525.Az

Qaranlığın səsi - İmdat Avşarın yazısı


 

Qaranlığın səsi - <b style="color:red">İmdat Avşarın yazısı </b>

Bu günlərdə yazıcı-publisist Novruz Nəcəfoğlunun "Karanlık gecenin sesleri" adlı nəsr kitabı Türkiyədə, Türk Ədəbiyyatı Vaqfının təşəbbüsü ilə, "Turay" nəşriyyatında işıq üzü görüb.

Kitaba müəllifin daha öncə Bakıda çap olunan nəsr əsərləri - "Yuxuya gedib gecə", "Bu dərənin uzunu" povestləri, "Çərçivə şəkil",  "Yadigar köynək" və s. hekayələri daxil edilib.

Kitabın ön söz müəllifi yazıçı-dramaturq Pərvindir. Türkcəyə çevirən və təqdimat yazısının müəllifi türkiyəli yazıçı-tərcüməçi İmdat Avşardır.

***

Dərin bir yuxuda ikən duyduğunuz, sizi ürpərdərək oyandıran və ruhunuzu dar ağacına çəkən bir səsin kimə aid olduğunu heç düşündünüzmü? Həm də hər dəqiqəsi illərə dönən bir gecədə, ömrün xatirə kitabını səhifə-səhifə geriyə doğru çevirərək... Röyada duyulan səs və o səsin sahibi, ömür boyunca duyduğunuz digər səslər və insanlar arasından seçilirmi? Görəsən, insanın beynində səsləri və o səslərin kimə aid olduğunu ayırd edərək hafizəmizə qeyd edən  bir sistem - "səs hafizəsi" deyə biləcəyimiz bir məkan varmı?

Novruz Nəcəfoğlu bu suallara əsərinin elə ilk cümləsiylə - "Qəlbin duyğu, zehnin söz hafizəsi olduğu kimi qulağın da bir səs hafizəsi var, əlbəttə..." deyə cavab verir və oxucunu roman qəhrəmanının - əslində, müəllifin özünün səs hafizəsinə illər öncə qeyd etdiyi səsləri dinləməyə çağırır.

Müəllif "Qaranlıq gecənin səsləri" adlı bu əsəriylə oxucunu sirli bir səsin arxasınca aparır, "gecə", "qaranlıq", "yuxu", "səs" və "xatırlama" metaforaları .... roman qəhrəmanı ilə birlikdə keçmişə doğru uzun bir yola çıxır.

Azərbaycandan İrana, Qarabağdan Ərdəbilə, oradan Qoytuləli körpüsünə qədər uzanan bu sirli yolda röyada duyulan bir səsi və onun sahibini; yaddaşının dumanlı küçələrində axtaran qəhrəman ilə oxucu, daha doğrusu, yazıçı ilə oxucu birləşir, bütünləşir.

Yuxuda duyduğu səsi və o səsin sahibini xatırlamağa çalışan roman qəhrəmanının dumanlı yaddaşının dərinliklərindən gün üzünə çıxardığı səsləri, müəllif elə axıcı dillə və təsirli "səs", "fəryad", "nalə", "fəqan" hekayələri ilə nəql edir ki, qəhrəmanın axtardığı o səsin sahibi artıq oxucunun itiyinə çevrilir...

Roman qəhrəmanının yuxuda duyduğu səsin təsiriylə gecə yarısı yataqdan qalxaraq daha öncə duyduğuna inandığı o səsin sahibinin kim olduğunu xatırlamağa çalışması əsərin ana xəttini təşkil edir.

İlk baxışda sadə görünsə də, yazıçı qəhrəmanının səs yaddaşındakı xatirə lövhələrini silkələdikcə oraya silinməz izlərlə  yazılan hər səs bir hekayəyə və daha sonra bənzərsiz bir roman süjetinə çevrilir.

Müəllifin yaddaş düyününü açması və bir səsin sehrinə düşüb onun arxasınca gedərək hekayələr nəql etməsi gecənin sabaha yaxın bir çağında başlayır və sübh dan yeri ağarmadan bitir.

Yazıçının qısa bir zaman kəsiyində bu qədər geniş xatirələr aləmini oxucuya təqdim etməsi Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanını xatırladır.

Çingiz Aytmatovun bu əsərində ölən birinin dəfn edilməsi məsələsi sadə görünən bir süjetdir. Amma o cənazə mərasimində bir gündə xatırlanan hadisələr və o məkanların tarixi keçmişi nəhəng bir romana çevrilir.

