525.Az

Məhdudiyyətlər və dərin depressiyalar dövründə ailə ola bilmək


 

Məhdudiyyətlər və dərin depressiyalar dövründə ailə ola bilmək<b style="color:red"></b>

Artıq bir ildən çoxdur davam edən koronavirus pandemiyası səbəbiylə dünyanın gəldiyi distopiya halı bir çox problemləri də artırdı.

Müşahidələr göstərir ki, yoluxmaları azaltmaq üçün zaman-zaman karantin rejiminin tətbiqi insanların həyat səviyyəsinin aşağı düşməsinə və hətta bəzi psixoloji pozuntulara səbəb oldu. Məhdudiyyətlər, gələcəklə bağlı qeyri-müəyyənlik insanlarda ruh düşkünlüyünə səbəb olan əsas amillərdəndir. Digər tərəfdən, ailə üzvlərinin uzun müddət bir evdə qapalı şəraitdə qalması əsəb gərginliklərinə, ailə münasibətlərinin pozulmasına, ailədaxili konfliktlərin artmasına gətirib çıxardı.

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də bunun fəsadlarını müşahidə etmək mümkündür. Bir-birini izləyən intihar hadisələri, ailə faciələri, boşanmalar və insanların üzündəki narazılıq ifadəsi təkcə bizim cəmiyyətə xas əlamətlər deyil. İntihar edən insanların qoyub getdikləri ailələri isə, demək olar, eyni situasiyanı yaşayır: təəccüb, şok, hüzn. Çünki heç kim yanındakı şəxsin canına qıyacağını ehtimal eləmir, bəlkə də, bunu ona yaraşdırmır. Amma bu gün hər birimiz dünyanın bu reallığı ilə üz-üzəyik: pandemiya və dərin depressiya dövrü.

Bu dönəmdə depressiya vəziyyətində olan ailə fərdlərini, yaxın insanları anlamaq və onlara dəstək ola bilmək üçün ilkin tibbi yardım bilikləri kimi, depressiyanın da bəzi əlamətlərini və bu vəziyyətə düşən isanlarla necə davranmaq lazım olduğunu da bilmək vacibdir.

Depressiya nədir?

Depressiya - ciddi psixoloji xəstəlikdir. Elə pandemiyadan əvvəl də dünyada hər il minlərlə insanın həyatını qaraldan bu ruh xəstəliyi yaş, cinsiyyət, irq tanımır. Depressiya insanların həyatlarının bir çox sahələrində problem yaşamalarına və gündəlik həyatın gedişatında durğunluqlara səbəb olur. Bu da insanların özlərini bir çox yerdə - işdə, ailədə, cəmiyyətdə geri çəkmələrinə, susqunlaşmalarına və özünəqapanmaya gətirib çıxarır.

"Burada nə var, insanın iradəsi olmalıdır, hər çətinliyi keçmək mümkündür"-  deyənlər çox ola bilər, amma depressiv halda olan bir insan üçün bu, ağır və öhdəsindən gəlinməsi müşkül bir vəziyyətdir. Bu, təkcə depressiya yaşayan üçün yox, həm də onun ailəsi üçün çox çətin bir mərhələdir. Ailə fərdləri bəzən depressiyada olan şəxsi ya anlamır və bunu zəiflik olaraq görür, ya da ona necə dəstək olacaqlarını bilmədikləri üçün özlərini çarəsiz hiss edirlər.

Depressiya nə deyil? 

"Depressiya" sözündən zaman-zaman pessimist anlarımızda ruh halımızı ifadə etmək üçün istifadə etdiyimizə görə, bəzən bu xəstəliyin nə qədər ciddi olduğunu unuduruq. Depressiya gecədən səhərə keçib gedən, arabir ortaya çıxan ruh halı deyil. Bu, hər hansı bir hadisə qarşısında özünü pis hiss etmək, motivasiyanı müvəqqəti itirmək, hərdənbir özünü göstərən ruh düşkünlüyü, yorğunluq halı da deyil. Depressiya insanın duyğu və düşüncə halının uzun müddət ciddi və təhlükəli dərəcədə pozuntusudur.

İnsanın depressiyada olduğunu necə anlaya bilərik?

