525.Az

Nizami Gəncəvi irsinə dair vebinar təşkil edilib


 

DAHİ ŞAİRİN YARADICILIĞI AZƏRBAYCANIN ƏQLİ MÜLKİYYƏTİ VƏ BƏŞƏRİYYƏTİN MƏNƏVİ SƏRVƏTİ KİMİ TƏHLİL OLUNUB

Nizami Gəncəvi irsinə dair vebinar təşkil edilib<b style="color:red"></b>

Aprelin 5-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə "Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir" mövzusunda vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, vebinar Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.

Tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Nizami Gəncəvi ili"nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda, klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib.

Agentliyin rəhbəri bildirib ki, Nizami yaradıcılığı poeziyanın parlaq səhifələri olaraq, zəngin dünyagörüşü və biliklər zirvəsidir. O bildirib ki, məşhur rus filosofu Kedrovun nöqteyi-nəzərincə, Nizami insan tarixinin çox az şəxsiyyətlərindən biridir ki, dünyanın bütün yazılarından - nəşrlərindən xəbəri olub və onları özününkü edərək, yeni fikirlərə yol açıb.

K.İmanov şairin yaradıcılığı yalnız gözəl şeir misraları və mətnləri deyil, məşhur şərqşünas alim-Bertelsin dediyi kimi, dərin bilik və çoxmənalılıq nümayişi olduğunu bildirərək, Qədim Misir mifologiyası ilə bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb.

Agentlik rəhbəri dahi şairi doğma torpağından və millətindən ayırmağa çalışanların da olduğunu vurğulayaraq onların sırasında erməni jurnalistlərin xüsusi bədnamlıqla seçildiyini deyib. K.İmanov şairin Azərbaycana bağlığı barədə fikir söylərkən nüfuzlu şərqşünas alim Bertelsin qənaətinə istinad edib: "Söhbət təkcə şairin ərazi mənsubiyyətindən yox, ilk növbədə, Nizami yaradıcılığının ruhunun Azərbaycanla dərin bağlılığından gedir".

Vebinarda çıxış edən Mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Azərbaycan üçün deyil, türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Bu Sərəncam Azərbaycanın ədəbi və bədii irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisidir. Nazir deyib ki, Nizami Gəncəvi öz irsi ilə Yaxın və Orta Şərq xalqları ədəbiyyatının minillik prioritet istiqamətlərini müəyyən edib, onu yeni forma, dərin məzmun, mütərəqqi ideyalarla zənginləşdirib, orijinal düşüncə və novator üslubu ilə nəhəng poeziya məktəbinin əsasını qoyub: "Tərəddüdsüz deyə bilərik ki, ötən minillik Yaxın və Orta Şərq xalqları ədəbiyyatı tarixinə Nizami erası, Nizami epoxası kimi daxil olub".

A.Kərimov deyib ki, Nizami yaradıcılığının təsir dairəsi, nüfuz diapazonu yalnız Şərq xalqları ədəbiyyatı ilə məhdudlaşmır. Dahi şair işğalçı müharibələrə etiraz, elmə-maarifə çağırış, ədalətli cəmiyyət quruculuğu, insan şəxsiyyətinin toxunulmazlığı, azad və qarşılıqlı sevgi əsasında qurulan bərabərhüquqlu ailə, qadın hüququna hörmət kimi inqilabi ideyaları Avropa humanistlərini bir neçə əsr qabaqlayıb: "Nizami sufiyanə bir idrakla damlada dəryanı görür və dəryada damlanı axtarır. Dünyaya Azərbaycandan baxdığı kimi, Azərbaycana da dünyadan baxır... Nizami nə qədər Azərbaycandırsa, bir o qədər də türkdür, şərqdir və dünyadır. Nə qədər dünya, Şərq və türkdürsə, bir o qədər də Azərbaycandır!"

Vebinarda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin vurğulayıb ki, dahi söz ustadı nəinki Azərbaycan ədəbiyyatı və tarixində, ümumiyyətlə dünya mədəniyyətində tanınır. Beynəlxalq Mərkəz onun irsinin qorunması ilə yanaşı, şairin ideyalarını, o cümlədən, açıqlıq, tolerantlıq və sair keyfiyyətləri daima təbliğ edir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva vurğulayıb ki, Nizaminin əsərləri hər zaman müasirdir. Bu gün də nizamişünaslıqda yeni fikirlər söylənilir, şairin yaradıcılığı yeni estetik baxışlar tələb edir. Nizaminin yaradıcılığı bütün türk dünyasının, bütövlükdə bəşəriyyətin sərvətidir. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Nizami yaradıcılığına həsr edilən layihələr həyata keçirildiyini bildirib.

ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilməsinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib. O vurğulayıb ki, dahi şairin əsərlərində təbliğ edilən tolerantlıq, sülh, sevgi hər zaman aktualdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Nizami Gəncəvi türk dünyasının qürurudur. Hələ 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb: "Vətənə və xalqa xidmət nümunələrini Nizaminin əsərlərindən öyrənmək olar. Bu gün şairin əsərlərindəki milli və bəşəri ideyalar öyrənilir və öyrədilir".

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Nizami Gəncəvi Nizami humanizmi orta əsrlər Şərq və Qərb humanizminin zirvəsində dayanıb. Azərbaycanın dünya nizamişünaslığının mərkəzi olduğunu diqqətə çatdıran akademik istər Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə,  istərsə də Prezident İlham Əliyev tərəfindən ölkəmizdə nizamişünaslığın inkişafı üçün geniş şərait yaradıldığını vurğulayıb. O, "Nizami Gəncəvi Ensiklopediyası" ilə bağlı görülən işlərdən danışıb, payızda beynəlxalq konfransın keçiriləcəyini bildirib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov şairin irsinin təbliği istiqamətində görülən işlərdən söz açıb, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri qeyd edib.

Kembric Universitetinin professoru xanım Kristin van Ruymbeke videomüraciətində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, akademik Teymur Kərimli, dosent Zəhra Allahverdiyeva çıxış və məruzələrində dahi şairin irsi barədə fikirlərini bölüşüblər.

Sonda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun "Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir" mövzusunda məruzəsi dinlənilib.

 





07.04.2021    çap et  çap et