525.Az

Dünya şöhrətli Azərbaycan alimi - Yubiley yazısı


 

Dünya şöhrətli Azərbaycan alimi - <b style="color:red">Yubiley yazısı </b>

Əsrlərdən bəri özünün ulu loğmanları ilə məşhurlaşmış Azərbaycan Kafiəddin Ömər ibn Osman, İsa Riqqinni, Mahmud ibn İlyas və başqaları kimi tibb tariximizdə mühüm rolu olan alimləri ilə bütün Şərqdə tanınıb.

Tarixin demək olar ki, bütün dövrlərində alimlərimiz tibbin ən parlaq, ən yaddaqalan səhifələrini yazıblar. Şərqin ən böyük alimləri Nəsrəddin Tusi, Məhəmməd bin Yusif  bin İlyas, Məhəmməd bin Mahmudu-Şirvani və başqaları təbabətə dair yazdıqları fundamental əsərləri ilə tibb elmimizi daha da zənginləşdiriblər.

Tarixi qaynaqlardan aydın olur ki, Azərbaycanda tibb elmi əsrlər boyu çox böyük inkişaf yolu keçib. Müasir dövrdə də tibb elmi müvəffəqiyyətlə inkişaf edib. Bəhs edilən dövrdə Azərbaycanda peşəkar alimlər yetişib. Orta əsr Azərbaycan alimlərinin davamçısı, o cümlədən, müasir tibb elminin inkişafında mühüm rolu olan görkəmli şəxsiyyətlərdən biri də  akademik Cəmil Əziz oğlu Əliyevdir.

Cəmil Əliyev 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Onkologiya" kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlayıb. O dövrdə kafedraya görkəmli Azərbaycan onkoloqu, professor Arif Abbasov rəhbərlik edirdi. İlk günlərdən Cəmil Əliyev onkologiya elminə xüsusi maraq göstərib və professor A.Abbasovun rəhbərliyi altında elmi-tədqiqat işlərinə başlayıb. 1973-cü ildə Cəmil Əliyev "Onkologiya" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib. Müvəffəqiyyətli müdafiədən sonra gənc alimdə elmi tədqiqatlarını müəyyən bir istiqamətdə davam etdirmək istəyi yaranır və o, Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirmək qərarına gəlir. 1978-ci ildə o, burada  doktorluq dissertasiyasını müdafiə edir. 1978-ci ildə C.Əliyev Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun "Ümumi Onkologiya" (hazırda Milli Onkologiya Mərkəzinin) şöbəsinə rəhbərlik edir. 1980-ci ildən 1990-cı ilə qədər eyni institutda elmi işlər üzrə direktor müavini olur. 1990-cı ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Baş direktoru vəzifəsində çalışır. 1987-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən elmi kadrların hazırlanması sahəsində xidmətlərinə görə ona Onkologiya ixtisası üzrə professor elmi adı verilir. Professor C.Əliyev 1994-cü ildən indiyədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının müdiridir. Bu gün C.Əliyev süd vəzilərinin, baş və boyun yumşaq toxumalarının diaqnostikası və müalicəsi üzrə Azərbaycanda aparıcı mütəxəssislərdən biridir. O, Azərbaycanda müasir kliniki onkologiyanın və süd vəzi xərçənginin diaqnozu və müalicəsi üzrə elmi məktəbin banilərindəndir. Cəmil Əliyev 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Onkoloji yardım haqqında" qanunun və "Xərçəng xəstələrini həyati şiş əleyhinə preparatlarla təminatı üzrə Dövlət Proqramı"nın hazırlanmasında yaxından iştirak edib. Cəmil Əliyev Mərkəzin yeni binalarının inşası məsələsinin həllinə çox səy göstərib. Professor C.Əliyev Bakıda və Moskvada nəşr olunmuş 17 monoqrafiyanın (onlardan biri ingilis dilində), tələbələr üçün bir sıra dərsliklərin, həmçinin, 10 ixtiranın və 600-ə yaxın dərc olunmuş elmi işin müəllifidir. Tədqiqatlarının nəticələri barədə C.Əliyev dəfələrlə həm respublikada, həm də xaricdə, xüsusən, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya, İtaliya, Türkiyə, Yaponiya, ABŞ və Özbəkistanda keçirilən beynəlxalq konqreslərdə, qurultay və konfranslarda çıxış edib. Beynəlxalq elmi ictimaiyyətin böyük forumlarında etdiyi elmi məruzələr daim böyük marağa səbəb olub və xarici mütəxəssislər tərəfindən dəstəklənib. Onun elmi rəhbərliyi ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 48, tibb elmləri doktoru elmi dərəcəsi üçün 9 dissertasiya müdafiə edilib. 1993-cü ildən bu günə qədər C.Əliyev Milli Onkologiya Mərkəzində Onkologiya, Şüa diaqnostikası və Şüa terapiyası ixtisasları üzrə namizədlik dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurasının sədridir. O, 1979-cu ildən bu günə qədər Respublika Onkoloqlar Elmi-Tibbi Cəmiyyətinin, 1988-ci ildə "Həkimlər Nüvə Müharibəsinə Qarşı" beynəlxalq təşkilatının Azərbaycan Komitəsinin sədridir. 1991-ci ildən professor C.Əliyev London Universiteti nəzdindəki Hammersmit hospitalının fəxri professoru, 1995-ci ildən isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. 1996-cı ildən onun adı İngiltərənin Kembric Beynəlxalq Biblioqrafik Mərkəzinin dünya intellektualları arasında "Kim kimdir" biblioqrafik toplusuna daxil edilib. 1997-ci ildən Cəmil Əliyev Avropa onkoloqları Cəmiyyətinin üzvüdür, 1998-ci ildə isə o, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. 2010-cu ildə professor C.Əliyev Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, eləcə də Gürcüstan Milli Elmlər Akademiyasının akademiki seçilib.

