525.Az

Qürur küçəsi - Vüsal Nuru yazır


 

Qürur küçəsi - <b style="color:red">Vüsal Nuru yazır </b>

Azərbaycanın Milli Qəhrəmanı, "Azərbaycan Bayrağı" və "Türk Dünyasının Kahramanı" ordenli qazi İbad Hüseynli qardaş Türkiyə tərəfindən növbəti dəfə mükafatlandırılıb. Karataş Bələdiyyə Başkanı Necip Topuzun bələdiyyə məclisinə verdiyi təklif əsasında alınan qərara əsasən, Karataş şəhərində mərkəzi küçələrdən biri Milli Qəhrəmanımızın şərəfli adını daşıyacaq, orda kölgəsinə qurban olduğum üçrəngli şanlı bayrağımız dalğalanacaq.

Açıqlamasında Bələdiyyə Başqanı Necip Topuz İbad Hüseynlinin adının Türk dünyası üçün çox önəmli olduğunu diqqətə çatdırıb. Bu şərəfli adın Karataşda da yaşadılmasını vacib hesab edib. Xatırladım ki, İbad Hüseynlinin adına Ankaranın Gölbaşı rayonunda, Kırşehirdə, Qaziantep şəhərində həm küçə, həm də əhalinin sıx yaşadığı bölgədə park var. Bu bir azərbaycanlı qaziyə, onun döyüş yoluna olan yüksək diqqətin, hörmətin nümunəsidir. Onun vətən, millət üçün bitməyən savaşı, mübarizəsi qiymətləndirilib. İndi həmin küçələrin sakinləri öz kimliklərində İbad Hüseynlinin adını daşıyırlar, getdikləri ünvana Milli Qəhrəmanımızın adını verirlər, "İbat Hüseynli sokağı" deyə görüş yerlərini təyin edirlər. Bu da, bir millət olaraq, bizim üçün fəxr və fərəh mənbəyidir.        

İbad Hüseynli əlinə silah alan gündən səngərdə, atəşkəs dövründə kürsülərdə savaşıb. Dəfələrlə İbad Hüseynli ilə səfərlərdə olmuşam, onun Azərbaycanın haqlı davasını necə əzmlə apardığına şahidəm. O, getdiyi hər yerdə Azərbaycan qazilərinin hünərini, cəsarətini, döyüş  əzmini onu dinləyənlərə çatdırıb. Ölkəmizin mövqeyini göstərib, haqlı davasına tərəfdaş yığıb. Mən heç vaxt onun özü haqqında danışdığını eşitmədim, söz İbad Hüseynlidən düşəndə sadəcə bir kəlmə deyir: "Biz danışmağı yox, savaşmağı öyrəndik". Həqiqətən, o, bütün cəbhələrdə vətənimiz, dövlətimiz üçün savaşıb. İbad Hüseynli sadəcə bir cəbhənin əsgəri deyil, görünən, görünməyən səngərlərdə ləyaqətlə xidmət edib. Bu gün də aldığı fəxri adların, mükafatların sərin kölgəsində dincəlmir, rahatlanmır. O, "mən həmişə əsgərəm" deyir.

Deyirlər, millət o vaxt böyük olur ki, onun qəhrəmanları lap uzaqdan görünsün - dağın zirvəsi kimi. Bir xalq haqqında onun qəhrəmanlarının adı, şanı sayəsində fikir, düşüncə formalaşır. Bu gün Karataşın "İbat Hüseynli sokağın"da yaşayan sadə adamların çoxu, bəlkə, bu adı ilk dəfə eşidəcəklər, onun şəklini küçənin başında ilk dəfə görənlər olacaq, amma bir ömür boyu hafizələrində, yaddaşlarında, sənədlərində qalacaq. Bu adın sayəsində Azərbaycan oğullarının vətən qeyrəti, sevgisi, onların şücaəti, mərdliyi o adamlarda Azərbaycana münasibəti formalaşdıracaq. Yadımdadır, biz Karataşda olanda İbad Hüseynlinin bu şəhərə gəldiyini bilənlər ilk olaraq ondan Qarabağ müharibəsini soruşurdular. Onlar da eynən bizim kimi bu torpaqların nə vaxt geri qaytarılacağını bilmək istəyirdilər. İbad Hüseynli onlara anlayacaqları dildə ümumi vəziyyəti elə izah edirdi ki, hamı öz payını götürürdü. Açığını deyim, mən də heç inanmazdım ki, dünya işğalçılarının əlində iyirmi yeddi il əsir qalan Qarabağı bu qədər tez bir vaxtda azad etmək olarmış.  Amma İbad Hüseynli Qarabağın yaxın vaxtlarda azad olacağını deyirdi. Həmişə ümidli, inamlı danışırdı. Onunla danışanda adam dünyayla savaşmaq istəyir. O da istəyirdi Azərbaycan dövlətinin gücünə, ordusunun hazırlığına, oğullarının igidliyinə bir nəfər də şübhə eləməsin.

Karataşda İbad Hüseynlinin yanında durmaq, onunla danışmaq, şəkil çəkdirmək elə bil o büllur ürəkli adamların çoxdankı arzuları imiş. İndi onun adına verilmiş küçənin sakini olmaq qismətlərinə yazıldı.

İndi Karataşdakı o küçə bizim üçün, bütün türk dünyası üçün daha bir qürur küçəsidir. Ümid edirəm ki, tezliklə yolum Karataşa düşər. Bax, onda bir taksiyə oturub sürücüyə fəxarətlə bu ünvanı verəcəm: "İbat Hüseynli sokağı!"

 





01.04.2021    çap et  çap et