525.Az

Hansı türkcəni türkcələşdirək? - Niyazi Mehdinin etüdləri


 

Hansı türkcəni türkcələşdirək? - <b style="color:red">Niyazi Mehdinin etüdləri</b>

Dil üzrə etüdlərdən (2013-2014-cü illər)

Dil məsələsində "sıfır" durumundan çıxmışıq 

Dedim ki, dilimizin durumu ilə ilgili müsahibə almağa gələn jurnalistlər hər dəfə elə sorular verirlər ki, sanki sıfır durumundan çıxmamışıq, sanki heç nə söylənməmişdir, sanki elə bir mərhələ, aşama əldə etməmişik ki, ondan itələnib sonrakı aşamaya keçək. Bir örnək. Kamal Abdulla öz nəsri ilə bağlı dəfələrlə söyləmişdi ki, mən sizin öyrəşdiyiniz azərbaycanca yazmıram. Mən Azərbaycan türkcəsinin imkanlarında yazıram. Bu o deməkdir ki, ədəbi dilin normalarından çıxış edib mənə irad tutmayın. Bu o deməkdir ki, Kamal Abdullanın dilinə yalnız bir iradı tutmaq olar: əgər sən normanı pozmusansa və bu zaman pozuntu hədəfləndiyin bədiiliyə filan-filan səbəblərə görə aparmırsa, deməli, pozuntu da əbəsdir. Bax, bu məsələdən sonra əgər jurnalist yenə də çağdaş nəsrdə ədəbi dil normalarının pozulmasından həyəcan təbili vurursa, deməli, özünü elə aparır ki, sanki sıfır vəziyyətindən çıxmamışıq.

Normativ dilin pozulmasının ciddi məsələsi

Dilin normalarının pozulmasında ciddi soru pozulması deyil, pozulmaların çoxluğundan normativ dilin unudulması, tamamilə urvatdan düşməsidir. Belə bir durumu düşünün: hamı abstraksionist şəkil çəkir və axırda heç kim yada salmır ki, başqa rəssamlıq da var. Təsviri sənətdə abstraksionizmin dəbdə olduğu mühitdə, ortamda Hiperrealizm dəbə minərək realistik bədii təcrübəni unudulmağa qoymamışdı (hələ realistik tabloları toplamış Luvru, Ermitajı demirəm). Normativ dil analoqunda olan realizmi çağımızın reklam, plakat dünyasını bürümüş fotoşəkillər də unudulmağa qoymur.

Çağımızda normativ ədəbi dilin bastionu dissertasiyaların, dəftərxananın, Milli Məclis sənədlərinin, mediada, tutalım, xəbərlər proqramının dilidir. Normativ dilin özünü başqa cür qorumaq və saxlamaq mexanizmləri də var. "Fransız vecsizliyi" adı altında üzü tüklü gənclərin sayı artanda ingilis centlmeni kimi üzü təmiz gəzən oğlanların estetik etgisi elə güclənir ki, axırda dəbə çevrilir. Hələ bizə bu dəb gəlməyib, ancaq gələcək! Eləcə də normativ dilin pozulmasının pintilik kimi qavranması gələndə səliqəli-təmizkar normativ ədəbi dildə danışanların modası gəlir.

Hələliksə Sovet normativliyinin axtaladığı türkcə çoxumuzu elə bezdirib ki, hələ də ona can vermək üçün edilən xırda "elektrik" şokları, yəni pozuntular pintilik kimi görünmür. Görünəndə moddan çıxacaq. Bir də bazarın amansız qanunu, görünməz əlin düzəlişləri incəsənətdə olduğu kimi, dildə də işini görür. Necə ki bazarda rəqabət, tələb və təklif rejimi bacarıqsızı, geridə qalanı müflis edir, eləcə də sənətdə pornoqrafik epizodlarla, söyüşlərlə "bazara çıxan" sənət əsərlərinin sayı artanda dəyər və sayğıdan düşürlər. Eləcə də hamı aktyorlar komizmi şəkili və ya ayrım ləhcəsi ilə əldə edəndə komizmin dadı-tamı gedir. Bu zaman ləhcəsiz ədəbi dillə adamları güldürən aktyorun dəyəri göylərə qalxır.

