525.Az

Qartal və şahin nümunəsi - Telman Orucovun yazısı


 

Qartal və şahin nümunəsi - <b style="color:red">Telman Orucovun yazısı</b>

Elə insanlar var ki, onlar ürəklərinin hökmü ilə xalqına əvəzsiz xidmət göstərməklə, onun nəhayətsiz hörmətini qazanır, mübaliğəsiz olaraq, məhəbbətinə sahib olurlar.

Öz millətinin üstündən qara ləkəni götürməyə qadir olan bu şəxsə adamlar təkcə öz müasiri kimi deyil, əfsanəvi qəhrəman kimi baxır, az qala ona sitayiş edirlər. Bu şəxsiyyətin adı və hünəri daşa həkk olunan kimi, insanların xatirəsinə silinməz qaydada yazılmaqla, gələcək nəsillərə ötürülür. Bir igid hansısa döyüşdəki rəşadətinə görə dillərə düşür, hər məclisdə onun şücaəti barədə, bəlkə də, bir qədər şişirdilmiş söhbət gedir. Öz xalqının tarixində isə keçmiş əsrlərdə də görünməmiş qəhrəmanlıq səhifəsini yazanın ünvanına isə hökmən bu millətin təkcə indiki deyil, gələcək nəsillərinin də alqış duaları səslənəcəkdir. Bu dualar qulaqlarda həm laylay nəğməsi, həzin və şirin melodiya kimi, həm də fədakarlığa haraylayan cəngi səsi təsirini göstərəcək. Onun yandırdığı şam millətin vüqarlı mənliyindən xəbər verdiyinə görə heç vaxt sönməyəcək, həmvətənləri üçün yol göstərən ulduz rolunu oynayacaqdır. Tarixi yaradanlar tarixin kiçik səhifəsində deyil, böyük bir bölməsində xatırlanmağa layiq olur. Millətə əsaslı xidmətin qiyməti də özü kimi böyük və nəhayətsizdir.

Belə şəxsiyyət qartala bənzəyir, qartal xüsusiyyətlərinə malikdir. Qartal səmanın fatehidir. Təbiət belə yüksəkliyə qalxmaq üçün ona güclü qanadlar vermişdir. Uçanda onların havanı yarması ölçüsü iki metr yarıma çatır. Ən yaxşı xüsusiyyəti gəmiriciləri məhv etməsidir. Türk dilində qartalı nişan verən obrazlı, idioma şəklindəki "Beşiktaş" ifadəsi var. Yəni bu quş qayalarda, daş beşikdə meydana gəlmiş, böyümüş, oradan da ənginliklərə pərvazlanmışdır. Bizim qartalımız da ölkəmizin məkanına soxulmuş gəmiriciləri məhv etməli idi və təbiətindən irəli gələn bu işi uğurla həyata keçirdi. Onun haqqında deyirlər: "Müharibədə birinci, sülh dövründə birinci olmaqla, öz  həmvətənlərinin ürəyində də birinci yeri tutur".

Şahinlər qartallara nisbətən kiçik qanadlara malikdir, ona görə də onların fəth etdikləri yüksəkliklərə qalxmasalar da, uçuşu, cəsarəti ilə digər öz sinfinə daxil olan varlıqlardan fərqlənir. Avropada, Asiyada şahinlə ov etmək ən maraqlı istirahət növü hesab olunur. Şahin ovladığı quşu özü yemir, sahibinə çatdırır. Bu quş öz xüsusiyyətlərinə görə daim diqqəti cəlb etmiş, onu vəsf edən nəğmələr qoşulmuşdur.

Xalqımız qartal kimi, şahin kimi oğulları ilə öyünə bilər. Onlar mənsub olduqları elin, millətin daim başını ucaldır, onun mənliyini tanıtmağa kömək edirlər. Qartal öz xalqını xəcalət hissindən birdəfəlik azad etməyi bacarmış, şahin də öz ləyaqəti ilə ad çıxarmışdır.

