525.Az

TƏBİB-in müsabiqəsində qalib olan yazı plagiat çıxdı


 

HƏKİM-YAZIÇI MƏLAHƏT HÜMMƏTQIZI: "AĞ LİBASLI MƏLƏK" HEKAYƏSİNİN MÜƏLLİFİ VÜSAL TAĞIBƏYLİ YOX, MƏNƏM"

TƏBİB-in müsabiqəsində qalib olan yazı plagiat çıxdı<b style="color:red"></b>

COVİD-19 pandemiyasının ölkədə yayılmağa başladığı gündən ən çox əmək sərf edən, öz canlarını riskə atmaq bahasına insanların sağlamlıqlarının keşiyində dayanan, adı ən çox hallanan peşə sahiblərindən biri, yəqin ki, birincisi səhiyyə işçiləri, həkimlərdir. Azərbaycan həkimləri də ilk gündən bu zamana kimi böyük əzm və fədakarlıq nümunəsi sərgiləyərək bu virusa yoluxan xəstələri tez bir zamanda xilas etmək üçün gecə-gündüz çalışırlar. Onlardan biri də həkim-terapevt Məlahət Hümmətqızıdır. O, TƏBİB-in çağırışı ilə keçən il aprel ayından bu günə kimi müxtəlif xəstəxanalarda COVİD-19-a yoluxan xəstələri müalicə edir. M.Hümmətqızı Tədris Cərrahiyyə Klinikasında  çalışdığı müddətdə hər gün orada gördüyü, müşahidə etdiyi hadisələri  kiçik hekayələr formasında qələmə alıb. Yazdığı bu hekayələri isə müəllif öz Feysbuk səhifəsində paylaşıb.

M.Hümmətqızı deyir ki, onun razılığı ilə həmin hekayələr bir çox qəzet və saytlarda dərc edilib. Bir çox jurnalistlər bu hekayələr əsasında məqalələr hazırlayıb: "Mənim razılığım əsasında bu hekayələr istər yazı formasında, istərsə də hekayə kimi bir sıra qəzet və saytlarda dərc olunub. Ancaq jurnalist Vüsal Tağıbəyli mənim müəllif hüquqlarımı pozaraq həmin hekayələri öz imzası ilə oxuculara təqdim edib. Bir gün Vüsal adlı jurnalist  mənə zəng vurub dedi ki, bu hekayələri bir yerə toplayıb  Həftə.az saytında vermək istəyir. Etiraz etmədim, razılıq verdim. Seçdiyi hekayələri mənə göndərdi. Baxdım, redaktə də etdim və təkrar ona göndərdim.  Mənim ağlıma belə gəlməzdi ki, bu jurnalist mənim hekayələrimi sözügedən sayta öz imzası ilə verəcək. Hekayələrim Həftə.az saytında "Ağ libaslı mələk"  başlığı altında dərc olunub və orada yazılıb ki, bu  yazı Məlahət Hümmətqızına  həsr olunur. Müəllif isə Vüsal Tağıbəylidir. Oxuyanda  çox pis oldum. Yəni yuxusuz gecələrimin  bəhrəsi bu idimi?  Mənim yazılarım hansısa tanımadığım  insanın adı, soyadı ilə getsin? O hekayələri yazıb, öz Feysbuk səhifəmdə paylaşmışam. Hamı oxuyub. İnsanlar tərəfindən bu hekayələrə saysız-hesabsız şərhlər bildirilib. Bu hekayələrin müəllifi mənəm. Heç kim bunu inkar edə bilməz. Əlimdə sübutlarım var. Hazırda o hekayələr əsasında kitab hazırlayıram. Belə olmaz axı. Bu dünya  alıb, aldatmaq dünyasıdırmı?  Harda görsənib müəllifin yazısını özünküləşdirib öz adına çıxasan? Bunu edən jurnalist vicdan əzabı çəkmir görəsən?  Mən etiraz edirəm. Vüsal adlı biri məni aldadıb , hekayələrimi öz adına çıxıb. Qoy hər kəs bilsin ki, bu yazının "Ağ libaslı mələk" hekayəsinin müəllifi mənəm".

M.Hümmətqızının sözlərinə görə, yazı Vüsal Tağıbəyli tərəfindən "Nar" və TƏBİB-in birgə təşkilatçılığı ilə baş tutan "Günün qəhrəmanları" yazı müsabiqəsinə təqdim olunub. Yazı müsabiqədə 1-ci yerə layiq görülüb: "Mənim hekayəm "Günün qəhrəmanları" yazı müsabiqəsində 1-ci yerə layiq görülüb. Amma Vüsalın adı, soyadı ilə. O mənə yazını "Günün qəhrəmanları" yazı müsabiqəsinə təqdim edəcəyini demişdi. Ancaq mən bilmədim ki, o yazını müsabiqəyə mənim yox, öz imzası ilə təqdim edəcək. Məsələyə öz iradımı bildirmək üçün Vüsal Tağıbəyli ilə əlaqə saxladım. Ondan mənim hekayəmi niyə öz imzası ilə müsabiqəyə təqdim etdiyini soruşdum. Cavab olaraq o mənə bildirdi ki, guya mən icazə vermişəm, məndən icazə alıb. Mən ona bildirdim ki, bəli hekayələrin dərc olunmasına icazə vermişəm. Mənim müəllif hüquqlarım qorunmaq şərti ilə. Yəni mənim imzam ilə. Qələmə aldığım hekayələrin başqasının imzası ilə dərc olunmasına mən heç vaxt icazə verməmişəm. Kim öz məqaləsinin başqasının imzası ilə çap olumasına razı olar axı? Vüsal Tağıbəyli məni aldadıb. Hekayələri mənim yox, öz imzası ilə verib saytda. Mən məsələ ilə bağlı müvafiq qurumlara müraciət edəcəm. Hekayələrimi öz adına çıxdığı üçün V.Tağıbəylini məhkəməyə də verəcəm. O, "Günün Qəhrəmanları" yazı müsabiqəsinin qalibi də sayılmır. Başqasının hekayəsini  ilə "qalib" olmaq olmaz. Birinci yerə layiq görülən hekayənin müəllifi mənəm. O, mənim hekayəmdir. V.Tağıbəylinin deyil". 

M.Hümmətqızı qeyd edib ki, Vüsal Tağıbəyli təkzib verməli və bildirməlidir ki, "Ağ libaslı mələk" hekayəsinin müəllifi o yox, Məlahət Hümmətqızıdır: "Mənim əsas istəyim müəllif hüquqlarımın tanınmasıdır".

SEVİNC

 





06.04.2021    çap et  çap et