525.Az

Region ölkələrində valyutanın ucuzlaşması Azərbaycana necə təsir edəcək?


 

İQTİSADÇI EKSPERT SAMİR ƏLİYEV: "BU, DAXİLİ BAZARA NEQATİV TƏSİR GÖSTƏRİR VƏ RƏQABƏT QABİLİYYƏTİNİ AZALDIR"

Region ölkələrində valyutanın ucuzlaşması Azərbaycana necə təsir edəcək?<b style="color:red"></b>

Son vaxtlar region ölkələrində milli valyutaların kəskin ucuzlaşması müşahidə edilir. Valyutanın ucuzlaşması  qardaş Türkiyədən də yan keçməyib.  Türkiyə lirəsi ABŞ dolları qarşısında rekord həddə ucuzlaşıb. Son göstəricilərə əsasən, dünya valyuta bazarında 1 türk lirəsi 0.1204 dollara bərabərdir. Bu isə Amerika valyutasının lirə qarşılığında indiyə qədər qeydə alınmış ən yüksək həddi hesab edilir. Bəs xarici ölkələr, xüsusən region dövlətlərindəki bu ucuzlaşmalar Azərbaycan valyuta bazarına və tərəfdaş ölkələrlə ticarət dövriyyəsinə necə təsir edir?

Məsələni iqtisadçı ekspert Samir Əliyev 525.az-a şərh edib.

O bildirib ki, ölkəmizdə bahalaşma gözlənilmir:

"Region ölkələri dedikdə biz ilk növbədə Türkiyə və Rusiyanı nəzərdə tuturuq. Çünki hər iki ölkə Azərbaycan idxalında yüksək paya malik olan ən böyük idxalatçı ölkələrdir. Azərbaycan üçün bu mövzuda ilkin olaraq Rusiya, sonra isə Türkiyə gəlir. Bu ölkələrdə milli valyutanın ucuzlaşması Azərbaycana o baxımdan təsir edir ki, həmin ölkələrdən idxal edilən malların ucuzlaşması ehtimalı var. Əgər valyutanın ucuzlaşması həmin ölkələrdə yüksək inflyasiya ilə müşahidə olunmursa, bu hal oradan gələn malların Azərbaycana daha ucuz idxal olunmasına gətirib çıxarır. Lakin həmin mallar ölkəyə ucuz gələndən sonra idxalatçı şirkətlər onu hansı qiymətə satmasını təcrübə göstərəcək. Yenə də bahalaşma gözlənilmir. Ən pis halda qiymətlər sabit qalır, amma müəyyən qədər ucuzlaşa da bilər".

Ekspert bildirib ki, Mərkəzi Bank manatı sabit saxlamağa çalışır:

"Əlbəttə, Azərbaycan iqtisadiyyatı bir qədər unikal iqtisadiyyatdır. Başqalarından o baxımdan fərqlənir ki, bizdə milli valyutaya təsiri neftin qiyməti göstərir. Qonşu ölkədə milli valyutaların ucuzlaşmasının bizim valyutaya təsiri çox zəifdir. Qeyd edim ki, biz idxaldan asılı ölkəyik, yəni ölkəmizdə milli valyuta ucuzlaşarsa, bu, qiymətlərin kəskin qalxmasına gətirib çıxara bilər. Mərkəzi Bank milli valyutanı sabit saxlamaqla idxal inflyasiyasını, yəni xaricdən gələn qiymət artımını minimuma endirir. Manatın indiki sabitliyi fonunda görürsünüz ki, qiymətlər qalxır. İndi  manat sabit qalmasaydı, görün, qiymətlər necə qalxardı.
Lakin qonşu ölkələrdəki valyuta dəyişiminin bizə ciddi təsiri yoxdur. Sadəcə daxili bazara neqativ təsir göstərir və rəqabət qabiliyyətini azaldır. Tutaq ki, keyfiyyətli qida məhsulları Rusiyadan və Türkiyədən gəlir.  Biri də var ki, həmin qida Azərbaycanda istehsal olunur, qiyməti də onlardan daha baha və keyfiyyət baxımından da onlardan geri qalır. Belə olan halda, əlbəttə, insanlar gedib türk, rus malına üstünlük verəcəklər".
"Region ölkələrindəki qiymət artımı Azərbaycanın bu ölkələrə ixracını azaldır", - deyə ekspert əlavə edib:  "Ticarət dövriyyəsinə təsirinə gəldikdə isə artım gözlənilir. Manatın sabit qalmağı ona gətirib çıxarır ki, Azərbaycan bazarının həmin ölkələr üçün cəlbediciliyi artır, idxal ölkəmizə yönəlir.  Bunun təsiri isə o istiqamətdə ola bilər ki, idxal artır və Azərbaycanın bu ölkələrə ixracı azalır. Düzdür, Azərbaycanın bu ölkələrə indi ixracı elə də çox deyil, amma çox zəif olsa da, Rusiya və Türkiyəyə kənd təsərrüfatı məhsulları ixracı var. Ümumiyyətlə, bu təsir ikibaşlıdır. Həmin ölkələrdən Azərbaycana idxalı artırır, ixracı isə azaldır. Ümumilikdə, ola bilsin, bu ölkələrlə ticarət əlaqələrində artım bir qədər də artsın".

Firuzə ƏLİYEVA

 





01.04.2021    çap et  çap et