525.Az

Neçə yaşınız tamam oldu, Aqil Abbas?! - Şahanə Müşfiqin yazısı


 

Neçə yaşınız tamam oldu, Aqil Abbas?! - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

1 aprel bütün dünyada gülüş günü kimi qeyd olunur. Elə bizdə də bu günü gülməyə, zarafata həsr edənlər çoxdur.

1 aprel və zarafat deyəndə ağıla gələnlərdən biri, heç şübhəsiz, yazıçı, Əməkdar jurnalist, Milli Məclisin deputatı Aqil Abbasdır. Hər sözü, hər söhbətində, hətta kədərli yazılarında belə kiçik də olsa gülüşə yer ayıran Aqil Abbas bu gün-gülüş günündə 68 yaşını qeyd edir. Düz 11 il öncə "525-ci qəzet"ə müsahibəsində bu iki günü yazıçı belə xarakterizə edirdi: "İnsanın doğulması özündən asılı deyil. Bu, bir təsadüfdür. 1 aprel, 9 may, Novruz bayramı və digər seçilən günlər var ki, bu günlərdə doğulmaq insana ləzzət edir. 1 aprel dünyada zarafat günü kimi qeyd olunur. Həyatım da elə deyəsən, zarafatla gəlib keçib. Dərd də var, kədər də var. Hamı dərdimizi bilir. Evimiz-eşiyimiz yanmış, dağılmış, torpağı getmiş, qohum-əqrəbası şəhid olmuş adamlarıq. Deyəsən, elə zarafat edə-edə bu dünyadan çıxıb gedəcəyik. Bir gün ölümün özü ilə də zarafatlaşacağıq".

"Ev-eşiyi yandırılmış, torpağı getmiş adam..." Bəli, 11 il öncə Aqil Abbas torpağı getmiş adam idi. İndi isə 68-ci yaşını "torpağı qaytarılmış adam" kimi qarşılayır. Yazılarımızda, söhbətlərimizdə dəfələrlə Aqil Abbasın Ağdam sevgisini xatırlamışıq. Hətta bəzən bu sevgi o qədər böyük, o qədər sonsuz görünüb ki gözümə, fikirləşirəm, Aqil müəllim elə 1993-cü ilin iyulunda - Ağdamlı son çağda qalıb. Ondan sonra zaman onunçün davam etməyib, dəyişən sadəcə təqvimdəki rəqəmlər və dən düşmüş saçlar olub. Aqil Abbasın ürəyi, fikri, ruhu, varlığı isə Ağdamlı gündə, saatda, yəni 40 yaşında qalıb. Amma o, heç zaman bu itkiylə barışmayıb, illər keçsə belə, ümidini üzməyib, bir gün Ağdama mütləq qayıdacağına inanıb, özünün xətrinə dəyməsə, deyərəm ki, məhz o gün üçün yaşayıb. Özü də təbiətindəki çılğınlıqla, mübarizliklə uyuşan əminliyiylə bu məsələnin sülhlə deyil, müharibəylə həll olunacağını bilib, inanıb, tez-tez müsahibələrində də dilə gətirib. Həmin müsahibənin başqa bir yerində Aqil müəllim deyir: "Mən həmişə demişəm ki, savaş tərəfdarıyam və savaş da olacaq. Torpağımızı geri qaytaracağıq. Çünki Quran oxumaqla donuz darıdan çıxmaz. ATƏT-in boş sözləri, nə də BMT-nin çağırışları ilə erməni Azərbaycan torpaqlarından çıxan deyil. Mənim içimdə heç vaxt atəşkəs olmayıb. Sadəcə, bu atəşkəs Azərbaycan üçün ona görə vacib idi ki, ötən müddət ərzində ordumuz yaranıb formalaşdı... Ermənistanın büdcəsi qədər orduya vəsait ayıra bilmişik. Atəşkəs işimizi qurmaq üçün böyük imkanlar yaratdı. Sülh olmasa, həmin imkanlardan istifadə edib torpaqlarımızı geri qaytaracağıq".

Qaytardıq da... Nəhayət, Aqil Abbasın 27 ildir gözlədiyi o böyük gün gəldi - Ağdam düşmən işğalından azad edildi, əziz yazıçımız öz torpağına qovuşdu, bir zamanlar yaşadığı evdən geriya qalan daş-kəsəyi tapdı, onlar üçün göz yaşı tökə-tökə sevincdən qol götürüb oynadı da.

Bax onda gördüm ki, Aqil müəllim üçün zaman artıq davam etməyə başladı. İndi təkcə rəqəmlər dəyişmir, zaman da dəyişir. Əminəm ki, hazırda yaşadığımız bahar günləri Aqil Abbasın içindəki baharla səsləşir, bu günəş yalnız dağlardakı qarı, buzu əritmir, həm də Aqil müəllimin ürəyindəki buzları suya döndərir, qəlbini isidir. Axı o, indi arxayındır ki, canından çox sevdiyi, 27 ildir həsrətini çəkdiyi Ağdamın torpağını da nəhayət səmasındakı üçrəngli günəş isidir.

Jurnalist Aqil müəllimdən ad gününə hansı hədiyyə almağı xoşladığını soruşmuşdu. O da kitab, saat və silah demiş və əlavə etmişdi: "Kitab deyəndə burda mədəniyyət, incəsənət nümunələri nəzərdə tuturam. Yəni bu, bir rəsm əsəri, tablo, fotoşəkil də ola bilər". Məncə, Aqil müəllimin 68-ci yaşına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiylə Azərbaycan Ordusu Ağdamın azadlığını hədiyyə etməklə elə onun xoşladığı o 3 hədiyyəni də vermiş oldu: düşmən silah gücünə dərsini aldı, mədəniyyətimizin beşiyi Qarabağ, Ağdam özünün köklü mədəniyyətinə qovuşdu və Aqil Abbas dünyasında saat yenidən işləməyə başladı.

Biz də "525-ci qəzet"in kollektivi adından səmimi insan, sevilən yazıçı Aqil Abbası Ağdamlı ad günü münasibətiylə təbrik edir, ona Ağdamsız 27 ilini geridə qoyacaq Ağdamlı uzun ömür, möhkəm cansağlığı arzu edirik. Sonda isə özündən soruşmaq istəyirəm: sizin neçə yaşınız oldu, Aqil müəllim, 68, ya 41?!

 





01.04.2021    çap et  çap et