525.Az

"Kişini imitasiya etmək qadın üçün qurtuluş yolu deyil" - Müsahibə


 

"Kişini imitasiya etmək qadın üçün qurtuluş yolu deyil" - <b style="color:red">Müsahibə</b>

Yazıçı Ceylan Mumoğlu ilə jurnalist Məleykə Aslanzadənin "Qadın və yaradıcılıq" mövzulu söhbətindən bir hissəni təqdim edirik.

- Ceylan Mumoğlu kimdir, yaradıcılığa nə zaman və necə başladı?

- İnsanın özü barədə bu cür sualı cavablaması çətin olur... Yaradıcılığa başlamağımın maraqlı tarixçəsi var. Bir çox yazıçılar bu sualı cavablayanda uşaqlığa gedirlər və uşaq yaşdan şeir yazmağa, cızma-qara etməyə başladıqlarını deyirlər. Məndə qəti belə şey olmayıb. Uşaqlıqda dünyadan qopmuş halda yaşamışam. Bunu 9 yaşımda keçirdiyim kliniki ölümlə əlaqələndirirəm. Hətta anam belə deyirdi ki, sən elə bil bu dünyanın adamı deyilsən. 2007-ci ildə ailə qurduqdan sonra Türkiyənin İstanbul şəhərinə gəlmişik. Həyat yoldaşım iş həyatına qatılmağımı istəmədi. Belə olanda mən də öz şərtimi qoydum ki, əgər müəllimlik peşəmlə vidalaşıramsa, o zaman onlayn olaraq özümə nəsə yaradacağam və özümü reallaşdırmaq üçün onlayn resurslardan istifadə edəcəyəm. Beləcə, ikitərəfli razılaşma əldə etdik (gülür).

Ölkəmizdə virtualda qadın sektoru üzrə hiss etdiyim boşluğu doldurmaq, ana dilimizdə qadınlara aid virtual məkan formalaşdırmaq üçün yenilik etməyi düşündüm, o vaxt fəaliyyət göstərən "azersayt.com" ünvanında "Azərbaycan qadınlarına" adlı bloq yaratdım. Qısa zamanda bloqum digər bloqlar arasında izləyici sayına görə seçildi və ilk sıralarda yer tutdu. Bloqun populyarlığı sayt quran şirkət rəhbərlərindən birinin (Ramil Hüseynov) diqqətini cəlb etdi və bir gün gözlənilməz təklif məktubu aldım. Məktubda bloq səviyyəsindən çıxıb peşəkar səviyyədə fəaliyyət göstərmək təklif olunurdu. Təklifi qəbul etdim və beləliklə, ölkəmizdə həmtəsisçisi və baş redaktoru olduğum ilk milli qadın portalı (2009) yaranmış oldu. Səkkiz illik fəaliyyətimin ilk beş ilində (bir il saytı xəbərlə zənginləşdirən yeganə istifadəçiydim) portalın üzv sayı artmağa başladı. 2013-cü ildə bu fəaliyyətimiz Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli İnternet Mükafatı tərəfindən mükafatlandırıldıq, birincilik diplomumuzu aldıq. 2017-ci ildə saytdakı işimdən ayrıldım, çünki ordakı missiyamı bitmiş hesab etdim. Hazırda saytda "Fəxri Kürsü" statusum var.

Və mən hiss etdim ki, daxilimdəki yaratmaq hissi çox aktivdir, o hissi basdıra bilmirəm, davamlı nələrsə etmək istəyirəm. Bu hissin diktəsi ilə 2016-cı ildə ilk kitabım "Aydınlanma səyahəti" yarandı. Daha sonra növbətilər - "Qurbağa öpüşü", "Sev və İnan", "Qadının üç yaş dövrü" də yazıldı.

- Yaradıcı insanın xüsusiyyətləri nədir? Ceylan xanımda hansı yaradıcılıq xüsusiyyətləri var və özündə görmək istədiyi hansılardır?

- Xəyal qurmağı xoşlayırlar. Hər şeyi müşahidə edirlər. Həyatdakı maneələri fürsətə çevirməyi bacarırlar. Davamlı olaraq yeni təcrübələrə can atırlar. Uduzmaqdan qorxmurlar. Hər şey haqqında mühakimə yürüdürlər. Riskə getməyi sevirlər. Həyatı özlərini ifadə etmək üçün bir fürsət kimi görürlər. Öz arzularının arxasınca gedirlər. Bəzən zaman-məkan məfhumunu unudurlar. Əhatələrinə gözəl şeylər yığırlar. Nöqtələri birləşdirməyi bacarırlar. Davamlı olaraq bəzi şeyləri dağıdıb, yenidən qurmağı sevirlər. Fərqində olmaq - meditasiya üçün vaxt ayırırlar. Şəraitə tez uyğunlaşmağı bacarırlar. Araşdırmağı sevirlər. Dünyanı digərlərindən daha fərqli qavrayırlar. Ehtimalları görə bilirlər. Hadisələrə bir neçə mövqedən baxmağı bacarırlar. Yumor hissi yüksək olur. Daxili bir intizam qaydaları var. Qəlibləşmiş fikirlərdən uzaqdırlar. Açıqfikirlidirlər.