Depressiya hər kəsdə eyni əlamətlərlə müşahidə olunmur. Bəzi əlamətləri ortaq olsa da, bu, hər insanda fərqli formalarda özünü göstərə bilir. Depressiyanın əlamətlərini bilməyimiz onun insanda necə dəyişikliklərə səbəb olduğunu, onun həyatındakı təsirlərini, ümumilikdə depressiya xəstəliyinin nə olduğunu anlamağımıza da köməklik göstərər.

 

Aşağıdakı əlamətlərdən təkcə beşinin belə bir insanda müşahidə olunması və bu halların iki həftədən çox davam etməsi o şəxsin depressiyada olduğuna dəlalət edir:

- Həyata və gələcəyə dair ümidsiz və pessimist düşüncələrə sahib olmaq;

- Halından narazılıq, kədərli və sıxıntılı hiss etmək;

- Yemək yemək, yuyunmaq, sadə məişət işlərini görmək üçün enerjinin olmaması;

- Özünü dərketmə və dəyərləndirmə formasında neqativ dəyişiklik. Məsələn, dəyərsiz olduğunu, heç bir işə yaramadığını düşünmək, həyatda varlığını sorğulamaq və sairə;

- Əvvəlcədən maraqlı, əyləncəli olan fəaliyyətlərə qarşı marağının azalması. Məsələn, hobbi, iş, cinsi münasibət, sosiallaşmaq və sairə;

- Məktəb, iş, yaxud gündəlik məsuliyyətlərini icra etməkdə çətinlik çəkmək;

- Qarşılaşdığı problemlərlə bağlı aqressivləşmək, ətrafındakı insanlarla konfliktə girmək;

- Hər şeyə qarşı ümidsizlik və çarəsizlik hissinin hakim olması və bu səbəbdən də gələcəklə bağlı heç nəyə ümid bəsləməmək;

- Hər hansı bir şeylə bağlı motivasiyasının olmaması və bu səbəbdən hədəflərini, arzularını həyata keçirmək üçün heç bir addım atmamaq;

- Yemək rejiminin pozulması, yəni ya həddən artıq yemək istəyi nəticəsində kökəlmə, yaxud da əksinə, iştahın azalması və günü-gündən arıqlamaq;

- Yuxu problemləri yaşamaq - ya tez-tez oyanmaq və yuxusuz qalmaq, ya da daima yuxulu hiss etmək, yataqdan çıxmamaq, çox yatmaq;

- Həyatdan zövq ala bilməmək;

- Sosial mühitdən və dost-tanışdan uzaqlaşmaq, yalnızlaşmaq;

- Bir şeyə diqqət yönəltməkdə çətinlik çəkmək;

- Bir şeyi xatırlamaqda çətinlik çəkmək, unutqanlıq hallarının çoxalması;

- Özünü daima yorğun və tükənmiş hiss etmək;

- Özünə zərər vermək, canına qəsd etmək düşüncələrinin olması, yaxud bu məqsədlə planlı addım atmaq;

Qeyd edək ki, bir insanda yuxarıda sadaladığımız bütün bu əlamətlər müşahidə olunmaya, yaxud fərqli formada müşahidə oluna bilər. Bu, depressiyanın hansı həddə olması ilə də bağlıdır.

Depressiyada olan şəxslə necə davranmaq olmaz? 

Depressiya keçirən adama dəstək olmaq üçün adətən cəmiyyətimizdə qəlibləşmiş ifadələrə üstünlük verilir. Amma bunlar  heç bir sağaldıcı, yaxşılaşdırıcı sehirli gücü olmayan sözlərdir və əksinə, adətən insanın daha da qıcıqlanmasına, əsəbləşməsinə səbəb olur: "Boş ver" "Özünə gəl", "Hadisələrə bir az müsbət tərəfdən baxmağa çalış", "Hamı çətin dövrdən keçir", "Həyat hamı üçün çətindir", "Hər kəsin öz problemi var", "Sahib olduğun bu qədər şey var, şükr elə", "İstəsən düzələ bilərsən", "Ölüm haqqında danışma, yaşamaq gözəldir", "Ölüm çıxış yolu deyil" və sair bu tipli qəlibləşmiş cümlələr sadalaya bilərik. Amma bu ifadələrin depressiyada olan insana heç bir sağaldıcı təsiri yoxdur.