Professor C.Əliyev dünyada onkologiya elminin müxtəlif sahələrinin inkişafına töhfə verən alimlərdən biri kimi tanınmaqla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Tibb Elmləri Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, eləcə də Onkoloji Elmi Birliyi və Onkoloji Elmi Cəmiyyəti kimi dünyaca nüfuzlu qurumların üzvüdür. 2000-ci ildə professor Cəmil Əliyev "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 2001-ci ildə o, Azərbaycan Milli Elmlər Akademiyasının, eyni zamanda, Rusiya Tibb Elmləri Akademiyasının akademiki seçilib. Elə həmin il C.Əliyev Beynəlxalq Ekoenerji Akademiyasının akademiki adına layiq görülüb. Onkologiya sahəsində yüksəkixtisaslı mütəxəssis kimi akademik C.Əliyev təkcə ölkəmizdə deyil, xaricdə də geniş tanınıb. Yenilikçi biliyi olan qabaqcıl onkoloq cərrah Cəmil Əliyev süd vəzisi, dəri, baş və boyun şişlərində mürəkkəb cərrahi əməliyyatlar həyata keçirir.

Cəmil Əliyev süd vəzilərinin xərçəngi, xüsusən də rezeksiyada və mastektomiyada müxtəlif dəyişikliklər zamanı bu orqanın cərrahiyyə təcrübəsində mühüm rol oynayan cərrahi müdaxilə təklifi irəli sürüb. Onun rəhbərliyi ilə Azərbaycanda süd vəzi, dəri və digər orqanların şişlərinin aradan qaldırılması üçün elmi tədqiqatlar aparılmış və hazırda bu işlər uğurla davam etdirilir. Cəmil Əliyev xəstələrdə travmatik göstəricilərin məhdudlaşdırılmasına imkan verən əməliyyatdan əvvəlki müalicənin yeni metodlarını hazırlayıb və səhiyyə praktikasında tətbiq edib. Nəticədə orqansaxlayıcı cərrahi əməliyyatlar keçirmək imkanları xeyli genişlənib. Döş xərçənginin kompleks reabilitasiya-bərpa müalicəsində istifadə olunan orijinal cihazların yaradılması əksər xəstələrin tam həyata və ictimai faydalı işə qayıtmasına imkan yaradıb. Akademik C.Əliyevin bu prosesdə bilavasitə iştirakı sayəsində həyata keçirilmiş aparıcı kompleks təcrübə tətbiq olunduqdan sonra əlillərin sayı 2,5 dəfə azalıb. Bundan əlavə, süd vəzisi xərçənginin inkişaf mərhələlərinin Beynəlxalq Təsnifatına edilən düzəlişlər bu xəstəlikdən əziyyət çəkən xəstələrin müalicə taktikasının dəyişdirilməsinə şərait yaradıb.

