525.Az

Yarım əsrə yaxın elm cəbhəsində - Yubiley yazısı


 

YAXUD 75 YAŞLI SƏNƏTŞÜNAS ƏLİ QƏHRƏMANOVUN ÖMÜR PORTRETİ

Yarım əsrə yaxın elm cəbhəsində - <b style="color:red">Yubiley yazısı </b>

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsində işə başlamağımın 14 ili tamam olur.

2007-ci ilin aprelində yeni mühitə, həm də ziyalılarla zəngin elm aləminə qədəm qoyanda bir çox təcrübəli alimlərlə birlikdə işləmə sevincini yaşamağa başlamışdım. İlk günlərdən öz səmimi münasibəti, təcrübəsindən doğan istiqamət vermə cəhəti ilə diqqətimi cəlb edən kollektivimizin ağsaqqallarından biri də haqqında danışmaq istədiyim Əli Qəhrəmanovdur.

Əvvəlcə Əli müəllimin tərcümeyi-halı haqqında qısa bir məlumat vermək istəyirəm: Əli Kətən oğlu Qəhrəmanov 6 aprel 1946-cı ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun ən ucqar kəndlərindən biri olan Biçənəkdə anadan olub. İlk təhsilini həmin kənddə alıb və 1964-cü ildə Şahbuz qəsəbə orta məktəbini bitirib. 1965-1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsində qiyabi təhsil alıb. İnstituta daxil olduğu ildən Şahbuz rayonunun Ağbulaq kənd 8 illik orta məktəbində əmək fəaliyyətinə başlayıb. Daha sonra rayonun Aşağı Qışlaq, Biçənək kənd orta məktəblərində ədəbiyyat fənnini tədris edib. 1970-71-ci illərdə hərbi xidmət keçdikdən sonra yenidən doğulduğu kənddə müəllimlik fəaliyyətini davam etdirib.

1973-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elm Mərkəzində işə başlayıb. Kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifələrində çalışan Əli müəllim 1987-ci ildə Özbəkistanın Daşkənd Sənətşünaslıq İnstitutunda "Naxçıvan teatrının inkişaf yolu və problemləri" mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edərək sənətşünaslıq elmləri namizədi alimlik dərəcəsini alıb. 2003-cü ilin yanvar ayından isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və Teatr şöbəsində baş elmi işçi, İnstitutun elmi katibi kimi işləyib. 2005-ci ildən isə həmin şöbənin müdiri vəzifəsində çalışan alim 2011-ci ildə dosent elmi adına layiq görülüb. 1982-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, 2011-ci ildə isə AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanları ilə təltif olunub. Ailəlidir, 4 övladı və 7 nəvəsi var. 

Yığcam və qısa tərcümeyi-halını təqdim etdiyim Əli müəllim daim öz üzərində işləyən ziyalıdır. Bunun nəticəsində də onun fəaliyyəti dövründə sanballı monoqrafiyaları, kitabları nəşr olunub, 160-dan çox elmi məqaləsi ölkəmizdə və xarici ölkələrin nüfuzlu jurnallarında elmi ictimaiyyətin ixtiyarına verilib. Əli müəllimin mətbuat orqanlarında da Naxçıvan teatr tarixinin bütün dövrlərinə aid 200-ə yaxın publisist məqaləsi "Azərbaycan", "525-ci qəzet", "Respublika", "Yeni Azərbaycan", "Şərq qapısı", "Ədəbiyyat qəzeti", "İki sahil", "Elm", "Mədəniyyət" və digər qəzetlərdə oxuculara təqdim olunub.