Bu iki əsər arasında sanki bir bağlılıq, bənzərlik də duyulur. Çingiz Aytmatov Sovet rejiminin təsiri altında köklərindən qoparılan Adilbay ilə keçmişə, ənənəyə bağlı Qazanqapı qarşılaşdıraraq assimliyasiyaya uğrayan türk kimliyi məsələsini böyük uğurla sözə çevirir. Novruz Nəcəfoğlu isə romanın həm "Bir körpənin başı üstə", həm də "Qoytuləli körpüsü" adlı bölümlərində Azərbaycanın qanayan yarası olan Qarabağ məsələsini böyük ustalıqla gündəmə gətirir. Bir gündə - bir gecədə xatırlanan hadisələrdən əsər yaranır. Ədəbi yaradıcılığın sirri də elə budur.

Novruz Nəcəfoğlunun qəhrəmanı Həbib yuxuda eşitdiyi fəryada bənzəyən səsin sahibini axtararkən səslərlə bağlı bir-birinin içindən silsilə hekayələr doğulur. Hekayə içində hekayə, yuxu içində yuxu, səs içində səs... Bu baxımdan əsərdəki hekayələr Mövlana Cəlaləddin Ruminin "Məsnəvi"sində anlatdığı kimi bir-birinə bağlı hekayələrə bənzəyir.

Yuxuda duyduğu qərib səsin sahibini axtarmağa çalışaraq səs hafizəsinin düyününü açmağa çalışan Həbibin illər öncə dinlədiyi bir əfsanəyə çevrilmiş hekayəni xatırlaması və yuxuda dəfələrlə ixtiyar bir adamın "Ərdəbildə qismətin var, get, ara!" dediyi üçün qalxıb yola düşən Qoytuləlinin hekayəsini anlatması "yuxu içində yuxuya", bir səsdən yola çıxaraq hüt-hüt quşunun əfsanəsini və ya atlarla bağlı xalq inanclarını nəql etməsi "hekayə içində hekayəyə", tərk edilmiş bir körpənin səsinin Qarabağda qətlə yetirilən məsum uşaqların fəryadına dönüşməsi isə "səs içində səsə" örnəkdir.

 

Yeri gəlmişkən, yazıçının yuxu içində yuxuya misal olaraq "Bir mən oyaqdım" adlı başqa bir əsərini də xatırlatmaq gərəkdir. Novruz Nəcəfoğlu da sonda Mövlana Cəlaləddin Rumi kimi bütün səsləri (hekayələri) gətirib əsl səsə (hekayəyə) bağlayır.

Novruz Nəcəfoğlu hekayələrinin və romanlarının mövzusunu həyatdan götürür. Onun əsərləri həyatı, təbiəti, hadisələri dərindən müşahidə edən həssas gözlərin izlədikləridir. Həyatda olanları ədəbiyyata gətirmək, əlbəttə, yazarın səmimiyyətini və inandırıcılığı artıran bir məqamdır. Onun əsərlərində bütün məşəqqətləri ilə həyat, təbiət və sadə insanlar var, qəhrəmanların adı nə olursa olsun, onların çoxu yazıçının özüdür. Eynilə bu əsərdəki Həbib kimi...

Bu nöqteyi-nəzərdən Pərvin Nurəliyevanın "Bu əsərin yazarın öz ömrünün və bu günə qədər yazdığı əsərlərin çox uğurlu bir davamı olduğunu ürək rahatlığı ilə söyləyə bilərəm" düşüncəsinə qatılmamaq mümkün deyil.

Həyatı, insanı və təbiəti ustalıqla qələmə alan yazarın bu romanındakı "Səməndərlə görüş" adlı fəsil, müəllifin təbiəti və heyvanları çox dərindən müşahidə etdiyini, onların haqqında gözəl bildiyini və faunanı çox sevdiyini göstərir.

Daha öncə yayımlanan dəvələrdən bəhs edən "Səhra gəmisi" və "Canına qəsd edən quşlar" adlı hekayələri də yazıçının bu xüsusiyyətini açıq-aydın göstərməkdədir.

