525.Az

"Kanalımızı son dərəcə bəyənmənizi xahiş edirik"


 

"Kanalımızı son dərəcə bəyənmənizi xahiş edirik" <b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Hansı dövlət qurumları sosial mediada daha aktivdir?

Son zamanlar bir sıra dövlət qurumları sosial mediada xeyli aktivləşib.

Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, video qəbullar və sual-cavablar təşkil olunur.

Güman etmək olar ki, məhz bunun nəticəsidir ki, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş də hiss olunur.

Yəni bir çox dövlət qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər, həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər.

Müşahidələrim və qısa araşdırma əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarını təqdim edirəm:

1. "Azəriqaz" İstehsalat Birliyi (Qurumun rəhbəri Ruslan müəllim son bir ayda demək olar ki, “Facebook”da yatıb-durur)

2. Baş Prokurorluq (Nəinki Baş Prokurorluq, hətta bir sıra rayon prokurorluqları da son zamanlar sosial mediada aktvdir)

3. Təhsil Nazirliyi

4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5. Dövlət Miqrasiya Xidməti

Xaqani Səfəroğlu, jurnalist:

- Avropa İttifaqı ölkələrində işçinin 1 saat üçün aldığı orta əməkhaqqı göstəricisi 28,5 avrodur. Günə 8 saat işləsə, 230 avro edir. 10 günə 2300 avro alır. Ayda 6 min avro pul edir.

Bizim pulla hesablasaq, işçinin orta aylıq maaşı ayda 12 min manatdır.

Rəqəmlər Avropa Statistika Agentliyinin açıqladığı rəsmi məlumatdandır.

Natiq Məmmədli, jurnalist:

- Hərbi cəhətdən - cinayət, siyasi cəhətdən - axmaqlıq, mənəvi baxımdan - vicdansızlıq!

Makedoniyalı İsgəndər düşməniylə kişi kimi vuruşurdu. Amansız idi, iddialı idi, amma kişi kimi vuruşurdu - açıq döyüşdə, üzbəüz.

Dünya fatehinin adını daşıyan raketin qalıqlarının Şuşada tapılması, Qafqazın konservatoriyasının ballistik raketlə vurulması nakişilikdi, şərəfsizlikdi. İsgəndər belə eləməzdi.

O raket tək bizim qalamıza atılmayıb, dünya mədəniyyətinin incisini hədəf alan barbar təfəkkürün nişanəsidir. Bir növ Palmiradakı yaşı iki min ili keçən tarix incilərinin dünyanın gözü qabağında məhv edilməsi kimi.

Ən qəddar terror təşkilatları belə törətdikləri aktdan sonra bunu etiraf edir. Şuşanı vuranlarsa dəvəquşulardı, başlarını basdırıblar quma, elə bilirlər heç kim görmür.

Üfunətli hənirtisini lap qulağımızın dibində hiss elədiyimiz vəhşi bir güc var. Elə bir vəhşi ki yorulmadan dünyamızı qaranlıq orta əsrlərə doğru dartır.

Sən demə, heç Şuşaya atılan "İsgəndər" ermənilərə peşkəs edilən "E" modeli deyilmiş. "M"di, yəni o silahın belə bir növü heç ermənilərdə olmayıb. Əcaba, bu raket hardan gəldi düşdü Qarabağa?

Dəvəquşular atıb, qaranlıq orta əsrlərdən.

İstənilən halda bu, hərbi cəhətdən - cinayət, siyasi cəhətdən - axmaqlıq, mənəvi baxımdan - vicdansızlıqdır! 

Mehriban Vəzir, yazıçı:

- "Son dəqiqə" adlı bir Yutub kanalı var: hər dəqiqəyarımlıq xəbərdə deyir: "Hörmətli izləyicilər, kanalımızı son dərəcə bəyənmənizi xahiş edirik" ...yəni elə belə yox ha... "son dərəcə bəyənin"... "yaradıcı kollektiv" analoqu olmayan bir ricada bulunur: son dərəcə bəyənin... Həmin "yaradıcıların" arasında bir nəfər belə yox ki... yeri səhv düşmüş o "son dərəcə"ni alıb "xahiş edirik"in önünə atsın... Vay... yazıq günümüzə, cümlə qura bilmir... xəbər yazır... Yutubu da TV-lərinizin gününə saldınız...