Naxçıvan teatrının istər tarixinin öyrənilməsində, istər aktyor heyətinin təqdimatında, istər rejissor sənətinin araşdırılmasında, həmçinin, digər sahələri ilə bağlı ardıcıl axtarışların ortaya qoyulmasında Əli Qəhrəmanovun fədakar xidmətləri var. Alimin fəaliyyəti dövründə "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı" (2004), "Naxçıvan teatrı: intibah yollarında (1883-1920)" (2008), "Naxçıvan teatrı müstəqillik illərində - 1991-2008" (2008), "Naxçıvan teatrının salnaməsi" (2008), "Hüseyn Cavid və Naxçıvan teatrı" (2017), "Naxçıvan teatrına dair tədqiqlər" (2017), "Təbriz teatrı və Böyükxan Naxçıvanski" (2019), "Naxçıvan teatrında rejissor sənəti" (2020) monoqrafiya və kitabları nəşr olunub. 

Onu da qeyd edim ki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında" 6 fevral 2008-ci il tarixli Sərəncamına və bu sənəddən irəli gələrək təsdiq olunmuş "Tədbirlər Planı"na uyğun olaraq hazırlanmış 740 səhifəlik "Naxçıvan teatrının salnaməsi" adlı ensiklopedik nəşrin ərsəyə gəlməsində Əli müəllimin böyük xidmətləri var.

Bütün bunlar öz yerində, amma etiraf etməliyəm ki, bir alimi, ziyalını sevdirən həm də onun xeyirxahlığı, insanpərvərliyi, zəhmətkeşliyi, gənclərə nümunə olması və dəstək göstərməsidir. Bu baxımdan Əli müəllim Naxçıvan Bölməsində istənilən gəncin uğurlarına həm sevinən, həm də bu uğurlarda üzərinə düşən ən kiçik dəstəyi belə əsirgəməyən xarakterə malikdir.

Bir insanı tanımağın ən asan yollarından biri də həmkarlarının onun haqqında dedikləri fikirlərdir. Bu mənada uzun illər eyni sahədə birlikdə çiyin-çiyinə çalışdıqları teatrşünas Cəlil Vəzirov Əli müəllimi onun tanıyanların hər birinin qəbul edəcəyi aşağıdakı fikirlərlə belə səciyyələndirir: "Əli Qəhrəmanov sakit təbiətlidir, olduqca təmkinlidir, dosta qarşı diqqətcildir və ən ümdəsi işgüzarlığa can atandır. Əgər belə olmasaydı, eyni təşkilatda  fasiləsiz olaraq bir qərinədən (yarım əsrə yaxın - E.Y.) artıq işləməzdi".

Onunla hər gün demək olar ki, söhbətləşirik. Hazırda kollektivimizin ən yaşlı üzvü olmasına baxmayaraq, hamıdan birinci işə gəlir. Mən adətən 9-a 15 dəqiqə işləmiş işə gəlirəm və hər dəfə Əli müəllimi otağında görürəm. Bu, çalışdığı sahəyə sevginin nəticəsi olmaqla yanaşı, gənclərə də nümunədir. O, bu nümunəni ağsaqqal öyüdü ilə deməkdən daha çox, əməli işi ilə göstərən ziyalıdır.

Aramızdakı 35 illik fərqə baxmayaraq, elə bilirəm ki, elə ən azı 35 ildir onunla dostluq edirəm. Kollektivin xeyirindən, şərindən qalmayan, ictimai tədbirlərdə daim görünən Əli müəllimin səmimi sadəliyi hər kəsin sevimlisinə çevrilməsində də az rol oynamayıb.

Alim ömrü Naxçıvan, Bakı, Tiflis arxivlərində saralmış kağızlar arasında keçən 75 yaşlı Əli Qəhrəmanovu səmimi qəlbdən təbrik edirəm. Dəyərli həmkarıma ilk öncə möhkəm cansağlığı, elmi yaradıcılığında yeni uğurlar arzulayıram.

Əzizim Əli müəllim, 75 yaşınız mübarəkdir! 80 illiyinizdə, 90 illiyinizdə, 100 illiyinizdə başda sizin əyləşəcəyiniz masa ətrafında görüşmək diləyilə!

 





06.04.2021    çap et  çap et