Akademik C.Əliyevin apardığı tədqiqat işləri eyni zamanda, bədxassəli və xoşxassəli süd vəzisi xərçəngi olan xəstələrdə hepatit B və C viruslarının yayılmasına da həsr olunub. İlk dəfə bu tədqiqatlar sübut edib ki, süd vəzisi xərçənginin müalicəsində hepatit B-nin gizli forması orqanizmin vəziyyətinə son dərəcə mənfi təsir göstərir. Bu tədqiqatların nəticələri ilk dəfə "Süd vəzisi və qaraciyər xərçənginin funksional vəziyyəti" (1996) və "Onkoloji xəstəliklər zamanı subklinik qaraciyər patologiyası" (2016) monoqrafiyalarında nəşr olunub.

Professor Cəmil Əliyev bir sıra ixtisaslaşmış jurnalların, xüsusən "Azərbaycan Tibb Jurnalı" (1988-ci ildən), "Azərbaycan Hematologiya və Onkologiya Jurnalı" (indiki Azərbaycan Onkologiya Jurnalı - 1995-ci ildən bu günə qədər baş redaktoru), "Sağlamlıq" (1995-ci ildən bu günə qədər), "Biomedisina" (2003-cü ildən bu günə qədər) jurnallarının redaksiya heyətlərinin üzvüdür.

2006-cı ildə akademik C.Əliyev "Şöhrət" ordeni, "Səhiyyə əlaçısı" nişanı (1984), akademik N.Petrov adına SSRİ Tibb Elmləri Akademiyasının (1980), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Y.Məmmədəliyev (1996) və M.Topçubaşov (2003) adına mükafatları ilə təltif edilib. Eyni zamanda, bir sıra nüfuzlu beynəlxalq mükafatların sahibidir. O cümlədən, Cəmil Əliyev Beynəlxalq Ekoenerji Akademiyasının böyük qızıl medalı ilə təltif edilib (2011). O, Dağıstan Respublikasının Əməkdar elm xadimidir (2011). 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası C.Əliyevi akademik M.Mirqasımov mükafatı ilə təltif edib. Elə həmin il dünyanın ən məşhur cərrahlarına verilən N.Piroqov ordeni və "Türk dünyasına xidmətə görə" Beynəlxalq Böyük Qızıl medalla təltif edilib. 2015-ci ildə Cəmil Əliyevə "Avropanın fəxri alimi" adı və Vilhelm Leybnits medalı verilib. 2016-cı ildə Cəmil Əliyev Nobel mükafatı laureatı İ.Pavlov adına Qızıl döş nişanı, Azərbaycan Respublikasının "Şərəf" ordeni və Dağıstan Respublikasının "Vətənə sevgi" medalı ilə təltif edilib. Eləcə də, elm və təhsil sahəsində uğurlarına görə Beynəl-xalq "Sağlamlıq və Ekologiya" Akademiyasının təklifinə əsasən, "Sərhədsiz Elm" (WOS-KO) Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının Qızıl medalı ilə təltif edilib. 2018-ci ildə akademik C.Əliyev Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafatlar Şurası tərəfindən "Elm və Sülh Elçisi" adına layiq görülüb. Bu günlərdə isə akademik Cəmil Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkə səhiyyəsinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Göründüyü kimi, tərəqqipərvər ziyalımızın tibb elminin inkişafında böyük xidmətləri olub. Dünya şöhrətli alimimizi yubileyi münasibətilə ürəkdən təbrik edir və səmərəli fəaliyyətində ona yeni-yeni uğurlar arzulayırıq.

 





04.04.2021    çap et  çap et