Əgər biz bu xilaskarın nadir nümunəsini qartala bənzədiriksə, öz nisbətən kiçik qanadlarını geniş açıb, səmada uçuşu ilə başqalarının həsəd apardığı şahinlərə bənzərlər də var. Əgər insanlardan söhbət gedirsə, onlar başqalarına hücum çəkməklə, heç də ovla məşğul deyillər, adamları ancaq öz alicənablıqları ilə heyrətləndirməyi bacarırlar. Onların nə orduları, nə pəhləvan və ya qoçu dəstələri vardır, onlar nə vuruşa yollanmış, nə şəhərlər və ərazilər zəbt etmişlər. Onlar üçün döyüşkənlik qüvvəsini kökslərindəki döyünən ürək əvəz edir, bu ürək başqalarına yaxşılıq etməkdən, yad olanlara kömək əli uzatmaqdan həzz alır. Onlar kimisə utandırmaqdan ötəri borclu salmaq üçün bunu etmirlər, yaxşılıq etməyi özlərinin borcu, vəzifəsi hesab edirlər. Elə bil ki, onlar dünyaya alicənablıq nümunəsi kimi, yaşamağın, ömür sürməyin mahiyyətini eyş-işrətdə, dəbdəbəli həyat tərzində deyil, başqalarına dayaq olmaq, onları ehtiyac girdabından xilas etmək üçün gəlmişlər. Belələri elədiyi yaxşılıqdan heç nə qazanmırlar, özlərinin xarakterindən irəli gələn işi görməklə əsl könül rahatlığı tapırlar.

Onlarda özünə müraciət edənləri fərqləndirmək, dərəcələrə bölmək yoxdur. Ona müraciət edən adam istər imkansız və ya imkanlı olsun, xəstə və ya sağlam olsun, fiziki qüsurları olsun və ya onlardan xali olsun, dəxli yoxdur, xahiş və ya müraciət etmişdirsə, hökmən reaksiya veriləcək və ona tərəf uzanan kömək əli hiss olunacaq. Onlardan biri ölkənin vaxtilə varlı sayılan doğma şəhərindəki indi ehtiyacı olanların sayının artdığından hali olduqdan sonra, onların xəbəri olmadan siyahı tutmuş və hər ay müəyyən məbləğdə maddi yardım göstərməklə, öz rahatlıq bilməyən ruhunu sakitləşdirmişdir.

Bəzən aqil adamlara hansısa bir hadisənin mənəvi təsiri onların malik olduğu keyfiyyətləri daha da dolğun edir, ləyaqət nişanələrini xeyli yüksəldir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində çaldığı böyük qələbə ona əlavə güc və ilham vermişdir. O, müharibədə şəhid olanların ailələrinə və yaralanan qazilərə dövlətin göstərdiyindən əlavə maddi kömək etməyi özünün vətəndaşlıq missiyası hesab edərək, qələbə yolunda bu canını və qanını verənlərə özünü daim borclu hesab edir. O, xalqını bu xoşbəxtliyə çatdırmağa kömək etmiş Tanrıya da öz minnətdarlıq hisslərini ifadə etməklə yanaşı, müharibədə qələbə sevinci ilə yanaşı, həm də ağrıya sahib olmuş adamların yanında olmağı, onların dərdlərinə məlhəm qoymağa can atmasını özünün Allah qarşısındakı təəhhüdlərindən biri kimi qiymətləndirir.

Bir dostum onu hindlilərin, hindusların Allahı olan çoxqollu Şivaya bənzədir və deyir ki, elə bil, bu adamın da onlarla əli var və bu əllər hamıya kömək etməyə çatır. Hinduslar Şivaya xüsusi məhəbbət bəsləyirlər. Onun Parvati ilə evləndiyi gün böyük bayram kimi qeyd edilir və onun heykəli iri arabada Hindistanın və Nepalın şəhərlərinin küçələrində gəzdirilir. Ona sitayiş edənlərdən basırıq nəticəsində arabanın təkərlərinin altına düşüb ölənlər də olur. Lakin belə bədbəxt hadisələr də Şivaya olan məhəbbəti qətiyyən azaltmır.

