Şərqi Avropanın ən böyük dövlətlərindən olan Ukrayna indi çətin vəziyyətdədir. Onun faktiki olaraq xaosun astanasında olduğunu yazırlar. Krımda baş verənlərə Qərb və Rusiya çox həssaslıqla yanaşırlar. Tərəflər qarşılıqlı ittihamlardan əl çəkmirlər. Son zamanlar isə sanksiyaların tətbiq edilməsi haqqında informasiyalar yayılır. Amerikanın rəsmi dairələri "diplomatik tədbirlər tükənir" kimi xəbərdarlıq ediblər. Kreml də öz mövqeyindən çəkilmir. Dünya yeni müharibə ərəfəsindədirmi?
Güzəştsiz mübarizənin ağır nəticələri
Ukraynada müxtəlif ssenarilərin oynanıldığını yazırlar. Böyük Britaniyanın xarici işlər naziri U.Heyq Ukrayna ətrafında yaranmış vəziyyəti "Avropanın XXI əsrdə ən ciddi böhranı" adlandırıb. Amerikalı analitik V.Cayani isə bu münaqişənin 6 mümkün ağır qlobal nəticələr verə biləcəyini proqnozlaşdırır (bax: Vasil Jaiani. 6 Unintended Consequences From The West's Passive Response To The Ukraine Invasion / "Forbes", 5 mart 2014).
Siyasətçilərin və analitiklərin Ukrayna ilə əlaqədar yaranmış situasiyaya bu cür həssas yanaşmaları təsadüfi deyil. Sözün əsl mənasında, böyük bir geosiyasi məkanda ciddi dəyişikliklər ola bilər. Bu aspektdə H.Kissincer və C.Fridmanın həmin proseslərə verdikləri qiymət, onların mümkün nəticələri haqqında irəli sürdükləri proqnozlar da diqqəti çəkir.
Henri Kissincer "The Washington Post" qəzetində dərc edilən məqaləsində Ukrayna məsələsində Qərb və Rusiyanın ehtiyatlı davranmalı olduqlarını vurğulayır (bax: Henry A. Kissinger. How the Ukraine crisis ends / "Washingtonpost.com", 6 mart 2014). O, hər iki tərəfin səhvlərə yol verdiyini yazır: "Onlar öz iradələrini qəbul etdirmək mövqeyindən çəkinməlidirlər – Ukraynanı yalnız birləşmək (onun şərq və qərb regionlarının) xilas edə bilər". Reallıqda isə, ABŞ başda olmaqla, Qərb özünə uyğun şərtləri diqtə etməyə çalışır və eyni hərəkəti Moskva edir.
Tanınmış strateq Ukraynanın NATO-ya üzvlüyünün gündəlikdən çıxarılmasının daha doğru ola biləcəyini qeyd edir. Nəzərə alınmalıdır ki, Rusiya dövlətçiliyinin tarixi Kiyevdən başlayır. Bu tarixi faktı arxa plana atmaq ciddi strateji səhvdir. Eyni zamanda, Rusiya Krımı işğal fikrindən vaz keçməlidir. Çünki bu, mövcud beynəlxalq münasibətlər sistemini dağıtmaq deməkdir. Ukrayna Qərblə Şərqin əməkdaşlıq, qarşılıqlı tolerantlıq məkanı olmalıdır (bax: əvvəlki mənbəyə).
"Stratfor"un qurucusu Corc Fridman H.Kissincerin mövqeyinə yaxın fikirlər ifadə edir. O, son yazılarının birində vurğulayır ki, "Rusiyanın güzəştləri Ukraynada başa çatdı" (bax: George Friedman. Ukraine and the 'Little Cold War' / "Stratfor.com", 4 mart 2014).
Belə ki, ABŞ Rusiyaya daha ağır zərbələr endirmək siyasətini davam etdirir. İndi Moskva 1990-cı illərdən başlayan geosiyasi itkilərini bərpa etməyə çalışır. 2020-ci ilə qədər Kreml keçmiş sovet məkanında liderliyini təmin etməlidir. Həmin vaxtadək onun hərbi imkanları istənilən kənar qüvvəni ram etmək qüdrətində olacaq. C.Fridman ayrıca vurğulayır ki, "bu qüvvə Amerika olsa belə" Moskva geri çəkilməyəcək (bax: əvvəlki mənbəyə).
Buradan belə qənaət yaranır ki, amerikalı analitik indi Ukraynada müşahidə edilən geosiyasi qarşıdurmaya haqq qazandırmır. Belə hesab edir ki, Moskva özünü müdafiə etməlidir, eyni zamanda, onun başqa ölkənin torpaqlarını zəbt etməyə ixtiyarı yoxdur. Öz növbəsində, ABŞ Rusiyanı daha ağır vəziyyətə salmaq strategiyasını dəyişməlidir. Onlar qarşılıqlı surətdə kompromisə getməlidirlər.
Maraqlıdır ki, rusiyalı ekspertlər də Moskvanın özünü müdafiə etməyə məcbur olduğunu əsas arqument kimi gətirirlər. Onlar bununla müdafiə olunmaq naminə aqressivlik edildiyini önə çəkirlər (bax: məs., Sergey Karaganov. Russia needs to defend its interests with an iron fist / "The Financial Times", 5 mart 2014). "Ali iqtisadi məktəb" – Milli Tədqiqat Universitetinin professoru S.Karaqanov çıxış yolu kimi "tərəflərin sakitləşməsini" irəli sürür (bax: əvvəlki mənbəyə).
