525.Az

Zaman keçər, söz qalar


 

Zaman keçər, söz qalar <b style="color:red"></b>

Savalan TALIBLI 

  Onun haqqında çoxdan yazmaq istəyirəm,  lakin özümdə  güc tapa bilmirəm. Haqqında çox oxusam da, çox  düşünsəm fikirlərimi kağıza köçürməkdə çətinlik çəkirəm. Onun haqqında yazmaq  məsuliyyəti gözümün önündə durur, həmişə günü günə ötürürəm. Gözəl bir atalar sözü var, " bu günün işini sabaha qoyma" yaxud "bu gün tezdir, sabah gec ola bilər". Elə məsələ bundadır.

  İndi özümə tam əminəm ki, onun haqqında oxuduqlarımı, eşitdiklərimi düşündüklərimi yazmaq məqamıdı. Haqqında söz demək istədiyim, əslində yeni söz deməyin çətinliyini bildiyim adam isə mənimçün dünyanın nəhəng adamlarındandı. O, yazırdı:

 

Ben giderim adım kalır,

Dostlar beni hatırlasın.

Bu gün olur bayram gelir,

Dostlar beni hatırlasın

           

Bu sətirlərin müəllifi  Aşıq Veysəldir, o Veysəl ki, yaşamı da, yaratdıqları da örnəkdi, həyatın bütün  acılarına qalib gəlmə simvoludu.

lll

1894 - ildə Sivasın Şarkışla bölgəsində Sivırılan kəndində Qaraca Əhmədin ailəsində bir uşaq dünyaya göz açır. Onun doğuluşu da, həyat tərzi , haqqa qovuşması da sirr kimi qalır.  Şəcərəsindən bildiyimiz kimi, Aşıq Veysəl Şatıroğulları soyuna mənsubdur. Bu da məlumdu ki, Şatıroğluların soyu əslən Qarsdandır. Bu tayfanın nümayəndələri zaman-zaman Ərzurum, Malatya, Konya, Sivas, Trabzon kimi böyük şəhərlərə köç  ediblər.

Aşıq Veysəlin  doğumu da, sonrakı taleyi kimi qəribəliklərlə, təzadlarla doludu. Anası qoyunları  geri qaytaranda onu yolda sancı tutur elə xeyli kənarda, çöldə Veysəli dünyaya gətirir. Kənd qadınları xəbər tutur, yığışır elə ordaca çağanın göbəyini kəsib, şala büküb evə gətirirlər. Yeddi yaşına  çatar-çatmaz Veysəl artıq həyatın bərk-boşuyla qarşılaşır. O vaxtlar Sivasda çiçək xəstəliyi geniş yayılmışdı. Bu bəlaya o da tutulur, xəstəlik  ucbatından sağ gözünü itirir. Onu da qeyd etmək lazımdır ki, Veysəldən qabaq onun ailəsində çiçək xəstəliyindən iki uşaq da tələf olmuşdu. O, həyatın ilk "sürprizlərini" erkən yaşında görür.

Aşıq Veysəl xatirələrində yazır ki, çiçək xəstəliyindən güclə olsa canımı qurtardım, sağ gözümü itirsəm , sol gözümdə problemlər var idi. Toran görsəm  ,  görürdüm. Bir dəfə qardaşım Əli ilə tövləyə getdik. Əli heyvanların  altını təmizləyir, süpürürdü. Mən artıq samanları yığışdırırdım. Birdən əyilib samanları götürəndə inəyin buynuzu gözümə girdi, özümü itirdim, məni qan apardı sol gözümü itirdim. İnək gözümü  çıxartmazdan qabaq atam məni həkimə aparacaqdı. Amma qismət, deyəsən, belə oldu.

Sivasda illərlə heç kimin başına gəlməyənlər az bir vaxtda Veysəlin başına gəldi. Lap kiçik yaşlarından dünya işığından məhrum oldu.

El arasında belə bir deyim var: Allah bir tərəfdən verəndə, bir tərəfdən alır. Doğrudan da belədir. Bu deyim elə bil Veysəlin boyuna biçilib.

