525.Az

Bələdçilik missiyası - Umud Rəhimoğlu yazır


 

Bələdçilik missiyası - <b style="color:red">Umud Rəhimoğlu yazır</b>

Azərbaycanın vətəndaş cəmiyyəti quruculuğunda xüsusi xidmətləri olan, Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru, hüquq müdafiəçisi, hörmətli Eldar Zeynalov bu yaxınlarda mənim də görüntülərimin yer aldığı bir neçə şəkil paylaşmışdı.

2000-ci ilin may ayının sonlarında çəkilmiş həmin şəkillərin maraqlı bir tarixçəsi var. Həmin vaxt Azərbaycan İnsan Hüquqları Mərkəzinin dəvəti ilə Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasının icraçı direktoru Aaron Rouds və onun müavini xanım Bricitt Dyufur ölkəmizdə işgüzar səfərdə idilər. Qonaqlar 27 may 2000-ci ildə hüquq müdafiəsi üzrə QHT-lərin resurs mərkəzində Azərbaycan vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri ilə görüşüb ölkəmizdəki ictimai-siyasi durum barədə onların rəy və təkliflərini öyrənirdilər. Həmin görüşdə mən də iştirak edirdim. Çıxış üçün söz alıb  Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasının Azərbaycanla bağlı  hazırlamış olduğu hesabatı sərt şəkildə tənqid etdim. Hesabatda çox ciddi yanlışlıqlara yol verilmişdi. Bir tərəfdən hazırlanmış sənəddə Bakıdan köçüb getmiş ermənilərinin əmlak hüquqlarından, geri dönmək imkanlarından söhbət açılır, digər tərəfdən isə erməni təcavüzü nəticəsində didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinin vacibliyini dilə gətirən Azərbaycan hökuməti tənqid olunurdu. Hesabatla tanış olanlarda elə təsəvvür yaranırdı ki, Ermənistandan və Qarabağdan didərgin düşən azərbaycanlı qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi dədə-baba yurduna dönmək niyyətindən əl çəkib və buna görə də onların məşkunlaşdığı yerlərdə həyat şəraitinin yaxşılaşmasına hökumət dəstək göstərmir. Mən məsələnin bu şəkildə təqdim edilməsinin əsassız, reallıqdan uzaq olduğunu dilə gətirərək, qaçqın və köçkünlərin məskunlaşdığı yerlərə səfər edib faktlarla yerində tanış olmağı təkidlə təklif etdim. Bu işdə onlara təmənnasız bələdçilik etməyə hazır olduğumu bildirdim. Helsinki Federasiyasının nümayəndələri səfər qrafiklərinin sıxlığını və növbəti günlərin isə şənbə və bazar istirahət günləri olduğunu əsas gətirərək mənim təklifimi qəbul etmək istəmədilər. Mənim inadkarlığıma görə təklif etdiyimiz üç köçkün düşərgəsindən (Sabirabad, Sumqayıt, Ceyranban) birinə növbəti gün səfər etməyə razılıq verdilər. Vədələşdiyimiz kimi, 28 may 2000-ci il tarixdə, şənbə günü saat 11:00-da Qız qalasının yaxınlığında, Neftçilər prospektində görüşdük. Biz birlikdə beş nəfər idik. Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasının icraçı direktoru Aaron Rouds, onun müavini xanım Bricitt Dyufur, Azərbaycan  İnsan Huquqları Mərkəzinin direktoru Eldar Zeynalov, mərkəzin şura üzvü Zalihə xanım Tahirova və mən. Hər kəsi maşına dəvət edib, hərəkət edəcəyimiz ünvanın dəqiqləşdirilməli olduğunu xatırlatdım. Vaxtın azlığını nəzərə alaraq  Ceyranbatana getməyə qərar verdik və Ceyranbatanda yerləşən, əksəriyyəti Laçın və Kəlbəcərdən olan köçkünlərin məskunlaşdığı texniki peşə məktəbi yataqxanasının qarşısına gəldik. Binanın zirzəmisi  çirkli sularla dolu olduğundan ətraf üfunət qoxuyurdu. Əvvəlcə həyətdə rastlaşdığımız adamlarla hal-əhval tutub söhbətləşdik. Daha sonra evlərə keçmək, ailələrlə yaxından tanış olmaq qərarına gəldik. Fərqli ailələrin qapısını döydük, çoxsaylı insanlarla görüşdük. Görüşdüyümüz ailələrin durumu bir-birindən acıncaqlı və dəhşətli idi. Demək olar, görüşdüyümüz insanların arasında problemsiz, dərdsiz, bəlasız ailə yox idi. Amma qonaqların da təəccübünə səbəb olduğu kimi onların heç birisi şəxsi problemlərindən danışmır, özlərini qürurlu aparırdılar. İstisnasız olaraq hər kəs yurd-yuvasına, el-obasına, Qarabağ torpaqlarına qayıtmaq istəyini dilə gətirirdi.

