525.Az

Tələbələrinin professor Səfərli barədə xatirələri - Telman Orucovun yazısı


 

Tələbələrinin professor Səfərli barədə xatirələri - <b style="color:red">Telman Orucovun yazısı</b>

Acı taleli qız

(Əvvəli ötən şənbə sayımızda)

Ruhiyyə özünə yer tapa bilmirdi, hönkür-hönkür ağlayırdı, axı dörd ay ərzində bu qadına çox isinişmişdi, onu özünə ən yaxın adam hesab edirdi. Onun güvəndiyi ev uçmuş, o, özü də onun xarabalıqları altında qalmışdı. Belə deyirlər ki, ürək yavaş-yavaş ölür, bəs Südabə xanımın ürəyi niyə ona belə xəyanət etdi, tez dayandı.

Qoca qonşu qadın ərklə Ruhiyyənin anasına dedi:

- Ağlamaqla öləni geri qaytarmaq mümkün deyildir, dur halva çal, gələn qonaqları ehsana qonaq elə. Matəmi yüngülləşdirən yeganə şey ehsandır, sabah qadın mollası da dəvət edib, yası yola verərsən.

Ana gözünün yaşını silə-silə dedi:

- Sabah Ruhiyyəni doğum evinə aparmalıyam. Halvanı çalacağam və qonşulara paylayacağam. Bizim yas keçirmək imkanımız olmayacaqdır.

Qoca arvad başını silkələyib dedi:

- Heç yaxşı olmadı. Elə böyük adama ehsan verməmək dini qaydalarımıza məhəl qoymamaq deməkdir.

Bu arvad elə güman edirdi ki, guya Südabə xanım bu ailənin ən yaxın qohumu, həm də hamisidir.

Ruhiyyə həm ağlayır, həm də yaxınlaşan doğuş barədə fikirləşirdi, dərd onu götürmüşdü, axı o, dünyaya ilk dəfə uşaq gətirəcəkdi.  

Ruhiyyə Südabə xanımın ölümünün səbəbini öyrənmək üçün  Hüseyn müəllimə zəng vurmaq istədi, sonra bu qərarından vaz keçdi, yəqin onun başı indi çox qarışıqdır, çünki övladları da yoxdur ki, onun əlindən tutsun. Bütün gecəni yata bilmirdi, elə bil ki, onsuz da böyük olmayan dünyasından nəsə iri bir parça qopmuşdur. Anasının dediyi kimi, elə bil ki, bu qız yenidən yetim qalmışdı.

Tələbələrinin professor Səfərli barədə xatirələri

Səhərisi gün telefonun internetində Ruhiyyə professorun ölümü ilə bağlı xəbərləri, rəyləri oxudu və dəhşətə gəldi. Bir tələbə özünün məqaləsində yazırdı ki, həmişəki kimi professor çox maraqlı mühazirə oxuyurdu, Dostoyevskinin yaradıcılığını təhlil edirdi və onun "nifrət və məhəbbət" prinsipindən danışmağa başladı. Romançının düşüncəsinə görə, hətta nifrət etdiyin adama da vurula bilərsən, beləliklə, nifrət məhəbbətlə əvəz oluna bilər. Sonra o, Somerset Moemin rus yazıçısına qarşı çıxıb, II Dünya müharibəsində gənc fransız qızının sevdiyi alman əsgərindən uşağı olduqdan sonra milli düşmənçiliyə görə ona nifrət bəsləməyə başlamış, öz sevgilisinin izini də itirmək üçün körpə balasını çayın suyunda boğub öldürmüşdü. Lakin professor Dostoyevskinin haqlı olduğunu vurğuladıqda, kobudluğu ilə seçilən bir tələbə ayağa qalxıb, "bəlkə indi də sazda "Yanıq Kərəmi" əvəzinə "Nifrətdən məhəbbətə" havasını çalaq? Axı siz bunu az qala dini ehkam səviyyəsinə qaldırırsınız. Milli ruhumuzu niyə ayaqlar altına atırsınız?"