O, kiçik ikən zülmətə alışsa da, dünya işığından məhrum olsa da, sanki onun içində  özüylə birlikdə bir vulkan da doğulmuşdu. O, içindəki istəyi alovlandırır. Əsas məqsədi oxuyub təhsil almaq idi. Xatirələrində  isə belə  söyləyir: "Artıq ilk okul çağlarına doğru idim, amma okul yok ki, okuyum. Okul olsa dahi ben nasıl okuya bilecegim? Yazıyı görmüyorum ki. Şimdiki gibi körler okulu day yok ki, babam öküzünü, inegini satıb okula göndərsin. Ah şu zamandakı devr. Körler okulu var, her kes okuyup yazmağı ögreniyor. Körü de, sağlamı da hər kes memur ola biliyor".

Atası Əhməd kişini Veysəlin taleyi çox narahat edirdi. Qaraca Əhməd həmişə deyərdi: "Biz öləndən sonra bu tifilə kim baxacaq, axırı necə olacaq?"

 

Molla Hüseynlə Çamşınlı Ali Ağa... Yaxud saz Veysələ göz oldu

 

Veysəl məktəbdə təhsil almasa da, sazın sirlərini öyrənir. Daha doğrusu atası ona bu işdə çox yardımçı olur.  Günlərin birində Əhməd kişi Veysələ bir saz alır deyir: "Oğlum, bu bir saz, bu sana bir egelence". Bu saz Veysəl üçün ilk günlərdə bir əyləncəyə çevrilir, uşaq bütün günü özü üçün çalıb-çağırardı. Uşağın bu həvəsini, eşqini görən qonşusu Molla Hüseyn ona çox yardımçı olur, sazın sirlərini  Veysələ öyrədir. Veysəl Molla Hüseyndən demək olar ki, sənət dərsləri alır. Molla Hüseyn Aşıq Veysələ deyir: "Oğlum  biz  ölürsək, sana kim bakar? Mutlaka seni bir sanat sahibi yapmak istiyorsuz. Sen sezdan başka ne   yapa bilersən? Bunu  ögrensen köy toplantılarda, kahvelerdə çalarak ekmek parasın çıkarırsan". Bu sözlər Veysəli tutur, ruhuyla, canıyla saza tam bağlanır. Bu bağlılıq onu əsl Veysəl eləyir. Molla Hüseyndən sonra o, sənət dərslərini  Çamşınlı Ali Ağadan öyrənir.  Elə bil Ali Ağanı da Allah Veysəl üçün yetirir.

Günlərin birində Çamşınlı Ali Ağa Sıvırılan kəndinə gəlir. Qaraca Əhmədlə tanış olur, söz-söhbətləri tutur. Çamşınlı Ali Ağa saza-sözə bağlı bir müdrik idi, o, türk mədəni həyatını gözəl bilən, saz-söz sənətinin mükəmməl bilicisi təbliğatçısı idi. Qaraca Əhməd Çamşınlı Ali Ağadan xahiş  edir ki, bizim evdə qal, uşağı yoxla. Çamşınlı Ali Ağa da Qaraca Əhmədin sözünü  yerə salmır. Bir müddət Qaraca Əhmədin evində qalır. Uşaqda saza olan eşqi görür, vəhyi hiss eləyir. Veysəllə ciddi məşğul olmağa başlayır. Pir Sultan Abdalın, Qaracaoğlanın, Dərdli Ruhsatın digər ustadlarının yaradıcılığını öyrədir.

Veysəl saz çalmağı oxumağı öyrənir. İlk dəfə Qasım adlı bir dostuyla, daha sonra isə Halil adlı dostuyla Sivası, Tokatı, Yorğatı, Kayserini gəzib-dolaşır,  bu yerlərin toy-düyünlərində iştirak edir, xalq arasında tanınmağa başlayır.

Veysəl 18  yaşında olarkən bir üzüntüylə qarşılaşır. Onun səhhəti ilə əlaqədar olaraq hərbi xidmətə aparmırlar. Özünün dediyi kimi "gözlerim görmediği için beni askere almadılar. Köydə yaşlı erkeklerlə, kadınlarla baş-başa  kaldım. Çok üzüldüm. Onlar memleket hizmetinə gitti, ben köyde mahzun mahrum  kaldım. Vatan hizmetindən mahrum kalbim deyerek çok acı çəkdim. İstiklal savaşı oldu, o, yıllarda ben yine köydeydim".

Bu sözlər elə-belə, sözgəlişi deyildi. İçinin ağrı-acılarıydı ki, söz yanğı şəkilində dilinə gəlirdi. Axı o, iki gözündən olsa da, özünü bir Vətən əsgəri kimi görürdü, hiss eləyirdi. O, Vətən borcunun necə uca şərəfli bir borc olduğunu Tanrıdan vəhy kimi alırdı. Buna görə əsgər olmaq, məmləkətin hizmətində durmaq istəyirdi, hətta bunun fiziki şəkildə mümkünsuzlüyünü ağlına gətirə bilmirdi. Qocalarla, qadınlarla köydə qalmağı ona can qurtarması mümkün olmayan əzablar gətirirdi. Ancaq çıxış yolu olmalıydı.

