525.Az

"Gitara da qoşuldu atasızlar cərgəsinə..." - Anım


 

MUSİQİMİZİN ƏFSANƏVİ SİMALARINDAN OLAN RƏMİŞİ - XALQ ARTİSTİ RAFİQ HÜSEYNOVU İTİRDİK

"Gitara da qoşuldu atasızlar cərgəsinə..." - <b style="color:red">Anım</b>

Azərbaycanın Xalq artisti, görkəmli sənətkar, məşhur gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) 2021-ci il aprelin 5-də dünyasını dəyişdi...

"Eşq mülkündə hamı özünü bir şah bilir"... Musiqi sənətində isə hamının özünü şah hesab eləməsi qeyri-mümkündür. Çünki bu titulu yalnız xalq verə bilər. Xalq sənətkarını ruhlandırır, yaşadır. Ona görə də sənətkarlar ruhən heç vaxt ölmürlər, xalq ürəyində bu sənəti, sevgini qoruya bilir. Deyirlər ki, insan dünyadan köçəndən sonra onu 3 amil yaşadır. Əməlləri, əsərləri, övladları. Rəmişi isə əsərləri yaşadacaq. Nə keşməkeşli ailə taleyi, nə hansısa əməli onun sənətinin aliliyinə təsir edə bildi. Xalq Rəmişi Rafiq Hüseynov olmaqdan çıxararaq beləcə də qəbul edib sevdi, alqışladı, yaşatdı. Hər çıxışını təlatümlə izlədi, hər çalğısını hərarətlə dinlədi. Xalqımızın bir Rəmişi vardı, övladı da gitara...

Rafiq Hüseyn oğlu Hüseynov 14 noyabr, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində dünyaya gəlib. İlk təhsilini Üzeyir Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbinin tar sinifində alıb. Rəmiş qısa zamanda Azərbaycan muğamlarının sirlərinə yiyələnməyi bacarıb. Dövrünün ən məşhur müğənnilərini müşayiət edib. Özü şəxsən pedaqoji fəaliyyətlə məşğul olmasa da, onun lent yazılarından çox musiqiçi bəhrələnib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2008-ci ildə Əməkdar artist, 2014-cü ildə isə Xalq artisti adına layiq görülüb. Sənətkarın vəfatı ilə bağlı Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilib ki, 77 yaşlı məşhur gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi və müalicə olunduğu xəstəxanada da həmin xəstəlik səbəbindən dünyasını dəyişib...

"Qız qaçırtmaq" "Adam oğurluğu"nun sinonimi deyil - <b style="color:red">Nadir Rzalı yazır</b> 

Rəmiş məclislər yaraşığı idi. Nəinki qarabağlılar, bütün Azərbaycan onu sevirdi. Hətta ölkə hüdudlarından kənarda da onun sənətinə yüksək qiymət verirdilər. Əsas məsələ odur ki, toy məclisləri Rəmişin yaradıcılığını sərhədləmədi. Eynilə, konsert zallarında da həmin şövqlə, peşəkarlıqla çıxış edirdi. Rəmiş həm akademik ifaçı idi, həm də "ovqat" sənətkarı. Xalq, bəstəkar mahnılarını ifa edən zaman xüsusi rəng qatırdı, özünə məxsus improvizələri ilə dinləyicini ovsunlaya bilirdi. Rəmiş gitara üçün, musiqi üçün dünyaya gəlmişdi. Onun istedadı Allah vergisi idi. Rəmiş musiqini ifa eləmirdi, yaşayırdı, musiqi bütün iliyinə işləyirdi. Onun çalğısının mayası muğam idi. Qədir Rüstəmov, Arif Babayev, Səxavət Məmmədov və başqa ustadlarla bir səhnəni bölüşmüşdü. Lent yazılarını izləyəndə şahidi oluruq ki, Rəmiş xanəndəyə ruh verirdi, daha möhtəşəm oxuması üçün şərait yaradırdı.

Ağdamın bütün qadası Rəmişin barmaqlarına hopmuşdu. Çox şükür ki Ağdamın azad olması xəbərini eşitdi. Kaş gedə biləydi... Torpaqdan ötrü yanıb-yanıb qovrulan insanlardan idi. Rəmiş Habil Əliyev, Aftandil İsrafilov, Həsənağa Sadıqov kimi yüz ildən bir dünyaya gələn sənətkarlardan olub. Yəqin ki, Səxavət Məmmədovun ruhu Gülablı səmasında Rəmişi qarşılayacaq. Dəyərli həmkarım Şahanə Müşfiq demiş, "Gitara da qoşuldu atasızlar cərgəsinə".

Allah rəhmət eləsin!

 





06.04.2021    çap et  çap et