"Diqtə edilmiş vasitəçilik"dən imtina: cavabsız suallar...
Qlobal geosiyasət aspektində bütün bunlar başa düşüləndir. Belə məlum olur ki, Qərb və Rusiyada Ukrayna ətrafında mürəkkəb vəziyyətin yarandığını anlayırlar. Buradan çıxış yolu isə tərəflərin sakitləşməsi, bir-birinə güzəştə getməsi və beynəlxalq hüquqa əməl etməsidir. Lakin bu nəzəri yanaşma praktiki fəaliyyətlə təmin edilmir. Məsələ ondan ibarətdir ki, münaqişənin həllinin konkret mexanizmi olmalıdır. Məhz bu punktda Kremllə Qərb arasında ciddi fərqlər vardır.
Qərb ölkələri ATƏT-in vasitəçiliyinin qəbul olunmasında israr edir. Rusiya isə bu modeli nəinki yaxına buraxmır, hətta heç saya-hesaba almır. Bu ölkənin BMT-dəki daimi nümayəndəsi V.Çurkin "kənardan diqtə edilmiş vasitəçiliyi Rusiya qəbul etməz" deyib.
Prinsipcə, Rusiya ATƏT-in vasitəçiliyini istisna etmir. Lakin bununla bağlı V.Çurkinin fikirləri düşündürücüdür: "Onların Krımda nələrisə müşahidə etmələrinə aylarla vaxt gedəcək ki, bu müddətdə Allah bilir orada nələr baş verəcək" (bax: Направление наблюдателей ОБСЕ на Украину займет месяцы, заявил Чуркин / "РИА Новости", 4 mart 2014). Doğrusu, bu sözlər bizə Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətin tarixçəsini yada salır.
Görəsən, eyni mövqeni böyük dövlətlərin diplomatları Dağlıq Qarabağ münaqişəsi başlayanda niyə nümayiş etdirmədilər? Məsələn, heç biri demədi ki, bu, Azərbaycanın daxili işidir, ATƏT "orada nələrisə müşahidə edənə kimi Allah bilir nələr baş verəcək". Təcrübə sübut edir ki, V.Çurkin haqlıdır.
ATƏT nəinki aylar, hətta illərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini "müşahidə edir" və keçən müddətdə problemlər daha da çoxalıb, həll edilən isə heç nə yoxdur. Bəs bu halda nəyə görə həmin vasitəçilik modelini Azərbaycana diqtə etdilər? Ədalət haradadır? Üstəlik, hər fürsət düşəndə "müharibə etməyin, bunun qalibi olmayacaq, hərb çıxış yolu deyil, danışıqlar aparın" kimi məsləhətlər verirlər. Krım məsələsində isə tərəflər (rəsmi Kiyev və Moskva) ATƏT-in vasitəçiliyini qəbul etmirlər.
Etiraf edək ki, Ukraynada ATƏT-in vasitəçiliyindən səmərəli ola biləcək model təklif edən yoxdur. Hazırda tərəflər müharibənin bir addımlığındadırlar. Krımda Rusiya hərbçiləri beynəlxalq təşkilatların nümayəndələrini yaxın buraxmırlar. Yarımadanın rəsmi dairələri bir-birinin ardınca Moskvanın xeyrinə olan qərarlar qəbul edirlər. Son olaraq onlar Krımın RF-yə birləşməsinə baxılması haqqında Dumaya müraciət ünvanlayıblar. Moskva da öz növbəsində kimsənin buradakı hadisələrə qarışmasına izin vermir.
Bunların fonunda ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliya 1994-cü il Budapeşt müqaviləsinin şərtlərinə əməl olunmasını tələb edirlər. Onlar Kremli sanksiyalarla hədələyirlər. Bəzi ekspertlər isə hesab edirlər ki, Rusiyaya qarşı sanksiya tətbiq etmək mürəkkəb işdir (bax: Why It's Hard to Impose Sanctions on Russia / "The Wall Street Journal", 5 mart 2014). Çünki Qərbin Rusiyada çoxlu maliyyə qaynaqları var və əsas isə ondan enerji asılılığı mövcuddur. Onu deyək ki, Kreml də Qərbə sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.
Belə çıxır ki, Ukrayna məsələsində müəyyən mənada ikili vəziyyət yaranıb. Analitiklər və siyasətçilər belə hesab edirlər ki, tərəflərin indi müşahidə edilən yanaşmaları real vəziyyətə uyğun deyil. Lakin praktiki olaraq bundan imtina edə bilmirlər. Bu cür vəziyyət qlobal miqyasda bir sıra neqativ nəticələr verə bilər. O cümlədən, beynəlxalq hüquqa inam azalar, ABŞ-ın etibarlılıq dərəcəsi daha da aşağı düşər, NATO-Rusiya qarşıdurması güclənər, bir sıra dövlətlər nüvə silahı əldə etməyə çalışar və yeni müstəqil dövlətlər demokratiya yolundan imtina edərlər (bax: Vasil Jaiani. Göstərilən məqaləsi). Maraqlıdır, bunları bilə-bilə böyük geosiyasi güclər bir-birinə hara qədər problemlər yaradacaqlar?
Newtimes.az
çap et