Azaddırlar... Ceylan xanımda sadaladığım bu xüsusiyyətlərin hamısından müəyyən ölçüdə var, əlbəttə. Ancaq ən qabarıq olanları fərqində olmaq, araşdırmaq, azad olmaq, daxili intizam, yumor hissi, həyatdakı maneələri fürsətə çevirmək, ehtimalları görə bilmək, yaratmaq prosesindən zövq almaqdır...

- Azərbaycan ədəbiyyatında qadın yaradıcılığı daha çox hansı illəri əhatə edir və hansı dövrü daha parlaq dövr adlandırıla bilərik?

- On doqquzuncu əsrdə qadın intellektualların sayı əvvəlki dövrlərə nəzərən daha çox idi. Həmin dövrdə Heyran xanım, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və Aşıq Sona kimi qadın şair və sənətçilər vardı. Bu qadınlar əksər hallarda yaxşı iqtisadi vəziyyəti olan ailələrdən idi və bu da onlara ədəbiyyatdan istifadə edərək öz problemlərini dilə gətirməyə, ictimai həyatda fəal iştiraka imkan verirdi. Sonrakı mərhələdə Müqəddəs Nina qadın cəmiyyəti və onun Bakıdakı fəaliyyəti, eləcə də Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə Məlikovanın fəaliyyət göstərdikləri ilk dünyəvi qızlar məktəbi və sonrakı məktəblərin məzunları gələcəkdə yeni qadın intellektual və aktivist nəslini təşkil etdi və onların arasından tanınmış yazıçılar, alimlər, publisistlər çıxdı.

Azərbaycan ədəbiyyatında qadın nəsrinin yaranması isə dünya ədəbiyyatına nəzərən xeyli gec vaxta - XX əsrin əvvəllərinə təsadüf edir.

Qarşılaşdığı çətinliklərə rəğmən, xalqına xidmət edərək ilklərdən olmağı bacaran xanımlardan biri də Səkinə Axundzadə olub. Əsərləri sayca çox olmasa da (5 pyes, bir roman və bir neçə publisistik məqalə), gərək ki, Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramaturq, ilk qadın romançı ünvanına sahibdir. Həmin dövrdə o da, hekayə yaradıcılığına görə ilk qadın nasir ünvanına sahib olan Şəfiqə Əfəndizadə də dövrün intensiv yaradıcılıqla məşğul olan müəlliflərindən hesab olunurdular.

Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi mövzu olub; publisistik məqalələrində olduğu kimi, hekayələrində də tərbiyəvi mövzular, qadının cəmiyyətdə rolu, vətənpərvərlik üstünlük təşkil edib.

Ədəbiyyatımızda qadın müəllifliyi ilə yazılan ilk roman isə Səkinə Axundzadənin "Şahzadə Əbülfəzl və Rəna xanım" əsəridir.

Bu günün ədəbi qiymətləndirməsi baxımından "Şahzadə Əbülfəzl və Rəna xanım" əsərinə yüksək dəyər vermək mümkün deyil - istər ideya-məzmun, istərsə də forma etibarilə onu "roman" adlandıra bilmərik. Lakin deyildiyi kimi, o dövrdə Azərbaycan qadını hər sahədə olduğu kimi, yaradıcılıq sahəsində də dünya qadınından çox geri qalırdı. Romanın bircə abzaslıq ön söz hissəsində müəllif bu məsələyə toxunur və sonda fars dilində bir beyt yazır, onun mənası belədir: dərvişin hədiyyəsi ancaq yaşıl yarpaqdır, nə yazıq ki, olanı budur. Göründüyü kimi, Səkinə xanım əsərinin qüsurlu olduğunu bilirdi və təvazökarlıqla onu oxucuların ixtiyarına buraxaraq əsas məqsədin roman yazmaq üçün qadın yazarlara "yol açmaq" olduğunu açıq bildirirdi.

Azərbaycan ədəbiyyatında qadın yaradıcılığının parlaq dövrü isə, təbii ki, Sovet dövrünə təsadüf edir.

1923-cü ildə Azərbaycanda ilk qadın jurnalı "Şərq qadını" təsis olunur. 1938-ci ildə adı dəyişdirilərək "Azərbaycan qadını" adlandırılır. Şəfiqə Əfəndizadə, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Xalidə Hasilova, Ələviyyə Babayeva, Xanımana Əlibəyli və başqaları əsərlərini əvvəlcə burada nəşr etdiriblər.

