525.Az

Yuxu görməkdən qaçmaq - El Romandan yeni yazı


 

Yuxu görməkdən qaçmaq - <b style="color:red">El Romandan yeni yazı </b>

Yuxu - beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə qarşı reaksiyalarının azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bu, işin elmi tərəfidir. Bəs məsələnin nüvə qatına ensək, nələrin şahidi ola bilərik?

60 yaşında ölən bir insan doğulduğu gündən ömrünün sonuncu gününə qədər hər günün 8 saatını yatsa, bu, bütün ömrünün 20 ili edir. Beləliklə, onun oyaq olduğu 40 il yuxuda olduğu 20 ili üstələmiş olur. Bunun nəticəsidir ki, insan nəyin yuxu, nəyin gerçək olduğunu həmin vaxt üstünlüyünə görə ayırd edə bilir. Maraqlıdır, əgər 60 yaşında ölən bir insanın yuxuda olduğu vaxtla oyaq olduğu vaxt tam bərabər olsaydı, hansının yuxu, hansının reallıq olduğunu dərk edə bilərdimi?

Ümumiyyətlə, yuxular nə dərəcədə ciddiyə alınır və alınmalıdır? Bu mövzu yüz illərdir müzakirə olunur. "Qurani-Kərim"də deyildiyinə görə, İbrahim peyğəmbər yuxusunda görür ki, Allah ona oğlu İsmayılı qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir. Bir ata kimi yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir. İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür və sonda dərk edir ki, sevimli oğlunu qurban kəsmək Allahın əmridir, bu buyruq isə yerinə yetirilməlidir. Beləliklə, İbrahim peyğəmbər öz oğlunu Rəbbi yolunda qurban kəsmək qərarına gəlir. Bu isə, öz növbəsində konkret şəkildə aşılayır ki, görülən yuxular ciddiyə alınmalıdır.

Əsrlər keçir və eynilə bu hadisə Türkiyənin Zonquldak şəhərində baş verir. Zonquldakda 16 yaşındakı oğlunun başını boyun nahiyəsindən kəsərək ağır yaralayan bir ata hadisədən sonra verdiyi ifadəsində belə qeyd edir: "Rəbbim məndən yuxuda bunu istədi. Ən doğrusunu o bilər. Oğluma dedim ki, səni Allaha qurban verirəm, o da mənimlə razılaşdı. Peşman deyiləm".  Bəs bu iki məsələ arasında fərq nədədir? Niyə 21-ci əsrdə baş verən bu hadisə cahillik, əsrlər əvvəl baş verən eyni hadisə tam normal qarşılanır?

Yuxuda görülən üzlərin mütləq daha öncədən real həyatda da görülməli olduğu ilə bağlı bir gerçək var. Bu gerçəyə nə dərəcə təminat vermək olar?  

2006-cı ilin yanvar ayında, Nyu-Yorkda məşhur bir psixoloqun pasiyenti daha öncə heç görmədiyi bir insanın davamlı yuxusuna girərək ona həyatıyla bağlı məsləhətlər verdiyindən bəhs edir. Sonra isə həmin adamın şəklini bir kağıza çəkir və kağızı masaya qoyur. Bir neçə gün sonra daha bir pasiyent həmin şəkli masada görür və eyni adamın onun da yuxusuna girdiyini deyir. Maraqlıdır ki, o da yuxusuna girən adamı indiyə qədər real həyatda görmədiyinə and içir. Psixoloq bu şəkli digər iş yoldaşlarına göndərir və bir ay içində daha 4 pasiyent həmin simanı yuxuda gördüyünü deyir.

This Man - Wikipedia 

İlk şəklin çəkildiyi tarixdən, yəni 2006-cı ilin yanvar ayından bu günə qədər 2000 nəfərdən çox şəxsin yuxuda həmin simanı gördüyü qeydə alınıb. Bəs bu adam (mediada "This Man" olaraq da tanınır) niyə bu qədər şəxsin yuxusunda görünür? Bu sadəcə beyin və təxəyyül məhsuludurmu, yoxsa məsələnin daha əsrarəngiz tərəfləri də varmı?

Bu mövzudakı ilk teoremlərdən biri "Model" teoremidir. Teoremə görə, həmin sima insanların şüuraltında yatan bir görkəmdir və çətin zamanlarda (dramatik dəyişikliklər, stresli zamanlar və s.) yuxu vasitəsi ilə özünü büruzə verir. Yəni bütün hadisələr zəncirvari sistemlə davam edir. Bir nəfərin şəkil çəkərək "bu adamı öncədən yuxuda görmüşəm" deməsi kifayət edir ki, həmin adamın şəklini görənlər də eyni üzü yuxuda görsünlər. Bu effekt "This Man effect" də adlana bilər ki, bu da yuxunun əslində göründüyü qədər gerçək yox, həm də aldadıcı olmasını sübut edir.

Məşhur bir televiziya kanalında psixoloqa ünvanlanan sualda "Yuxu görməkdən qurtula bilmirəm, bunu necə dayandıra bilərəm?" sualını verən bir izləyiciyə, psixoloq "Yatmayın" cavabını vermişdi. Nə qədər sadə və maraqsız olsa belə, yuxudan qaçmağın mümkün olmadığını, əksinə, yaşanılan istənilən psixoloji vəziyyətdə yuxuların daha çox olmasını qəbul etmək və bununla barışmaq lazımdır.

 





02.04.2021    çap et  çap et