525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

Atayev Nicat Habil oğlu 5 mart 1994-cü ildə Mingəçevirdə doğulub. 2000-ci ildə Bakıda 200 №li məktəbdə təhsilə başlayıb. 10-cu sinifdə təhsilini Gəncədə 55 №li Kəlbəcər məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra 2011-ci ildə hərbi xidmətə yollanıb. Xidmətini Naxçıvan şəhəri N saylı hərbi hissədə keçib. 2013-cü ildə xidmətini başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin fiziki hazırlıq fakültəsinə daxil olub. Ali təhsili bitirdikdən sonra sənədlərini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə verib. 2019-cu ildə 3 aylıq zabitlik kursunu başa vurduqdan sonra Füzulidə N saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci il sentyabrında başlanan II Qarabağ müharibəsində fəal iştirak edib, döyüşə ilk atılanlardan olub. Elə ilk gün şəhadətə yüksələn Atayev Nicat II Qarabağ müharibəsinin ilk şəhidlərindəndir.

Son dəfə qardaşı Ülviylə sosial şəbəkədə yazışan Nicat vəziyyətin gərginliyini ona bildirib və son tapşırıqlarını verib. N.Atayev Şəhadətindən sonra "Vətən uğrunda" medalıyla təltif edilib.

***

 

Murad Zabil oğlu Gözəlov 12 may 1995-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. 2001-2010-cu illərdə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbdə təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə Neft və Qaz emalı fakültəsinə qəbul olub. 2014-cü ildə kollec təhsilini bitirərək hərbi xidmətə yollanıb. Tərtər şəhərinin Xüsusi Təyinatlı Kəşfiyyat taborunda müddətli həqiqi hərbi xidmət keçən Murad Baş kəşfiyyatçı kimi xidmət edir. M.Gözəlov 2016-cı ildə hərbi xidməti uğurla başa çatdırdıqdan sonra müxtəlif vəzifələrdə çalışır. 2018-ci ilin mart ayından "Neftçala Operating Company LTD" şirkətində operator olaraq işə başlayır. Karyerasında daim uğur qazanan Murad neftin hazırlanması və sabitləşdirilməsi üzrə mütəxəssis vəzifəsinə yüksəlir. 2020-ci ildə Ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı arzusunda olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Qaz Mühəndisliyi fakültəsinə qəbul olur.

Baş kəşfiyyatçı Murad Gözəlov 2020-ci il sentyabrın 20-də könüllü təlimlərə qatılır. Sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsi zamanı kəşfiyyat qrupunda döyüşən Murad mərdliyi, rəşadəti ilə seçilib, döyüşün fəal iştirakçılarından olub. O, oktyabr ayının 30-da Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib, noyabrın 5-də Neftçalada dəfn olunub. Şəhadətindən sonra M.Gözəlov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Fariz Şahin oğlu Həsənov 12 fevral 1987-ci ildə Qazaxın Dağ Kəsəmən kəndində  doğulub. Doğma kəndində orta təhsilini başa vurduqdan sonra vətənə olan borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb. Əsgər F.Həsənov hərbi biletinə şərəf və ləyaqətli xidməti ilə sahib çıxıb. Lakin bir müddət sonra Farizin vətəninə və elinə olan sonsuz sevdası onu 2008-ci ildə yenidən MAXE kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşur. O, hərbiyə müvafiq kursu uğurla keçərək çavuş kimi qayıdır. Ailəli idi. Bir oğlan və bir qız övladı var. Fariz Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Füzuli rayonu ərazisində çiynində tank əleyhinə idarə olunan raket ilə düşmənin çoxlu sayda hərbi texnikasını, 50-dən artıq hərbçisini və 2 hərbi vəzifəlisini məhv edib. Şəhadətindən sonra "Döyüşdə fərqlənməyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Şəhidimiz doğma Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.

***

 

Emil Rafiq oğlu Şamilov 3 iyul 1996-cı ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana kəndində anadan olub. Ailənin biri qız olmaqla 3 övladı olub. Emil orta təhsilini Ramanada yerləşən 296 saylı orta məktəbdə tamamlayıb. 2016-cı ildə isə hərbi xidmətini başa vuraraq, ailəsinin yanına dönüb.

