525.Az

"Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilməlidir"


 

"Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilməlidir"<b style="color:red"></b>

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də erkən və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməsi vəzifəsi xüsusilə qeyd edilib. Məktəbəqədər təhsilin şagirdin gələcək uğurlarında əhəmiyyətli rolu olduğu şübhəsizdir. Bunu həm mütəxəssislər, həm də müxtəlif empirik araşdırmalar və beynəlxalq qiymətləndirmələr üzrə ölkələrin müqayisəli analizi göstərir".

Bunu "525"ə açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. R.Əzizov qeyd edib ki, son illərdə məktəbəqədər təhsillə bağlı böyük müvəffəqiyyətlər əldə olunub və burada Təhsil İnstitutunun rolu mühümdür.

Belə ki, Təhsil İnstitutu nəzdində keçirilən pilot layihələr tədricən təhsil sistemimizə daxil olmaqdadır.

Müqayisə üçün qeyd edək ki, 2015-2016-cı illərdə məktəbəhazırlıq (5 yaş) qruplarına cəmi 24 faiz uşaq cəlb olunurdusa, hazırda bu rəqəm təxminən 85 faiz təşkil edir. Azərbaycan məktəbəhazırlığa cəlb olunmada artım sürətinə görə artıq UNİCEF tərəfindən nümunə ölkə kimi göstərilir. Təhsil İnstitutu nəzdində 3 ildir ki, UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən 3-4 yaşlı uşaqlar üçün "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi davam edir. Yeni model, ənənəvi bağça modelinə nisbətən iqtisadi səmərəlilik və əlçatanlıq baxımından böyük potensiala malikdir. Xüsusilə regionlarda olmaqla hazırda 500 qrupda 10000-dək uşaq bu layihə çərçivəsində məktəbəqədər təhsilə cəlb olunub. Təhsil İnstitutunun "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi cari ildə də davam etdiriləcək və paralel olaraq, pilot layihənin optimal variant kimi təhsil sisteminə inteqrasiya olunması üçün maliyyələşmə modelləri üzərində təkliflər hazırlanacaq.

Sevinc

 





06.04.2021    çap et  çap et