Aydın Quliyev, "Bakı-xəbər" qəzetinin baş redaktoru:

- Ermənistan XİN-in 3 aprel bəyanatı Rusiya tərəfindən reaksiyasız buraxılmamalıdır...

Ermənistan ölkəmizə qarşı qanunsuz ərazi iddialarını və təcavüz ideologiyasını rəsmən hələ davam etdirir.2021-ci ilin 3 aprelində Ermənistan XİN-in 2016-cı il Aprel döyüşlərinin 5 illiyi ilə bağlı yaydığı bəyanat bunun növbəti sübutudur. Bəyanatın rəsmi tezisləri bunlardır - Azərbaycanın "Arsaxa" 2016 və 2020-ci il sentyabr təcavüzləri (?) sübut edir ki, "Arsax" hər hansı statusla Azərbaycanın tərkibində qala bilməz, bu təcavüzlərin nəticələri aradan qaldırılmayınca və "Arsaxın" statusu müəyyən olunmayınca möhkəm sülh və sabitlik olmayacaq.

Geniş şərhə varmadan da bununla bağlı iki real variantı mütləq qeyd etməliyəm - Ermənistanın siyasi rəhbərliyi təcavüz və revanş ideologiyasından əl çəkməyib və siyasi hakimiyyətdə 10 noyabr 2020-ci il razılaşmasını qətiyyən qəbul etməyən irticaçı qruplaşmanın müqaviməti davam edir.

Ermənistanda dövlət səviyyəsində etnik nifrət təbliğatının və ərazi iddiaları ideologiyasının qarşısının tam alınmamasında bölgəmizin sülh təminatını öz üzərinə götürmüş Rusiya hakimiyyəti mübahisəsiz məsuliyyət daşıyır... Sülhü mühafizə missiyası ilə Ermənistanda revanşizmin dirçəlişinə göz yumulması bir arada mövcud ola bilməz. Azərbaycan sülhyaratma missiyasının Rusiyaya həvalə edilməsini real nəticələr xatirinə qəbul edib.

Ermənistanda rəsmi revanş siyasətinin qarşısı alınmasa, Azərbaycan Qarabağda sülhyaratma missiyasının tək əldə cəmləşdirilməsini təftiş etmək və ona yenidən baxmaq üçün tutarlı əsaslar əldə edəcək...

Asif Nərimanlı, jurnalist:

- Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri keçiriləcək. Təlimlər plan əsasında olsa da, vaxtı diqqət çəkir: 6-8 aprel.

Bu tarixdə Nikol Paşinyan Moskvada Putinlə görüşəcək və mümkündür ki, kommunikasiyanın bərpa edilməsi ilə bağlı razılaşma üzrə rəsmi sənədin imzalanmasına hazırlıq gedir.

Üçtərəfli qrupun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçukun Bakı və İrəvana səfəri, ardınca Əliyevlə Putinin telefon danışığı da prosesin bu yöndə olduğu ehtimalını gücləndirir.

Azərbaycanla Türkiyə masada danışıqlar getdiyi vaxt poliqonda birgə "əzələ nümayişi" göstərir.

Ən diqqətçəkən məqam təlimlərin Azərbaycan Prezidentinin təsdiq etdiyi plan əsasında keçirilməsidir: Ərdoğan bununla "ordumla Əliyevin yanındayam", Əliyev də "mümkün hərbi addımda türk əsgəri ilə birgə döyüşəcəm" mesajını verir; mesajın əsas ünvanı təbii ki, Moskvadır;

Xaqani Cəfərli, politoloq:

- Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk tanınmış jurnalist Savik Şusterin "Ukrayna" telekanalında yayımlanan "Savik Şusterin söz azadlığı" proqramında Rusiyanın postsovet respublikalarına münasibətini dəyərləndirərkən məşhur yazıçı Aleksandr Soljenitsinə istinad edərək belə deyib: "Rusiyanın dostu yoxdur. Onun ya düşməni var, ya da nökəri. Bu gün düşmən Ukrayna, nökər Belarusdur".

 





06.04.2021    çap et  çap et