525.Az

Sarı dandelion, yeralması və yaz kətəsi… - Təranə Arifqızı yazır


 

Sarı dandelion, yeralması və  yaz kətəsi… - <b style="color:red">Təranə Arifqızı yazır</b>

Ağır iş həftəsindən sonra zehnim təmizlənsin, fikirlərim durulsun deyə mütləq yüngül fiziki işlər görməkdən çox məmnunluq duyuram. Qadınların özünəməxsus ev işləri var. O ayrı… Amma həyətdə çalışmaq, bağçada gül əkmək, güllərin dibini böşaltmaq və yaxud, anam demişkən, əlimizin altında olsun deyə balaca kərdilərə keşniş, şüyüd, ispanaq, vəzəri ( bizdə acı pencər, qodem deyilir), küftəpencəri, həyətimizin və mətbəximizin vazkeçilməzi olan çağlagül, yəni zəfəranın bacısı sarıçiçəyin toxumlarını səpmək başqa bir zövq verir insana. 

Yaşıllıq görsəniz baxıb keçməyin. Ehtiyatla gəzin o yaşıl xalı üzərində… Elə edin ki, yaz günəşində qızınmaq üçün yerin altından göylüklərə dırmanan böcəklər, parabüzən ( uğur böcəyi), çəyirtkə, kəpənək sizi görəndə qaçmasın, ayağınızın altında qalıb əzilməsin, inciməsin. Otların arasında  quşəppəyi, təkəsaqqalı, yemlik, əvəlik, təzə yarpaqlayan həmənkömənci görəcəksiniz. Yemək istədiyiniz, istifadə etmək, məsələn, yaz kətəsi bişirmək üçün lazım olan qədər yığın. Mən də yığıb anama təhvil verdim. Çünki onun bişirdiyi kətənin dadından doymaq olmaz..

Arılar bu yaz bir az gec çiçəkləmiş alma ağacının çiçəklərinə qonaraq öz mahnılarını oxuyur. Həyətdəki üzüm tənəklərini quru budaması zamanıdır. Fəhlə əlcəyimi geyib, qayçını götürürəm. Barlı çubuqlardan seçib saxlayır, qalanını kəsib tökürəm. Necə deyib atalar, bağa düşmən kimi gir, dost kimi çıx… Kəsdiyim budaqları səliqə ilə yığıb bağlayıram. Lazım olacaq. Qara-qırmızı, bibər, yanında quzu əti olsa daha gözəl- zamanında bunların kababını çəkmək üçün möy odunu ən yaxşı yanacaqdır. Çünki közü qəşəng düşür. Hə, mətləbdən uzaqlaşmayaq. Üzüm kollarının dibini yumşaltmaq üçün qazmaq istəyəndə, yeralmaları belin ucunda töküldü çölə… Hətta birini ortadan yarı bölmüşdüm. Heyfisləndim… tez topladım..

Bir haşıyə: Onu da  deyim ki. Yeralması bir çox dərdlərin dərmanıdır. Günümüzün yayılmış xəstəliklərindən biri olan şəkəri həm aşağı salır, həm qarşısını alır, həm də müalicə edir.  Bir də arıqlamaq istəyənlər yeralması harda əllərinə düşdü, yesinlər. Adamın aclıq hissini elə öldürür ki, üç gün çörək yemə, yadına düşməz. Yer almasının yığılma vaxtı payızda, sarı, günəbaxana oxşar çıçəklərini tökən zaman olsa da, hər fəsildə yemək olar.

Keçən il hardansa çöl nanəsi gətirib basdırmışdım həyətə. Qışda soyuq qorxutsa da, qar altında qış yuxusuna getsə də, yaz günəşıni görüncə torpaq altdan yaşıl yarpaqları üzümə gülür. Ətri adamı bihuş edir. Beş-altı yarpaq qoparıram. Çaya atıb içmək üçün.. Həm adamın əhval-ruhiyyəsini yaxşılaşdırır, həm də həftə boyu yığılmış stresi, iş ağırlığını götürür.

Hə, bir də dandelion bitkisinin sarı çiçəkləri günəşin balaca balaları kimi yaşıllığın içindən gülərək boylanır. Bu çiçəyin adı zəncirotudu, bilirsiniz. Heç yadımdan çıxmaz… Uşaq vaxtı səkkiz mart günü səhər tezdən  bu güldən dəstə tutub, arasına də daşların arasından həyata salam verən bənövşəyi balaca çiçəkləri də qoyub, ekzotik görkəmə salıb anama verərdim. Arxamda gizlətməyim və anidən anamın önünə çıxıb:

Səkkiz martdı, anacan,
Lap tezdən oyanmışam.
Əllərimdə gül-çiçək
Qarşında dayanmışam,-
deyib, gülü verməyim də bir başqa aləm idi. Sanki dünyanın ən gözəl çiçək büketini verirdim anama.. Əlbəttə, bu onun üçün bəlkə də elə idi..

Yaşıl xalının arasından ağ çiçəkləri ilə diqqətimi çəkən kövrək quşəppəyi zoğlarını yığıram. Duzlayıb yemək üçün…

Bəli, bizim zəhmətsevər oxucularımız,  bir yaz gününü sizinlə bölüşməyə çalışdım.   Keçən həftə yerə basdırdığım qızılgül kollarına su verdim, yeni gül toxumu səpmək üçün yer düzəltdim. Kətə üçün pencər yıgdım. Üzüm kollarını kəsdim, dibini boşaltdım, yeralmalarını yığdım. Kərdilərə su verdim. Ən əsası elə dincəldim ki…Xoşbəxtliyin təbiətin qoynunda dadını çıxartdım. Mənəvi zövq aldım, yorğunluğum çıxdı…Bunları qələmə alacaq qədər yəni… Bu qədər işlədikdən sonra pencər kətəsi ilə pürrəngi bir nanə çayı ləzzət verər yəqin ki…
Hava da bu il qızmır ki, qızmır... Qışdan yaya keçəcəyik deyəsən…

 





05.04.2021    çap et  çap et