525.Az

Vətən sevgisindən doğan hünər


 

Vətən sevgisindən doğan hünər <b style="color:red"></b>

44 Vətən müharibəsinin iştirakçısı olmuş qəhrəmanlardan biri də Abbas İbrahimlidir. Abbas İbrahimli Astara  şəhərində yaşayır. Onun həyatına məna qatan insanlığın zinəti sayılan saf, ülvi dəyərlərin kökündə əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan ailə  mühitində aldığı tərbiyə durur.

2013-cü ildə Astara Pedaqoji Kollecinin Bədən tərbiyəsi və idman fakültəsini atletika  müəllimi ixtisası üzrə bitirəndən xalqına fayda vermək, yaxşılıq etmək, özü də yaxşılıq gözündə  yaşa dolmaq onun ali məqsədi olur. Nəcib həyat amalı, xeyirxah  məqsədləri indi Abbasa Astara rayonunda böyük sevgi gətirib.

Abbas həqiqi hərbi xidmətini  Naftalan şəhərində keçib. Tank əleyhinə tağımda tuşlayıcı  vəzifəsini icra edib. Daima nümunəvi xidməti ilə fərqlənib,  təlimlərdə əla döyüşçü  keyfiyyətləri göstərib. Vətən sevgisi, doğma torpağı qorumaq eşqi Abbası sözün həqiqi mənasında zabitlərin, əsgərlərin yanında başıuca edib.

O, vətən qarşısında oğulluq borcunu ləyaqətlə verib doğma  Astaraya qayıdır. Çay fabrikində, Astara bələdiyyəsində, Əmək Məsələləri Dövlət Komitəsinin Masallı rayon şöbəsində, Astara Rayon İcra və Probasiya  şöbəsində çalışır. Abbasın insanları nəcib məqsədlərə yönəltmək istəyini, məramını görüb onu Astarada Gənclər və İdman İdarəsində gənclərlə iş üzrə nümayəndə seçirlər. Və gördüyü işlərdə xalqına fayda vermək əzmi mənəvi dünyasına  daxil olmaqla ona xoşbəxt gələcəyin, işıqlı sabahların ünvanını göstərir. Erməni faşistlərinin Azərbaycanın  müqəddəs guşəsi sayılan Qarabağ torpaqlarına ədalətsiz təcavüzü  vətəni canından, qanından artıq  sevən Abbası bir an belə rahat buraxmır, düşməndən qisas alacağı günü gözləyir. Məhz buna görə də, İkinci Vətən müharibəsi başlananda ürəyinin istəyini əsas götürərək könüllü mənfur düşmənə qarşı çıxır.

Abbasın gərgin döyüş günləri Füzulidən başlanır. Dığalar onun  sarsıdıcı zərbələrinə tab gətirə bilmir. Qazanılan qələbələr ona yeni güc, qüvvə verir. Daha sonra Xocavənd, Hadrutda Vətən torpağın hər qarışı uğrunda intiqam hissi ilə vuruşur, böyük şücaət göstərir, düşməndən ürəyincə qisas alır. Qubadlıda mərmi partlayışında ağır yaralanır. Hospitalda müalicə olunsa da, şanlı ordumuzun qələbəsinə ürəkdən inanır...

Hazırda Abbas yaşadığı Astarada  səmərəli işgüzar fəaliyyəti ilə adamların etimadını doğruldur.  Necə deyərlər, adəti üzrə xalq üçün çalışmaq, insanlara fayda vermək onun iç dünyasından, mənəvi aləmindən qaynaqlanır.  Hələlik qəlpə alnında, yanağında durur. Abbas deyir ki, "vətəndən üstün, qiymətli heç nə yoxdur. 30 il yaxın vətənimizin bir parçası  işğal altında idi. Prezidentimizin müdrik siyasəti, cəsarəti nəticəsində torpaqlarımız azad edildi. Bu, tarixdə bizim üçün  şanlı zəfər oldu. Fəxr edirəm ki, onda bir vətən övladı kimi mənim payım da var".

Zəfər ORUCOĞLU

 





06.04.2021    çap et  çap et