525.Az

Mexanizatorlar üçün biçinqabağı təlim


 

ARAN VƏ QƏRB BÖLGƏSİNDƏN OLAN 90 NƏFƏR MEXANİZATOR ÖDƏNİŞSİZ TƏLİMLƏRƏ CƏLB EDİLİB

Mexanizatorlar üçün biçinqabağı təlim<b style="color:red"></b>

Son dövrlər ölkəmizin təsərrüfatlarının dünyanın ən qabaqcıl  aqrar texnikası ilə təmin olunması prosesi sürətlənir.

Təbii ki, bu maşınlardan istifadə daha dərin bilgilər tələb edir. Bu amillər baxımından təsərrüfatçıların mütəmadi təlimlərə cəlb edilməsinə ehtiyac yaranır. "Aqroservis" ASC-nin Yevlax regional nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində kombayn mexanizatorları üçün təşkil olunan ödənişsiz təlimlər də bu işə xidmət edib.

Cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə təşkil olunan təlimlərə "New Holland TC 4.90" markalı taxılyığan kombaynları idarə edəcək 90 mexanizator cəlb edilib.

Təlimlərdə mexanizatorlara kombaynların idarə edilməsi, maşınlara düzgün texniki xidmətin göstərilməsi, texniki nizamlanma işləri, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydaları  ilə bağlı ətraflı məlumat verilib.

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və "Aqroservis" ASC-nin nümayəndə heyəti tərəfindən videogörüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunub.  Mexanizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilib.

Təlimdən sonra aldığı bilgilər üzrə imtahandan keçən hər bir mexanizatora  sertifikat təqdim edilib.

"Taxıl biçini üçün yeni innovativ kombaynlar cəlb edilir. Yeni kombaynların idarə edilməsində, parametrlərində müəyyən dəyişikliklər olur. Təlimlərdə məqsəd mexanizatorları mütəmadi olaraq bu yeniliklərlə tanış etməkdir. Yeni kombaynların düzgün idarə olunması və biçin zamanı yarana biləcək hər hansı nasazlığın mexanizatorlar tərəfindən operativ şəkildə aradan qaldırılması taxıl biçinin itkisiz başa çatdırılması deməkdir. Onu da deməliyəm ki, sertifikatı olmayan  mexanizatorlarla "Aqroservis" ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq və onlar taxıl biçinində iştirak edə bilməyəcəklər", - deyə "Aqroservis" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib.

Mexanizatorlar da təlimdə əldə etdikləri bilikləri çox vacib sayırlar.

"Yeni taxılyığan kombaynlarının idarə olunması və iş prinsipini öyrəndik. Gözəl texnikalardır, müasir dövr üçün çox əlverişlidir. Qarşıdan taxıl biçini mövsümü gəlir. Bizim də vəzifəmiz taxılı itkisiz biçməkdir", - deyə Goranboy rayonundan gəlmiş mexanizator Ceyhun Məmmədov bildirib.

Z.MURADOV
Gəncə-Yevlax

 





03.04.2021    çap et  çap et