525.Az

Tələbələrin təhsil haqları yenidən dövlət tərəfindən ödəniləcək? - AÇIQLAMA


 

Tələbələrin təhsil haqları yenidən dövlət tərəfindən ödəniləcək? - <b style="color:red">AÇIQLAMA</b> Pandemiya ilə əlaqəli olaraq bəzi iş yerlərinin bağlanması və insanların gəlir yerlərindən məhrum olması bir çox çətinliyi də özü ilə bərabərində gətirdi. Belə çətinliklərdən biri də işsiz qalan valideynlərin övladlarının təhsil haqlarını ödəməkdə çətinlik çəkməsi ilə bağlıdır. Belə ki, sosial təminatı aşağı olan, valideynlərinin birini yaxud hər ikisini itirən tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün təhsil aldığı müəssisədən çıxarılma təhlükəsi ilə üzləşmişdi.

Xatırladım ki, bununla bağlı Nazirlər Kabinetinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, əyani təhsil alan və sosial baxımdan həssas ailə qruplarına aid olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib. Bunun üçün müvafiq əhali qrupuna aid edilən tələbələrin təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı "e-telebe.edu.az" elektron portalı vasitəsilə müraciətlərin qəbulu da həyata keçirilib.

Lakin hazırda pandemiya şəraitilə əlaqədar karantin rejiminin davam etməsi tələbələr üçün təhsil haqqı xərclərinin ödənilməsi problemini yenidən ortaya çıxarıb. Belə ki,  artıq təhsil ocaqlarında 2021-ci ilin ikinci yarımillik üçün ödənişin vaxtıdır. Hazırda ödənişli əsaslara oxuyan bir çox tələbəni maraqlandıran suallardan biri təhsil haqqlarını necə ödəyəcəkləri ilə bağlıdır. Bəs təhsil haqlarının yenidən dövlət büdcəsi hesabına ödənilə  bilərmi?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov 525.az-a açıqlama verib. Ekspert bildirib ki, artıq dövlət burada öz missiyasını həyata keçirib:  

“İlk növbədə qeyd edim ki, 2020-ci ildə dünya, eyni zamanda Azərbaycan təhsil sistemi yeni formata keçid etdi. Bu formatda məsafədən tədrisin həyata keçirilməsinə nə biz, nə də dünyanın heç bir ölkəsi hazır idi. Bununla yanaşı, bilirik ki, məhz pandemiya səbəbindən təkcə təhsil prosesi formatı dəyişmədi,minlərlə insan iş yerini itirdi və bu da onların  gəlirindən məhrum olmasına gətirib çıxardı. Bu zaman hökumət yükü öz üzərinə götürdü və humanist bir addım atılaraq dövlət büdcəsindən 40 milyon manat vəsait ayrıldı. Bu vəsait hesabına dövlət pandemiyadan zərər çəkmiş ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi prosesini öz öhdəsinə götürdü. Qeyd edim ki, proqram çərçivəsində ümumlikdə 20 mindən çox şəxsin 2 semestrlik təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödənildi ki, bu da təhsilin əlçatanlığı üçün vacib bir addım idi.
Statistikaya nəzər salsaq, görərik ki, son 5 il ərzində Azərbaycanda 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Bu isə təhsilin əlçatanlığına çox ciddi təsir göstərir. Təkrar belə halın yaşanması ilə insanlar təhsildən, xüsusən, ali təhsildən məhrum olardılar. Amma bilirik ki, dövlət siyasətinin əsasını məhz təhsilin əlçatanlığının təmin olunması təşkil edir və  hökumət burada  öz missiyasını həyata keçirərək həmin insanların təhsil haqlarını ödədi”.