Professor ona cavab verdi ki, mən milli ruha hörmətlə yanaşıram, lakin çuxa, zurna vətənpərvərliyini qəbul etmirəm, dünya musiqisini bütünlüklə inkar edib, sazın "Ruhani"sinin də göylərə qaldırılmasının əleyhinəyəm.

Həmin oğlan lap özündən çıxdı, "sizin kimilərin hesabına biz milli qürurumuzu da itiririk. Sizdə günah yoxdur, günah sizə mühazirə kafedrasını etibar edənlərdədir. Biz də qoyun kimi sizin tütək səsinə qulaq asmalıyıq. Ancaq deyirəm, biz artıq qoyun deyilik ki, hara ötürsəniz, orada da dinməzcə otumuzu otlayaq. Biz dözməyəcəyik, milli xainlərə qarşı etiraz səsimizi ucadan qaldıracağıq".

Professor bu nadanın təhqirinə, böhtanına artıq dözə bilməyib, ondan auditoriyanı tərk etməyi xahiş etdi. Oğlan daha da həyasızlaşıb dedi:

- Mən çıxan deyiləm, kefinə gəlmir, özün çıx get, otağın havasını zəhərləyən mən deyiləm, sənsən.

Südabə xanım bu sözlərdən tam sarsıldı, səndələdi və yıxıldı. Qızlar qaçıb ona yaxınlaşanda sifətinin rəngi ağarmışdı, hərəkətsiz idi. Mobil telefonla həkim çağırıldı, təcili tibbi yardım maşınında gələnlər professorun infarkt olduğunu dedilər və onu xəstəxanaya apardılar. Bir həftə ərzində aparılan müalicə fayda vermədi və Südabə Səfərli həyatla vidalaşdı.

Post müəllifi qeyzlə yazırdı ki, professor Səfərlinin ölümünə bais olanlar məhkəmə qarşısında dayanıb, layiq olduqları cəzanı almalıdırlar. Bu cinayətin arxasında dayananlar da ifşa edilməli və cəzalandırılmalıdırlar. Bədnam kvazivətənpərvərlər xalqın fəxr etdiyi adamları özlərinə hücum hədəfi seçirlər. Onlar güman edirlər ki, bu yolla vətənə xidmət edirlər, əslində isə onun mənafeyinə zərbə vurmuş olurlar. Ədalət naminə, Südabə xanım kimiləri deyil, onlar özləri ağır təqsirlərinə görə bəlkə də ölü kimi vətənə diri olduqlarından daha yaxşı xidmət edərdilər. Bəlkə də bu, çox sərt səslənir, lakin elmimzə qarşı olan həmlə o qədər böyük və bağışlanmazdır ki, drakon tədbirləri də belə məqamda özünü doğrultmuş olardı.

İki qız aspirant isə postlarında professora ağı deyilən qaydada kədərli sözlər işlətmişdilər. Onlar bu xanımın geniş fəaliyyətindən bəhs edir, Çarlz Dikkensdən, Redyard Kiplinqdən, Uilyam Folknerdən və Ernest Heminqueydən birbaşa orijinaldan etdiyi uğurlu tərcümələrdən söhbət açırdılar. Onun universitetimizin Oksford və Kembric universitetləri ilə elm əlaqələrinin yaradılmasında və genişləndirilməsində böyük xidmətləri olduğunu qeyd edirdilər. Onun təkcə dostlarının deyil, düşmənlərinin də yekdil fikri belə idi ki, bu qadın ensiklopedik biliyə malikdir. Ona görə də ona paxıllıq edənlər də az deyildi.

Bir vicdansız isə öz statusunda yazmışdı ki, millətini bəyənməyənlərdən biri də yaxşı ki, dünyadan köçdü. Elələrinin hansı biri sıradan çıxsa, millətin başı daha da uca olacaqdır.