Başqa birisi onu Mario Pyuzonun "Xaç atası" romanının məşhur qəhrəmanı Don Vito Karleoneyə bənzədir. Əlbəttə, Don Karleone ona müraciət edənlər üçün hər şeyi edirdi. Məhkəmənin ədalətsizliyi ucbatından adamlar ədalət üçün onun qarşısında diz çökürdülər. Lakin Don Karleonenin əli həm də qana batmışdı. O, adamları öldürməklə hədələyirdi. Bircə şərt də bu idi ki, ona müraciət edənlərin xahişini yerinə yetirə bilsin.

Bizim tanıdığımız alicənab iş adamının isə cinayət aləmi və əməli ilə heç bir yaxınlığı, əlaqəsi yoxdur. Karleone öz titulunu daha da şöhrətləndirmək üçün bunları edirdi. Bizim həmyerlimizi isə heç bir titul maraqlandırmır. O, belə hisslərdən, əslində, tam uzaqdır. Ona görə də onun həmvətənlərinə göstərdiyi alicənablıq ilə Don Karleonenin mərhəmət göstərməsi arasında böyük fərq vardır. Həmyerlimiz bir adamın da barmağının qanamasını istəmir, ümumiyyətlə, qəddarlığa nifrət edir.

O, əvvəlcə elmi işçi, alim, professor-doktor olmuşdu, sonra sahibkarlıqla məşğul olaraq, varlı adamlardan birinə çevrilmişdi. Ölkədə varlı adamların sayı xeyli çoxalmışdır. Onlardan çoxu tikdirdikləri evlərlə, malikanələrlə, bahalı maşınlarla tanınırlar. Bizim misal çəkdiyimiz isə onların arasında, bəlkə də, yeganə adamdır ki, bütün gücünü sahibkarlıqla yanaşı, xeyriyyəçiliyə vermişdir. O, bu əməlini də heç vaxt reklam, təbliğ etmir. Böyük Pyotrun saldığı şəhərdə tələbə ikən uzaqdan tanıdığı bir azərbaycanlı, arvadının ağır xəstəliyinə görə böyük dərdlə üzləşəndə onun yanına gəlmişdi ki, ondan kömək diləsin. O, bu adamı ən yaxın dostu kimi  qarşılamış, xanımının xərçəng xəstəliyinin cərrahiyə əməliyyatı üçün böyük məbləğdə pul xərcləmiş, bu bədbəxt professor qadının ömrünün 20 ildən çox uzanmasına səbəb olmuşdu. Onun əri ölənə qədər bu yaxşılığın əvəzini çıxa bilməyəcəyini öz dostlarına dəfələrlə etiraf etmişdi. Bu hadisə bir bədii əsərdə də öz əksini tapmışdır.

O, yanına xahişə gələn adamların dərdlərini öz ürəyinə salırdı. Heç vaxt hansısa bir fayda üçün deyil, yalnız hörmət etdiyini göstərmək üçün bu yaxşılıqları edirdi. Qoy hər yerdə onlar yalnız onun alicənablığından faydalandıqlarını etiraf etsinlər.

O, başqalarından fərqli olaraq kömək göstərdiyi adamların hansı zümrədən olmasına da əhəmiyyət vermir. Hər bir adamı - varlı və ya kasıbı, qüdrətli olanı da, fağır birisini də qəbul edir, hamısına bərabər məhəbbət göstərirdi. Heç kəs onun laqeydliyindən şikayətlənə bilməzdi. Sadəcə olaraq bu xüsusiyyətləri onun xarakterindən irəli gəlirdi. Bu adam qazandıqlarından xalqına çatdırmağı özünə təlqin etdiyindən, "ən yağlı tikəni də" bunu yemək arzusunda olan insanlara, öz xalqının nümayəndələrinə çatdırır və bundan xüsusi xoşbəxtlik hissləri duyur.