 

Aşıq Veysəlin ilk evliliyi ailəsinin uğursuzluğu

 

    Veysəlin ilk evliliyi uğursuz olur. İyirmi beş yaşında xalası qızı Əsma ilə ailə qurur, iki övladı olur. Səkkiz il evlilik  yaşayır. Oğlu dünyasını tez dəyişir. Ağrı-ağrı dalınca, dərd-dərd üstündən gəlir.  Qızı isə altı aylığında olarkən  qadını bir başqasıyla qaçır. İki ildən sonra  qızı da dünyasını dəyişir. Onun bu ağır illərdə olmazın əziyyətlərə düçar olduğu, məhrumiyyətlərdən keçdiyi yəqin ki, oxuculara da sirr deyil. Təbii ki, bu böyük insanın o vəziyyətini   əks etdirən daha təsirli sözlər yazmaq olardı. Əsas məsələ budu ki, o aldığı hər zərbədən, hər ağır təsadüfdən sonra bir az da möhkəmlənməli idi. Əks halda qarşıda ölüm var, məhv olmaq var.

    Necə deyərlər, həyat davam eləyir. İkinci dəfə evlənir. İkinci evliliyi isə 1919-cu ildə olur. Gülzar adlı bir xanımla ailə qurur. İkinci evliliyindən yeddi usağı dünyaya gəlir.

 

SİVAS  HALK ŞAİRLƏRİ

BAYRAMI  

 

 Ahmet Kutsi Tecer  1931-ci ildə  "Sivas  Halk şairləri  Bayramı"adı altında bir konsert təşkil edir.  Veysəl bu konsertə dəvət olunur. Demək olar ki, Əhmed Kutsi Tecerlə tanışlıq Veysəlin həyatında bir dönüş yaradır. Bu konsertdən sonra onu  təkcə Sivas yox, bütün Türkiyə tanıyır.

     1933- ildə  Ağackışla  bölgəsinin bələdiyyə başqanı Ali Rza bəy  Sivıranlıya gəlir, Veysəllə görüşür. Ona bildirir ki,  Cümhuriyyətin  10-cu ildönümü ilə əlaqədar  gözəl bir dastan hazırlasın. Aşıq Veysəl qısa vaxt ərzində "Atatürkdir, Türkiyənin ihyası" adlı bir dastan yazır. Onu da qeyd edim ki, Veysəl bu dastanı yazmazdan qabaq başqa şairlərdən oxuyarmış, bu dastan isə onun ilk yaradıcılıq  işi idi. Dastan Ali Rza bəyin çox xoşuna gəlir. Çap etdirmək üçün dastanı Ankaraya göndərmək qərarına gəlir. Bu dastan  o  vaxtlar Türkiyədə çıxan "Hakimiyyet-I Milli" qəzetində çap olunur. Bundan sonra Veysəlin adı dillər  əzbəri olur.

 

UZUN İNCƏ BİR YOLDAYIZ...

 

Aşıq Veysəl Ankaranı gəzib dolaşır. Dastan oxumaq üçün Atatürklə görüşmək istəyir, lakin bu görüş baş tutmur. Aşıq Veysəl İbrahim Tuş, Veysəl Erkeleçle, daha sonra isə, oğlu Əhmədlə birlikdə bütün toylarda iştirak edir.

Yazının  əvvəlində qeyd etmişdim ki, Ahmet Kutsi Tecerle tanışlıq Veysəlin  həyat yaradıcılığında  bir dönüş yaradır. Bu dəfə Ahmet Kutsi Tecerin  köməkliyi ilə o, saz dərnəklərində dərs keçməyə başlayır.

lll

Veysəl  bu  illərdə mövlana bir aşıq kimi tanınır, sazınnan qopan yanğılar   milyonların könlündə işıqlar açır. O, sufi şeirlər söyləyir. Bu şeirlər onu ucalığa aparır, aşıqlar, saz-söz sənətçiləri tez-tez Veysəldən oxuyur. O, tək aşıqlıqla kifayətlənmir, doğma kəndi Sıvırlanın həyatında da böyük rol oynayır. Kənd onun adıyla tanınır. Bu illər Sıvırlanda adı dillər əzbəri olan bağ salır. Bu bağın bağbanına çevrilir. Deyilənə görə, Sıvırlanda  Veysəlin bağı kimi bağ olmayıb. O, ilahi vergiyə sahib aşıq olduğu kimi mahir bağban kimi tanınır.