Ruhiyyə heç nə başa düşmürdü, bu istedad və böyük bilik sahibi olan qadın millətə hansı pisliyi etmişdir? Niyə qurban getmiş adama az qala cinayətkar qiyafəsi geyindirilir? Onun ölümünə səbəb olanı da milli dəyanət rəmzinə çevirmək istəyənlər də tapılır. Millətə həqiqi xidmət edənlər milləti kvazisevənlər tərəfindən biabırçılıq dirəyinə mıxlanır, ölümə məhkum edilirlər.

Universitetin dosenti olan bir xanımın postu daha maraqlı idi. O yazırdı ki, ailələrində faciə baş vermiş, böyük bacısı özünü yandırıb öldürmüşdü. Səbəb isə həyətlərindəki kiçik otaqda kirayənişin yaşayan və əlilliyinə görə axsayan müəllimin onunla yaxınlığından bacısının hamilə qalması, atasını biabır edəcəyindən qorxub, özünə əl qaldırması olmuşdu. Müəllim isə heç nə olmayıbmış kimi, başqa uzaq kənddə işləməyə getdi. Mən yaxşı oxuyurdum və özünü intihar etmiş bacımdan sonra mənim Bakıya getməyimə, ali məktəbə girməyimə valideynlərim qadağa qoymuşdular. Ağsaqqallar işə qarışdıqdan sonra atam etiraz etmədi, ali məktəbə daxil olmaq şansı qazandım. Birinci kursda professor Səfərli ilə tanış oldum və ona ailəmizdəki faciəni danışdım. O, mənə ehtiyatlı olmağı, tələbə oğlanların şirin dilinə aldanmamağı məsləhət gördü və o vaxtdan məni himayə etməyə başladı. Onun məsləhəti ilə aspiranturaya girdim, yaxından köməkliyi ilə namizədlik dissertasiyasını müdafiə etdim. Həyatda nə qazanmışamsa, birinci növbədə Südabə xanıma borcluyam.

Universitetin digər bir məzunu olan qız da öz məqaləsində professor Südabə xanımın ona ana qayğısı göstərməsindən yazırdı:

"Mən bacımın faciəsindən sonra universitetdə təhsil alanda, özümü toyuq sürüsünə yenicə daxil olmuş fərə kimi aparırdım, oğlanlarla ünsiyyətdən qaçırdım. Bacım tarix fakültəsinə daxil olmuşdu, orada kənd müəllimliyindən aspiranturaya girmiş və namizədlik dissertasiyası müdafiə etmiş bir həmyerlimiz var idi. Onun dilində qüsur var idi, "r" hərfini "ğ" kimi tələffüz edirdi. Savadını isə hamı etiraf edirdi, qocaman professorlarla da diskussiyaya girir və çox vaxt qalib çıxırdı. Ona görə də tələbələrin sevimlisinə çevrilmişdi. Bacımla onun heç bir tanışlığı yox idi, öz rayonumuzdan, lakin uzaq kənddən olan həmin müəllim bacıma vurulmuş və onların sevgi macərası başlanmışdı. Bir müddətdən sonra onların yaxınlığı bacımın hamiləliyi ilə nəticələnmişdi.

Bu vaxt müəllimin ona olan münasibəti tamamilə dəyişmişdi. Bacımın evlənmək təklifinə razılıq verməmişdi, səbəb olaraq onu demişdi ki, o, yük maşını sürücüsünün qızına evlənə bilməz. Məni böyük gələcək gözləyir, ya böyük vəzifə  sahibinin, ya da çox varlı adamın, yaxud da akademikin qızına evlənməliyəm. Tərcümeyi-halımı korlaya bilmərəm.

Bacım universitet rəhbərliyinə şikayət etməyi qərara alanda, rəfiqəsi müəllimlə görüşdü və onların barışmasını xahiş etdi. Müəllim qorxduğundan bu təkliflə razılaşdı və özünü pis apardığına görə hətta bacımdan üzr istəyibmiş. Onu gəzməyə dəvət etmiş, taksidə Qanlı gölün yanına gəliblərmiş. Müəllim qüsurlu olan yağlı dilini işə salır, bacım sayıqlığını itirdikdə onu gölə itələyir. Bir neçə gün bacım dərslərə gəlməyəndə, rəfiqələri təşvişə düşmüş və müəllimlə onun əhvalatını polis şöbəsinə çatdırmışdılar.