Kiçik yaşlarından idmana olan marağı Emilin sonrakı həyatına ciddi təsir edib. Türk dünyasının milli döyüş sənəti olan Alpaqut döyüş sənətinin sirlərini dərindən öyrənən Emil həm bu idman növündə, həm də karate idmanında ard-arda uğurlar əldə edib. 12 dəfə Azərbaycan çempionu, 1 dəfə Avropa və 1 dəfə dünya çempionu adını qazanıb. Bundan əlavə, Asiya və Zaqafqaziya çempionatlarının da qalibi olub. Onun atası Rafiq Şamilov 1-ci Qarabağ müharibəsi veteranıdır.

İdmanda peşəkarlıq səviyyəsinə çatan Emil "Alparslan" idman klubunu təsis edib. Bundan sonra həm də müəllim kimi idman dərsləri keçib, gənclərə bu idman növünün sirlərini öyrədib. Anası Validə Şamilovanın sözlərinə görə, 2020-ci il sentyabr ayında torpaqlarımızın azadlığı uğrunda ölüm-qalım savaşı başlayarkən Emil tərəddüd etmədən ordu sıralarına yazılıb: "Getdi, könüllü yazıldı bizə demədən. Biz bilmirdik. Deyirdi, çağıracaqlar gedəcəm. Mən də deyirdim ki, bala, çağırarlar gedərsən. Axşam saat 11-in yarısı zəng gəldi ki, səhər gəl komissarlığa. Xəbəri eşidəndə sevindi. Elə sevinirdi ki, uça-uça getmək istəyirdi. Mən ağlayırdım, o sevinirdi. Deyirdi, mama, ağlama, niyə ağlayırsan? Gedib Şuşanı alıb gələcəm".

Onun ən böyük arzularından biri, bəlkə də birincisi Şuşanı azad görmək idi. Bu arzu ilə də döyüşlərə qatılıb. Cəbhənin bir neçə istiqamətində misilsiz qəhrəmanlıqlar göstərib.

Ailəsiylə son dəfə oktyabrın 22-də danışan E.Şamilov oktyabrın 27-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə düşmənin açdığı snayper gülləsiylə şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən sonra "Cəbrayılın azad edilməsinə görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

 

Quliyev Tərlan Bəxtiyar oğlu dekabrın 22-si 1999-cu ildə Cəlilabadın Tahirli kəndində doğulub. 2006-2017-ci illərdə Çəngan kənd orta məktəbində təhsil alıb. 2018-ci il yanvarın 4-də hərbi xidmətə çağırılıb. Xidmətə Goranboy rayonu N saylı hərbi hissədə başlasa da, "And içmə" mərasimindən sonra Ağdamın Baharlı qəsəbəsində davam etdirib. Orda olarkən XTQ kursuna yazılan Tərlan 6 aylıq kursd keçdikdən sonra gizir kimi Bakıda müddətdən artıq xidmətdə qalıb.

2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsində ilk gündən şiddətli döyüşlərdə iştirak edən Tərlan Füzuli, Murov, Kəlbəcər, Hadrut, Xocavənd istiqamətlərindəki döyüşlərdə igidliyi və qorxmazlığı ilə fərqlənib. Gənc yaşında ömrünü vətənə xidmətə həsr edən Tərlan Quliyev oktyabrın 17-də ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və doğulduğu Tahirli kəndində torpağa tapşırılıb. T.Quliyev şəhadətindən sonra "Kəlbəcərin azad edilməsinə görə" və "Vətən uğrunda" medallarıyla təltif olunub.

***

 

Rauf Allahverdi oğlu Süleymanov 1987-ci il mayın 29-da Neftçalanın Abasallı kəndində anadan olub. 1994-2005-ci illərdə doğulduğu kənddə orta təhsil alıb.

2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Oktyabrın 12-də Abasallı kəndində dəfn olunub.

Ailəli olan şəhidimizin bir qızı yadigar qaldı.

Şəhadətindən sonra Rauf Süleymanov "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Abdullayev Nicat Mirnəbi oğlu 4 sentyabr 1995-cı ildə Saatlı rayon Seyidlər kəndində doğulub. İlk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib. Musiqiyə böyük həvəsi olan Nicat Xırdalanda saz ixtisası üzrə musiqi məktəbini bitirib. Hərbi xidmətini Gəncədə başa vurduqdan sonra elə musiqi sahəsində çalışmağa başlayır, toylarda, el məclislərində çıxış edir.

II Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nicat oktyabrın 29-da Saatlı rayon Seyidlər kəndində dəfn olunub. Şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medallarıyla təltif olunub.