Fərqli türkcələr, fərqli tələblər

Mən haradasa 85-ci ildə belə bir soru qoymuşdum: niyə dilimizdə türkcənin payını artırmalıyıq? Baxın soruşmamışdım ki, türkcəmizi təmizləməliyik? Bu təmizləmə işinə elmdə purizm deyirlər. O suala bir cavab milli ədadan gəlir: bəyəm biz ərəblərdən, farslardan, ruslardan, avropalılardan əskiyik ki, bu qədər onların sözünü işlədək?!

Purizm sorusunun, tələbinin və dil ədəbazlığının vətəndaşlıq hüququ var. Türkiyədə məsələ elə qoyulmuş və cavab də elə verilmişdi.

Mənimsə sualım "niyə dilimizdə türkcənin payını arıtrmalıyıq?" olmuşdu. Ancaq cavabım mili ədadan arqument qazanmamışdı. Cavabım belə olmuşdu: çünki sözlər yalnız məna daşıyan araba işini görmürlər. Görsəydilər, doğrudan da arabanın sarı və ya qırmızı olmasının fərqi olmadığı kimi, sözün də ərəbdən və ya farsdan gəlməsinin fərqi olmazdı. Hər söz özündən enerji kimi informasiyalar axıdır. Ona görə də dünya haqqında ciddi bilgiləri sözlərə qulaq tutub almaq olur. Bəndəniz bir vaxtlar "sual/soruşmaq" sözündən "sovurmağı" eşitməklə fəlsəfə yapmışdı, eləcə də "başa düşmək/anlamaq" fərqindən Platona çıxmışdı...

Bu səbəbdən də bir jurnalist məndən "öz terminlərimiz", "öz dilimiz" məsələsini soruşanda söyləmişdim: texniki alanda (sahədə) sözlər "araba", daşıyıcı (daşqa?!) funksiyasını yerinə yetirirlər, ona görə də "internet", "kompüter" kimi sözlərin türk qarşılığını (ekvivalentini, sinonimini) tapmaq aktual deyil. Alınma söz dilimizə yatmayanda ("kompüter" kimi) əvəz etməyi düşünmək olar.

Ancaq humanitar elmi sahələrdə öz sözlərimizin ərəb-fars sözlərinin yanında çox olmasının ciddi arqumenti var. Çünki o sahələrdə sözə qulaq tutub bilgilər almaq çox önəmlidir.

Bunu yazdım və duydum ki, axırıncı deyimi bir az da xırdalamalıyam.

Dağarcıq sözləri toplamış azəri türkcəsi

Sözlər "vaqon" funksiyasında olanda

Yenə deməli oluram, biz yabançı sözlərin yerinə öz sözlərimizi qoymaq istyiriksə, iki dil tipini ayırmalıyıq. Azərbaycan türkcəsinin qolları var ki, orada sözlər vaqon, daşqa funksiyasında işlədilirlər. Məsələn, dəftərxana dilində sözlər bir adamdan o birisinə yalnız informasiya daşıyır, vəssalam! Belə dildə sözlərin ərəbdən, ya rusdan gəlməsinin elə də rolu olmur. Vaqonları bu gün qırmızı, sabah qara eləsən, bunun daşımaq funksiyasına nə dəxli ola bilər ki?! Ancaq ortaya dəmir yollarının yaxşı görünməsi kimi estetik ölçü çıxsa, sözsüz, hansı rəng məsələsi aktuallıq qazanar.