Keçdiyi ağır həyat tərzi, yaradıcılığındakı böyük məqamlar böyük Atatürkdə  Veysəl sevgisi yaradır. Uca könüllü, ucalıqdakı məqamlara çatan Veysəldə isə cümhur yaradıcısı, Atatürk sevgisi.  Bu sevgi iki böyük qütbü birləşdirir.

lll

1968 -ci ildə  TBMM-nın qərarı ilə aşıq Veysələ aylıq 500 lire maaş ayrılır. Qərarın məzmunu belə idi: "Bu təqaüd ona "Ana dilimizə ədəbiyyatımıza" göstərdiyi xidmət üçün verilir".

 

BENNİM SADİK YARIM KARA TOPRAKDIR...

 

O, o qədər uzun ömür sürməsə , uzun incə bir yol keçdi. Bu yol həm insanın öz içiylə  getdiyi yoldur. Bu haqqa varan yoldur. O, bu yolla haqqa çata bildi.

1971-ci ilin 15 avqustu Aşıq Veysəlin oğlu Ahmedin xatirələrində belə qalıb:

"Babam, son konsere  Hacı Bektaş Turizm  Derneği tarafından çağrılmışdı. İlk günü  sahnəyə çıktı. Salon tıklım-tıklım dolu idi. Halk "Toprak" şirini istedi. Babam da: sayın seyricilər, zaten bir avuc torpağım var, o da üstümü örtecek, sizə neyimi verəyim,-dedi. Ve  "Torpak"ı okumaya başladı, fakat bitiremedi. Sahnadan ayrılmak zorunda qaldı. Ertesi sabah hastalandı. Bu onun son konserti oldu".

Son ucu ölümlü dünya, yaxud gelmez  yola gediyorum.

O, ağır xəstəliklər keçirir, demək olar ki, həyatın bütün illərində gördüyü çətinliklər, ağrı-acılı günləri onu xəstəlik şəklində yaxaladı. Sivasda, Ankarada, İstanbulda xəstəxanalarda oldu, müalicələr aldı. 1973- ildə dəqiq diaoqnoz  qoyulur, amansız ağciyər xərcəngi... 1973- ildə doğulduğu Sıvrılana gətirirlər.

Veysəl artıq həyatdan ümidini üzmüşdü. Ölümünə yaxın həyat yoldaşını çağırır. "Yalıcaklı qızı, yağırınıma, sırtıma elini çal. Ocaklısan, köydeki hastalara, elini surer, yerlərindəki ağrıları sağalırsın, benim ağrılarmı sağalt, ben getsəm zaman geleceksən". Son kəlməsi isə divardakı saza baxa-baxa.

 

"Selam, sevgi hepinize!

Gelmez yola gidiyorum.

Ne karaya, ne denizə,

Gelmez yola gidiyorum". olur

 

  21 martda 1973- ildə gözlərini əbədi yumdu, bu dünyayla  vidalaşdı, haqq dünyasına qovuşdu. Bu dünyaya Veysəldən yadigar saz-söz xəzinəsi qaldı. Elə dünya  özü könlündən qopanları bir sirr kimi tam qavraya, anlaya bilmədi. Dünya özü Veysələ bir sirr kimi açılmadı, bəlkə . Böyük yaradıcılığı bütün türk dünyasının mənəvi xəzinəsinə çevrildi. Necə deyərlər, yaratmaq, ölümü öldürmək deməkdir. O, yaratdıqları ilə bir ölümsüzlük qazandı. Bu gün onun şeirləri dillər əzbəridi, mahnıları isə aşıqlar, ozanlar tərəfindən oxunur,  məmləkəti qarış-qarış dolaşır. Onun ən böyük təbliğatçısı isə dünya şöhrətli müğənni Tarkandır. Dünyanın harasında konsert verərsə "Uzun incə bir yoldayız"    "Benim sadık yarım kara torpakdır" söyləyir.

Ən gözəli isə budu ki, Veysəl hər ölənlə ölüb, hər dünyaya gələnlə yenidən doğulur...

 





13.03.2014    çap et  çap et