***

 

Şahlar Şahin oğlu Məmmədov 1995-ci il noyabrın 1-də Neftçalanın Ərəbqardaşbəyli kəndində anadan olub. DİN Daxili Qoşunlarının baş çavuşu olan Şahlar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Baş çavuş Şahlar Məmmədov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Adil Asəm oğlu İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıtda doğulub. 1999-2008-ci illərdə Sumqayıt 14 nömrəli tam orta məktəbdə, 2008-2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Adil İbrahimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edirdi. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edib. Baş leytenant A.İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.

Şəhadətindən sonra Adil İbrahimli "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Adına yaşadığı ərazidə bulaq tikilib.

***

Elçin Elşən oğlu Mansurov 1984-cü il noyabrın 25-də Bakıda doğulub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindəndir. Birinci sinfə Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbdə başlayıb. Sonradan təhsilini Yasamal rayon 286 saylı orta məktəbdə davam etdirib. Sonuncu 8-11-ci sinifləri isə öz doğma yurdu olan Yardımlının Kürəkçi kəndində oxuyub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Təhsilini bitirdikdən sonra təkmilləşdirmə kursları keçib. 2007-ci il iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi xidmətə başlayıb. Ömrünün böyük hissəsini hərb sənətinə və Vətənə xidmətə həsr edən Elçin Mansurov Tovuz, Murovdağ, Göygöl və Füzuli rayonlarında xidmət edib. O, kəşfiyyatçı olduğu müddətdə düşmən tərəfinə keçir və hər dəfə səfərləri "qanla" bitərmiş. Düşmən ona ləqəb də qoyub. Həmçinin, onu döyüş yoldaşları "Kəşfiyyatın vuran əli", "Tənha canavar", "Boz qurd" da adlandırıblar. 13 illik xidməti dövründə 6 medalla, dəfələrlə fəxri fərmanla təltif olunub. 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlib.

Elçin Mansurov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də həmin döyüşlər zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Şəhadətindən sonra Elçin Mansurova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Orucov Yunis Şaiq oğlu 2001-ci il mayın 1-i Neftçalanın Aşağı Qaramanlı kəndində doğulub. Ailənin ikinci övladı olan Yunis 2007-2016-cı illərdə Aşağı Qaramanlı kənd ümumi orta məktəbində təhsil alıb. 2016-cı ildə 9-cu sinfi bitirdikdən sonra Neftçala şəhər Uşaq İncəsənət məktəbinin tar alətlərinin ifası bölməsinə daxil olub. Musiqi məktəbi başa çatdıran Yunis təhsilini Salyan peşə liseyində davam etdirib. Həmin liseyin kənd təsərrüfatı fermerlik peşəsin diplom və attestatla bitirib.

Salyan peşə liseyində təhsilini başa vurduqdan sonra 2019-cu ilin iyun ayının 22-si hərbi xidmətə yollanıb. Mingəçevir şəhərində N saylı hərbi hissədə vətənə xidmət edirdi. 2020-ci ilin sentyabr ayın 27-si Vətən müharibəsi başlayanda ön cəbhəyə yollanır. Tovuz döyüşlərində qəhrəmanlıqla iştirak etdikdən sonra Talış kəndi və Suqovuşan istiqamətində gedən şiddətli döyüşdə vuruşub. 2020-ci ilin oktyabr ayının 14-ü Ağdam-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, Aşağı Qaramanlı kəndində dəfn olunub.

Şəhadətindən sonra Yunis Orucov "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

 

Xuduş Həsən oğlu Kazımov 1988-ci il sentyabrın 8-də Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Gəncə Texniki Kollecində oxuyub. Ailəli idi. 5 yaşlı Fatma adında qızı və 2 yaşlı Əbdülkərim adında oğlu yadigar qaldı.

Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

***

 

Zamanov Vüqar İsmayıl oğlu 1995-ci il martın 10-u Horadiz şəhərində anadan olub. Orta təhsilə Füzuli rayonun Horadiz şəhər Firudin Mehdiyev adına tam orta məktəbdə başlayıb. 2013-cü ildə Xızıda Həqiqi Hərbi xidmətdə olub. 2015-ci il yanvarın 1-də hərbi xidməti başa vuran Vüqar Zamanov 2016-cı ildən Füzuli rayon ərazisində yerləşən N saylı hərbi hissədə Milli Ordu sıralarında Müddətdən Artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı olaraq fəaliyyətini davam etdirir. 2016-cı il Aprel döyüşlərində Lələtəpə əməliyyatının iştirakçısı olan 25 yaşlı kəşfiyyatçı-snayper kiçik çavuş Vüqar Zamanov 2020-ci il 27 sentyabrda başlayan ağır döyüşlərdə də xüsusi qəhrəmanlıq göstərib. O, Horadiz, Şıxlı, Kürdlər, İşıqlı, Seyidəhmədli və bir neçə kənd və qəsəbələrimizdə, eləcə də Füzuli şəhərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək xeyli sayda düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Noyabrın 5-i Şuşa şəhəri Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olub və Horadiz şəhər qəbiristanlığında dəfn edilib.