Müəllifin atlara qarşı olan sevgisi "atı" müqəddəs bir heyvana çevirir. Ön sözün müəllifi Pərvin Nurəliyevanın vurğuladığı kimi, bu əsərin qəhrəmanının (müəllifin) Səməndər adını verdiyi atı ilə danışması, daha doğrusu, atı danışdırması, atın keçmişi xatırlayaraq vəfa və dostuğu andırması son dərəcə zərif və həssas duyğuların ifadəsidir. Ancaq müəllifin at sevgisinin zirvəsi olan əsəri, zənnimcə, Türkiyədə "Bəmbəyaz keçiddə" adlı hekayələr toplusu içində daha öncə yayımlanan "Keçən cavan çağım ola..." adlı uzun hekayəsidir. Yazıçının at sevgisinin qaynağı olan o əsərin qəhrəmanı Kəlbi əmisini bu əsərdə də görürük.

Bu da ön sözün müəllifi Pərvin xanımın yuxarıda bəhs etdiyimiz fikirlərinin doğru olduğunu bir daha göstərən məqamdır.

Onun hekayələrindəki, romanlarındakı gənc, yaşlı, qadın, kişi, uşaq, bütün insanlar "mərhəmət" və "sevgi" ilə əhatələnir. Beləcə Novruz Nəcəfoğlunun həssas qəlbindəki təbiət sevgisi vətən sevgisinə, "insan" sevgisi də o vətənin bütün insanlarını özündə cəm edərək "millət" sevgisinə dönüşür.

Novruz Nəcəfoğlu olduqca realist bir yazıçıdır. Onun dili və üslubu o qədər səlis və aydındır ki, təsvir etdiyi hadisələr kino lenti kimi oxucunun gözləri önündə canlanır.

Novruz Nəcəfoğlu bu silsilədən olan əsərlərin ikinci fəslində yer alan "Bu dərənin uzunu" adlı ikinci əsərində isə insan hafizəsinin hadisələri qeyd edən  bölümünü ilmə-ilmə açaraq oxucunu bu dəfə romanın baş qəhrəmanları İbrahim və Əhlimanın uşaqlıq dünyasına aparır.

Novruz Nəcəfoğlu qısa zaman kəsiyində kiçik bir hadisədən, təsadüfi bir qarşılaşmadan yola çıxaraq xatirələr aləminə və uşaqlığına dönərək böyük bir roman yaradan istedadlı qələm adamıdır. Bu romanda da yazıçı iki köhnə dostun görüşüb söhbət etdiyi bir gecədən, onların uşaqlığının keçdiyi balaca kənddən yola çıxaraq böyük bir dünyaya yelkən açır. Həm də çox maraqlı hadisə və xarakterlərlə...

Uşaqlıq ölkəsi yazıçının ana vətəni kimidir. Novruz Nəcəfoğlunun ana vətəni elə müdhiş bir təbiətə sahib, elə bərəkətli və münbit torpaqlı bir diyardır ki, bu gözəlliklər yazıçının dərin və həssas müşahidələri və əsərlərindəki doğma insan xarakterləri ilə birləşəndə ortaya son dərəcə səmimi və möhtəşəm bir əsər çıxır.

Bu əsərin üçüncü fəslində yazıçının bir-birindən maraqlı hekayələri var. Adlar və bu adları daşıyan insanların xarakterləri arasındakı bağlılıqdan yola çıxan müəllif "Köhnə həyətdə" adlı hekayəsində Sərməst kişinin xarakterini təhlil edərkən sanki "Qonşunun toyuğu qonşuya qaz görünür" deyimini şərh edir. Gerçək həyatda da pul hərisi, xəsis, tamahkar, gözünü başqalarının malından çəkməyən, yalançı, müftəxor Sərməst kişilərlə tez-tez qarşılaşırıq. Bu hekayədə yazıçının əsas uğuru hamımızın tanıdığımız bu xarakteri "köhnə həyət"in köpəyi olan Qarabaşın obrazında ümumiləşdirməsidir.

Novruz Nəcəfoğlunun əsərlərini oxuyanlar "yuxu" metaforası ilə çox tez-tez qarşılaşırlar. Hətta yazıçı bir az öncə qeyd etdiyimiz kimi, yuxu içində yuxu da nəql edir bəzən. Ustad şair Əbdürrəhim Qaraqoçun "Beşinci mövsüm" adlı şeirində bir misra var: "Yuxumda yuxuma girdim dün gecə..."