Ekspert hesab edir ki, təhsil müəssisələrinin təhsil haqlarına yenidən baxılmalıdır:

"Pandemiya  hələ də davam edir və bir çox insanlar tam şəkildə iş yerlərinə bərpa olunmayıblar. Yaxud da əvvəlki gəlirlərini bərpa etməyiblər. Pandemiya dövründə iş yerləri məhdudiyyətlərlə fəaliyyət göstərir, işçi heyəti tam olaraq işə çıxmır. Ümumiyyətlə, iqtisadi böhran davam edir və  burada vacib məqam var. Hələ ki, hazırda dövlətin yenidən bu missiyanı həyata keçirmək kimi bir planı yoxdur. Doğrudur, dərslər ənənəvi qaydada qismən bərpa olunub, müəyyən iş yerləri açılıb, amma tam olaraq proses başa çatmayıb. Burada bir məqam var, təbii ki, dövlət bu missiyanı yerinə yetirməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına, eyni zamanda “Təhsil haqqında” Qanuna görə istedadlı şəxslərin təhsil haqlarının ödənilməsi dövlət üzərinə götürülən bir öhdəlikdir. Hesab edirəm ki, burada məsələ təkcə təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi ilə həll olunmamalıdır.
Bilirik ki, pandemiya dövründə təhsilin təşkilində xərclər azalıb, ali və orta təhsil müəssisələri əvvəlki illərdə olduğu kimi xərc çəkmirlər. Əvvəllər tələbələr auditoriyalara gedəndə onlar auditoriyaların isinməsi, təmzliyi, işıqlandırılması və digər texniki məsələlər üçün müəyyən vəsaitlər sərf edirdilər. İndi isə bu yoxdur, bu gün Azərbaycanın ali təhsil müəssisələri yalnız əmək haqqı və internetin pulunu ödəyir. Çünki heç bir təhsil müəssisəsi nə təhsil alana, nə də təhsil verənə avadanlıq verir. Hazırda tədris prosesində iştirak etmək üçün hər kəs öz resusrlarını istifadə edir. Ali təhsil müəssisəsi isə sadəcə əməkdaşlarının və digər rəhbər şəxslərin əmək haqqı xərclərini ödəyir, yəni onların xərcləri azalıb. Hesab edirəm ki, təhsil müəssisələri mövcud vəziyyətdə yeni təhsil haqqını müəyyənləşdirərkən, onlar mütləq şəkildə xərclərə mütənasib şəkildə müəyyənləşdirməlidirlər.
İndiki formatda ali təhsil müəssisəninin təhsil haqqı 2000-3000 manat civarındadırsa, xərc çəkmədikləri üçün bu reallığı əks etdirmir. Təhsil haqları ən azından 50 faizə qədər azaldılmalıdır. Mən düşünürəm ki, bu addım atılarsa, insanların özləri belə təhsil haqlarının ödəyə bilər. Təbii ki, hazırda dövlət büdcəsindən insanlara yardım olunmalıdır, amma bunun müqavilində ali təhsil müəssisələri özləri də təhsil haqlarını ən yaxşı halda yarıya qədər azaltmalıdır ki, insanların ödəmə qabiliyyəti normal olsun..
Deyək ki, əvvəl 40 milyon vəsait ayrılmışdı və bu, 20 mindən çox insanın təhsil haqqını ödəmə imkanı verirdi. Əgər biz təhsil haqlarını azaltsaq, ayrılmış vəsait daha çox insanı əhatə edəcək. Bu da təhsilin əlçatanlığına və əhatə dairəsinin genişlənməsinə imkan verəcək".

“Hazırda sosial təminat baxımından həssas ailələrdən olan tələbələr üçün “e-telebe.az” portalı aktiv deyil”, - deyə o əlavə edib:

"Portal aktiv deyil, tələbələrin buraya mürəciət etməsinin hər hansısa əhəmiyyəti yoxdur, çünki hazırda burada dövlət tərəfindən heç bir ödəniş həyata keçirilmir. İndiki vəziyyətdə tələbələr təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Dövlət 2 semesr üçün bu məsələni öz üzərinə götürdü, amma bu bitib və  çox ciddi şəkildə problemlər var. Təkrar qeyd edim ki, əgər dövlət tərəfindən yenidən belə bir addım atılarsa, bu, təhsil haqlarının azalması fonunda baş tutmalıdır. Hazırki vəziyyətdə belə bir məsələ ancaq yenidən ölkə ərazisində uzun müddətli sərt karantin rejimi olarsa və iş yerləri bağlanarsa həyata keçirilə bilər. İndi belə bir məsələ gündəmdə deyil".

Firuzə Əliyeva

 





05.04.2021    çap et  çap et