 

Xüsusilə bu halda olan insanları düşüncə və davranışlarına görə mühakimə etmək, necə davranmalı və nə düşünməli olduğuna dair yol göstərməyə çalışmaq yanlışdır. Anlamaq lazımdır ki, sizin kimi doğru düşünəcək və hiss edəcək ruh halında olsaydı, heç bu vəziyyətə gəlib çıxmazdı.

Bir də, unutmayın ki, siz bu insanı müalicə etmirsiniz, onun keçdiyi bu çətin mərhələdə yanında olur, ona dəstək çıxırsınız. Onu sağaltmaq məsuliyyətini üzərinizə götürməyin. Bu, yalnız psixoloqların və psixiatrların işidir.

Depressiyaya düşən adamla necə davranmalı, onunla necə ünsiyyət qurmalı?

Depressiyada olan bir insanın yaxın ətrafından alacağı dəstək hər şeydən önəmlidir. Yardım edə bilmək üçün əvvəlcə onun ruh halını anlamaq lazımdır. Depressiyanın əlamətlərini bildikdən sonra, bu xəstəlikdən əziyyət çəkən yaxınlarımızla necə davranacağımızı, onlara qarşı hansı münasibət sərgiləyəcəyimizi də bilməliyik. Bunun real psixi pozuntu olduğunu anlamağın və qəbul eyməyin davranışlarımızı düzgün tənzimləməyimizə böyük təsiri var. Əgər vəziyyətin nə qədər ciddi olduğunu anlamasaq, bu halın, duyğu durumunun insanın öz seçimi olduğunu, istəsə, bu vəziyyətdən çıxa biləcəyini düşünə bilərik. Xəstəliyin mahiyyətini, əlamətlərini tam qavrasaq, bu cür yanlış düşüncələrə gəlməz və insanın depressiyaya düşməsini onun şəxsi seçimi olmadığı reallığını dərk edərik. Yəni depressiyada olan bir adama yardım edə bilmək üçün ilk addım onun xəstəliyini anlamaqdır. İkinci addım isə, depressiyada olduğunu düşündüyümüz insanı müalicə almağa təşviq etməkdir. Professional dəstək alması, müalicə olunması üçün ona stimul vermək, buna qarşı çıxsa belə, təkid etmək lazımdır. Depressiyada olan insan adətən sosial mühitdən uzaqlaşır, ünsiyyətdən çəkinir. Bu halda o, sizinlə də ünsiyyət qurmaq istəməyə bilər. Amma hər nə olur-olsun, o insanın yanında olmaq, ondan uzaqlaşmamaq lazımdır. Onun yanında olub nə hiss etdiyini, nə yaşadığını dinləmək ən önəmli addımlardan biridir. Həmin vaxt ona hər hansı məsləhət vermək, yol göstərmək məcburiyyətində deyilsiniz. Bu vəziyyətdə olan birinin əsas ehtiyacı dinləndiyini, anlaşıldığını və tək olmadığını anlamasıdır. Düşündüklərini və hiss etdiklərini anladığınızı və əhəmiyyət verdiyinizi görməsi onun ruh vəziyyətinin düzəlməsi üçün çox faydalıdır. Bu, sağalma prosesində rol oynayan əsas amillərdəndir.

Depressiyada olan insan qərar verməkdə, məsuliyyət daşıdığı işləri icra etməkdə ciddi çətinlik çəkir. Ona görə də bu mərhələdə bəzi işlərinə kömək etməklə də ona dəstək ola, yükünü yüngülləşdirə bilərsiniz.

Depressiyada olan yaxınınıza kömək etmək istəyirsinizsə, ona qarşı diqqətli və qayğıkeş olmağınız vacibdir. Depressiya onu yaşayan insanın özü qədər ətrafındakılar üçün də çətinlik yaradır. Çünki davamlı mənfi ruh halı olan birisi ilə ünsiyyətdə olmaq sizin də ruh halınıza təsirsiz ötüşməyəcək. Buna görə öz psixoloji sağlamlığınızı da qorumaq lazımdır. Öz gündəlik həyatınızı davam etdirib, tədbirlərə qatılmaq, sizə xoş olan işlərlə məşğul olmaq, hobbilərinizi davam etdirmək bu mərhələdə çox önəmlidir. Çünki öz ruh halınızı qorumasanız, qarşınızdakı insana da yardım edə bilməyəcəksiniz.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





01.04.2021    çap et  çap et