Riyazi dildə daşımaq baxımından fərqi yoxdur "1" rəqəmi ərəb, ya latın qrafikası ilə verilir. Kimyəvi formulanı latın yox, ərəb yazısı ilə versək, dünya dağılmaz. Seçimin önəmi, tutalım, deyilişin rahatlıq məsələsi ortaya çıxanda aydın olur. Fəlsəfədə və riyaziyyatda belə bir termin var: "infinitezimal" - bu söz dərinə doğru sonsuzluğu bildirir. O sonsuzluqda elə iki ən yaxın nöqtə tapmaq olmaz ki, arasında üçüncü nöqtə olmasın. Bu sözü çətin kəlmələri deməkdə babat təcrübəsi olan mən özüm də qolay deyəmmirəm. Bəzən onu "sonsuz xırdalıq" sözü ilə əvəz edirlər.

Sözlər bilgi dağarcığı olanda

Humanitar elmlərdə sözlərin daşımaq funksiyasına bilgi qaynağı olmaq funksiyası əlavə olur. Burada sözlər anlam, informasiya daşıyanda görürsən ki, birdən-birə özlərindən tekstə, bilincləpə bilgilər axıdırlar. Ünlü alman filosofu Haydaqanın (Haydeqerin) başlıca fəlsəfi ideyaları onun dilə qulaq tutmasından doğub.

İndi isə bilgi dağarcığı ilə ilgili söylədiyimi öz türkcəmizdə göstərməyə çalışım.

Fəlsəfə tarixində bilimlə, anlamaqla bağlı iki öyrəti (təlim) var, biri anamnezis (yunanca "yada salmaq") nəzəriyyəsidir, onu aydınca Platon irəli sürüb. İkincisi isə inikas (əks etdirmə) nəzəriyyəsidir, aydınca Demokrit irəli sürüb.

Anamnezisə görə, bilmək bilincdən (yəni şüurdan) qıraqda olan və heç cürə şüurun içində olmayan nəsnələri, olayları şüura almaq deyil. Bilmək yada salmaqdır. Bununla bağlı Platonun fəlsəfi mifi beləydi: kut (ruh) bədənə düşməzdən qabaq İdeyalar dünyasının çevrəsində dolanaraq onlara tamaşa edir və beləcə, varlığın ali həqiqətlərini (ideyalarını) bilir. Bədənə düşəndən sonra isə materiyanın "tozu" ilə örtüldüyü üçün o biliyi unudur. Anamnezisə qarşı duran Demokrit hesab edirdi ki, nəsnələr öz həndəvərlərinə görüntülərini (eydolalarını) dalğalandırırlar. Onların gözün, qulaqların "dəliklərindən" içəri girməsindən isə bilik alınır. Bir sözlə, bilinc eydolalar, - "ideya" sözü də bu sözdəndir, - vasitəsi ilə qıraqdakılardan soraq almaqla onları bilir.

Filosofların fəlsəfə ilə tapdıqları bu ideyaları Azərbaycan türkcəsinə qulaq tutsan, eşidə bilərsən. Ancaq bir şey adamı mat qoyur: fəlsəfədə belədir ki, böyük istedad özgün, yəni orijinal şüuru ilə başqalarını heyran edən həqiqəti, gerçəyi tapır. Heç kimin tapmayacağını tapır və ona görə də hamıdan seçilir. Dilin olumunda, oluşmasında isə yönəldən belə özgün şüur yoxdur, dilin prosessuallığı hətta bilincsizdir, şüursuzdur, ussuz-ağılsızdır. Ancaq di gəl, dil necəsə bilincsiz olaraq filosofların bilinclə tapdıqları böyük ideyaları tapır.

Türkcəyə qulaq tutanda 

İndi məsələyə konkret baxaq. Azərbaycan türkcəsində bilməklə bağlı iki söz var: "anlamaq" və "başa düşmək".

