525.Az

Müəmma - Bir cinayətin izi ilə...


 

Müəmma - <b style="color:red">Bir cinayətin izi ilə...</b>

Əyləncəli keçən gecənin ardından qonaqları yola salıb, evi yığışdırıb, doqquz yaşlı oğlu ilə altı yaşlı qızını yatırdıqdan sonra ilk fürsətdəcə yorulub əldən düşmüş bədənini yatağına atdı. Bi raz da içkinin təsirindən gözlərindən yuxu tökülürdü. Yanında daş kimi yatan ərinin xorultusuna belə əhəmiyyət verməyib başını yastığa qoyan kimi yuxuya getdi. Aradan heç üç saat keçməmişdi, birdən bir əlin boğazına pərçimləndiyini hiss etdi.

Yerində qıvrılır, inildəyir, özünü üzərinə çökən əcaib yaratıqdan qurtarmaq istəyirdi. Qəflətən yatağının içində dik atılıb təlaşla ətrafa nəzər saldı. Qan-tər içində idi, kabus gördüyünü anlayıb dərindən nəfəs aldı. Dili ağzında yanırdı. Əlini su içmək üçün komodun üstünədəki bardağa atdı, boş idi. Əvvəlcə mətbəxtə düşməyə ərindi. Yeni köçdükləri bu evin ən sevmədiyi yönü iki mərtəbəli olmağı idi. Belə məqamlar problem yaradırdı. Yoxsa evin görkəminə və rahatlığına söz ola bilməzdi. Ən azından bundan əvvəl 6 il yaşadığı göydələnin başındakı üçotaqlı, külək əsəndə qulaq tutulan, fırtına qopanda qorxudan ürəyi ağzında döyünən, hardasa zəlzələ baş verəndə bağrı yarılan o evdən milyon dəfə güvənli idi. Bunları düşünə-düşünə ərincəkliyi çoxdan yox olmuş, mətbəxtin yolunu tutmuşdu. Geri qayıdanda pilləkənin başında ayağının altındakı xışıltını hiss elədi. Əyilib dörd qatlanmış kağız parçasını götürdü. Məktubun ilk sətrini oxumağı ilə qızının otağına götürülməyi bir oldu. Uşağın yatağını boş görüb qışqırmağa başladı. Səsə əri gəldi. Dərhal polisə zəng edib qızın qaçırılmağı haqqında məlumat verdilər. Yeddi dəqiqə tamamında əraziyə nəzarət edən polislər qapıda idi. Ana ağlayır, ata pərişan halda sağa-sola gedir, oğulları isə divanın bir küncünə qısılaraq qorxu dolu gözlərlə nə baş verdiyini anlamağa çalışırdı. Doxsan dörd min pul tələb edən naməlum şəxslər polisə xəbər verildiyi anda uşağın öldürüləcəyini yazmışdılar. İşə bax ki, həmin məbləğ uşağın atasının iki gün əvvəl rəhbərlik etdiyi şirkətdə qazandığı layihənin miqdarı ilə eyni idi. Polisin ardınca evə gələn dedektivlərin fikrinə görə, uşağı qaçıran şəxs və ya şəxslərin şirkət işçilərindən biri və ya biriləri ola biləcəyi idi. Çünki bir gün əvvəl gələn bu gəlirdən orada çalışanlardan başqa kimsənin xəbəri yox idi. Ailənin tanınmış və zəngin, uşağın isə reklam ulduzu olması camaatın baxışları ilə bərabər xüsusi xidmət orqanlarını da bu hadisəyə cəlb etmişdi. Lakin heç bir iz tapa bilmirdilər. Sanki uşaq qeybə çəkilmişdi. Nə qapı qırılmışdı, nə pəncərə açılmışdı. Çöldən biri gəlsə yağan yağışın islatdığı ayaqlarının heç olmasa yerdə izi qalardı, o da yox idi. Yaxşı, bəs, içəri necə girmişdilər?! Araşdırmaçılar anormal bir cinayətlə üz-üzə olduqlarını çoxdan anlamışdılar. Bir tərəfdən də fidyə üçün gələcək zəngi gözləyirdilər, ancaq nə zəng edən vardı, nə axtaran. Bunun iki səbəbi ola bilərdi; ya polislərin evdə olduğunu bilirdikləri üçün zəng etmirdilər, ya da...

