525.Az

Trabzon Ədəbiyyat Festivalı başlanıb


 

BU İL ONLAYN KEÇİRİLƏN VƏAZƏRBAYCANIN DA TƏMSİL OLUNDUĞU FESTİVAL APRELİN 23-dək DAVAM EDƏCƏK

Trabzon Ədəbiyyat Festivalı başlanıb<b style="color:red"></b>

Aprelin 4-də ənənəvi Beynəlxalq Trabzon Ədəbiyyat Festivalının açılış mərasimi keçirilib.

Mövcud pandemiya səbəbindən bu il onlayn şəkildə keçirilən festivalın əsas mövzusu "Zaman və məkan"dır. Açılışda Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Rusiya və başqa ölkələrdən şair və yazıçılar, ədəbiyyatşünaslar iştirak ediblər.

Tədbirin moderatoru ədəbiyyatşünas Ümid Yaşar Gözüm çıxış edərək festival haqda geniş məlumat verib. Deyib ki, Trabzon Ədəbiyyat festivalı təkcə ədəbiyyat mövzularını əhatə etmir, həmçinin, Trabzonu, eləcə də, festivala qatılan ölkələri tanıtmaq məqsədi daşıyır.

Tədbirin təşkilatçısı Əsma Əla Türkmən çıxışında bildirib ki, bir ildən çoxdur, pandemiya səbəbindən bütün dünyada insanlar zamanının böyük qismini evində keçirməyə məcbur qalıb. Ona görə də bu həqiqəti festivalın mövzusunda əks etdiriblər. Festivalın 2014-cü ildən bəri ənənəvi olaraq gerçəkləşdirildiyini deyən Ə.Türkmən Trabzonun 18 rayonunda keçirilən 18 ölkə ədəbiyyatını tanıtmaqla bərabər, ədəbiyyatın 18 istiqamətinə də toxunulduğunu vurğulayıb. Bildirib ki, bu il də ənənəyə sadiq olaraq festival boyunca fərqli ölkələrin fərqli ədəbiyyat nümayəndələri haqqında söhbətlər açılacaq.

İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend, Qori Universitetinin rektoru Georgi Sosiaşvili və bu ilin "Yaşayan ədəbiyyat dəyəri" seçilmiş gürcü şair Tariel Xarxelauri çıxış edərək Trabzon Ədəbiyyat Festivalının önəmindən, toxunduğu mövzuların vacibliyindən danışıblar.

Azərbaycandan festivalın açılış mərasiminə qatılan Yazıçılar Birliyinin katibi, şair, publisist Rəşad Məcid çıxış edərək əvvəlki illərdə də Trabzon Ədəbiyyat Festivalında iştirak etdiyini deyib. O, hər il festivalda Azərbaycan ədəbiyyatına yüksək dəyər verdiklərinə görə UTEF-in rəhbərliyinə öz təşəkkürünü bildirib. R.Məcid bu il də festivalda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, musiqiçi, elm adamı Mir Möhsün Nəvvabdan söz açılacağını vurğulayıb. Deyib ki, Mir Möhsün Nəvvab Şuşada yaşayıb və bütün ömrü boyunca orda yazıb-yaradıb. O, festivalın bu il Nəvvab yaradıcılığına müraciətinin təsadüfi olmadığına inandığını deyib və qeyd edib ki, ötən il Azərbaycan Ermənistan üzərində çox böyük qələbə qazandı: "Bu qələbədə başda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyə xalqı Azərbaycanın yanında oldu. İnanıram ki, bu günlərdə Mir Möhsün Nəvvab haqqında söhbətlərdə də Qarabağ və onun tarixi, ədəbiyyatı haqqında geniş müzakirələr olacaq. Bu festival və müzakirələr Azərbaycan həqiqətlərinin tanıdılmasında bir daha önəmli rol oynayacaq".

Qeyd edək ki, Rəşad Məcid əvvəlki illərdə də iki dəfə Beynəlxalq Trabzon ədəbiyyat Festivalında iştirak edib. Trabzonun Şalbazarı qəsəbəsində onun kitabının böyük təqdimat mərasimi keçirilib. Bundan öncəki illərdə Trabzon Ədəbiyyat Festivalında Azərbaycan ədəbiyyatından Xan qızı Xurşidbanu Natəvana həsr olunmuş tədbirlər, müzakirələr keçirilmişdi. Festival rəhbərliyinin sözlərinə görə, gələcək illərdə də Azərbaycan nümayəndələrinə geniş yer ayrılacaq və festivalın biri də Azərbaycanda keçiriləcək.

Aprelin 23-nə qədər davam edəcək Beynəlxalq Trabzon Ədəbiyyat Festivalında Türkiyədən Hacı Vəli Bektaş, İrandan Məhəmməd-i Hicazi, Gürcüstandan Georgi Papşvili, Hindistandan Bhamaha, Rusiyadan F.Dostoyevski, Çindən Zhou Youguan, ingilis ədəbiyyatından U.Şekspir, italyan ədəbiyyatından Karlo Kollodi və digər ölkələrdən məşhur ədəbiyyat nümayəndələri haqqında söhbətlər açılacaq, müzakirələr aparılacaq.

Şahanə MÜŞFİQ

 





07.04.2021    çap et  çap et