Elə həmin illərdə də Azərbaycanda qadın yaradıcılığının parlaq illəri başlayır. Doğrudur, yaradıcılıqları ədəbi ifadə baxımından parlaq sayılan həmin dövr özləri üçün heç də parlaq keçməyib. Ölümlər, sürgünlər, milli qırğınlar, soyğunlar, milli əsarət görmüş nəslin nümayəndələri kimi, o dövrün qadınları da qələmə, əməyə, sənətə sarılıblar. 1937-ci ilin fəlakətləri, həbslər, sürgünlər, kütləvi ölümlər... Sonra da İkinci Dünya müharibəsinin məhrumiyyətləri. Bütün bunlar qadın yaradıcılığına da öz təsirini böyük miqyasda göstərib. Bu dövrdə qadınlarımız təkcə mövzu rəngarəngliyi ilə deyil, həmçinin, forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsində əsərlər yazıb-yaradıblar.

- Niyə qadın mövzusu hələ də aktualdır və günümüzdə də həllini tapmamış qalır. Qadının yaradıcılığı üçün və ümumilikdə yaradıcı qadının formalaşması üçün nələr zəruridir?

- Həmişə bu suala eyni cavabla başlayırlar. Tolstoyun dediyi cümlə ilə: "Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırsan da, hər vaxt yenidir". Görünən odur ki, Tolstoy baba haqlıdır. Mövzu həqiqətən də köhnəlmir. Yaxud Virciniya Vulfun dediyi kimi: "Kainatda haqqında ən çox danışılan canlı olduğunuzun fərqindəsinizmi?"

Qadın məsələsinin niyə hələ də həllini tapmamasına gəldikdə, bu haqda saatlarca danışmaq olar. Amma bir işə yarayacaqmı? Önəmli olan iş görməkdir. Mənim tez-tez vurğuladığım bir məsələ var: nəyə görə dünyanın tanınmış, ən çox oxunan psixologiya dahilərinin vacib kitabları hələ də ana dilimizə tərcümə edilməyib? Məşhur psixoterapevt Alfred Adlerin "İndividual psixologiya"sını başqa dildə oxuduğum vaxt yenə ana dilimizdə material tapmamaqdan narahatlıq keçirmişdim. Çox böyük çətinliklə həmin kitabı "Sosial maraq" adı ilə çevirib oxuculara təqdim etdik. Ancaq təkcə bu kitab yetərlidirmi? Hələ nə qədər vacib kitablar var ki, Azərbaycan oxucusuna - Azərbaycan qadınına çatdırılmayıb. Çarə varmı? Təbii ki, var. Amma bu gün bu işin həyata keçməsində neçə nəfər maraqlıdır? Baxın, qadın məsələsinin hələ də aktual qalmasının səbəblərindən birini dedim sizə...

İkinci bir məsələ, qadınların öz təbiətlərindən qoparaq kişilər kimi inkişaf istiqaməti almalarındadır. Kişi yolunu seçib addımlamaq, kişini imitasiya etmək, ikinci növ kişiyə çevrilmək, "Mən də kişi kimi güclüyəm" düşüncəsini beynində hakim fikrə çevirmək... Bunlar qadın üçün qurtuluş yolu deyil, əksinə, öz təbiətindən, öz kökündən qopmasıdır, başqa bir şeyə, ona yad olan varlığa çevrilməsidir.

İki ağac düşünək, iki fərqli ağac. Biri alma ağacı, digəri kokos palması. Biri qadın, digəri kişi. Əgər qadın özünü inkar edib zehnində və bədənində alma deyil, hind qozu yetişdirməyə çabalayarsa, nəticəsi necə olar?

"Əlbəttə, bütün həyatın boyu kokos palması olmağa səy göstərə bilərsən, özünü hind qozu kimi aparıb maskalana bilərsən, amma unutma, daxilində sən alma ağacısan və bu həqiqəti dərk etmək sənə qadınlığını qaytaracaq, çünki sən qadın kimi daha güclüsən!"

İkinci suala gəldikdə, məndən olsa, orta məktəb illərində bütün uşaqlara əlavə bir dərs keçilməsini proqrama daxil edərdim. "Özünü sevmək" dərsi. Həftədə bir dəfə bu cür dərs keçilərsə, həmin dərs uşaqların gələcək həyatlarına mayak rolunu oynayar.

Yaradıcı qadın formalaşdırmaq üçün də birinci növbədə ona özünü sevməyi öyrətmək lazımdır. Çünki özünü sevən insan artıq ətrafındakı hər şeyi sevə biləcək. Bu arada xanımlarımız "Sev və İnan", "Aydınlanma səyahəti" kitablarını da oxusalar, xeyli bilik və bacarıqlar əldə etmiş olarlar.

 





06.04.2021    çap et  çap et