Bu məqamda dedektivlərdən biri işin yönünə başdan aşağı dəyişən bir faktı üzə çıxardı. Fidyə tələb edilən məktub evdən götürülmüş kağız və qələmlə yazılmışdı və sanki qəsdən kəlmə xətalarına yol verilmişdi. Bu isə şübhələri ailənin üstünə çəkirdi. Ər və arvadın yazıları məktubla qarşılaşdırıldı. Kişinin xətti uyğun gəlmədi. Qadının isə bircə “e” hərfi bənzəyirdi. Amma bu suçlamaq üçün yetərli dəlil deyildi.

Artıq bir neçə gün keçmişdi. Hamı çıxıb getmiş, ailənin yanında bir nəfər dedektiv qalmışdı. Boşluqdan istifadə edib evi yenidən axtarmaq qərarına gələrkən uşağın atası bir saniyə yanında ayrılmırdı. Dedektivin gözü ikinci mərtəbədə ilk baxışda üstündəki bəzək-düzəkdən zorla seçilən kiçik bir qapıya sataşdı. Bu, evin üstündəki köhnə əşyaların yığıldığı yerə açılan qapı idi. Maraqlıdır ki, ailə belə bir yerin varlığını polisə daha əvvəl bildirməmişdi. Dərhal yuxarı çıxdılar. Sağa sola baxdıqdan sonra böyük qutuların arasında ağ bir örtük gördülər. Qaldıranda altından əli, qolu, ağzı bağlanmış şəkildə uzanan qızcığazın cansız bədənini vardı.