Şəhadətindən sonra Vüqar Zamanov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

 

Rüstəmov Zamin Səxavət oğlu 17 oktyabr 2000-ci ildə Füzulinin Yağlıvənd kəndində doğulub. Orta təhsilini Yağlıvənd kənd tam orta məktəbində alıb. Öz istedadı ilə fərqlənən Zamin hələ orta məktəb vaxtlarından gözəl səsə malik olub. Orta təhsillə yanaşı, musiqi təhsili də alıb. Ən çox sevdiyi musiqilər isə vətənlə bağlı olub. Hələ 14 yaşında ifa etdiyi "Qarabağ şikəstəsi" böyük alqışlarla qarşılanıb. Zaminin atası və əmiləri 1-ci Qarabağ müharibəsinin iştirakçısı olublar. Gözəl səsi olsa da, Zamin hər zaman böyüklərin davamçısı olmağı arzu edib. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətiə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra Gizir kursuna daxil olub və yenidən öz seçdiyi şərəfli yolunu davam etdirib. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsinə Zamin kəşfiyyatçı döyüşçü olaraq qatılıb. İlk döyüş yolu Cəbrayıl istiqamətindən başlayıb. O, sonuncu doğum gününü də döyüşlərdə qarşılayıb.

Zaminin və döyüş yoldaşlarının növbəti tapşırığı Zəngilanın işğaldan azad edilməsi olub. Zəngilanda bir çox uğurlu hücumların təşkilində böyük rol oynayıb. Son döyüşü isə oktyabrın 23-də Ağbənd qəsəbəsində olub. Düşmənlə son ana qədər vuruşan Zamin əsir düşməmək üçün özünün sonuncu gülləsi ilə şəhadətə ucalıb. O, sərhədçi kəşfiyyatçı idi, elə son döyüş yeri də işğaldan azad edilən Vətən sərhədi olub. Şəhadətindən sonra Z.Rüstəmov "Zəngilanın azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

Hüseynov Pəncalı Bəhmən oğlu 7 may 2001-ci ildə Neftçalanın Qaralı kəndində doğulub. 2007-2018-ci illərdə 2-ci Qaralı kənd orta məktəbində təhsil alıb. Xoş rəftarı, mülayim xasiyyətiylə həm məktəbdə, həm də çevrəsində hər kəsin sevgisini qazanıb. Atası Bəhmən Hüseynov danışır: "Oğlum çox zəhmətsevər idi. Həmişə oğul olaraq arxamda bir böyük kimi dayanmışdı. Arzuları çox idi. Əsgər getməzdən öncə ona toy kimi yolasalma mərasimi keçirdim. 2019-cu il 2 iyulda hərbi xidmətə yollandı. Getməzdən 1-2 gün öncə anası və bacısı ilə söhbət edirmiş. Deyib ki, müharibə olsaydı, gedib erməni mənfurlarını qırıb şəhid olardım. Anası deyib ki, müharibə arzulama. Pəncalı da deyib, ölsəm, əmimdən artıq deyiləm ki". Onun əmisi Hüseynov Mübariz Pəncalı oğlu 1-ci Qarabağ müharibəsi şəhididir.

N saylı hərbi hissədə xidmətə başlayan Pəncalının təlimlərdə, hərbi hissə daxilində davranışlarına görə 2 dəfə ailəsinə təşəkkür məktubu (16 iyun və 12 sentyabr) göndərilir. Hərbçi olmaq istəyən Pəncalı sənədlərini də təqdim etmişdi. Avqust ayında türkiyəli və azərbaycanlı hərbçilərin birgə təlimlərində snayper kimi iştirak edib. 2020-ci il 27 sentyabrda Vətən müharibəsi başlanarkən ilk gündən döyüşlərə qatılıb. Murov-Kəlbəcər uğrunda vuruşub və sentyabrın 28-də yanına minamyot düşməsi nəticəsində şəhid olub. Cənazəsi 2 oktyabrda kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhadətindən sonra Pəncalı Hüseynov "Vətən uğrunda" medalıyla təltif olunub. 

 





01.04.2021    çap et  çap et