Qazax qəzası- 1965- Ankara), məşhur "Həyatımın hekayətləri" memuarının müəllifi Əziz Alpoud (Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov - 1895, Qazax qəzası - 1988, Ankara) və digərləri maraqlı məqalələr, həzin xatirələr yazmışlar. Həmin yazıların hər biri Ceyhun bəyin şəxsiyyəti, yaradıcılıq yolunu öyrənmək baxımından böyük əhəmiyyət kəsb etməklə yanaçı, müəlliflərin də tərcümeyi-halını, tədqiq etmək, yaradıcılıqlarını dəyərləndirmək cəhətindən, mühacirət problem və qayğılarını araşdırmaq nəzərindən maraq doğurur. N.Xəzər adlı müəllifin "Ceyhun bəyin vəsiyyəti" adlı məqaləsi sarsılmaz əqidə sahibi C.Hacıbəylinin həyat kredosunu göz önündə canlandırır. Məlum olur ki, C.Hacıbəyli vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu Daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayıb. Həmin məktubda o, Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna yazır, vəsiyyət edir ki, mühacirləri bir yerə toplamağa səy ediniz, bu çox mühümdür. "Mücahid" jurnalının həmin nömrəsində Ceyhun bəyin məktubunun surəti də verilib. C.Hacıbəyli digər silahdaşlarının xatirəsində də yüksək amallar sahibi, sadə, təvazökar, prinsipial, səmimi və sadiq insan kimi qalıb.

M.Altunbayın yazının girişindəki qeydlərindən məlum olur ki, "Mücahid" məcmuəsi Azərbaycana xidmət etmiş tarixi şəxsiyyətləri oxuculara tanıtmağı da qarşısına məqsəd qoyub. Onlardan biri - Ceyhun Hacıbəylidən söhbət açan müəllif əvvəlcə qəhrəmanının ömür yoluna nəzər salır: "Ceyhun Hacıbəyli 3 fevral 1891-ci ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlmişdir. Azərbaycan musiqisinin böyük ustadı olub şöhrəti bütün dünyaya yayılan mərhum Üzeyir bəyin qardaşıdır. Ceyhun bəy ilk və orta təhsilini Azərbaycanda aldıqdan sonra Peterburqda ali hüquq təhsilinə yiyələnmişdir". M.Altunbay yazır ki, gənc yaşlarından siyasi həyata fəal qoşulan Ceyhun bəy "Russkaya molva" (Peterburq) və Bakda nəşr edilən "Kaspi", "Tərəqqi", İrşad" və s. kimi qəzetlərlə sıx əlaqə saxlayır, əməkdaşlıq edir. C.Hacıbəyli Bakıda buraxılan erməni və rus dilində çıxan ermənipərəst mətbu orqanlarda dərc olunan qərəzli, antiazərbaycan mövqeli materiallara qarşı kəskin cavablar verir və onların saxtakarlığını ifşa edirdi. M.Altunbay qəhrəmanının qəzetçilik fəaliyyətini izləyir, onun 1917-ci ildə "İttihad", 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət "Azərbaycan" qəzetlərinə redaktorluq etdiyini yazır. İlk demokratik dövlətimizin həyatında yaxından və fəal iştirak edən C.Hacıbəyli Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun (1862-1934) rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyət hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün nümayəndə heyəti tərkibində 1919-cu ilin yanvarında Fransaya yola düşür.

No description available. 

Azərbaycan bolşevik istilasına məruz qalandan sonra bir daha Vətənə qayıda bilməyən Ceyhun bəy bütün həyatının kommunist ideologiyası və sovet rejiminə qarşı mücadiləyə həsr edir. İstedadlı publisistin yaradıcılığı çoxşaxəli, rəngarəng, işıqlı, nikbin ruhu, sarsılmaz ideyası, maraqlı məzmunu, cəsarəti, aktuallığı ilə diqqəti çəkir. Versal Sülh Konfransına uzun və iztirablı yolçuluq zamanında, Parisdə çətin həyat şəraitində, sovet xəfiyyəsinin təqibləri altında da Ceyhun bəy böyük iradə və əzmkarlıq göstərərək mücadiləsindən bir an da olsun geri çəkilməmiş, "Azərbaycanın qurtuluşu mücadiləsinə Avropanın müxtəlif mətbu orqanlarında dərc etdirdiyi yazılarla davam etdirmiş, rusların Azərbaycan xalqına etdiyi zülmləri hür dünyaya anlatmağa çalışmışdır".

M.Altunbay Ceyhun Hacıbəylinin Azərbaycan tarixinə, mədəniyyətinə, görkəmli xadimlərinin həyat və yaradıcılığına dair əsərlərinin, o cümlədən "Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İlk müsəlman Respublikası Azərbaycan" və digərlərinin adlarını çəkərək yazır: "Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları" əsəri Münhendəki Sovetlər Birliyini Öyrənmə İnstitutu tərəfindən çap olunmuş, dünyanın hər yerinə yayılmışdır. Qeyd edək ki, həmin əsər xüsusi ilə SSRİ-də böyük əks-səda yaratmış, Sovet İttifaqının rəhbər dairələrində hiddətlə qarşılanmışdır. Ceyhun bəy hələ mühacirətdən xeyli əvvəl dini mövzuda çoxsaylı publisistik məqalələr yazmış, islami dəyərləri təbliğ etmiş, islama qarşı müxtəlif məqsədlərlə, çirkin niyyətlərlə olan hücumları kəskin tənqid atəşinə tutmuşdur. Bu baxımdan onun vaxtı ilə "Kaspi" qəzetində dərc etdirdiyi "Quranın tərcüməsinə dair", "Müsəlman ruhanilərinin səlahiyyəti haqqında", "Avropalılar islam haqqında", "Aşura haqqında", "Ramazan başladı", "Bir daha ruhani seminariyası barədə", "Ruhani idarəsində islahatlar haqqında", "İslamın biliciləri", "Müfti barədə məsələ haqqında", "Qurban bayramı" və s. məqalələri bu gün də aktualdır.

C.Hacıbəylinin vəfatından xeyli əvvəl qələmə alınan oçerkdə M.Altunbay böyük mücahidi və istedadlı publisisti "səmimi, vətənpərvər və imanlı müsəlman türk" adlandırır və ondan "yurdumuzun qurtuluşu uğrunda daha çox və faydalı xidmətlər gözlədiyini" yazır...

 





31.03.2021    çap et  çap et