Dedektivin digər qrup gələnə qədər cəsədə toxunmama əmrinə məhəl qoymayan ata uşağı sanki izləri qəsdən itirmək üçün qucağına alıb, qışqırıb ağlayaraq aşağı endirdi. Haraya anası yetişdi. Yenidən polislər və araşdırma qrupu evə gəldilər. Cəsədi ekspertizaya göndərdilər. Gizlədildiyi yerə baxış keçirildi, dəlillər toplanmağa çalışıldı. Amma cinayəti aşkara çıxaracaq əhəmiyyətli nəsə tapılmadı. Ardınca ekspertizanın rəyi gəldi. Qızın bədənində döyülmə izləri aşkarlandı. Ölüm səbəbinin isə boğulma olduğu məlum oldu. Yenə bütün şübhələr ailəyə yönəldi. Lakin qızın təcavüzə məruz qaldığını göstərən alt paltarındakı qan işləri yenə qarmaqarışıq hala gətirirdi. Doqquz yaşlı qardaşı daxil olmaqla ailədən qan, barmaq izi, tük örnəkləri götürülərək test edildi. Heç biri uyğun gəlmədi. Aradan qısa vaxt keçdi. Araşdırma davam etdiyi halda ailə istirahətə yollanmaq istəyərkən polis onları saxladı və ölkədən çıxışlarına qadağa qoyuldu. Artıq bu dəfə təkcə polis deyil, camaat da ailəni suçlamağa başladı. Bəziləri uşağı evdəkilərdən birinin öldürdüyünü söyləyirdi. Ər və arvadın ayrı-ayrı ifadə verməməkləri bu ittihamları daha da tutarlı edirdi. Şübhələr daha çox ananın üstündə dayanmışdı. Hesab edilirdi ki, ana qızının ulduz olmasını qısqanır. Çünki qadın gəncliyində gözəllik yarışmalarına qatılan və yer tutan biri idi. Sonra uşaqlar doğuldu, bundan sonra əvvəlki qüsursuzluğunda əsər qalmayan bədəninə podyumların qapısı bağlandı. Qadın öz istəklərini uşağın üzərində gerçəkləşdirməyə başladı. Hər dəfə qınağa məruz qalmasına, ətrafdakılar tərəfindən “pis ana” elan edilməsinə baxmayaraq altı yaşlı qızının saçını sarıya boyayır, üzünə makyaj edir, böyüklər kimi geyindirirdi. Artıq elə bir mərhələ idi ki, uşaq anasının vaxtilə qazandığı uğurlardan daha çoxuna sahib idi. Hamı onu tanıyır, hər kəs sevirdi. Azyaşlılar arasında keçirilən bütün yarışlarda həmişə birinci yeri tuturdu. Bəziləri bütün bunları anasının həzm edə bilmədiyini, cinayəti onun törətdiyini düşünürdü. Anası isə bütün ittihamları rədd edirdi. Getdikcə sarmaşıq halına gələn cinayət artıq içindən çıxılmayacaq bir hal almışdı. Dedektivlər çözə bilmədiyi üçün iş mütəmadi əl dəyişdirirdi. Dosyelər yenidən açılır, sorğular yenidən başlayır, hadisə yerinə yenidən baxış keçirilirdi. Amma hamısı quyruğunu qovalayan pişik kimi yerində fırlanıb dururdu. Axırda təqaüdə çıxan, amma kilid cinayətləri açmaqla məşhur olan bir dedektivdən yardım istənildi. Artıq son ümid o idi. Işi ələ alan bu şəxs araşdırmaya uşağın məzarını açdırmaqla başladı. Gözü hələ ki deformasiyaya uğramayan cəsədin üzərində bir ləkəyə sataşdı. Bu, elektroşok cihazının izi idi. Bu fakt cinayətin məcrasını yenə dəyişdi. Çünki ailənin heç vaxt belə bir cihazı olmamışdı. Evin üst qatına yenidən baxış keçirilən zaman isə hər kəsin nəzərindən qaçan balaca qırıq pəncərə yaşlı dedektivin diqqətini çəkdi. Yenə həmin yerdə evdəkilərə aidiyyatı olmayan bir ayaq izi aşkarlandı. Deməli, o gecə evdə həqiqətən də yad bir adam olubmuş. Belə nəticəyə gəlindi ki, ev sahibləri olmayanda cinayətkar içəri girib, özü də tək olub, ailə gələnə qədər evdə məktubu yazıb hazır saxlayıb. Hamı yatandan sonra qızı elektroşokla zərərsizləşdirib, sonra üst qata çıxardıb, oradan da özü ilə birlikdə aparmaq istəyib, amma iki nəfərin keçməyinin mümkünsüz olduğunu görüb və qızı öldürüb, cəsədi də qutuların arasında gizlədib. Artıq kartlar yavaş-yavaş açılmağa doğru gedirdi. Hamı həyəcanla nəticəni gözləyirdi.

Bir səhər yaşlı dedektivin ölüm xəbəri gəldi. Gecə yatıb səhər oyanmamışdı. Bir tərəfdən də vaxt ötür, qızcığazın qatili tapılmaq bilmirdi. Ailəsi televiziya vasitəsi ilə qızını öldürəni kimliyini söyləyənə küllü miqdarda pul təklif etməyə başlamışdı. Bu da nəticəsiz idi. Bir gün əvvəllər məhkumluq həyatını yaşayan, içki və narkotik aludəçisi olan 30-35 yaşlı bir nəfər çıxır və cinayəti törətdiyini etiraf edir. Aidiyyatı qurumlar yenidən hərəkətə keçir. Yenə aləm bir-birinə dəyir. Məlum olur ki, həmin şəxs ölkəyə yeni gəlib, nə cinayət törədiləndə, nə də ondan əvvəl burada olub. Heç uşağın üzərindəki izlərə də aidiyyatı yoxdur. Sən demə, bu adamın məqsədi hamının dilində olan cinayətə qarışıb məşhurlaşmaq imiş.

Yenə bütün ümidlər suya düşmüşdü. Dosyelər bağlanıb açılırdı, ay ayı, il ili qovurdu. Amma cinayət açılmırdı ki, açılmırdı. Bir gün uşağın anası yaşadığı stresslərdən ağır xəstəliyə düçar oldu, çox keçmədən dünyasını dəyişdi.
O hadisənin üstündən neçə illər ötüb. Lakin uşağın öz ailəsi, yoxsa başqa birisi tərəfindən öldürüldüyünü hələ də bilən yoxdur.

 





03.04.2021    çap et  çap et