Bir neçə gündən sonra polis Qanlı göldən qızın meyitini çıxartdı və hamilə olduğuna görə universitetdən itən tələbə olduğu müəyyən edildi. Həmin adam mənim bacım idi. Müəllimi elə universitetdən polis şöbəsinə apardılar və müstəntiqin bir neçə sualından sonra o, hər şeyi boynuna aldı.

Mühakimə qısa müddət davam etdi, məhkəmə onu ömürlük həbs cəzasına məhkum etdi.

Sonra mən universitetin filologiya fakültəsinə daxil oldum və bacımın tarixçəsi Südabə xanıma məlum olduğundan, mənə xüsusi diqqətlə yanaşmağa başladı. Onun qayğısı bütün təhsil illərində məni müşayiət etdi. Ona görə də Südabə xanımın ölüm xəbəri mənə ən yaxın adamımın itkisi kimi təsir etdi. Bacım kimi onun da əclaflığın qurbanı olduğunu hesab edirəm".

Digər bir postda isə bloger professor Südabə Səfərlini Martin Lyüter Kinqlə müqayisə edir, yazırdı ki, amerikan zəncilərinin liderini irqçilər öldürdülər, ağ adam güllə ilə onun ürəyini nişan aldı, nadan tələbə də təhqiri və böhtanı ilə öz sözünü gülləyə çevirib, Südabə xanımın ürəyini hədəf seçdi. Martin Lyüter Kinq təkcə qaradərililərə deyil, bütün amerikan xalqına müraciət edərək, ölkədə irqlər arasında sülhün bərqərar olmasını çağıraraq "I have a dreams!" - "Mənim arzum vardır!" - deyə haray çəkirdi. Ağ irqçi qatili isə bu, heç cür razı salmırdı. Tələbə də kütbeyinliyindən professorun mühazirəsini lağa qoymuş, onu milli xain adlandırmışdı, çünki elələrinə Südabə xanım kimi bilik daşıyıcıları deyil, cəhalət carçıları lazımdır. Professor onlara deyirdi ki, mən də kəndli qızıyam, öz mənşəyimi danmıram. Amma sizdən bəziləriniz kənddən çıxdığınız halda, kəndin arxaizm qalığı kimi cəhalət saçan ruhunun təsirindən azad ola bilmirsiniz. Siz mal-qara tövləsini təmizləyəndə paltarınıza hopan bir üfunət kimi. beyninizə hopmuş xurafatı da universitet auditoriyasına gətirir və onunla fəxr edirsiniz. Bizim millətin çox gözəl ənənələri vardır, onları qoruyub saxlamaq, yaşatmaq lazımdır. Lakin pis adətlərdən biz uzaqlaşmalıyıq, onları yaddan çıxarmalıyıq. Yaponiyada Meyci inqilabından bir il sonra, 1868-ci ildə gənc imperator Mutsihito (onun imperator adı Meyci idi) xalqına dörd maddədən ibarət müraciətlə çıxış etdi, onlardan biri pis adətlərə riayət etməmək, onları yaddan çıxarmaq çağırışı idi. O, sözlə kifayətlənməyib, praktikada da öz prinsiplərini həyata keçirməyə başladı. Samurayların varlığı klanlar arasında müharibənin davam etməsi, ölkə əhalisinin vətəndaş müharibəsinə cəlb edilməsi cəhdinə şərait yaradırdı. Ona cörə də samuraylara üstlərində iki qılınc gəzdirməyi qadağan etdi, ümumiyyətlə samuray silkini ləğv etdi. Düzdür, Yaponiyada samurayların davamçıları olan yakudzilər və onlardan qorxu hələ də qalır. Lakin əhalinin əksəriyyəti bu bandit dəstəsinə də nifrət bəsləyir.

(Ardı var)

 





05.04.2021    çap et  çap et