Ümumiyyətlə, elm adamları və istedad sahibləri tez-tez ona yardım barədə müraciət etmiş, heç biri naümid yola salınmamışdı. Ondan bu müqayisə olunmayan alicənablığının səbəbini soruşduqda, o, gülə-gülə demişdi: "Məgər siz nəfəs almaq üçün vacib olan havadan, yaxud sağlamlığınız naminə qəbul etdiyiniz qidadan, yaxud sudan imtina edirsinizmi? Yaxşılıq etmək də mənim mənəvi tələbatima çevrilmişdir. Kimisə əliboş yola sala bilmirəm, bəs bu sərvəti nəyə görə qazanmişam? Heç kəs var-dövləti özü ilə qəbrə aparmir, onu iri məbləğdə uşaqlara, nəvələrə miras kimi vəsiyyət etmək də ağılsızlıqdır. Yalnız fironlar dəfn ediləndə, sərdabədə onun cəsədinin yanına ləzzətli xörəklər qoyurdular ki, ondan istifadə etsin. Sonradan başa düşüldü ki, ölüyə yemək lazım olmur.

ABŞ-ın polad maqnatı və filantrop kimi şöhrət tapmış Endryu Karneqi XX əsrin əvvəllərində istirahətə yollanarkən xeyriyyəçiliyə 350 milyon dollar, indiki pulla 300 milyard dollar pul ayırmışdı. Ölümündən bir əsr sonra da onun adı yaşayır, müxtəlif fondları və muzeyləri şöhrətə çatdırmışdır. Onun yolu ilə gedənlər də az deyil. Mən Karneqi deyiləm, ancaq öz imkanım daxilində xeyriyyəçiliyə çox pul xərcləyirəm və elə bilirəm ki, bu vaxt mən heç nə itirmirəm, ancaq qazanıram. Amerikan milyarderi Bill Geyts xeyriyyəçilik fonduna 28 milyard dollar pul qoymuş və milyarderlərə müraciət edərək, öz sərvətlərinin yarısını xeyriyyəçiliyə sərf etmək təklifi ilə çıxış etmişdir. Son dövrlərdə iqlimin dəyişilməsinə qarşı mübarizəyə 2 milyard dollar pul ayırmışdır. Bunlara görə o, heç də kasıblamadı,  əvvəlki sərvətinə yenidən yiyələndi, ancaq xeyriyyəçilikdə də ad çıxartdı. Mən ehtiyacı olanlara laqeyd qala bilmirəm. İmkanım olduğuna görə onlara kömək əlimi uzatmağı özümə borc və şərəf hesab edirəm.

Əgər bir nəfərin dərdinə yarayıramsa, narahatlığını azaltmağa nail oluramsa, onun üzündə təbəssümün meydana gəlməsini görürəmsə, paxıllarımın mənə hədsiz nifrəti müqabilində də mən özümü xoşbəxt hesab edirəm".

Onun haqqında çox danışmaq olar, əməlləri onun haqqında yazılacaq iri əsərdən də, yəqin ki, şöhrətli və qiymətlidir. Arzu edirik ki, bu bulağın zümzüməsi bundan sonra da çoxlarını ovutsun, bu qaya öz varlığını qoruyub saxlasın, bundan isə hamı, heç şübhəsiz, razı qalacaq.

Həmin şəxsi qayaya da bənzətmək olar, zaman və təbiət hər şeyi dəyişsə də, qayaya təsir göstərə bilmir. Yalnız təbii kataklizm baş verdikdə, vulkan püskürdükdə qayanın əzəmətində müəyyən bir dəyişiklik baş verə bilər. Həmyerlimizə arzu edərdik ki, o, həyatda heç bir təbii fəlakətlə, həm də süni, insan ağlından irəli gələn kataklizmlərlə üzləşməsin. Onun sabit varlığı başqaları üçün təskinlik mənbəyi, arxalandığı dayaq olacaq.

Belə qartala və şahinə malik olan xalq xoşbəxtdir, çünki onun belə qəhrəman və qeyri-adi dərəcədə xeyirxah övladları vardır. Gənc nəsil qorxaq pinqvinlərdən, sürüsünə xilaf çıxan sərçələrdən deyil, belə qartal və şahin rəmzlərindən ibrət götürməli, onlardan vətənə, xalqa xidmət göstərməyi öyrənməlidir. Onlar totem roluna iddia etmirlər, nümunələri xalq üçün, xüsusən yeniyetmələr və gənclər üçün örnək mənbəyidir. Əslində, onlar çoxları üçün həyat universiteti rolunu oynamalıdır.

 





31.03.2021    çap et  çap et