525.Az

"Yaralı mələk" - "Bir rəsmin dedikləri"


 

HƏYAT VƏ ÖLÜM ARASINDA

"Yaralı mələk" - <b style="color:red">"Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Limunə Yadigarovadır. Limunə xanımla məşhur finlandiyalı rəssam Huqo Simberqin "Yaralı mələk" əsəri haqqında danışmışıq.

- Simberq yaradıcılığında "Yaralı mələk" əsəri mühüm yer tutur. Bu əsərin yaranması rəssamın yaradıcılığının hansı dövrünə təsadüf edir və ən əsası, dövrün izlərini əsərdə görə bilirikmi?

- Sözsüz ki, hər bir əsərin yaranmasında zamanın və mühitin böyük təsiri olur. XIX əsrin sonları, XX əsrin əvvəlləri Şimali Avropa təsviri sənətində yeni cərəyanlara keçid dövrü sayılır. Halbuki Qərbi Avropa ölkələrində bu cərəyanlar çoxdan öz kökünü salmışdı. Əsrlərlə davam edən akademik təsvir üslubundan uzaqlaşaraq modernizmə, simvolizmə olan maraq rəssamların yaradıcılığında artıq duyulurdu. Lakin bütün bu üslubların əsasında erkən İntibah dövrünə aid primitivlik, qotika dövrü incəsənəti, folklor mədəniyyəti dururdu. Təsviri sənətdə bu cür yanaşma bütün Avropa ölkələrində baş qaldırdığı kimi, Finlandiya rəssamlarının da yaradıcılığından, gec də olsa, yan keçmədi. Huqo Simberq (1873-1917) yaradıcılığı incəsənətə məhz bu cür yanaşmanı nümayiş etdirən bariz nümunədir. Onun yaradıcılığı simvolizm və folklor motivlərinin birləşimi kimi xarakterizə edilir. Dünya təsviri sənətində simvolist rəssam kimi tanınan Simberqin 1903-cü ildə yaratdığı məşhur "Yaralı mələk" əsəri ilə onun yaradıcılığında əsas istiqamətin nə olduğunu aydın anlamaq olar. Mələklər, şeytanlar, ölüm onun sevimli mövzuları idi.

Tablonun kompozisiya mərkəzində gözləri bağlı, qanadı qanayan mələk obrazı verilib. Həmin mələyi xərəyin üzərində aparan iki oğlan uşağı da kompozisiyanın əsas qəhrəmanlarıdır. Simberq bir çox simvolist rəssamlar kimi əsərlərinin simvolik mahiyyətini açıqlamağı sevmirdi və o haqda heç vaxt danışmırdı. Hər zaman bunu tamaşaçının öz ixtiyarına buraxırdı. Bu baxımdan, əsərin məzmunu haqqında çox fikirlər mövcuddur.

Maraqlı yaradıcılıq xarakteristikası olan Simberqin tablolarında uşaq obrazlarına çox rast gəlmək mümkündür. Lakin bu obrazlar o qədər ağır məzmunla yüklənirdi ki, artıq onların simasında uşaqlıq məsumiyyətindən əsər-əlamət qalmırdı. Eyni fikri bu əsərə də aid etmək olar. Səmavi, ruhani bir varlıq kimi yerə enən mələk yerdə baş verən dəhşətli hadisələrdən, insanların qəddarlığından, günahlarından yaralanıb. Onu aparan oğlanların mənəvi yükü daha güclüdür. Əyinlərindəki tünd ağır geyimlər, simalarındakı qəribə səssizlik, ciddilik mələyin yüngül, bəmbəyaz cismiylə qarşılaşdırılır - Xeyir və Şərin simvolu kimi. Personajların ağır dramatik ideyayla yüklənməsinə baxmayaraq, arxa fonda olan təbiət təsvirində də ciddilik, sakitlik qorunub saxlanılır. Helsinkdə real bir məkanı - Elyayntarx parkını özünəməxsus təsvir edən rəssam italyan intibah təbiətinin təsvir prinsiplərini xatırladan mənzərələr kimi tam şərtiliyə üstünlük vermişdi. Personajların istiqamətləndiyi bu yolun başında Simberqin müalicə aldığı xəstəxana, eyni zamanda, bu ərazidə kor qızlar üçün məktəb yerləşir. Simvolik məzmunlu mələk personajının gözübağlı olması buna da işarə edə bilər. Dəfələrlə bu mənzərələri çəkən rəssam üçün bu yolu ömür, həyat kimi də dəyərləndirmək olar. Bəlkə də, bu baxımdan təsadüfi deyil ki, bu əsəri rəssam məhz xəstəxanandan çıxdıqdan dərhal sonra çəkmişdi. Mələyin əlində tutduğu kiçik qargülü çiçəyi və ya başqa cür desək, novruzgülü "oyanışı" - müəllifin xəstəlikdən can qurtararaq sağlamlığa qovuşmasının göstəricisi də ola bilər. Bəlkə, elə mələk rəssamın özüdür və bu yol da onun həyat yoludur.