Novruz Nəcəfoğlu da tez-tez "yuxuda yuxusuna" girən qəhrəmanların iç dünyasını qələmə alır. Bu fəsildəki "Bir ovuc badam" adlı hekayə yenə yuxu ilə başlayır. Bu hekayə qəhrəmanın (müəllifin) yuxuda gördükləridir.  Bu yuxu əslində, müəllifin illər öncə min bir həvəslə bağçasına əkdiyi, ancaq bar gətirmədən solub gedən, quruyan bir badam ağacına dediyi ağıdır sanki... Hekayədə müəllifin təbiət sevgisi və təbiət gözəlliklərinə həssas münasibəti sərgilənməkdədir. Görülən yuxu isə bu sevginin oxucuya çatdırılması üçün vasitədir.

Bu fəsildəki "Çərçivəli foto" hekayəsi də yuxu ilə xəyalın, gerçək olanla mücərrədin bir-birinə çulğalaşdığı xatirələr yumağıdır. Əslində, bu hekayə divarda asılmış bir şüşə çərçivəli ailə tablosunda yer alan insanların, yazıçının xəyalında və ya yuxusunda otaqda yenidən canlanmasıdır. Müəllif bu hekayədə tənhalığın gətirdiyi xəyal dünyasında o qədər gerçək tablolar yaradır ki... Bir fotoda anıya çevrilən keçmiş xəyal və röya aləmində yenidən yaşanır. Fəqət həmin tablonun əskik bir yanı, ağrılı bir tərəfi var: şəkildə var olan qadının gerçək həyatdakı yoxluğu və o itkidən doğan kədər oxucu ilə yazıçını birləşdirir.

Üçüncü fəsildəki "Ovcuma yazdığım ad" hekayəsi həm məzmunu, həm ideya-bədii xüsusiyyətləri ilə diqqəti çəkməkdədir. Sanki ilahi bir qüvvə Novruz Nəcəfoğlunun hekayələrini yuxularında ona əyan edir, anladır. Novruz Nəcəfoğlu isə yuxuda gördüyü hadisəni zəngin yazıçı təxəyyülünə dayanaraq kağıza köçürür. Bu bir-birindən maraqlı, qəribə, heyrətamiz yuxuların səbəbi isə, əlbəttə, tənhalıq və tənhalıqdan doğan duyğulardır... Bu, bəlkə də, həmin divar şəklində var olan, indi otaqda xəyalı dolaşan qadının özü boyda həsrətə çevrilməsindən doğan hüzn və kədərdir...

Və son hekayə... "Yadigar köynək..." Bağışlandığı sahibini illər uzunu "əcəl" kimi gözləyən bir at... Hər kəsin göz üstündə ağır-əziz etdiyi bu at, ata ilk mindiyində Əzrayıl ilə üzləşən Cəfər... Onun bu ata ilk və son dəfə mindiyi gündən yadigar qalan "qanlı köynək..." Öləndə bu köynəyə kəfən kimi sarılıb məzara getməyi vəsiyyət edən zavallı bacılar... və bu vəsiyyətin caiz olmadığını hökm edən mollalar... Bu hekayədəki hadisələrin baş verdiyi məkan, əlbəttə ki, Azərbaycanın başı ulu dağlara söykənmiş  ucqar bir dağ kəndidir. Amma əsər boyu bir Anadolu kəndinin isti nəfəsi və səmimiyyəti oxucunu öz ağuşuna alır...

"Qaranlıq gecənin səsləri" Novruz Nəcəfoğlunun Türkiyədə yayımlanan üçüncü əsəridir. Onun bundan öncə işıq üzü görən "Çarəsiz yolçu" və "Bəmbəyaz keçiddə" adlı iki hekayə kitabı türk oxucularının böyük marağına səbəb olmuşdur. Hətta "Bəmbəyaz keçiddə" adlı əsəri ötən illərdə Bozok Universitetinin Filologiya fakültəsində tələbələrə çağdaş Azərbaycan nəsrinin dəyərli nümunəsi kimi tədris olundu. Müəllifin bu əsərinin  də böyük maraqla qarşılanacağına əminəm.

Bu əsərin türk oxucuların görüşünə gəlməsi üçün əməyini əsirgəməyən Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklıya, ön sözün müəllifi Pərvin xanım Nurəliyevaya və kitabın ərsəyə gəlməsində xeyli əmək sərf edən Ənvər Uğur Aykola minnətdarlığımı bildirir, oxucuları Novruz Nəcəfoğlunun axtardığı səsin arxasınca düşmələri üçün sözlərimi burdaca bitirir, qələmi ön sözün yazarına həvalə edirəm...

09.04.2020

 





04.04.2021    çap et  çap et