 

Evlərdə köçkünlərlə görüşləri yekunlaşdırıb binanın həyətinə çıxanda dəhşətli bir mənzərə ilə rastlaşdıq. Analar fəryad edir, qızlar, gəlinlər saçlarını yola-yola dünyasını dəyişmiş səkkiz aylıq bir körpənin cənazəsini yumaq üçün həyətdə ədyal və çadır parçalarından düzəldilmiş yuat yerinə aparırdılar. Son dərəcə ağrılı, acılı mənzərə idi. Helsinkidən olan nümayəndələr də eşitdikləri və gördüklərindən ciddi şəkildə sarsılmışdılar. Xanım Bricitt Dyufur və Zəlihə xanım Tahirova da göz yaşları axıdan anaların arasında idilər. Görünən dağa nə bələdçi, burada Qarabağ faciəsinin miqyasını, yurd-yuvasından didərgin salınmış Azərbaycan insanı üçün nə böyüklükdə fəlakət olduğunu dərk etmək çətin deyildi. Bəlkə də, ona görə xanım Bricitt Dyufurun göz yaşları içərisində mənə yaxınlaşaraq təkrar-təkrar "sorry mister Mirzayev" deməsi də elə bununla bağlı idi. Vaxtın məhdudluğunu nəzərə alaraq məcburi köçkünlərlə vidalaşıb Bakı istiqamətində yola çıxdıq.  

Yolüstü qərara gəldik ki, çay  süfrəsi arxasında gördüklərimiz, eşitdiklərimizlə bağlı isti-isti müzakirə aparaq. Elə də etdik.

Artıq Helsinkidən olan rəsmilər bir gün əvvəlki  adamlar deyildilər. Mənə də münasibətləri dəyişmişdi, tez-tez bu səfəri təşkil etdiyimə görə təşəkür edirdilər. Ceyranbatanda gördüklərimiz və köçkünlərdən eşitdiklərimiz demək olar ki, onları düşündürən sualların böyük əksəriyyətini cavablandırmışdı.  Ən başlıcası isə Ceyranbatanda məcburi köçkünlərlə təşkil edilən görüş Helsinki Federasiyasının nümayəndə heyətinin Azərbaycanla bağlı baxışlarında və sonradan ölkəmizlə bağlı hazırladıqları hesabatlarda xeyli dəyişikliyə səbəb olmuşdu.

Bakıya döndük.  Mən bələdçilik missiyamın sona çatdığını dilə gətirib hər kəslə ayrı ayrılıqda sağollaşdım. Onlar isə böyük minnətdarlıq hissi ilə əllərimi sıxaraq, səfərin təşkilinə görə mənə bir daha təşəkkür etdilər.

Növbəti günlər mətbuatdan xəbər tutdum ki, Helsinki nümayəndə heyəti Xarici İşlər Nazirliyində, Prezident Administrasiyasında yüksək çinli məmurlarla bir sıra əhəmiyyətli görüşlər keçiriblər, sonda isə Prezident, Ulu öndər Heydər Əliyevin qəbulunda olublar. Həmin vaxt "Azərtac" Ulu öndərlə onların görüşünün stenoqramını da yayımlamışdı. Ölkə Prezidenti görüş zamanı Helsinki rəsmilərinin Ceyranbatan səfərini yüksək dəyərləndirmiş, belə səfərlərin əhəmiyyətindən danışmışdı: "Siz Ceyranbatanda oldunuz və hər şeyi də öz gözlərinizlə gördünüz, buna görə sizə təşəkkür edirəm. Ancaq siz çadırlarda daha çətin şəraitdə yaşayan insanları görsəydiniz, dəhşətə gələrdiniz. Ceyranbatanda yaşayan qaçqın və məcburi köçkünlərin vəziyyəti çadırlarda yaşayan məcburi köçkünlərin vəziyyətinə nisbətən daha yaxşıdır. Təəssüf ki, beynəlxalq təşkilatlar, o cümlədən, insan hüquqları ilə məşğul olan təşkilatlar bu sahəyə əhəmiyyət vermirlər... Bütün bunları gördüyünüzə və bu işlə tanış olduğunuza görə çox şadam. Təşkilatlarınızda gördüklərinizi danışsanız, sizə daha çox minnətdar olacağıq.

 

Təəssüf ki, müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin yüksək çinli nümayəndələri Bakıya gəlir və elə buradan da çıxıb gedirlər. Çadır şəhərlərində yaşayan köçkünlərin vəziyyətini görmürlər. Bakı şəhərində şərait yaxşıdır, ona görə də gələn  qonaqlarda Azərbaycandakı vəziyyətin hər yerdə eyni olduğu təəssüratı yaranır. Onların təkcə Bakıya deyil, çadır şəhərciklərinə də gəlmələrini çox istəyirik, ancaq buna nail ola bilmirik. Sizə müraciət edərək bir milyondan çox Azərbaycan vətəndaşının hüquqlarının pozulduğuna dair məlumatlara kitablarınızda və hesabatlarınızda geniş yer ayırmağınızı xahiş edirəm. Bu, sizin üçün, bütün dünya ictimaiyyəti, Beynəlxalq Helsinki İnsan Hüquqları Federasiyası üçün son dərəcə vacibdir.

Bir nəfərin, on və ya yüz insanın hüquqları pozulması  dəhşətlidir. Ancaq bir milyon insanın hüquqlarının pozulması daha dəhşətli və qorxuncdur. İstər təşkilatınızda, istərsə də digər təşkilatlarda bu vəziyyətə ətraflı aydınlıq gətirməyinizi istərdim. Bu, sülh danışıqlarımız üçün daha əlverişli şərait yarada bilər".

Bu gün bu sətirləri oxuduqca rəhmətlik Ulu öndəri minnətdarlıq hissi ilə anır, sözügedən olaylarda bir vətəndaş cəmiyyəti təşkilatlarından birinin təmsilçisi kimi yer aldığıma görə qürur duyuram.

 





04.04.2021    çap et  çap et