- Arxada dayanan oğlanın baxışlarından dəqiq müəyyən etmək olmur ki, o, üzülür, yoxsa acıqlıdır.

- Kompozisiya ilə tamaşaçı arasında kontank məhz bu qəhrəmanla - arxadakı iti baxışlı,  qaş-qabaqlı oğlan fiquruyla qurulub. Sanki o, baxışıyla baş verənlərdə tamaşaçını hadisənin iştirakçısına çevirərək hamını günahlandırır. Məyus halda addımlayan oğlanları hətta ölümün simvolu kimi də şərh edənlər var. Amma müəllifin öz açıqlaması olmadığından bu personajların da kompozisiyadakı mövqeyi müəmmalı olaraq qalır.

 

Dünyada hər zaman nə baş veribsə, bundan böyük əziyyət çəkən və bu yükü çiyinlərində daşıyan uşaqlar olub və bunu kompozisiyada da duymaq olar.

- Dünya rəssamlıq tarixində biz mələk obrazını çox görmüşük. Ancaq gözləri bağlı və bu şəkildə təsvir olunan mələk görməmişik. Görəsən, rəsmin uğurunda orijinal yanaşmanın rolu varmı?

- Bəli, düz qeyd edirsiniz. İntibah dövrü incəsənətindən çox bəhrələnən rəssamın obraz oxşarlığını italyan rəssamlarının əsərlərində də tapmaq olar. Ümumiyyətlə, mələk obrazı antik dövr və hətta ondan da əvvəlki dövrlərdə, intibah dövründə və müasir dövrümüzə kimi hər zaman müraciət olunan obrazlardandır. Səmavi varlıq kimi, o, həmişə paklığı, günahsızlığı mənəvi dünyanı simvolizə edib.

Əsərin uğurundakı orijinal yanaşma isə onun simvolik mahiyyətindədir. Qeyd etdiyim kimi, rəssam tablolarındakı simvolikanın açıqlamasını heç vaxt verməyib. O baxımdan, məzmunun açılması onu təfsir edənlərin yanaşmasından asılı olub.  Simberqin yaradıcılığına diqqət yetirsək, görərik ki, onun tablolarının əsas məzmunu ölüm motividir. O, sanki ölümü, ruhu maddiləşdirərək fiziki görünüşdə təqdim edirdi. Sanki rəssam bilərəkdən tamaşaçını yayındıraraq diqqəti uşaqların günahsızlığı üzərinə çəkir.

- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Simberq yaradıcılığında mənzərə hər zaman önəmli yer tutub. Bu mənzərələr real məkanlar olsa da, rəssam hər zaman təbiəti özünəməxsus həll edib: sakit və səssiz, rəssamın ruhunun ifadəçisi kimi. Onun mənzərələri kompozisiyanın tamamlayıcı hissəsi olaraq xüsusi yeri olub və sanki təbiətin belə simvolikasının açılışına ehtiyac duyulur.

Kolorit açıq-tünd rənglərin kontraslığında işlənib. Diqqət edirsinizsə, ön planda olan personajların tünd-ağ-tünd keçidləri, təbiətin soyuq mavi, boz, qəhvəyi keçidləri məzmunun kədərli əhval ruhiyyəsiylə səsləşir.

Çox maraqlıdır ki, simvolizmin bariz nümunəsi kimi tanınan bu əsəri rəssam bir il öncə ciddi əsəb pozğunluğu səbəbindən xəstəxanada müalicəsini tamamlayıb çıxdıqdan sonra yaradıb. Ümumiyyətlə, onun əsərlərinin əksəriyyəti sağlamlığı ilə bağlı yaşadığı gərgin həyat tərzindən sonra ərsəyə gəlib.

- Bu rəsm nə deyir?

- Simvolik məzmunlu bu əsərin bəşəri bir mövzu olan Xeyir və Şər üzərində qurulduğunu desək, yanılmarıq. Hər yanaşmada bir fikir yarada bilən ideya. Lakin bütün ideyalar iki anlayış arasında dolanır - Həyat və Ölüm...

Aytac SAHƏD

 





05.04.2021    çap et  çap et