525.Az

"Atam mənim qibləgahımdır" - Sevinc Muğanna ilə müsahibə


 

XALQ YAZIÇISI İSA MUĞANNANIN QIZI SEVİNC MUĞANNA: "ATAM MƏNİM DÜNYAYA GƏLƏCƏYİMİ YUXUDA GÖRÜBMÜŞ"

"Atam mənim qibləgahımdır" - <b style="color:red">Sevinc Muğanna ilə müsahibə </b>

Bu gün Xalq yazıçısı İsa Muğannanın anım günüdür. Onu həyatda görüb tanımaq təbii ki, yaşımla əlaqədar mənə nəsib olmayıb.

Bir oxucu kimi mən əvvəlcə görkəmli yazıçımızın əsərlərini tanımışam, sonralar isə haqqında oxuduqlarıma, eşitdiklərimə əsasən özünü. Nə əsərlərini oxumaqdan yorularam, nə də haqqında yeni nələrsə öyrənməkdən. Bu dəfə bilmədiklərimi onu qızından öyrənməyə çalışdım.

Xalq yazıçısı İsa Muğannanın qızı Sevinc Muğanna ilə söhbətimizi oxuculara təqdim edirəm.

***

- İsa Muğannanın qızı olmaq. Bu, necə bir hissdir?

- İsa Muğannanın qızı olmaq mənim üçün dünyanın ən böyük xəzinəsinə sahib olmaq deməkdir. O, mənim qibləgahımdır. Mən onu dünyadan köçmüş hesab eləmirəm. O, mənim üçün indinin özündə də canlı bir əfsanədir. Onun varlığını daima hiss edirəm.

- Bir dəfə oxumuşdum ki, siz doğulmazdan öncə ananızdan ayrılmasın deyə uşağın olmama səbəbini öz boynuna götürüb. Belə bir şey həqiqətən olubmu?

- Bəli. On doqquz il atamla anamın övladı olmayıb. On doqquz ildən sonra mən dünyaya gəlmişəm. Təbii ki, on doqquz il az müddət deyil. Həmin müddət ərzində anamdan ayrılmamaq şərtilə atamı yenidən evləndirmək istəyiblər. Deyirlərmiş ki, evlən, səndən sonra bir nişanə qalsın. Qohumlar kənddə artıq atam üçün qız da tapıblarmış. Onda atam deyib ki, övladın olmamasının səbəbi məndədir, Firuzənin heç bir günahı yoxdur. Halbuki belə bir şey olmayıb. Uşağın olmama səbəbini heç özləri də bilməyiblər. Bundan başqa, atam mənim doğulacağımı yuxusunda görübmüş.

1968-ci ildə ziyalılardan ibarət bir qrup İstanbula səfər edir. Danışdıqlarından yadımda qalanlar görə, Qasım Qasımzadə xanımı ilə, Məsud Əlizadə xanımı ilə, Rəsul Rza xanımı ilə, atam da öz xanımı ilə bu səfərdə iştirak edirmişlər. Atam danışırdı ki, səfər zamanı bir gecə yuxuda gördüm, otağın küncündən bir qız uşağı mənə tərəf gəldi, çarpayının kənarından tutub çarpayıya çıxdı, qucağımda oturdu və üzünü söykədi qoluma. Uşağın hərarətini hiss edib yuxudan ayıldım. Ayılan kimi Firuzə xanımı da oyatdım ki, "oyan, sənin bir qız övladın olacaq və adını Sevinc qoyacağıq". Bu sözləri eşidən anam pis olub, hətta ağlayaraq deyib ki, sən mənim yaramı niyə təzələyirsən? Mən artıq taleyimlə barışmışam. Bu hadisənin üstündən qısa müddət keçir və bəlli olur ki, anam hamilədir. Mən doğulanda atamın bacanağı, həm də yaxın dostu olan Nəbi Xəzri deyib ki, bu uşaq bizim üçün Allahın möcüzəsidir. Gəlin adını Möcüzə qoyaq. Atam da cavabında deyib ki, Nəbi incimə, ancaq mən bu uşağın adını artıq Sevinc qoymuşam.

- İsa Muğanna öz əsərləri içərisində ən çox hansı əsərini sevirdi?

- Bir valideyn üçün övladları arasında fərq qoymaq nədirsə, bir yazıçı üçün də əsərləri arasında fərq qoymaq odur. Ancaq atam "İdeal" əsəri ilə dünyaya yenidən doğuldu. Danışdıqlarından hiss edirdim ki, "İdeal" ın yeri onun üçün ayrıdır. Təbii ki, digər əsərləri də onun üçün doğma idi. Hətta bəyənmədiyi əsərlərini belə yenidən qayıdıb işləmişdi.

- Atanız xasiyyətcə necə adam idi? Məsələn, nələri sevərdi, nələri sevməzdi?

- Atam sakit təbiətli bir adam idi, eyni zamanda da çox əsəbi idi. Ancaq onun əsəbi zahirən bilinməzdi.  Əsəbi fırtına kimi daxilən mövcud idi. O, nə işləyən vaxtı problemlərindən, nə də kiminləsə arasında olan narazılıqlardan danışardı. Biz onun daxilində qopan firtınalardan xəbərsiz olardıq. Dünyaya, insanlara çox böyük məhəbbəti vardı. Lakin elə bir məqam ola bilərdi ki, kimliyindən asılı olmayaraq atam bir insanı silib ata bilərdi, xəyanəti bağışlamazdı. O, həmişə nifrətini də, sevgisini də açıq şəkildə bildirərdi. Uşaqları çox sevirdi, nəvələri ilə xeyli vaxt keçirirdi. Musiqi dinləməyi sevirdi. Xüsusilə də yaxşı estrada mahnılarını. İlhamə Quliyevanın səsini çox bəyənirdi. Klassik Avropa musiqilərini də sevirdi. Baxı, Bethoveni sevirdi. Aşıq musiqisi də öz yerində. Onun sazı da var idi. Sazla öz hisslərini çatdırmağa çalışırdı. Bir sözlə, musiqiyə bağlı adam idi.

- Ədəbi mühitdə yaxın dostları kimlər idi?

- Nəbi Xəzri, Salam Qədirzadə. Cavanlığı onlarla keçmişdi. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda bir yerdə oxumuşdular, sonra da dost olmuşdular. Qabil, İsmayıl Şıxlı, Nəriman Həsənzadə, Hüseyn Arif, Zəlimxan Yaqub, Barat Vüsal onun yaxın dostları, bizim evimizin sevimli qonaqları idilər.

- Bəs ən sevimli yazıçıları kimlər idi?

- Ən çox sevdiyi yazıçılar Tolstoy və Dostoyevski idi.

- Atanızla bağlı ən sevimli xatirəniz hansıdır?

- O qədər əziz, maraqlı xatirəmiz var ki... Birini sizə danışım. Atam uşaq vaxtı mənə çoxlu nağıl danışırdı. Hər dəfə nağıl danışanda deyirdim ki, artıq bunu danışmısan, başqası danış. Bir gün atam başladı mənə Se nağılını danışmağa. Se də mən idim. Mənim dəcəlliklərimi mənə danışırdı. Bir gün dedim ki, ata, mən bilirəm bu Se kimdir, bu Se mənəm.

Aytac SAHƏD

 





01.04.2021    çap et  çap et