"Anlamaq" feilinin kökündə "an" durur, "an" isə "anmaq" feilindən göründuyü kimi, yada salmağı, xatırlamağı bildirir. Doğrudan da qarşına it çıxanda gərək yadına it anlayışını salıb sonra qarşındakı canlını onunla eyniləşdirəsən ki, it olduğunu biləsən. Deməli, nəyinsə nə olduğunu bilmək onu tanımaqdır. Tanımaq üçünsə onu bilincindəki uyğun təsəvvürlə eyniləşdirməlisən. Bax, bu anlamda bilmək identifikasiya etməkdir, eyniləşdirməkdir və bu anlamda eyniləşdirəcəyin təsəvvürü, anlayışı ANMAQDIR.   

Beləliklə, Azərbaycan türkcəsi konkret filosofun köməyi olmadan şüursüz, bilincsiz olaraq idrak nəzəriyyəsinin, - qnoseologiyanın anamnezis variantına gəlib çıxarmışdı. Bu, ona görə maraqlıdır ki, Azərbaycan türkcəsi idrak nəzəriyyəsinin başqa versiyasını da bilir. Nə qədər təəccüblü olsa da, bu versiyanı bizə "başa düşmək" feili açır. Azərbaycanlı "anladım" demək istəyəndə çox vaxt "başa düşdüm" deyir və bu deyimi ilə, məsələn, Anadolu türklərini çaş qoyur. Çünki Anadolu türkü həmin feili frazeologiya kimi yox, hərfi mənada başa düşür. Belə başa düşəndə isə elə çıxır ki, "başa düşdüm" deyən azərbaycanlı bu zaman kiminsə, nəyinsə başına, təpəsinə düşür.

Əslində isə "başa düşməyin" anlamı başqadır. "Başa düşmək" öyrəniləsi, bilinəsi nəsnədən, olaydan soraqların başa (şüura) düşməsini, daha doğrusu, düşüb girməsini anladır. Bu isə bizim dilimizdə hələ də doğmalaşmamış "inikas"ın nəzərdə tutduğu prosesi başqa yönümdən bildirir. Beləliklə, Azərbaycan türkcəsinin "başa düşmək" sözü bilik problemini, bilmə prosesini özəl bir modeldə açır. Həmin modelə görə şüur, bilinc başın içində özünə alan, özünə buraxan, özündə alıb saxlayan nəsə tutum, nəsə genişlikdir. Bu "yerdən" o tayda nəsnələr, olaylar var. Onların görüntüləri, onlardan dalğalanan bilinmələr, soraqlar həmin "yerə" girəndə, həmin yerdə bilmə, anlama, xəbər tutma baş verir. Bu modeldə bilik o tayda olanlardan xəbər tutmağa bərabər olur. Bilməklə biz o taya çıxırıq, bilməklə biz özümüzdə olmayanları özümüzünküləşdiririk, özümüzə alırıq.

Bundan dil siyasəti üçün çıxan sonuc

Telefon, makina, məktəb (türklərdə "okul") kimi sözləri türkün sözləri ilə əvəz etmək indinin işi deyil. Ancaq humanitar elmi düşüncə üçün enerji qaynağı, dağarcığı olan "bilinc" ("şüur"), "gərəklər" ("tələbat"), "sonuc" ("nəticə"), "nədən" ("səbəb") kimi sözləri hamımız işlətməliyik. 

"İnternet"i, "telefon"u, "televizor"u türkün sözləri ilə əvəz etməyi arzulayanlara sözüm: dilimizi enerji, təpər dağarcığına çevirmək üçün bədii, fəlsəfi, filoloji, siyasi dillərin sözlərinə fikir verin. Özü də məqsəd ərəb, latın sözlərini əvəz etmək olmamaldır. Məqsəd onların türk qarşılığını tapıb yazıda geniş işlətmək olmalıdır. Yerdə qalan dil qollarında isə çətin deyilən sözlərin siyahısını tutub dəyişdirməyi düşünməliyik. 20 il qabaq "müvəffəqiyyət" sözü çətinliyi ilə bezdirmişdi. İndi nəsə ona rast gəlmək olmur. "Uğur" birdəfəlik yerini tutub.

 





04.04.2021    çap et  çap et